“Xalq Hərəkatı ölkədə demokratik seçki keçirilməsi üçün öz töhvəsini verəcək” - ELŞAD MUSAYEV

“Xalq Hərəkatı ölkədə demokratik seçki keçirilməsi üçün öz töhvəsini verəcək” - ELŞAD MUSAYEV

“Azərbaycanda qanunların işləməyinə nail olmaq lazımdır”

“Biz indidən hiss edirik ki, hakimiyyət Hərəkatın yaradılmasını isəmir. Bu səbəbdən, Hərəkatın daxilinə cürbəcür adamlar sala bilər, ona kənardan da müəyyən təsirlər olar”

“Biz istəyirik ki, alternativ güc formalaşdıraq. Azərbaycan hakimiyyəti də, bu hakimiyyətə dəstək verən, dəstək verməyən kənar qüvvələr də görsünlər ki, Azərbaycan xalqı bu haqsızlıqlarla, qanunsuzluqlarla razı deyil və buna sərt təpki göstərəcək”

 

Artıq neçənci dəfədir ki, müxalif siyasilər Xalq Hərəkatının yaradılması ilə bağlı müzakirələr aparırlar. Ötən şənbə günü isə muxalif partiya sədrləri Ümid Partiyasının qərargahında toplaşmışdılar. Tədbirdə Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov tərəfindən hazırlanan və Xalq Hərakatının yanvarın 26-da keçirilməsi nəzərdə tutulan təsis konfransında elan olunacaq bəyanat oxunub və onun ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlıdır ki, yeni yaradılan Xalq Hərəkatından hərəkatın təşəbbüskarlarından olan Böyük Azərbaycan partiyasının sədri Elşad Müsayev nə gözləyir? Bu və digər suallarımızı partiya sədri cavablandırdı:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/toplantilarin_kecirilmesine_hakimiyyet_mane_olur_-_partiya_sdri)

- Yeri gəlmişkən, hazırda bu hərəkatın təsisçilərinin kimlər olacağı da müzakirə mövzusudur...

- Xalq Hərakatının təsisçiləri içərisində siyasi təşkilat rəhbərləri də, qeyri-hökumət təşkilatının təmsilçiləri də, istiqlalçı deputatlar da, hərəkatda iştirak etmiş insanlar da, sadə insanlar da var. Burada heç bir məhdudiyyət yoxdur. Ancaq mən istəyirəm ki, hərəkatda daha çox gənclər olsun. Bu, mənim şəxsi istəyimdir.

- Hərəkatın təşəbbüskarlarından biri olan İsgəndər Həmidov deyir ki, Xalq Hərəkatı hakimiyyətə gəlməkdən ötrü deyil, düzgün, seçki yolu ilə hakimiyyətə gələnlərə kömək etməkdən ötrüdür. Bizim ölkədə düzgün seçki ilə hakimiyyətə gəlmək mümkündürmü?

- Azərbaycan Xalq Hərəkatının qarşısına qoyduğu məqsədlərdən biri ölkədə demokratik seçki mühitinin yaradılmasıdır. Bu istiqamətdə işləri davam etdirmək lazımdır ki, ölkədə normal, demokratik seçki keçirilsin. Normal, demokratik seçki keçirmək üçün də cəmiyyətin, siyasi təşkilatların, Xalq Hərəkatının gücü hakimiyyətin gücündən artıq olmalıdır ki, hakimiyyəti məcbur etsin ki, nəhayət, normal, demokratik seçki keçirilsin. Əks halda respublikada bir qrup hakimiyyəti indi olduğu kimi qəsb edib, seçkini keçirəcək. Faktiki olaraq hakimiyyət təyinat həyata keçirir. Azərbaycanda indiyə kimi keçirilən seçkilərin heç biri demokratik tələblərə cavab vermir. Faktiki olaraq hakimiyyətin müxtəlif qolları bir qrup tərəfindən zəbt olunub. Onlar Azərbaycan xalqı adından manipulyasiya edirlər, özləri istədiyi siyahını cəmiyyətə sırıyırlar. Cəmiyyəti, beynəlxalq qurumları aldatmaqla məşğuldur ki, guya, bu adamlar deputat, bələdiyyə və yaxud başqa yerə seçilir. Ona görə, seçki mühitini dəyişmək lazımdır və Azərbaycanda indiyə kimi seçki saxtakarlığı ilə məşğul olan, səsləri oğurlayan, hakimiyyətin ayrı-ayrı qollarını zəbt edən adamlar etdikləri əmələ görə də cəza almalıdırlar.

- Seçki Məcəlləsinə indiyə kimi dəfələrlə dəyişiklik olunub. Xalq Hərəkatı Seçki Məcəlləsini dəyişdirib, dünya standartlarına uyğun səviyyədə qəbul etdirə biləcəkmi ki?

- Azərbaycanda seçki mühitini dəyişmək lazımdır. İstənilən Seçki Məcəlləsi ilə seçkiyə getmək olar. Yanız bir halda ki, heç bir saxtakarlıq olmasın. Seçki komissiyası hakimiyyətin nəzarətindədir. Hətta komissiya hakimiyyətin nəzarətində olsa belə, komissiya üzvləri bilsə ki, bu hakimiyyət demokratik seçki keçirir və saxtakarlığa görə sərt cəza ilə üzləşəcəklər, heç kim saxtakarlığa getməz. Hakimiyyətin mahiyyəti isə seçki saxtkarlığının üzərində qurulub. Ona görə, çalışıb, onu dəyişmək üçün yollar axtarıb tapmaq lazımdır. Bu yollardan biri də Xalq Hərəkatıdır.

- Sabiq daxili işlər naziri İsgəndər Həmidov onu da vurğulayır ki, seçki qanunu dəyişib, dünya standartlarına uyğun qəbul etdirməklə yanaşı, hədəfimiz demokratik islahatlar, korrupsiya, rüşvət, yerlibazlıq, tayfabazlıq, qohumbazlıq kimi iyrənc halların qarşısını almaq, insanların maddi rifahına, yəni insanların çəkdiyi əziyyətin qarşsında əmək haqqısının bir neçə dəfə qaldırılmasına nail olmaq, Neft Fondundan ayrılan pulların hara sərf olunmasını, xərcləndiyini bilməkdir. Sizcə, qanunların normal işləmədiyi ölkədə bu hədəflərə necə nail olunacaq?

- Azərbaycanda ilk növbədə qanunların işləməyinə nail olmaq lazımdır. Ondan sonra, o biri məsələlər avtomatik həll olunacaq. Ən əsası, çalışmaq lazımdır ki, Azərbaycanda qanunlar işləsin, hər kəs də qanun qarşısında bərabər surətdə cavab verin. Bunu təmin etmək üçün hakimiyyət bir güc görməlidir. Hakimiyyət bu gücü görmür. Ona görə, Azərbaycan cəmiyyətini də, siyasi təşkilatları və digərlərini də əzib keçir. Biz də istəyirik ki, alternativ güc formalaşdıraq. Azərbaycan hakimiyyəti də, bu hakimiyyətə dəstək verən, dəstək verməyən kənar qüvvələr də görsünlər ki, Azərbaycan xalqı bu haqsızlıqlarla, qanunsuzluqlarla razı deyil və buna sərt təpki göstərəcək. Ona görə, bu hərəkatı formalaşdırmaq və qanunların işləməsinə nail olmaq lazımdır.

- Elşad bəy, qarşıdan parlament seçkiləri gəlir, hətta belə fikirlər var ki, aprel, may ayında növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu hərəkatın parlament seçkiləri ilə hər hansı bağlılığı varmı?

- Hələlik hərəkat formalaşmayıb, parlament seçkiləri ilə də bağlı konkret bir mövqeyi yoxdur. Siyasi təşkilatlarda fərqli mövqelər var. Məsələn, bir qisim hesab edir ki, belə seçkilərdə iştirak etməmək, bir qisim də hesab edir ki, iştirak etmək üçün söz demək lazımdır. Amma belə atmosfer olsa, ölkədə vəziyyət dəyişməsə, bu seçkidə iştirak etməyin elə bir anlamı yoxdur. Ona görə də bizim üçün əsas bu hərəkatı yaratmaqdır, ölkədə müqaviməti təşkil etmək lazımdır. Ondan sonra, digər məsələlər müzakirə oluna bilər.

- Ümumiyyətlə, hərəkat parlament seçkilərində iştirak etməlidir, yoxsa seçkiləri baykot etməlidir?

- Onu Hərəkat hansı qərarı qəbul edəcəksə, ondan sonra demək olar. İndidən bu barədə demək çətindir. Mən sadəcə deyirəm ki, bu qanunsuz şəraitdə, hakimiyyətin basqısı altında demokratik seçki mühiti olmadığı bir halda seçkiyə getməyin anlamı qalmır. Amma hakimiyyət görsə ki, buna qarşı bir alternativ güc var, onda hakimiyyətə təsir etmək mümkündür. Açığını deyim, bu hərəkatın məqsədi də o olmalıdır ki, demokratik seçki yolu ilə Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olsun. Bu, iki üstəgəl ikidir.

- Belə çıxır ki, Hərəkat qarşısına məqsəd qoyub ki, hakimiyyət dəyişikliyinə nail olsun. Amma İsgəndər bəy deyir ki, Hərəkat hakimiyyətə gəlməkdən ötrü deyil.

- İgəndər bəy konkret deyə bilər ki, bu Hərəkat qarşına məqsəd qoymayıb. Amma ölkədə demokratik dəyişikliyin olması, normal, demokratik seçki həyata keçirmək və hakimiyyəti qəsb etmiş bu hakimiyyəti dəyişmək üçün təbii ki, Hərəkatın təsiri olacaq və Hərəkat ölkədə demokratik seçki keçirilməsi üçün öz töhvəsini verəcək. Birbaşa demək olmaz ki, bu Hərəkatın məqsədi hakimiyyətə gəlməkdir. Bu Hərəkat ölkədə normal, demokratik seçkinin keçirilməsi üçün öz töhvəsini verəcək. Ondan sonra, seçkilər keçiriləndə ayrı-ayrı namizədlər olur. İndidən demək olmaz ki, bu Hərəkatdan və yaxud kənardan neçə nəfər namizəd olacaq. Ən əsası demokratik seçki mühiti yaradandan sonra hansısa seçkili orqana cürbəcür şəxslər, fərdlər, siyasi təşkilatların təmsilçiləri namizədliyini verə bilər. Yəni bunu indidən demək bir az ciddi səslənmir.

- Hakimiyyət bu Hərakatı parçalamağa cəhd edirmi?

- Biz indidən hiss edirik ki, hakimiyyət Hərəkatın yaradılmasını isəmir. Ona görə, Hərəkatın daxilinə cürbəcür adamlar sala bilərlər, Hərəkatdan kənarda da müəyyən təsirlər olar. Artıq trol ordusu yaradılıb. Hərəkat elan olunandan bəri israrla bu Hərəkatı gözdən salmaqla məğuldurlar. Bu, əlifbadır. Azərbaycan hakimiyyəti ölkədə hər hansı bir təşkilatlanmanı istəmir. Çünki hər hansı təşkilatlamanı özü üşün təhlükə hesab edir. Ona görə də Hərəkatın yaranmasını heç istəmir. Burada qeyri-adi heç nə yoxdur. Biz bunu bilirik. Ona görə, addımlarmız da buna uyğun atılmaldıır. Biz də tərəfdarlarmızın hamısına qanun çərçivəsində fəaliyyət göstərməyi, təşkilatlanmağı tövsiyyə edirik.

- Deyirsiniz ki, hakimiyyət Hərəkatın daxilinə cürbəcür adamlar sala bilər. Hərəkatın daxilində hakimiyyətə xidmət edən adamlar varmı ki, onun yaranmasına maneəçilik etsin?

- Hakimiyyətin mahiyyəti odur. Hakimiyyət bütün gücünü ermənilərə deyil, öz ölkəsinin daxilindəki qüvvələrə sərf edir. Təbii ki, belə hallarla saysız- hesabsız rastlaşmaq olar. Amma konkret kimisə ittiham etmək olmaz. Bunun üçün gərək əldə fakt olsun. Təbii ki, hakimiyyət bu istiqamətdə cəhdlər göstərir. Biz bunu bilirk. Burada qeyr-adi heç nə yoxdur. Hakimiyyət bu istiqamətdə cəhdlərini davam etdirir.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA