“Xalq Hərəkatı neynəyib ki, orada liderlik davası düşür?” - RƏHİM QAZIYEV

“Xalq Hərəkatı neynəyib ki, orada liderlik davası düşür?” - RƏHİM QAZIYEV

“Heç birimizin liderliyə iddia etməyə haqqımız yoxdur”

“Bizim başımızı qaldırıb dünyaya baxmağa haqqımız yoxdur”

Son vaxtlar Azərbaycan Xalq Hərəkatının daxilində ciddi problemlər yaşanır. Məhz bu problemlərə görə ki gün öncə Azərbaycan Xalq Hərəkatının idarə heyətinin fövqəladə toplantısı keçirilib. Toplantıda 21 idarə heyəti üzvündən 8 nəfər iştirak edib. AĞ Partiya başqanı Tural Abbaslının dönəm sədri olduğu iclasda Valeh İbadov və Ağasif Şakiroğlu idarə heyətindən uzaqlaşdırılıb. Ramiz Tağıyevə xəbərdrlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın idarə heyətinin üzvü olmadığı elan olunub. Səs çoxluğu ilə sabiq daxili işlər naziri İgəndər Həmidova isə xəbərdarlıq edilib.

Toplantıda həmçinin Hərəkatın Məclisinin aprelin 27-də keçiriləcək iclası və 20 aprelə planlaşdırılan Qarabağ Forumu təxirə salınıb.

Həmin gün Azərbaycan Xalq Hərəkatının digər qrupu da fövqəladə toplantı keçirib. Toplantıda çıxış edən İ. Həmidov S. Kərimov, S. İmanlı, Y. Mikayılov və F. Əhmədlinin Hərəkatın idarə heyətinin üzvü olduqlarını bəyan edib.

O bir qrupun əksinə, İ. Həmidov onu da vurğulayıb ki, aprelin 20-də Qarabağ forumu keçiriləcək və o, hər kəsi foruma dəvət edir.

Biz AXH daxilində yaranmış bu qrupların hansının xalqın maraqlarına xidmət edib-etmədiyini deyə bilmərik. Şübhəsiz ki, xalq özü bunu yaxşı görür. Amma bütün hallarda xalqın adını daşıyan bir təşkilatın yarandığından 3 keçməmiş parçalanması onu göstərir ki, biz xalq olaraq bir ola bilmirik və buna görə də küçümsədiymiz ermənilər torpağımızda at oynadırlar. İdarə heyətinin üzvü olan 21 kişi bir araya gələ bilmirsə, bu təbiətlə bütöv bir xalq necə bir araya gələ bilər?! Hər kəsdə mənəmlik, liderlik hissi olacağı təqdirdə, bu xalqın problemləri, xüsusən də Qarabağ problemi yüz illər bundan sonra da həll olunmayacaq. Yaxşı olar ki, hər birimiz mənəmlik hissindən uzaq olaq və bu xalqın, gələcək nəsillərin mənafeyindən yana bir olaq”.

“İsgəndər bəyə də, o birilərinə də deyirəm, qardaşım, bizim hələ ki, heç birimiz lider deyilik”

Azərbaycan Xalq Hərəkatında baş verənlərlə bağlı keçmiş müdafiə naziri Rəhim Qazıyev “Hürriyyət”ə fikirlərini belə ifadə etdi: “Bizim prezidentimizin tarixə düşmüş bir sözü var: “Biz analoqu olmayan ölkəyik”, “analoqu olmayan xalqıq”. Mən çox ürəkağırsı ilə bunu deyirəm, biz, yəni mən, Əhməd, Məmməd nətəhər özümüzü xalqa lider kimi tanıda bilərik? Biz hansı liderilikdən danışırıq? Orada 5-6 cavan uşaq var, deyir, filankəs liderdir. Ay başına dönüm, lider olan kişinin vətəninin 20 faizi işğal altında, 1 milyonu qaçqını varsa, qız-gəlini erməni əsirliyindədirsə, hansı liderlikdən danışmaq olar?! Bizim başımızı qaldırıb dünyaya baxmağa haqqımız yoxdur, qardaşım. Bəli, həmişə o, əlindən gələni eləməlidir, hamımız da bir yerdə əlimizi daşın altına qoyub, bir yerdə olmalıyıq. Birincisi, şəxsən mənim də, mənim dövrümdə olanların da günahı, səhvi ucundan bu iqtidar hakimiyyətə gəldi. Bax, birinci bunu götürməliyik. Sonra biz, şəxsən mən ömürümün bu son vaxtında bir balaca xalqın üzünə baxıb, deyək ki, sən Allah, günahlarımızı bağışlayın, indi bu yolu təmizlədik, geridə qalan daş-kəsəyini təmizləyin, gedin, balalarımız, nəvələrimiz bu dövlətdə xoşbəxt yaşasın. Çünki Allah yaratdığı 11 iqlimdən 9-nu bizə verib, altı-üstü Allahın nemətləri olan ölkədə biz-birimizi bitirməklə dolanırıq. Ola bilsin, mən konservatroram. Ola bilsin, çox adam mənim fikirlərimi qəbul etməz, amma bu gün hər birimiz hər hansı bir iddia ilə çıxış edirik ki, mən lider olum, mən iclasda oturum, başqaları mənə çəpik çalsın, bu yanlış yoldur. Xalq Hərəkatını təşkil etdik, gözəl. Xalq Hərəkatı hələ neynəyib ki, orada lider davası düşür? Bəli, xalqın səfərbər olması, xalqda tərpəniş olması bu anti-milli rejimi çox vahiməyə saldı, vəssalam. Onlar neynəməlidir? Öz dağıdıcı siyasəti ilə hakimiyyət ömrünü uzatmaqdan ötrü bizi biri-birimizə qarşı qoymalıdır. Maşallah, biz də ona hazırıq. Sən mənə nə dedin, sən onu dedin, mübahisələr başlayır. O səs yazıları nə idi, ortaya çıxdı? O səs yazıları çıxanda niyə o sakitcə oturub müzakirə olunmadı? Onu kimsə gətirib kiməsə vermişdi, gətirən adam niyə cəzalanmadı? Qaradaşım, məqsədlidir də. Biz bu qədər eybəcər şəkildə “provakasiya”lara gediriksə, qurana and olsun, mən çox xəcalət çəkirəm.

Bir Şəki lətifəsi danışım, amma bu Şəkidə olub. Şəkinin Xan Sarayı məhəlləsində Mustafa dayı olur, yaşdı kişidir, hörmətli adam olur. Məhəllədə uşaqlar fit çalır, deyir, ay bala, fit çalmaq pis şeydir, çalmayın. Ondan sonra, bu Mustafa dayını uşaqlar harada görür, fit çalır. Mustafa dayı harada fit çalan olsa, üstünə cumur. Axırda qonşu onunla söhbət edə-edə şəhərin aşağısına piyada gəlir, deyir, ay Mustafa, aydıbdır, sənin uşaqların, nəvələrin var, axı, bu sənə yaraşmaz, fit çalır, cəhənnmə çalsın, səni niyə özünü gözdən salırsan? Bu, ona inanır deyir, düz deyirsən, vallah. Mən niyə belə şeyə uymuşam? Gəlirlər, şəhərin məscid tərəfinə çatanda çay çox daralır, haradasa 13 metrdir, çayın o tərəfindən biri fit çalan kimi bu qımışır. Deyir, a Mustafa, nağayrırsan, mən onu tanıyıram, o, mənə çalır. Bax, bizə bir dənə fit çalıb, hamımızı bir-birimizə qarşı qoyurlar və bunun da fonunda ölkəmizi talayırlar, əxlaqımızı tamamilə aşındırırlar, təhsilimiz, səhiyyəmiz, ədliyyəmiz pis gündədir, biz də liderlik eşqinə başlamışıq. Mən bunu heç alqışlamıram. Birinci biz yaşlılar gərək, buna imkan verməyək. Bu rejimin bizə vurduğu ən böyük zərbələrdən biri əxlaqımızı, böyük-kiçik münasibətlərini əlimizdən alır. Mən demirəm ki, ağsaqqal adamın yanında hamısı səcdə etməlidir. Bizim mənəvi dəyərlərimiz var, o dəyərləri biz heç vaxt başqa xalqlarda görməmişik. Böyüyə-kiçiyə hörmət, kiçiklərin qədrini bilmək, böyüklərə hörmət əlaməti olaraq gələndə ayağa durmaq - bu, bizim mənəvi dəyərlərimizdir. Onu bizim əlimizdən alıb, bizi yaxşıca talayırlar.

Baxın, Xəzər tv-də, o birisində bizə mənəviyyat dərsi deyənlər kimlərdi? Bu, xüsusi məqsədlidir ki, bizim əxlaqi dəyərlərimizi alıb, bizi bu günə salsınlar. Eyni zamanda da Azərbaycan Xalq Hərəkatında bunu edirlər. Mən çox təəssüf edirəm, illər boyu münasibətimiz olan, zamanında bir yerdə işlədiyimiz İsgəndər bəyə də, o birilərinə də deyirəm, qardaşım, bizim hələ ki, heç birimiz lider deyilik, o liderliyə də iddia etməyə haqqımız yoxdur. Amma uzun illərin təcrübəsini, keçdiyimiz yolu, o yolda buraxdımız səhvləri analiz edib, ön sıralarımızda olan gənc siyasətçilərə doğru yol göstərib, onların bu yolda səhvsiz gedib, nəyəsə nail olmaları üçün çalışmalıyıq, ən birinci də bu anti-milli rejimin hakimiyyətdən düşməsinə öz töhvələrimizi verməliyik”.

“Milli mənəvi dəyərlərimiz, əxlaqımız, torpağımız əldən gedir”

“Qeyd etdiyiniz kimi, Azərbaycan Xalq Hərəkatında bu cür ciddi səhvlər olduğu halda bizim ümumilli problemimiz olan Qarabağ problemini necə həll edəcəyik” sualına R. Qazıyev belə cavab verdi: “Söhbət ondadır. Sən təsəvvür edirsən, Qarabağ problemi qalıb, sən də, mən də artıq bilirik ki, nəinki Dağlıq Qarbağı, hətta işğal altında olan ərazilərin böyük hissəsinə ermənilər əməlli-başlı iştah göstərirlər, diş qıcayırlar və bunları da super dövlətlər müdafiə edir. Biz bu vəziyyətdə “mən Əhmədə nə dedim, Əhməd mənə nə dedi”, mübahisə edirik. Çox pis, biabırçılıqdır. Mən nə deyim, milli mənəvi dəyərlərimiz, əxlaqımız, torpağımız əldən gedir. Artıq Qarabağın de-fakto müstəqilliyi var, de-yure tanınması istiqamətində işlər görülür, ermənilərlə dostluq münasibətləri qurulur. Biz oturmuşuq ikimizin arasındakı münasibəti araşdırırıq, çox utancverici bir şeydir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA