“Xalq Hərəkatında hakimiyyətə xidmət edənlər var, amma...” - ƏHMƏD ORUC

“Xalq Hərəkatında hakimiyyətə xidmət edənlər var, amma...” - ƏHMƏD ORUC

“...Onlar Xalq Hərakatını döndərməyə, məcrasından çıxarmağa kifayət etmir”

“Nə bəyannaməmizdə, nə də əsasnaməmizdə bizim seçkidə iştirakmızı istisna edən heç bir hal yoxdur”

“Xalq Hərəkatının əsas məramı Azərbaycanda seçkili bir hakimiyyətin formalaşmasıdır”

Ötən ay yaranmış Azərbaycan Xalq Hərəkatı ölkədə sosial-iqtisadi, siyasi islahatlar aparmaq, Seçki Məcələsinin dəyişdirilməsinə, Qarabağ probleminin həllinə nail olmaq, Azərbaycanda normal, demokratik seçki mühitinin yaradılması və ədalətli seçkilər yolu ilə legtim hakimiyyətin formalaşdırılması kimi hədəfləri qarşıya qoyub. Buna rəğmən, hakimiyyət də son vaxtlar ölkədə struktur islahatları aparır, minimum əməkhaqqı 50 manat artırılaraq 180 manat oldu, şəhid ailələrinin əksəriyyətinə birdəfəlik yardımlar verildi və s. Maraqlıdır ki, Azərbaycan Xalq Hərəkatı bu islahatları necə qiymətləndirir? “Hürriyyət”in bu və digər suallarına cavab almaq məqsədilə Hərəkatın təsisçilərindən olan Azadlıq Partiyasın sədri Əhməd Orucla söhbətləşdik:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/hakimiyyt_aiq_tvi_iinddir_-_hmd_oruc)

- Xalq Hərəkatının yaranmasına sosial sifariş olsa da, bir çox partiyalar təsisçi kimi qatılmadı. Bu, nə ilə əlaqədardır?

- Bir sıra partiyaların Hərəkata qatılmaması, məncə, prosesə yekun mərhələdə bir qədər çətinlik yaradır. Bilirsiniz ki, bütün partiyalar bura dəvət olunmuşdu. İlk mərhələdə bir sıra, əsasən qrant alan partiyalar müxtəlif bəhanələrlə bu prosesdən kənarda qaldılar. İkinci mərhələdə bir sıra partiyalar bu və ya digər məsələləri bəhanə etdilər. Tutaq ki, niyə bəyannamənin imzalaması məndən qabaq filankəsə təqdim olunub, niyə mənim adım siyahıda ortada və yaxud aşağıda yazılıb, bu cür ciddi olmayan əsaslarla partiyalar imtina etdilər. Mən hesab edirəm ki, birinci, eləcə də ikinci mərhələdə etiraz edənlərin hər birinin söylədiyi ciddi arqumentlər deyildi. Dediyim kimi, birinci mərhələdə imtina edənlərin bir qismi əsasən qrant alan və beynəlxlaq təşkilatların, o cümlədən Qərbin dəstəyi olan partiyalar idi ki, onlara indiki situasiya sərf edir. Onların indiki dövrdə bu hərəkatlanmada arxa cərgələrə keçmək qorxusu olduğuna görə, indiki status-kvonun qorunub-saxlanmasında daha çox maraqlıdırlar. Çünki onlar Qərb institutlarına, səfirliklərinə özlərini Azərbaycanda yeganə müxalif qüvvə kimi təqdim edə bilirlər. Bu Hərəkat ortaya çıxandan sonra bəlli oldu ki, Azərbaycanda bunlardan daha kəskin mövqedə olan, ictimai rəy tərəfindən daha geniş dəstəyə malik olan siyasi çevrələr var, amma onlar təşkilatlanma mərhələsindədirlər. Bu, bunların marağına uyğun deyildi deyə, onlar müxtəlif bəhanələrlə kənarda qaldılar.

İkinci mərhələdə kənarda qalanlar da heç bir arqument qoymadı ki, niyə ilkin mərhələdə prosesə razıydılar, sonradan kənarlaşdılar. Guya, təsis bəyannaməsi niyə çayxanada imzalanıb, onlara deyilməyib. Bunlar ciddi şeylər deyil. Onlar da əksəriyyəti hakimiyyət tərəfindən bu və ya digər şəkildə mükafatlandırılan partiyalar idi ki, onu itirməkdən qorxurdular. Ya da prosesi idarə etməyə iddialı idilər, hesab edirdilər ki, prosesi bunlar idarə edəcəklər, buna imkanları çatacaq. Sonra gördülər ki, imkanları çatmır və yaxud haradansa göstəriş gəldi ki, kənara çəkilin. Təəssüf ki, bir sıra intellektual, potensial partiyalar ilkin mərhələdə bu prosesdən kənarda qaldılar. Ancaq mən hesab edirəm həm sosial baza, hərəkatçılıq, intellektual, həm də ideoloji baxımdan burada olan qüvvələr prosesi aparmaq imkanındadırlar.

Azərbaycanda həmişə ən böyük problem insanların bir-biri ilə dil tapması, ayrı-ayrı xarakterdə olan insanların bir arada fəaliyyət göstərməsidir. O istiqamətdə biz çalışırıq ki, nəsə alınsın. Nəsə alınacaq-alınmayacaq, bu, cəmiyyətin sabahkı proseslərə nə qədər qoşulacağından asılıdır və bu, Azərbaycanın sabahını düşünən intellektual insanların həm mərkəzdə, həm də yerlərdə strukturlar yaranarkən, bu strukturlardan kənarda qalmaması ilə bağlıdır. Kimlərsə istəyirsə, bu proses ağılla, məntiqlə, normal getsin, o göstəricisi olan insanlar bu prosesə qatılmalı, prosesin içində olmalıdır. Bizim baxışlarımız belədir. İnşallah, nə dərəcədə reallaşacaq, bunu zaman göstərəcək.

- Xalq Hərakatında olan bəzi siyasilər iddia edir ki, burada hakimiyyətyönlü insanlar var. Bu halda, Hərəkatın xalqın sosial sifarişini yerinə yetirməsi mümkün olacaqmı?

- Bilirsiniz, hər bir hərəkatda süzgəc daha böyük gözlü olur, ona görə buradan sızma, yəni Hərakata daxil olma imkanları çox genişdir. Kimə deyə bilərsən ki, Hərəkata qatılma. Tutaq ki, deyə bilərsən, mən Azərbaycanı düşünürəm, deyər, mən səndən də çox Azərbaycanı istəyirəm və burada olmaq istəyirəm. Ona görə, onlara ilkin mərhələdə məhdudiyyət qoymaq olmur. Bu səbəbdən də, hakimiyyət bütün təşkilatlarda ya öz nümayəndəsini yerləşdirir, ya da içəridə bir az iradəcə zəif olanları, hanısısa məsələdə hakimiyyətin əlində quyruğu olan insanları özünün tərəfinə çəkib, onlardan istifadə edə bilir. Açığı, indiki Hərəkatda da bu cür görsənişlər var. Ancaq bu görsənişlər Xalq Hərakatını döndərməyə, məcrasından çıxarmağa kifayət etmir, ayrı yola aparmaq gücündə deyillər. Mən ona görə deyirəm ki, bizim sağlam məcrada olan, Azərbaycanın sabahını düşünən, intellektli insanların bir araya gəlməsi, prosedə əsas lokomotivə çevrilməsi daha doğru və millətin mənafeyinə uyğun olar. Ona görə, insanlar uzaqdan durub, seyr etməli deyillər. Prosesə qatılmalı, dəstəyini göstərməlidir ki, biz də burada güclənək. Təbii ki, əgər cəmiyyət kənarda qalacaqsa, buraya yalnız hakimiyyətin yönləndirdiyi insanlar gəlib qatılacaqsa, onlar get-gedə həm burada xüsusi çəkiləri, həm də prosesə təsir imkanları artacaq. Amma mən onu görmürəm, hakimiyyət ciddi təşviş içindədir, onlar nə baş verdiyinin fərqindədirlər, dünənə qədər ölkəni xofla idarə edənlər, bu gün bütün küçə və meydanlarda avtobuslarda, ayrı-ayrı ictimai yerlərdə cəmiyyət tərəfindən çox kəskin şəkildə tənqid olunur, heç bir qorxu olmadan, hətta polisin yanında rəylər söylənilir. Siz gördünüz, son mitinqlərlə bağlı polis zəng edib insanları qorxudanda onlar açıq şəkildə öz mövqelərini bildirdilər, çoxusu sosial şəbəkələrdə polisə verdiyi cavabları yaydı. Görsəndi ki, bəli, artıq Azərbaycanda əvvəlki xofu yaratmaq mümkün deyil. Ona görə, mən bu prosesin hakimiyyət tərəfindən qarşısının alnması imkanlarının da zəiflədiyinin fərqindəyəm. Ancaq hər halda, biz çalışmalıyıq, gücü çatan, imkanı olan, düşüncəsi, əxlaqı olan insanlar hamısı bu prosesə kömək etməlidir.

-Xalq Hərəkatının seçkilərə getməyəcəyi, radikal bir yol tutacağı bildirlir? Sizcə, bu, bir qədər tələsik verilmiş qərar deyilmi?

- Birincisi, seçkilərlə bağlı Xalq Hərəkatında heç bir müzakirə aparılmayıb. İkincisi, bu gün gündəmdə heç bir seçki yoxdur ki, biz seçkiyə gedib-getməməklə bağlı mövqe bildirək. Üçüncüsü, Xalq Hərəkatının əsas məramı Azərbaycanda cəmiyyətin qarşısında, seçkili, hesabatlı olan bir hakimiyyətin formalaşmasıdır. Yəni respublikanın təməl prinsiplərindən biri olan vətəndaşların seçimi ilə formalaşan hakimiyyətin ortaya qoyulmasıdır. Bu baxımdan, nə bəyannaməmizdə, nə də əsasnaməmizdə bizim seçkidə iştirakmızı istisna edən heç bir hal yoxdur. Sadəcə olaraq, həmin fikirlər o qənaətdən səslənir ki, indiki şəraitdə, yəni seçki qanunlarının tam anti-demokratik olduğu, seçki komissiyalarının başdan-ayağa saxtakarlardan ibarət olduğu, Azərbaycanda faktiki olaraq son 15 ildə seçkinin keçirilmədiyi, seçki protokollarının, nəticələrinin Prezident Aparatı tərəfindən hesablandığı və insanların yalnız seçki komissiyalarına qol çəkməyə çağırıldığı bir prosedurda biz iştirak edə bilmərik. Bu, tamamilə doğru qənaətdir. Ancaq normal, demokratik seçki keçirmək uğrunda yaradılmış bir Hərəkat ona şərait olarsa, ondan niyə kənarda qalır? Yəni bizim haqqımızda seçki yolu ilə hakimiyyəti dəyişməyi nəzərdə tutmayan bir Hərəkat obrazının yaradılması qətiyyən həqiqətə uyğun deyil, başdan-ayağa iftiradan başqa bir şey deyil.

-Bildiyimiz kimi, ölkəmiz may, yaxud iyun ayında Avropa Birliyi ilə çərçivə sazişi imzalamalıdır. Çox güman ki, saziş çərçivəsində Seçki Məcəlləsi də təkimilləşdiriləcək. Çünki prezident bundan sonra da islahatların aparılacağını deyir. Bu halda seçkiyə getmək doğru olmazdımı?

-Mən Avropa Birliyi ilə sazişi yüksək qiymətləndirirəm və bu istqamətdə Azərbaycanın öz üzərinə müəyyən öhdəliklər götürcəyinin də fərqindəyəm. Ancaq bilirik ki, Azərbaycan hakimiyyəti uzun illərdir üzərinə götürdüyü demokratiya, insan haqları, mətbuat azadlığı ilə bağlı öhdəliklərin heç birini yerinə yetirmir. Yalandan bu şəkildə imitasiyalar ilə məşğuldur və Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq birliklərdə dəfələrlə bu məsələlər müzakirə olunub, bunlar da qızara-qızara, yalandan biz belə deməmişdik, belə başa düşünmürük kimi, ta birliklərdən qovulana qədər gedəcəklər. İkincisi, bu hakimiyyət demokratik seçi keçirsə, bilir ki, bunlara nəinki cəmiyyət səs verməz, demokratik mühit olarsa, bunların hər biri ciddi şəkildə mühakimə olunmaq qədər ictimai rəydə artıq haqq qazanıblar. Yəni mən bu hakimiyyətin vaxtında özxoşuna, Avropa Birliyinin çərçivə sənədi səviyyəsində öhdəliklərlə demokratik seçki keçirəcəyinə inanmıram. Mütləq cəmiyyətin böyük basqısı, təpkisi olmalıdır və bunlar başa düşməlidir ki, ən yaxşı halda, sakitcə hakimyyəti demokratik yolla təhvil verib, canlarını qurtara bilsələr, ən böyük uğur ola bilər. Yalnız o halda bunlar seçkilərə gedə bilər, qalan bütün hallarda rüşvətxor, quldur, oğru hakimiyyətin təmsilçiləri minlərlə cinayətin ortağı olan, Azərbaycan cəmiyyətinin milyardlarını mənimsəmiş, millətə ən pisliyi etmiş insanların demokratik seçki keçirəcəyinə inanmıram. Amma Xalq Hərəkatı ona görə vacibdir. Yəni bunlar yalnız o halda çalışacaqlar ki, xalqın ayaqları altında qalmaqdan öz canlarını qurtarmaq üçün demokratik seçki imitasiyası yaratsınlar. Mən hesab edirəm ki, o da gec olacaq. Ancaq hər halda biz çalışmalıyıq ki, proseslər idarəolunan olsun, nəzarətdə saxlanılsın və bu proseslərin önünə Azərbaycanın sabahını düşünən, dərk edən, bu istiqamətdə məsuliyyətini bölüşən insanlar çıxsınlar. Belə halda, mən hesab edirəm ki, Azərbaycanda normal bir cəmiyyət, hakimiyyət qurmaq mümkün olacaq.

- Seçkilərə gedib demokratik yolla hakimiyyətin dəyişməsi doğru deyilmi?

-Əgər seçkilərə gedib, demokratik yolla hakimiyyəti dəyişmək imkanları varsa, bu, nəinki ən doğru yoldur və bütün doğru yollardan ən doğrusudur. Bu gün bizim də can atdığımız, qibtə etdiymiz ölkələr, dövlətlər hamısı bu prosedurla qurulur. Bu gün demokratik idarə olunan cəmiyyətlər üstün cəmiyyətlərdir. Orada insanların, iqtisadiyyatın, münasibətlərin inkişafı üçün hər cür şərait yaranır. Yəni insan resursları və digər resurslarının qanunauyğun şəkildə bölünməsi, paylanması hamının mənafelərinin nəzərə alınması prosesi baş verir. Mən də o fikirlə razıyam ki, əgər demokratik yolla hakimiyyəti dəyişmək, demokratik seçki keçirmək mümkün olarsa, Azərbaycanın mili maraqlarına uyğun olaraq təbii ki, seçkilərdə iştirak etmək lazımdır. Ancaq bu hakimiyyətin mahiyyətindən, proseslərdən görünür ki, demokratik seçki keçirmək niyyəti yoxdur. Bilirsiniz, dünyanın bütün ölkələrində, əsasən də Avropa ölkələrində Azərbaycanın korrupsiyasına həmin ölkələrin parlamentariləri nə dərəcədə bulaşıb, bulaşmayıb, Azərbaycanla bunların iqtisadi əlaqələri nə dərəcədə şəffafdır, şəffaf deyil, bu məsələlər məhkəmə araşdırmalarının mövzusudur. Ən azı əksər ölkərlərdə seçkilərdə partiyalar bir-birini Azərbaycanla iqtisadi əlaqələrdə korrupsiyada ittiham edirlər. Yəni sən korrupsioner rejimlə müəyyən iş birliyindəsənsə, bu, sənin artıq mənfi imicin deməkdir. Belə bir vəziyyətdə demokratik seçki və onun keçirilməsi imkanı aşağıdır, ona şans olarsa, təbii ki, biz o şansı dəstəkləyəcəyik.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA