“Xalqın narazılığının azalmasına çox az səbəb var” - İLHAM İSMAYIL

“Xalqın narazılığının azalmasına çox az səbəb var” - İLHAM İSMAYIL

“Mən ölkədə baş verən kadr dəyişikliklərinə proqram islahatı kimi baxmıram”

“O vaxtı növbədəkənar parlament seçkiləri keçirəcəklər ki, siyasi aktivlik xeyli aşağı düşsün”

“Mənim də ən çox nifrət etdiyim məsələ budur ki, Qarabağ məsələsinə sanki “quş qoymaq” mənasında yanaşırlar, mən belə şeyi qəbul etmirəm”

Ötən il bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində fevralın 13-dək Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyevlə yanaşı, keçmiş təhlükəsilzik zabiti, müharbə veteranı İlham İsmayıl da olub. Ancaq Komitə bu il fevralın 16-na təyin etdiyi mitinqlərə razılıq vermədikdə Qarabağ Komitəsinin 13 fevral tarixli iclasında qurumun bəzi üzvləri icazəsiz aksiya keçirilməsi təklifi verib, amma təklif dəstək qazanmayıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Qarabağ Komitəsini hakimiyyətin göstərişlərini yerinə yetirməkdə günahlandıraraq, istefa verib, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da komitəni bu motivlərlə tərk etdiyini açıqlayıb. Həmçinin İlham İsmayıl da bu səbəbdən İdarə Heyətindən istefa verib.

Qarabağ Komitəsinin İdarə Heyətindən istefa verən İlham İsmayıl “Hürriyyət”ə müsahibəsində istefasının səbəblərinə və qurum daxilində baş verən ziddiyyətlərə aydınlıq gətirdi:

- Sizin, həmçinin İsgəndər Həmidovun və Gələcək Azərbaycan Partiyası üzvlərinin istefa verməsi Komitənin fəaliyyətinə nə kimi təsir göstərəcək?

- Mənim İdarə Heyətindən istefam İsgəndər bəyin və Gələcək Azərbaycan partiyasının üzvlərindən əvvəl oldu. Yəni onlar ümumi yığıncağın içində istefa etdilər. Amma mən ondan əvvəl İdarə Heyətinin iclasında istefa verdim. Çünki İdarə Heyətinin bir üzvü ilə neçənci dəfə fikir ayrılığı yarandığı üçün belə qərara gəldim ki, mənim İdarə Heyətində olmağıma ehtiyac yoxdur və sıravi üzvü kimi qalıram. Hələ prespektivə də baxıb, dəyərləndirəcəyik ki, necə olacaq.

- Yəni sıravi üzv kimi də Komitədən ayrılmaq ehtimalınız var?

- Bəli, ehtimal var. Biz ümumi vəziyyəti dəyərləndirəcəyik. Bilirsiniz, bəzi məsələlərdə fikir ayrılığımız olsa da, Qarabağ adına olan bir təşkilatın belə tezliklə yaranıb, belə tezliklə dağılmasını şəxsən mən istəmirəm. Hər halda, orada xeyli vətənini, Qarabağı sevən, onun azadlığı uğrunda çalışan insanlar var. Bu insanlar da ora müəyyən bir ümidlə gəlirlər, xüsusilə yaşlı nəsil, döyüşçülər gəlir. Onları adam birdən-birə qırmaq, xəyal qırıqlığına uğratmaq istəmir. Ona görə, hələ sıravi üzv kimi Komitədə qalıram. Biz mübarizəmizi onsuz da davam etdirəcəyik, istəyir Qarabağ Komitəsində, istəyir fərdi şəkildə olsun, amma başqa məsələlər də var. Hələ ki, birdən-birə Komitəni tərk etmək Qarabağ adına çətindir, özüm üçün yox. Ona görə, mən sıravi üzv kimi qaldım və hadisələrin gedişatına baxacağıq.

- Bu fikir ayrılıqlarının kökündə nə dayanır?

- Həddindən artıq loyal münasibət var. Qarabağ uğrunda qətiyyət nümayiş etdirmək yox, Qarabağ uğrunda loyal hərəkətlər edilir. Bu səbəbdən də Qarabağ probleminin həllinə ciddi yanaşılmır. Qarabağ probleminin həlli ilə bağlı bizim fikrimiz nədir? Komitə gedib vuruşası deyildi. O mənada vuruşası deyil ki, Müdafiə Nazirliyi deyil, deyək ki, gedib vuruşacaq. Sadəcə olaraq ictimai dəstək, əhalinin diqqətini xüsusi cəlb etmək, beynəlxalq təşkilalara informasiya göndərmək ki, yəni xalq etiraz edir və bir gün xalq müharibə tələb edəcək, siz də sülhdən danışırsınız. Məqsədimiz yalnız həmişə gündəmdə saxlamaqdır. Gündəmdə saxlamağın da müəyyən yolları var, biri də mitinqlər və başqa məsələlərdir. Hakimiyyəti bu və ya digər şəkildə bu məsələyə xüsusi cəlb etməkdir. Yoxsa hakimiyyətin hansısa bir tezisini xüsusi olaraq ortalıqda fırlamaq, nə deyirlərsə, onunla oturmaq-durmaq, heç bir qarşıdurmaya getməmək doğru deyil. Yeri gələndə qarşıdurmaya getmək lazımdır. Şəxsi işimlə bağlı qarşıdurmaya getmirəm ha, Qarabağdan, ümummilli məsələdən ötrü gedirəm. Orada da loyallıq göstərəndə fikirləmiz uyğun gəlmir.

- Qarabağ məsələsində loyal münasibət göstərənlər hesab etmək olarmı ki, hakimiyyətə yaxın adamlardır ki, bu Komitənin işinə əngəl törədirlər?

- Adam birbaşa əlində fakt, sübut olmayanda deyə bilmir ki, bu adam hakimiyyətlə yaxındır. O hiss olunur, amma heç kəs o möhürü vura bilməz. Şəxsən məndə dəqiq informasiya yoxdur ki, belədir. Amma sadəcə olaraq o hiss olunur. O hərəkətlərdən hiss olunur. Bu, o deməkdir ki, nəyinsə xətrinə Qarabağla məşğuldurlar. Mənim də ən çox nifrət etdiyim məsələ budur ki, Qarabağ məsələsinə sanki “quş qoymaq” mənasında yanaşırlar, mən belə şeyi qəbul etmirəm.

- Yeri gəlmişkən, Milli Şura 23 fevralda mitinq keçrimək barədə qərar qəbul edib. Ancaq bildiyimiz kimi, bundan öncə Milli Şuranın 26 yanvar mitinqinə, ondan sonra isə Qarabağ Komitəsinin 16 fevral mitinqinə hökumət icazə vermədi. Necə düşünürsünüz, bu dəfə icazə veriləcəkmi?

- Bu, müxalifətin məsələsidir. Milli Şuranın məsələsi sırf müxalifət-iqtidar münasibətləridir, bu, Qarabağ məsələsi deyil. Bilirsiniz ki, heç bir siyasi partiyada, qurumda təmsil olunmuram, hakimiyyət uğrunda mübarizə aparmıram. Ona görə də bu məsələdə xüsusi bir rəy bildirmək düzgün çıxmazdı, amma hər halda hakimiyyətin bu gedişatından, davranışından hiss olunur ki, insanların bir yerə toplanmasından hakimiyyətin müəyyən çəkingənliyi var. Ümumiyyətlə, insanların fəallaşmasından çəkinir. Ona görə də bu çəkinmə prosesi gedirsə, mitinqə icazə verilməsi inandırcı görsənmir.

Картинки по запросу QARABAĞ KOMİTƏSİ

- Necə düşünürsünüz, hakimiyyət Qarabağ Komitəsinin 16 fevral mitinqinə niyə icazə vermədi? Ümumiyyətlə, Qarabağla bağlı mitinqlərə niyə icazə verilmir?

- Deməli, üçüncü dəfədir ki, icazə verilmir, standart cavab verilir. Biz 29 sentyabrda baş tutan mitinqdən sonra üçüncü dəfə idi ki, müraciət edirdik. Hər üçündə eyni cavab verilir, üçüncü cavaba əlavə olunmuşdu ki, Azərbaycan hakimiyyəti Qarabağı qanuni yolla azad edir. Bizə çatmadı ki, qanuni yol nə deməkdir? Qarabağ qanuni yolla işğal olunub ki, qanuni yolla da azad oluna? Bəlkə sülh yolu demək istəyirdilər? Ona görə də çox qeyri-müəyyən cavab idi. Ümumiyyətlə, heç imtinanın hüquqi əsası qoyulmamışdı. İmtina o vaxt olur ki, ortalığa təhlükəsizlik, yaxud hansısa ciddi məsələlər çıxır və keçirilməsi həmən gün müvafiq olmur, deyirlər ki, məsələn, 3 gündən sonra keçirilməsi təklif olunur. Bunların heç biri nəzərə alınmamışdı. Həmişəki kimi standart və hüquqa söykənməyən bir cavab verilmişdi.

- Maraqlıdır ki, ancaq həmişə ölkədə əsasən mitinqləri Milli Şura təşkil edir, başqa təşkilatların fəaliyyəti görsənmir. Bu, nə ilə əlaqədardır?

- Bu da məhz bu sualları doğurmaq üçün bir taktiki gedişdir ki, bax, Milli Şuraya icazə verirəm, sənə vermirəm. Qoy, onlar biri-birilərini nədəsə ittiham etsinlər ki, sən hakimiyyətə yaxınsan, sənə icazə verilib, o birinə icazə verilmir. Bütün bunlar hamısı müəyyən taktiki gedişlərdir, əlavə söz-söhbətlərin yaranması, münasibətlərin pozulması üçündür, yaxud hakimiyyət uğrunda mübarizənin bir yerdə qarşsını almaqdan ötrüdür. Bunun başqa adı ola bilməz. Birinə icazə verilir, o birisinə icazə verilmir. Heç bir əsas göstərilmir ki, niyə məhz belə edirlər.

- Yəqin xatırlayırsınız, Milli Şuranın təşkil etdiyi 19 yanvar mitinqi əvvəlki bütün mitinqlərdən daha möhtəşəm və izdihamlı keçdi. 23 fevral mitinqinə icazə verilərsə, bunun da bu cür keçəcəyinə inanırsınızmı?

- Bu mtinqin izdihamlı keçməsinin səbəbi xalqda artan etirazın nəticəsidir. Sadəcə, Mili Şuranın ortalığa qoyduğu məsələ ilə bağlı deyil. Yəni ki, həmən dövrdə bəlkə də başqa bir siyasi qüvvə məsələni ortalığa qoysaydı, mitinqdə yenə həmən izdiham yaşana bilərdi. Ona görə, buna xalqın artan etirazının nəticəsi kimi baxmaq lazımdır. Təbii ki, burada Milli Şuranın mövqeyinin də rolu var. Amma xalqın etirazı artdıqca, təbii ki, bu mitinqlər həmişə izdihamlı olacaq və tələblər səviyyəsi artıq daha kəskin olacaq. Bütün bunların kökündə hər şeydən əvvəl xalqın vəziyyətinin ağır olması durur.

- Bildiyimiz kimi, problemli kreditlər borcu olan insanların ağrılı yeridir. Ölkədə 700 min insanın problemli krediti olduğu deyilir. Mitinq öncəsi bu problemin gündəmə gətirilməsi təsadüfdür, yoxsa...

- Xalqın narazılığının səbəblərindən biri də həmən problemli kreditlərdir. Aydın məsələdir ki, hər kəsin bir dərdi var, problemli kreditlər də bir problemdir. Yəni ki, çoxsaylı insanları əhatə edən problemdir. Bu insanların zəif yerdir, bu zəif yerindən də siyasi partiyalar adətən istifadə edə bilirlər. O bu gün cəlbedici görsənə bilər ki, məhz xalqın əzab çəkdiyi problemlərdən biri ortalığa qoyulsun. Yəni bu xüsusi bir gedişdir, burada bir qəbahət də yoxdur. Amma bu indiki gedişdir, bu daim gündəlikdə ola bilməz. Yəni ki, hakimiyyət uğrunda mübarizədə təkcə sosial məsələnin bir tərəfini qoymaqla, məsələni həll etmək qeyri-mümkündür. Bu ancaq 23 fevralda uğur gətirə bilər, növbəti 23 martda uğur gətirə bilməz.

- 19 yanvar mtinqindən sonra ölkədə xeyli dəyişilik baş verdi, minimum əməhaqqı 50 manat artırıldı, struktur islahatları aparıldı, şəhid ailələrinin hamısına birdəfəlik yardımlar verildi. Aparılan islahatları qənaətbəxş hesab edirsinizmi? Ümumiyyətlə, son struktur islahatlarını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, mən bunu islahat kimi qəbul etmirəm. Bu, təkcə mənə görə belə deyil. Köklü islahat başqa şeydir, daxildə müəyyən kadr dəyişikliyi etmək, hansısa idarəni ixtisara salmaq Azərbaycan hakimiyyətinin mahiyyətində islahat prinsipi olmadığına görə imitasiya xarakterli dəyişikliklərdir və yaxud maaş artırmaq insanların probleminin həlli deyil. Bu, elə həmən 19 yanvar mitinqində xalqın çox olmasının nəticəsidir. Mən buna proqram islahatı kimi baxmıram, bunu sadəcə olaraq insanların müəyyən dərəcədə qəzəbinin qarşısını almaq kimi baxıram. Bu bütövlükdə dövlət proramı islahatı deyil, imitasiyadır.

- Qeyd etdiniz ki, 19 yanvar mitinqi xalqın artan narazılığının ifadəsi idi. Aparılan dəyişikliklərdən sonra xalqının narazılığı artan xətt üzrə davam edir, yoxsa..?

- Hansı bir şey köklü şəkildə həll olunub ki, bu narazılıq aşağı həddə çata. Köklü şəkildə heç bir şey həll olunmayıb. Mən hesab edirəm ki, bu həll olunmadığına, problemlər yerində qaldığına görə narazılıq davam edir. 19 yanvar mitinqi nə ilə bağlı idi? Daha çox siyasi məhbus məsələsi ilə bağlı idi. Bəlkə siyasi məhbuslar əhv olunub, azad olunub? 1-2-sini çıxmaq şərtilə 150 nəfəri də oradadır. Ona görə də mən hesab edirəm ki, xalqın narazılığının azalmasına çox az bir səbəb var. Ola bilsin ki, kimsə hansısa bir məişət problemini həll edib. Tutaq ki, hansısa şəhid ailəsi 11 min manat alıb və bu elə bilir ki, bununla da problemi həll olundu, amma xalqı narazı salan səbəblər bütövlükdə ortadan qalxmayıb.

- İlham bəy, yeri gəlmişkən, Qarabağ Komitəsindən sonra Azərbaycan Xalq Hərəkatı yaradıldı. Necə düşünürsünüz, indiki vəziyyətdə Azərbaycan Xalq Hərəkatı yaradılmasına ehtiyac var idimi?

- Ölkədə gedən siyasi proseslərdən asılı olaraq xalq hərəkatı da, yeni siyasi partiyalar, təşkilatlar da yarana bilər. Tam yeni bir siyasi qüvvə də ortaya çıxa bilər. Bu, bir prosesddir. Tutaq ki, 2000-c ilərin əvvəllərində bu məsələ çox aşağı səviyyədə gedirdisə, indi daha başqa bir etap gəlib. Xalq Hərəkatının və yaxud başqa bir hərəkatın, partiyanın yaranmasına niyə də ehtiyac olmasın? Amma insanlar daha çox yenilik axtarır, yeni insanlar axtarırr. Mən belə başa düşürəm ki, onlar da olacaq. Hər kəsə də uğurlar.

- İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verəndə deyib ki, Xalq Hərəkatının tərkibində yeni Qarabağ Komitəsi yaradacaq. Bu, həm də Qarabağ Komitəsinin parçalanması deyilmi?

- Yox, mən buna parçalanma deməzdim. Hələ 1990-cı illərdə mən Müsavat Partiyasının üzvü olanda Qarabağ Komissiyası var idi. Yəni hər bir partiyanın içində Qarabağla bağlı olaraq hansısa bir qurum fəaliyyət göstərir. Xalq Hərəkatının da tərkibində Qarabağ Komitəsinin yaranması normal bir haldır. Bəlkə sabah başqa bir hərəkat yaranır, onun da Qarabağ komitəsi və yaxud komissiyası ola bilər, burada heç bir qəbahət yoxdur. Qarabağ millətin bir nömrəli problemi olduğu üçün hər bir siyasi fəaliyyətdə Qarabağ adı ilə bir xüsusi qurumun, komissiyanın yaranmasında mən bir qəbahət görmürəm.

- Yəni bu, Qarabağ Komitsəsinin fəaliyyətini zəiflətməyəcək.

- Yox, əksinə, o orada, Qarabağ Komitəsi də burada fəaliyyət göstərəcək. Növbəti bir təşkilat da yarana bilər. Yerigəlmişkən, mənim bildiyimə görə gündəmdədir, Qarabağla bağlı yeni bir təşkilat da yarana bilər, mümkündür. Ona görə də Qarabağla bağlı, amma imitasiya xarakteri daşımayan nə qədər çox təşkilat olsa, Qarabağ məsələsi nə qədər gündəmdə olsa, bir o qədər yaxşıdır.

- Bildiyimiz kimi, Azərbaycan Xalq Hərəkatı yaradılarkən Azərbaycan Xalq Cəbhəsi, Musavat və digər partiyalar da dəvət olundu, onların da Hərəkatda təmsil olunması arzu olundu. Ancaq bu partiyalar bu Hərəkata qatılmadı. Sizcə, sözügedən partiyalar Xalq Hərakatına niyə qatılmadı?

- Görünür, kiminsə orada olması partiyaların atdığı addımlara uyğun deyil, ona görə, partiya mənafeyini üstün tutub, fikiləşiblər ki, burada təmsil olunan şəxslərlə bir yerdə olmaq onlara zərər gətirə bilər, əlavə söz-söhbət yarada bilər. Amma mən partiyaların qərarında xüsusi bir inciklik görmürəm.

- Xalq Hərəkatının xalqın taleyində bir dönüş edəcəyini gözləyirsinizmi?

- Arzulayıram. Mən istəyərəm ki, bir dönüş gəlsin. Sözün həqiqi mənasında Xalq Hərəkatı olsun, xalq etirazını hakimiyyətə açıq şəkildə bildirsin, hakimiyyət də Xalq Hərəkatı ilə hesablaşsın.

- Yeri gəlmişkən, bu il növbədəkənkar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Müxalifət ötən il prezident seçkilərində hazırlıqsız yaxalandığı üçün parlament seçkiləri ilə bağlı indidən müzakirələrə başlayıb, tədbirlər keçirir. Bu məsələni necə qiymətləndirirsiniz?

- Seçkilər, xüsusilə parlament seçkiləri istənilən siyasi partiyanın ən vacib bildiyi və ona nail olmaq istənilən siyasi təşkilatın qarşısında duran vəzifələrindən biridir. Ona görə də siyasi partiyaların, qurumların, hətta ayrı-ayrı fərdlərin xüsusi fəallıq göstərməsi, ümumiyyətlə, bu məsələlərin müzakirə olunması normal haldır ki, necə iştirak etsinlər, necə birgə fəaliyyət göstərsinlər. Fərqi yoxdur növbədənkənar parlament seçkiləri bu il keçirilsin və yaxud gələn il vaxtında keçirilsin, hər halda, indidən hazırlıq görmək, müəyyən münasibətləri öyrənmək, müzakirələr aparmaq düzgündür. Amma artıq orada qərar vermək məsələsi hər kəsin özündən asılıdır ki, indiki seçki qanunları, seçki ab-havası ilə seçkillərə gedilsin, yoxsa gedilməsin. Bu, artıq fərd və yaxud partiya olaraq özlərinin qərarıdır.

- Ümumiyyətlə, növbədəkənar parlament seçkiləri bu il keçirilə bilər?

- Heç kəs falçılıq etmək istəmir. Amma mən belə başa düşürəm ki, hakimiyyət 2025-ci ildə həm prezident, həm parlament seçkilərinin üst-üstə düşməsini istəməz. Bəlkə də bu baxımdan indi keçirilsin və heç kəsin gözləmədiyi bir vaxtda keçirilsin. Bu məsələ zaman-zaman gündəmə çıxır. Amma o vaxtı növbədəkənar parlament seçkiləri keçirəcəklər ki, siyasi aktivlik xeyli aşağı düşsün. Ümümiyyətlə, hər zaman onu gündəmdə saxlayacaqlar ki, bax, indi keçiriləcək. Hətta dezinformasiya olacaq ki, bir aydan sonra və yaxud 2-3 aydan sonra keçirilir, müəyyən bir hərəkətlənmə olacaq, amma sonrdan geri çəkiləcəklər, qərar verməyəcəklər, ona görə də insanlar ruhdan düşəcək. Çünki bu cür dezinformasiyalarla əhali arasında seçki aktivliyini xeli aşağı sala bilərlər.

- Bu parlament seçkilərinin demokratik, şəffaf keçiriləcəyinə ümidiniz varmı?

- İndiki halda yox, heç bir ümid görsənmir. Əgər xaricdən də, daxildən hansı bir təzyiq olsa da, hakimiyyət indiyə qədər apardığı siyasətlə eyni adamlar olduğundan heç inandırıcı görsənmir ki, onlar şəffaf seçki keçirdəcəklər. Ola bilsin ki, 2-3 nəfəri Avropa Şurasının tələbi ilə müxalifətdən kimlərsə siyahıya salınsın və bununla bitsin. Mənim xüsusi gözləntim yoxdur.

- Ancaq may ayında Azərbaycanla Avropa Birliyi arasında yeni saziş imzalanmalıdır. Buna görə parlament seçkilərinin nisbətən demokratik, şəffaf keçiriləcəyini düşünənlər də var...

- Əvvəla, sazişin imzalanması sual altındadır. Sazişin imzalanması üçün şərtlər var. Görək, o şərtlərə Azərbaycan hakimiyyəti əməl edəcək yoxsa yox. İkincisi də ATƏT, Avropa Şurası qarşısında o qədər imitasiya olunub ki, seçkilər belə keçiriləcək, şəffaf olacaq, deyiblər. Amma sonda beynəlxalq təşkilatlar hansısa qonarın müqabilində deyirlər ki, bu, bir addım irəliləyişdir, onda da həmən epizodlardan biri ola bilər. Yənə deyirəm, indiki hakimiyyətin apardığı siyasət nəticəsində qoy, orada lap 5 nəfər təmsil olunsun. Mən, ümumiyyətlə, hakimiyyətin şəffaf seçki keçirməsinə inanmıram.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA