“Xalq Hərəkatının içində hakimiyyətyönlü qüvvələr var” - HACIBABA ƏZİMOV

“Xalq Hərəkatının içində hakimiyyətyönlü qüvvələr var” - HACIBABA ƏZİMOV

“İdarə Heyətinin formalaşması prinsipini qəbul etmədiyim üçün mən ora daxil olmaqdan imtina edim”

“Demokrat Partiyası kimi güclü, tanınmış partiyanın o Hərəkatda olması, mənim zənnimcə, çox lazımıydı və bu Hərəkata çox böyük güc verə bilərdi”

“Özlərini ən qatı, radikal müxalifət kimi göstərirlər, müəyyən partiyaların tərkibində iştirak edirlər, amma əslində, hakimiyyət tərəfindən göndərilmiş adamlardır”

Bildiyiniz kimi, yanvarın 19-da keçirilən toplantıda 20-dən çox partiya rəhbərinin imzası ilə Azərbaycan Xalq Hərəkatı elan olunub. Yanvarın 26-da isə ADP qərargahında hərəkatın təsis konfransı keçirildi. Hərəkat elan olunarkən Ümid, ADP, AXP kimi siyasi qurumların təsis bəyanatını imzalamaması və təsisçi kimi Hərəkatda təmsil olunmamaları ictimaiyyətdə haqlı olaraq müəyyən suallar doğurub. Görünür, bu hərəkatın yaradılmasında elə qaranlıq məqamlar olub ki, sözügedən partiyalar da bu üzdən Hərəkatda təmsil olunmur.

Maraqlıdır ki, bu, nə ilə əlaqədardır? Bu və digər suallarımıza cavab almaq üçün istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, Hərəkatın yaradılmasının təşəbbüskarlarından olan Hacıbaba Əzimovla söhbətləşdik:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/bu_muxalifeti_dunyada_biabir_eden_bir_is_idi_-_hacibaba_zimov)

- Bütün bunları həyata keçirmək mümkün olacaqmı?

- Əlbəttə, əgər Azərbaycana pislik etmək istəyən həm daxili, həm də xarici qüvvələr mane olmasalar, həyata keçirmək mümkün olacaq. Ciddi müqavimət göstərməsələr, hər şey mümkündür. Sadəcə, Azərbaycanda müxalifətə imkan vermirlər ki, sözünü desin, deyilən sözləri də qulaqardına vururlar. Burada xarici kəşfiyyatın da böyük rolu var. Əlbəttə, daxildə həm hakimiyyət, həm də hakimiyyətyönlü özünü müxalifət adlandıran qüvvələr var ki, bunlar da müxalifətin bir araya gəlməsinə və öz qüvvələrini kordinasiya etməsinə maneçiliklər törədirlər, çox hiylələr, tələlər qurulur. Bax, 25 dekabrda keçirilən dəyirmi masa da bir tələ idi. Sonrakı edilən təkliflər də bir tələ idi ki, bu Hərəkat yaranmasın. Mən etiraf edirəm ki, bu Hərəkatın yaranması prosesində çox səhvlər oldu.

- Hacıbaba müəllim, demək istəyirsiniz ki, Xalq Hərəkatının içində də adını müxalifət qoyan hakimiyyətyönlü qüvvələr var?

- Mütləq var. Elə bir qurum, partiya yoxdur ki, orada hakimiyyətin nümayəndəsi olmasın, hamısında var. Özlərini ən qatı, radikal müxalifət kimi göstərirlər, müəyyən partiyaların tərkibində iştirak edirlər, amma əslində, hakimiyyət tərəfindən göndərilmiş adamlardır. Hamısında, o cümlədən bu Hərəkatda da hakimiyyətyönlü adamlar var.

- Belə olan halda Azərbaycan Xalq Hərəkatı qarşısına qoyduğu məqsəd və vəzifələrini yerinə yetirə biləcəkmi?

- Bəli, belə olan halda belə, bu Hərəkat çox iş görə bilər. Çünki onlar azlıqdır, çoxluq deyil və onlar əsas söz sahibi ola bilməzlər, ona imkan verilməməlidir. Çünki biz tanıyırıq kim kimdir, hansı təşkilatın, partiyanın əsl niyyəti nədir, hakimiyyətlə hansı əlaqələri var, yaxşı bilirik. Ona görə, mən istərdim ki, onlar bu Hərəkata daxil olmasın, amma təəssüf ki, oldular. İsgəndər bəy götürdü mənim hazırladığım Hərəkatın təsis bəyanatını qeydiyyatı olan, normal müxalifət mövqeyindən çıxış edən partiyalarla birlikdə camaatın tanımadığı müəyyən adamlara da imza atdırdı. Guya, onların da partiyası var. Əslində, elə partiyalar yoxdur, heç cəmiyyət də tanımır, şəxsən mən də tanımıram və onların heç vaxtı fəaliyyətini də görməmişəm. Yəni burada onlar da təsisçi adını alandan sonra İdarə Heyətinə qəbul olundular, mən də İdarə Heyətində iştirak etməkdən imtina etdim. İndi mən İdarə Heyətinin iştirkçısı deyiləm. Düzdür, təsis bəyanatına birinci mən qol çəkmişəm. Amma sonradan vəziyyət dəyişdiyinə görə, mən dedim, elə adamlar var ki, onlarla işləmək şəxsən mənim üçün çətin olar. Mən hər zaman hərəkat da, təşkilat da olsa, o saflığı qorumağın tərəfdarı olmuşam. Mən bu məsələyə çox ciddi yanaşmışam. Amma bəziləri ciddi yanaşmırlar, elə bilirlər say artırmaqla, guya, Hərəkat güclü olacaq. Elə deyil, təcrübəsizlikdən, nədənsə belə hərəkətlər edirlər. Nəticədə İdarə Heyətinin tərkibində əsl müxalif mövqedən çıxış edən partiyalar da, fəaliyyəti nəzərə çarpmayan, tanınmayan adamlar da var.

- Hərəkatın İdarə Heyətinin tərkibində ADP, Ümid və AXP kimi partiyalarının olmaması nə dərəcədə doğrudur?

- Şəxsən mən Sərdar bəylə də, İqbal bəylə də ayrı-ayrılıqda görüşmüşəm, Pənah bəylə də uzun illərin dostuyam, fikrimi də demişəm. Çox təəssüf edirəm, hansısa qüvvələr imkan vermədi ki, bu partiyalar da bir araya gəlsin. Mən buna təəssüf edirəm. Mən çox istəyirdim ki, dediyiniz o partiyalar, ondan başqa Ədalət Partiyasının sədri İlyas İsmayılov partiya ilə birlikdə Hərəkatda təmsil olunsun. O, iclaslarda iştirak etmək üçün nümayəndə də göndərirdi. Amma nəticə etibarilə Hərəkata gəlmədi. Sabir Rüstəmxanlı da gəlmədi.

- Sizcə, İlyas İsmayılov, Sabir Rüstəmxanlı Hərəkata niyə gəlmədi?

- Bunun səbəblərini onunların özündən soruşsanız yaxşı olar.

- Bəs, ADP-nin Hərəkatda təmsil olmamasına bir səbəb oldu?

- Mənim bildiyimə görə, Demokrat Partiyasına iclasdan əvvəl heç təklif də olunmayıb ki, gəl, bu təsis bəyanatına imza at. Çünki iclasdan qabaq bu imzalar toplanılmışdı ki, kimlər razıdır. İclas vaxtı Demokrat Partiyasına deyilmişdi ki, imza atmağa qoşula bilər. Görünür ki, o da Sərdar bəyin xətrinə dəyib, ona görə imza atmadı. Yəni niyə əvvəldən başqaları imzalayıb, ancaq iclasda deyildi ki, siz də gəlin, imzalayın və Hərəkata daxil olun. Bu, səhv hərəkət idi. Amma gərək, mənim dostum Sərdar bəy belə şeylərə əhəmiyyət verməməydi. Demokrat Partiyası kimi güclü, tanınmış partiyanın o Hərəkatda olması mənim zənnimcə, çox lazımıydı və bu Hərəkata çox böyük güc verə bilərdi. Təəssüf ki, bu alınmadı. Bu da təşkilatçılığın düzgün getməməsi səbəbindəndir. Hesab edirəm ki, bu işdə təşkilatçılıq məsələsində çox ciddi səhvlərə yol verildi. Ona görə də bax, belə bir xoşagəlməz vəziyyət yarandı.

- Ötən toplantıların birində Pənah Hüseyn söyləmişdi ki, buradakı partiyaların dəstək alacağına şübhəsi var. Sizcə, Azərbaycan Xalq Hərəkatı indi İdarə Heyətində olan qüvvələrlə xalqın dəstəyini ala biləcəkmi?
 
- Əlbəttə ki, ala bilər və xalq da çox istəyir. Xalq hər şeyə hazırdır, xalq fədakardır. Xalq Azərbaycanda köklü islahatlar aparılmasının, vəziyyətin köklü şəkildə dəyişdirilməsinin tərəfdarıdır və burada iştirak etməyə hazırdır. Amma bu siyasətçilər o işi necə quracaq, necə aparacaq, xalqla necə münasibətlər quracaq, xalqa nə təkliflər verəcək, əsas məsələ burada həll oluncaq. Çoxusunun başı çıxmır, heç siyasətçi deyil. Qoy, Hərakatın İdarə Heyətinə desinlər, mən onda da kəskin etiraz etmişəm ki, olmaz. Hərəkatın rəhbərliyi siyasi iradəsi, idarəetmə qabiliyyəti olan partiyalardan və istiqlalçı deputatlardan təşkil olunmalıdır. Əlbəttə, Hərəkatın qarşıya qoyduğu məqsəd və vəzifələri yerinə yetirməyə dəstək olmaq istəyirsə, Hərəkata hər kəs gələ bilər. Bu, mümkün deyil ki, hər kəs İdarə Heyətində təmsil olunsun. Mən əsasnamə yazmışam, orada Hərəkatın ali orqanı Ali Məclis hesab olunur. Hər kəs Ali Məclisdə təmsil oluna bilər. Hərəkatın yerli rayon şöbələri olacaq. Yerli rayon şöbələrinin özünün də məclisi olmalıdır. Əsasnamədə bunlar nəzərdə tutulub. Yoxsa kimsə kimisə tanıdğı üçün gətirib Hərkatın rəhbərliyində təmsil olunur, sonra da gülünc iddia ilə deyirlər ki, xalqın da nümayəndəsi olsun. Guya, dövlət qeydiyyatı olan, xalq yolunda uzun illər ərzində fədakar mübarizə, mücadilə aparan insanlar, partiya sədrləri xalqın nümayəndəsi deyil, xalqın nümayəndəsi hansısa qaragürühçudur. Qaragürüh, siyasətdən başı çıxmayan bir adamı Hərəkata gətirmək istəyirdilər, biz bunun qarşısını aldıq. Belə şeylər var. Sərdar Cəlaloğlu, Ədalət Partriyası kimi demokratiya, ədalət uğrunda uzun illər fədakar mübarizə aparmış partiya, partiya sədrləri kənarda qalır. Niyə? Çünki təşkilatçılıq düzgün olmadı. Düzgün danışıqlar aparılmadı. Nəticə də budur.

- Hərəkat yaxın vaxtlar üçün mitinq keçirməyi nəzərdə tuturmu?

- Mən bilmirəm. Çünki qeyd etdiyim kimi, mən İdarə Heyətinə üzvlükdən imtina etdim. Bunları İdarə Heyəti müəyyən edəcək. Amma mən Hərəkatın təsisçisiyəm, imza atmışam, bundan imtina etmirəm. Ancaq Hərəkatın sıravi üzvüyəm. Gələcəkdə İdarə Heyəti nə qərara gələcək, mən də Hərəkatın sıravi üzvü kimi çalışacam ki, kömək edəm. Lakin biz partiya olaraq Hərəkata daxil olmadıq. Çünki onun İdarə Heyətinin formalaşması prinsipini qəbul etmədim. Ona görə də İdarə Heyətinə daxil olmaqdan imtina edim.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA