Xanım vəkil təhqir olundu, məhkəmədə gərginlik yaşandı - Abbas Bağırovun adı keçən dələduzluq işi

Xanım vəkil təhqir olundu, məhkəmədə gərginlik yaşandı - Abbas Bağırovun adı keçən dələduzluq işi

Tanınmış müğənniyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Ənvər Sadıqov ifadə verib.

Ənvər Sadıqov Abbas Bağırova satılan qaraj epizodu üzrə dindirilib.

Şahid deyib ki, Orxan Mehrəliyevlə uzun müddət bir yerdə çalışıb: "Onu həmişə hörmət saxlayan, yaxşı insan kimi tanımışam. Heç vaxt bilməzdim ki, belə bir iş olar. İndi hadisədir, oldu və keçdi. Mənə dəymiş ziyan ödənildi, problem də həll olundu. Mümkün qədər Orxana kömək edilməsini istəyirəm".

Şahidlər dindirilən zaman zərərçəkmiş Xətai Yusubovla təqsirləndirilən Orxanın vəkili Nüşabə Ağayeva arasında gərginlik yaşanıb.

Vəkil Ağayeva hakimə müraciət edərək Xətai Yusubovun məhkəmənin gedişatına müdaxilə etdiyini bildirib.

Xətai Yusubov isə sakit oturduğunu deyib: "Vəkil özü "qaşınır". Mən heç nə demirəm".

Zərərçəkmişin bu sözü gərginliyi artırıb. Xanım vəkil buna etiraz edib və məhkəməni tərk etmək istədiyini bildirib.

Hakim X.Yusubova xəbərdarlıq edib və "xanımdan üzr istəyin" deyib.

X.Yusubov isə gərginliyi daha da artıraraq, "hansı xanım?" deyə cavab verib.

Kollegiyanın tərkibində olan digər hakimlər Azad Məcidov və Zeynal Ağayev də X.Yusubova xəbərdarlıq edib.

Z.Ağayev Yusubovdan özünü etik qaydalara uyğun aparmasını və ifadələrinə fikir verməsini tələb edib.

Hakim Səbuhi Hüseynov Yusubova sonuncu xəbərdarlığın edildiyini bildirib.

Məhkəmənin davamında X.Yusubov məhkəməyə vəsatət verib. O, Ədliyyə Nazirliyinə və Prezident Administrasiyasına müraciət etdiyini deyib və iddia edib ki, vəkil Nüşabə Ağayevanın məhkəməyə rüşvət verməsi ilə bağlı dediklərinin səs yazısını əldə edib.

X.Yusubov ölkə xaricinə getdiyi üçün növbəti proseslərin onun iştirakı olmadan keçirilməsini istəyib.

Prokuror X.Yusubovun vəsatəti ilə ətraflı tanış olduqdan sonra münasibət bildirmək istədiyini deyib.

Məhkəmə iclası aprelin 9-na təxirə salınıb.

İttihamda yazılır ki, Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

O.Mehrəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb.

İttihama görə, həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

O, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Təkrarən Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Qeyd edək ki, bu işdə sensasion sayıla biləcək məlumatlar var. Məhkəmənin növbəti iclaslarında bu barədə məlumat dərc etməyə çalışacağıq. Təqsirləndirilən şəxs istintaqa Abbas Bağırovla bağlı ilginc məlumatlar verib.

Abbas Bağırov bu məhkəmə işi ilə bağlı Musavat.com-a açıqlama verib. Bağırov deyib ki, ona dəymiş zərər ödənilib. Onun sözlərinə görə, təqsirləndirilən Mehrəliyev başqa şəxslərin təzyiqi ilə onun haqqında həqiqət olmayan məlumatlar verdiyini etiraf edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA