“Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsinin yaradılması yanlış addımdır” - SƏRDAR CƏLALOĞLU

“Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsinin yaradılması yanlış addımdır” - SƏRDAR CƏLALOĞLU

“Qarabağ komitələrinin çox olması ictimai gücün parçalanması deməkdir”

“İqtidar Qarabağ komitələrinin sayının çox olması ilə manipulyasiya edə bilər”

“Əgər söhbət ictimai rəyin ifadə edilməsindən gedirsə, burada ayrı-ayrı qruplar yaratmağın heç bir mənası yoxdur”

“Liderlər yaranmış fürsətdən istifadə edib, özlərinin müəyyən qrup və fərdi maraqlarını təmin etmək üçün xalqı təşkilatlandırmaq, müəyyən mesajlar vermək, güc mərkəzi kimi özünü xalqa təqdim etməsi üçün yarışa giriblər”

Bir neçə gün öncə Qarabağ Komitəsinin İdarə Heyətinin üzvləri keçmiş daxili işlər naziri İsgəndər Həmidov, keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl və Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu və digərlərinin istefa verməsi Komitənin xeyli zəifləməsi ilə nəticələnə bilər. Əslində, Qarabağ probleminin həll edilməsində birliyə ehtiyac oldğu halda, Komitədən istefaların olması xoşagələn deyil. Çünki bu ümummilli problem olan Qarabağ konfliktinin həllinə zərbədir.

Maraqlıdır ki, bu istefalardan sonra Xalq Hərəkatının nəzdində yeni bir Qarabağ Komitəsi yaradılıb. Görəsən, ölkə ictmaiyyətinin birliyə ehtiyacı olduğu halda, yeni bir Qarabağ Komtəsinin yaradılmasına nə lüzum vardı?

“Bir Qarabağ Komitəsi yaradılmalı, iqtidar da, müxalifət də həmin komitədə təmsil olunmalıdır”

Xalq Hərəkatının nəzdində yeni yaradılmış Qarabağ Komitəsi ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dedi ki, demokratiyanın əsas qüsurlarından biri demokratik institutların dublikat təşkil etməsi, yəni eyni adlı təşkilatların yaranması ideyalarının müxtəlif qruplar tərəfindən rəhbər götürülməsidir: “Bu, demokratik bir qüsurdur. Bilirsiniz ki, son vaxtlar Azərbaycanda, Rusiyada sosial-iqtisadi vəziyyət həddindən artıq kəskinləşib. Avropada mühacirlərin geri qaytarılması prosesi meydana çıxıb. Yəni mühacirlərin çıxarılması ilə bağlı artıq dövlət səviyyəsində müəyyən proqramlar həyata keçirilir. Bu, həm Rusiyada yaşayan, həm də Avropaya gedən azərbaycanlıların diqqətini yenidən öz vətənlərinə, Azərbaycana cəlb edib ki, onlar prespektivdə vətənə qayıtmaq ehtimalının çox real olduğunu görürlər. Ona görə, Azərbaycandakı ictimai proeslərdə fəal şəkildə mövqe tuturlar. Bu zaman da təbii ki, bu fəallıq və aktivlik fonunda ayrı-ayrı siyasi qruplar, liderlər yaranmış fürsətdən istifadə edib, özlərinin müəyyən qrup və fərdi maraqlarını təmin etmək üçün xalqı təşkilatlandırmaq, müəyyən mesajlar vermək, güc mərkəzi kimi özünü xalqa təqdim etməsi üçün yarışa giriblər. İndiki halda bizim qarşımızda görünən mənzərə bundan ibarətdir. Dağlıq Qarabağ ümummilli problem olduğuna görə, bu, nə müxalifətin, nə də iqtidarın müstəsna bir vəzifəsidir. Əgər bu müstəsna bir vəzifə deyilsə, bir Qarabağ Komitəsi yaradılmalı, iqtidar da, müxalifət də həmin komitədə təmsil olunmalıdır. İqtidar deyəndə mən hökuməti demirəm, iqtidar partiyası və iqtidaryönlü partiyalar təmsil olunmalıdır. Çünki Qarabağ probleminin həllində dövlət nə dərəcədə rol oynayırsa, xalq da, ictimai qüvvələr də bir o qədər rol oynayır. Ona görə ki, müasir dövrdə yalnız dövlətlərin apardığı siyasət yox, xalqların rəyi də, onların arzuları da nəzərə alınır. Bu baxımdan, Qarabağ komitələrinin bir dənə vəzifəsi var, o da Azərbaycan ictimai rəyinin ifadə edilməsidir. Əgər söhbət ictimai rəyin ifadə edilməsindən gedirsə, burada ayrı-ayrı qruplar yaratmağın heç bir mənası yoxdur. Biz ardıcıl olaraq Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağla bağlı mövqeyini düzgün və aydın şəkildə ifadə etməyi bacarmalıyıq. Bunun üçün xüsusi, ayrı-ayrı qruplar yaratmağa ehtiyac yoxdur”.

“Azərbaycan Xalq Hərəkatının tərkibində də Qarabağ Komitəsinin yaradılması tamaimilə yanlış bir addımdır”

S.Cəlaloğlunun fikrincə, Dağlıq Qarabağ məsələsi ilə bağlı ayrı-ayrı komitələrin yaranmasının obyektiv bir səbəbi ola bilər ki, Qarabağ probleminin həllində insanlar fərqli baxışlara malik olsunlar: “Əgər Xalq Hərəkatı da Dağlıq Qarabağla bağlı eyni mövedədirsə, tutaq ki, bu yaranmış Qarabağ Komitəsi də eyni mövqedədirsə, onda ayrı-ayrı komitələrin yaranmasının nə kimi əsası var? Buradan o görünür ki, bu ayrılığın yalnız bir subyektiv səbəbi var. Hətta o ittihamlar var, guya, Qarabağ Komitəsində hökumətin adamı var. Bu, əslində, Qarabağ Komitəsinin daha ümummilli bir Komitə olduğunu göstərir. Biz onsuz da iqtidardan kənarda iş görmürük ki. İqtidar rəsmi şəkildə Qarabağ probleminin həlli ilə məşğuldur, biz qeyri-rəsmi şəkildə məşğuluq. İqtidarın əlində dövlət resursları, bizim əlimizdə ictimai resurslar var. Biz bu resurları birləşdirməklə, Qarabağ probleminin həllini Azərbaycan xalqının maraqlarına uyğun həll edə bilərik. Mən bu baxımdan, Qarabağ məsələsində parçalanmanı, ayrılmanı, iqtidar-müxalifət diskusiylarını tamamilə əsassız, milli maraqlarımıza zidd hesab edirəm.

O başqa məsələ ki, hakimiyyət əgər Qarabağı ermənilərə verərsə, Qarabağ məsələsində hər hansı bir güzəştə gedərsə, onda bizim iqtidarla yollarımız ayrılacaq. Ancaq bu günə qədər biz görürük ki, Azərbaycan iqtidarı da formal səviyyədə, (pərdəarxası oyunları deyə bilmərəm) yəni beynəlxlaq ictimaiyyətə məlum olan bir səviyyədə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın maraqlarını, beynəlxalq hüququ rəhbər tutur və Qarabağ torpaqlarında da hər hansı bir Ermənistanın suverenliyini tanımaqdan imtina edir, onda sən iqtidarı bu məsələdə nəyə görə ittiham edirsən? Nəyə görə, müxalifət olursan? Bilirsiniz, Azərbaycanda “hər kəs hamıya müxalifətdir” prinsipi var. İqtidar-müxalifət o demək deyil ki, biz hər şeyə müxalifət olmalıyıq. Bu adamlar müxalifətçiliyin nə olduğunu anlamırlar. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasının 1-ci bölməsində olan məsələlərə bağlı iqtidarla müxalifət fikir ayrılığına düşə bilməz. 1-ci bölməyə həm də Azərbaycan torpaqları aiddir. Ona görə, ərazi məsələsində nə müxalifət, iqtidar məsələsi ola bilər ki?! Və yaxud dövlətin quruluşu ilə bağlı nə iqtidar, müxalifət fikri ola bilər ki?! Bu baxımdan, mən elə düşünürəm ki, Azərbaycan Xalq Hərəkatının tərkibində də Qarabağ Komitəsinin yaradılması tamaimilə yanlış bir addımdır. Amma bu komitələr bir-birinə mane olmayacaqsa, bir-biri ilə intriqalara cəlb olunmayacaqsa, paralel fəaliyyət kimi, elə bir ziyanı yoxdur. Ancaq bir-birinə qarşı mübarizə aparacaqlarsa, ictimai güc, diqqət Qarabağ komitələri arasında intriqaya cəlb oluncaqsa, bunu mən çox yanlış, qüsurlu hesab edirəm və düzgün addım hesab etmirəm”.

“Qarabağ Komitəsi Xalq Xərakatına daxil olmalıdır”

“Bilirsiniz, biz əvvəlcədən həm də Xalq Hərəkatında təmsil olunurduq. Mən o vaxtı dedim ki, Qarabağ Komitəsi Xalq Hərəkatı elan olunandan sonra Hərəkatın bir institutu kimi bura daxil olsun. Sonra Xalq Hərəkatının siyasi vəzifələrini müəyyən etmək üçün bir dəyirmi masa və yaxud ancaq siyasi partiyaların iştirakı ilə başqa bir qurum yaradılsın, bir də ictimai bir qurum yaradılsın, o ölkənin mədəniyyət işçilərini, elm xadimlərini, qeyri-dövlət təşkilatlarını bir araya gətirib, problemin ictimai tərəflərini həll etsin. Mənim fikirlərimə qulaq asmadılar. Qarabağ Komitəsinə daxil olanlar, ümumiyyətlə, Xalq Hərəkatına daxil olmaqdan imtina etdilər, İsgəndər bəy də getdi özü Xalq Hərəkatında Qarabağ Komitəsi yaratdı. Amma düzgün yol budur ki, Qarabağ Komitəsi Xalq Xərakatına daxil olmalıdır, Hərkatın daxilində bir komitə kimi fəaliyyət göstərməlidir. Orada əlavə olaraq bir siyasi komitə yaradılmalıdır. Ancaq siyasi partiya liderləri orada yığışıb, ölkənin siyasi problemləri ilə məşğul olmalıdır. Üçüncü bir komitə də ictimai komitə olmalıdır, burada qeyri-dövlət təşkilatları yığışıb, Azərbaycanın problemlərinin ictimai müzakirəsini təşkil etməli və ictimaiyyət adından çıxış etməlidirlər. Mən Xalq Hərəkatının klassik quruluşunu belə görürəm. İndiki halda, mən elə hesab edirəm ki, Xalq Hərəkatı da yanlış bir yoldadır. Qarabağ Komitəsi əgər razılıq verməsə ki, Xalq Hərəkatının tərkibinə daxil olsun, Hərəkatın bir hissəsi olsun, bu da yanlış bir yol olacaq”,-deyə partiya sədri qeyd etdi.

“Qarabağın azad olunmasında daha hansı vəzifələr var ki, biz ayrı-ayrı komitələr yaradırıq?”

S.Cəlaloğlu hesab edir ki, Qarabağ adına müxtəlif komitələrin yanlışdır, bir Qarabağ Komitəsi olmalıdır: “Amma ona daxil olan adamlar çox olmalıdır, yerli təşkilatlar olmalıdır. Bu, başqa məsələdir. Amma ayrı-ayrı komitələr varsa, bu, o deməkdir ki, bunların ayrı-ayrı vəzifələri var. Ayrı vəzifələri varsa, onda sual olunur, Qarabağın azad olunmasında daha hansı vəzifələr var ki, biz ayrı-ayrı komitələr yaradırıq? O başqa məsələdir ki, Qarabağ probleminin həllində müxtəlif yollar tutula bilər. Azərbaycan iqtidarı bu məsələnin dinc yolla, siyasi müstəvidə həll edilməsi ilə bağlı özünə bir xətt götürüb. Azərbaycan müxalifəti də hərbi yolla Qarabağın azad olunması yolunu tuta bilər. İki yol var, bu problem hüquqi və hərbi müstəvidə həll oluna bilər. Əgər bu Qarabağ komitələrinin biri hərbi yolu, digəri hüquqi müstəvini götürsə, mən razıyam. Amma hər ikisində həm hüquqi, həm də hərbi müstəvidə Qarabağın həlli məsələsi qoyulursa, onda bunun ayrı-ayrı fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Çünki bu dublikasiya özü ictimai rəydə çaşqınlıq yaradır, beynəlxlaq ictimaiyyət də bundan istifadə edib, manipulyasiya edir. İqtidar da Qarabağ komitələrinin sayının çox olması ilə manipulyasiya edə bilər. Ona görə Qarabağ komitələrinin çox olması ictimai gücün parçalanması deməkdir. Bu, yanlış bir şeydir, özü də çox qeyri-ciddi bir addımdır. Bunu kim atıbsa, düzgün addım atmayıb”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA