Xalq şairi olmayan xalqın şairi

Xalq şairi olmayan xalqın şairi

(Novruz Gəncəlinin əziz xatirəsinə)

Uzun müddətdir ki, onun haqqında yazmaq, xatirələrimi cəmləyib onu bir daha yada salmaq istəyirəm. Ancaq sözümü haradan başlayıb harada bitirəçəyimi belə bilmirəm. Çünki hər zaman onun haqqında düşünəndə tək bir fikir məni çox düşündürür. Bu insan hər zaman öz yaradıcıllğı ilə bəşəriyyətə səslənən şair eləçə də xalq şairi olmayan xalqın şairi idi. Düşüncələrim məni orta məktəbdə oxuduğum illərə aparır. O illərdə musiqi dərsində bir mahnının sözlərini indi də dəqiqliyi ilə xatırlayıram:

Mən anayam bu səsimdə

Yerin, göyün, dərdi var.

Sülhə gəlin, ey insanlar

Yoxsa, dünya məhv olar!

Bax bu sözlər 5-ci sinfin Nəğmə dərsliyində musiqisi Ələkbər Tağıyevə məxsus olan “Ananın səsi” adlı şerindən bir parcadır. Sözləri əzbərləyib, onu dərsdə oxudum və “əla” qiymət aldım. Bu şerin müəllifi o zamanlar tanımadığım, heç üzünü belə görmədiyim şair-dramaturq Novruz Gəncəli idi. O Novruz Gəncəli ki, sonralar dərsliklərdə onun şerlərini axtarsamda heç vaxt yenidən rast gəlmədim. Ançaq “Ananın səsi” şeri o zamandan yaddaşıma həmişəlik həkk olundu.

Silahları yandırın,

Ərşə qalxsın tüstüsü

Hər obada, hər bir evdə,

Qanad acsın, sülh sözü

Üzü gülsün insanların

Bayram etsin, yer üzü.

XX əsrin ötən 80-ci illəri ölkəmizdə sülh və əmin-amanlıq illəri kimi xatırlanır. O illərdə xarici ölkələrdə baş qaldıran müharibələrdən televiziya və dövri mətbuatdan tanış ola bilirdik. Məhz bu illərdə sözləri Novruz Gəncəliyə, musiqisi isə Ələkbər Tağıyevə məxsus olan “Ananın səsi” dövrünün ən aktual mahnılarından biri hesab edilirdi. Təsadüfi deyil ki, SSRİ xalq artisti Zeynəb Xanlarova, respublikanın xalq artisti Rübabə Muradova və əməkdar artist Fatma Mehrəliyeva o illərdə məhz bu musiqini dünya ictimaiyyətinə bir mesaj olaraq tez-tez oxuyurdular. Deyərdim ki, bu gün də musiqi və onun sözləri dövrümüz üçün çox aktualdır.

Xatırlayıram, 2016-cı ilin fevral ayında Region Tv-nin El Televiziyasında hazırlanan “Regionlayn” verlişinə dəvət olundum. Efirə gedərkən burada Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mingəçevir Dövlət Dram teatrının baş rejissoru Xəzər Gəncəli ilə yaxından tanış olmaq qismətim oldu. Xəzər Gəncəlininhər zaman xatirələrimdə yaşayan böyük Novruz Gəncəlinin oğlu olduğunu biləndə isə bu sevincimi heç cürə gizlədə bilmədim. Nədənsə elə ilk tanışlığımızın söhbətinə də “Ananın səsi”ndən başladıq. O zaman Xəzər Gəncəli mənə bu musiqinin tarixi ilə bağlı çox maraqlı bir faktı söylədi: “Atam Novruz Gəncəlinin “Ananın səsi”nə yazılan musiqisinə qardaş Türkiyə Cümhuriyyətində də dəfələrlə müraciətlər olunub. Təəssüflər olsun ki, bir neçə il musiqi anonim olaraq oxunub. Mən bundan xəbər tutan kimi İstanbula yollandım və orada Messam şirkətinə bu barədə müraciətim oldu. Hətta şerin cap olunan variantını belə kitabdan onlara təqdim etdim. Bu müraciətimdən sonra qardaş Türkiyə Cümhuriyətində“Ananın səsi” şerinin müəlliflik hüququ bərpa olundu. Bu gün də “Ananın səsi” musiqisi qardaş Türkiyə Cümhuriyyətində rəsmi dövlət tədbirlərində belə ifa olunur. Daha çox bu musiqini isə orada Sezan Aksu ifa edib.”

Sadıqov Novruz İsmayıl oğlu (Novruz Gəncəli) 1921-ci il sentyabr ayının 12-də Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. O İsmayıl Zəbih ki, onun da özünə məxsus bir şairlik qüdrəti vardı.Səkkiz yaşında olarkən atasını vaxtsız itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Gəncəlinin himayəsində yaşayıb, boya-başa çatıb. O, 1934-cü ildə Z.A. Tağıyev adına Toxuculuq fabriki nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alıb. Sonradan ailəsi birlikdə Gəncəyə köçüb. 1939-cu ildə Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsinə daxil olub. Novruz Gəncəli təhsil aldığı dövrdə, eyni zamanda 1939-1940-cı illərdə kitabxanada Azərbaycan şöbəsinin müdiri, 1940-1941-ci illərdə isə İncəsənət muzeyində ekskursiya rəhbəri vəzifəsində çalışıb. Universitetin II kursunda o, əyani şöbədən qiyabiyə keçirilərək, 1941-1943-cü illərdə Lerik rayonunun bir neçə orta məktəbində müəllimlik edib. Hətta burada məktəb direktoru kimi də pedaqoji fəaliyyət göstərib. 1943-1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışan Novruz Gəncəli 1946-1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda da çalışıb. 1950-1960-cı illərdəki zaman kəsiyində müxtəlif vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında tənqid şöbəsinin müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib.Novruz Gəncəli həmçinin 1960-1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini olub. 1945-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.Novruz Gəncəlinin “Odlu ürəklər” adlananilk kitabı 22 yaşında işıq üzü görüb. Sonrakı illərdə“Unudulmaz günlər”, “Şerlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Üç dost”, “Könüllər açılanda”, “Unuda bilmirəm”, “Ədəbi dost” şeir kitabları ilə yanaşı ümumilikdə 14 kitabınəşr olunub. Şair-dramaturq, tənqidçi, müəllim və ictimai xadimolan Novruz Gəncəli eləçə də C. Bayronun “Kavur”, A. Makayenokun “Tribunal”, C.Patrikin “Qəribə Missis Sevinc”, B.Brextin “Kuraj ana və onun uşaqları” pyeslərini doğma Azərbaycan dilimizə tərcümə edib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Pedaqogika üzrə fəlsəfə doktoru olan Qafar Əsgərzadə şair-dramaturq Novruz Gəncəli haqqında öz xatirələrində yazırdı: “1992-ci ilin yay aylarında tale məni Azərbaycan Qızıl Aypara Cəmiyyətinə işləməyə gətirdi. İşə başladığım ilk günlərdə tanış olduğum, ünsiyyət saxladığım əməkdaşlardan biri mərhum Aqil Gəncəli idi. O, ərəb ölkələrinin birində səfirlikdə çalışıb, vətənə dönərək Azərbaycan Qızıl Aypara Cəmiyyətində Beynəlxalq Əlaqələr şöbəsində çalışırdı. Aqil Gəncəli şərqşünüas idi, ərəb dili üzrə gözəl mütəxəssis idi. Ədəbiyyatı yaxşı bildiyindən onunla hər zaman söhbətimiz alınardı. Demək olar ki, hər gün mənin otağımda qızğın mübahisələr, diskussiyalarımız olardı. Günlərin birində bir nəfər çox alicənab, mədəni, səliqəli geyimli bir kişi əlində qəzet otağa daxil oldu. Aqillə salamlaşıb, hal-əhval tutdu. Mənim Aqillə müzakirəmizə qoşulub fikir mübadiləsi apardı. İlk baxışdan hiss etdim ki, o şair təbiətli, ensklopedik biliyə malik, ədəbiyyatı gözəl bilən bir ziyalı, kamil bir şəxsiyyətdir. Ona böyük rəğbət bəsləməyə başladım. İlk tanışlıq məndə çox gözəl təsir bağışladı. Sonralar həmin şəxs tez-tez bizim otağa gələr, bu qəbildən söhbətlərə start verərdik. Nizami, Füzuli, Nəsimi, S. Ə. Şirvani, H. Cavid, C. Cabbarlı, M. Müşfiq, S. Rüstəm, M. Seyidzadə yaradıcılığı əsasən söhbətimizin mövzusu olardı. Bir dəfə otaqda mənimlə çalışan Xalidə xanımdan bu şəxsin kim olduğunu soruşdum. “Aqilin atasıdır, həm də şairdir”-deyə cavab verdi. Sonra Aqilin özündən də soruşdum. O, da cavabında “Atamdır, şair Novruz Gəncəli” deyə cavab verdi. O anlarda keçirdiyim hissləri sözlə çatdıra bilmirəm. Bəli, o mənim üçün əlçatmaz olan, 20 il adını eşidib üzünü görmədiyim Novruz Gəncəli idi. İlahi nə qədər sadə, mehriban, ağayanə, nurani bir insan idi. O zamandan etibarən, Novruz Gəncəlinin gəlişini səbirsizliklə gözləyər, saatlarla onunla söhbət etməkdən, ədəbiyyat, ədiblər barəsində daha ətraflı, ictimaiyyətə məlum olmayan, maraqlı məlumatları bölüşər, ünsiyyətdə olardım. Qeyd etməliyəm ki, o, əruzun mahir bilicilərindən idi. O qədər böyük insan idi ki, o vaxt xəstə olmağına baxmayaraq, çalışardı ünsiyyətdə olduqları onu hiss etməsin, onlara müsbət enerji, pozitivlik versin. Günlərin birində isə eşitdim ki, Novruz müəllim dünyasını dəyişib. O günləri xatırlayarkən, Novruz Gəncəli şəxsiyyətinə, onun yaradıcılığına nəzər salıb belə bir qənaətə gəlirəm ki, o, çox dəyərli, ölməz bir sənətkardır.”

Qeyd etməliyəm ki, Novruz Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orijinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər də yazıb. Onun qələmə aldığı 1950-ci illərin sonlarında Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində quruluşçu rejissor xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Lütfi Məmmədbəyovun quruluşunda “Düşmənlər icində”, sonradan 1951-ci ildə isə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissorlar, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev və Yusif Yulduzun quruluşunda “Düşmənlər içində”, 1952-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissor Yusif Qazıyevin quruluşunda “Şəlalə”, 1964-cü ildə Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində quruluşçu rejissor Kərim Həsənovun quruluşunda bədii fontastik bir mövzuda olan “Yanmış planetin sərvətləri”, 1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində quruluşçu rejissor Niyaz Şərifovun quruluşunda “Ev bizim, sirr bizim”, 1968-ci ildə Ağdam Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissor, əməkdar artist Heydər Şəmsizadənin quruluşunda “Niyə dirilmisən”,1970-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissor, xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Şərifovun quruluşunda “Məhəbbət körpüsü”, 1985-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissorHilal Həsənovun quruluşunda“Səadət yağış deyil”,1992-ci ildəFüzuli Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissor, xalq artisti Valeh Kərimovun rejissorluğu ilə “Niyə dirilmisən”pyeslərinə maraqlı səhnə quruluşu ilə müraciətlər olub.

Həmçinin qeyd etmək lazımdır ki, 1969-cu ildə Sumqayıt Dövlət Dram teatrının səhnəsində quruluşçu rejissor Arif Ağayevin quruluşunda A. Makayenokun “Tribunal” və elə həmin ildə quruluşçu rejissor, görkəmli teatr xadimi Nəsir Sadıqzadənin quruluşunda C. Patrikin “Qəribə Missis Sevinc” pyeslərinə məhz Novruz Gəncəlinin tərcüməsində müraciət olunaraq, maraqlı səhnə əsərləri uğurla teatrsevərlərə təqdim olunub.

Tarixi mənbələrdə oxuyur ki, 1960-cı illərdə şair-dramaturq Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin birgə yazdığı “Var olun, qızlar” ssenarisinin ona məxsus olduğunu iddia edib. Həttaşair məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə “Azərbaycan” jurnalında dərc edilən “Bizim sahildə” adlı əsərindən oğurlandığını bildirib. Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi kimi təsdiq olunub. Faktı araşdırarkən məsələnin heç də belə olmadığını və daha dəqiq detalları ilə şairin oğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli bu cür izah edir: “Təəssüf ki, bəli atam Novruz Gəncəli bu məhkəmə prosesini o zaman uduzdu. Ancaq fakt isə bu cür olub. Atam Novruz Gəncəli 1959-cu ildə “Bizim sahildə” ssenarisini təqdim edib kinostudiyaya. O dövrdə Novruz Gəncəlinin bütün yazdığı əsərləri qəbul edirdilər. O illərdə kino rejissor Hüseyn Seyidzadə kinostudiyada atama yaxınlaşaraq deyib ki, Novruz olar mən də bu filmin ssenarisində ikinci müəllif olaraq qeyd edilim. Atam gərək buna icazə verəydi. Ancaq Novruz Gəncəli çox prinsipial adam olduğu üçün “yox” cavabını verib. Bu söhbətdən sonra nədənsə Hüseyn Seyidzadə ssenarini atıb arxivə və bu filmin üzərində olan yaradıçılıq işini dayandırıb.1971-ci ildə o, Alla Axundovanı dəvət edərək “Bizim sahildə” deyərək bir ssenarinin olduğunu bildirib. Bundan sonra onlar sadəcə olaraq ssenaridə olan personajların isimlərini dəyişərək, hadisələri olduğu kimi köçürdərək 1972-ci ildə ssenari müəllifləri Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə “Var olun, qızlar” adı ilə quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Arif Nərimanbəyov, quruluşçu rəssamı Kamil Nəcəfzadə və bəstəkarı Polad Bülbüloğlu olmaqla nümayiş etdirib. Qeyd edim ki, bu film o illərdə ekranlara çox zəif bir film kimi cıxıb. 1973-cü ildə “Sovetskaya ekran” qəzetində məşhur kinodramaturq Yevgeni Qabrilovic bu filmə baxdıqdan sonra ən zəif ekran işi kimi bu filmi dəyərləndirib. Xatırlayıram ki, atam 1973-cü ildən 1980-ci ilədək bu məsələ ilə bağlı məhkəmələrə müraciət etsə də heç bir nəticə əldə edə bilməyib. Bu məhkəmə prosesi onun yaradıcılığına mənfi təsir etməklə, ömrünün sonuna kimi təkliyə qapanmağa və həyatının son günlərini belə Bilgəhdəki öz bağında keçirməsi ilə nəticələndi.”

Novruz Gəncəli bu illərdə özünün son şerini misralara köcürərək, ilham pərisi ilə maraqlı bir dialoq qura bilib. Bunulada şair və dramaturq Novruz Gəncəli sanki ömrünün son günlərini yaşadığının xəbərini verməklə, hər kəslə vidalaşıb.

Bəlkə sən deyəsən müqəddəs pəri,

Tanrı məhv edərmi İblisi, şəri

Məhv etmək istəmir, ya gücü çatmır

Allah bəndəsiyəm, ac mənə sirri.

Şairim dan yeri qızarır diyən,

Xəstəsən, bu qədər düşünmək olmaz.

Səni oxşamaq çün yaranmışam mən

Sualın könlümə gətirdi ayaz,

Onun cavabını bu dünyada bir

Allah özü bilir, ağır, çətindir.

Nə qədər yüksəlsə insanın elmi,

Alim ola bilməz tanrımız kimi.

Yəqin İblisin də yaranmasında,

Ali bir amalı düşünüb xuda

Bəlkə də mübariz etməkçin sizi,

Xaliqim yaratmış, bəzzad İblisi.

Uzaq ol bu dərin düşüncələrdən,

Allah amanında, getməliyəm mən.

Bu gün çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Novruz Gəncəliyə onun sağlığında belə nə xalq şairi nə də ki, əməkdar incəsənət xadimi fəxri adı belə verilməyib. Ancaq Novruz Gəncəli və onun yaradıcılığı bu fəxri adlara layiq bir sənət nümunəsi idi. O, milyonlarla oxucusunun qəlbində özünə əbədi bir xalq şairi adını qazana bilib. Xalq şairi olmadan xalqının şairi. Öz misralarında deyildiyi kimi:

Mən qovdum vətəndən qara kabusu,

Candan əziz tutdum arı, namusu.

Sən ey, qəm bilməyən gələcək nəsil!

Üzümü görməyi eləsən arzu,

Bax üfüqdən qalxan al səhər mənəm,

Qəlbinin istəyi o zəfər mənəm!

Anar Burcəliyev,

Teatrşünas

Loading...

QALEREYA