Xanımını binadan atmaqda suçlanan direktorun məhkəməsində gərginlik - "Ortada böyük bir cinayət var"

Xanımını binadan atmaqda suçlanan direktorun məhkəməsində gərginlik - "Ortada böyük bir cinayət var"

Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilir.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Əvvəlcə onu qeyd edək ki, təqsirləndirilən R.Taxveli müalicə müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilir və deyilənə görə, özünü idarə edə bilmir, psixoloji problemləri var. Baş tutan son prosesdə də Ramiz Taxvelinin davranışlarını idarə edə bilmədiyi müşahidə edilib.

Amma istintaq Taxvelinin səhhətində heç bir problem olmadığı qənaətinə gəlib.

Zərərçəkmiş tərəf də bununla razılaşmır, Ramiz Taxvelinin bilərəkdən bu cür davrandığını deyir. Mərhumun anası Samirə Süleymanova Ramiz Taxvelinin davranışlarını şou adlandırıb.

Sonuncu məhkəmə iclasında Ramiz Taxvelinin vəkili Qanqa İbrahimov bir neçə vəsatətlə çıxış edib. Vəkil ilk vəsatətində qeyd edib ki, cinayət işi materiallarında olan videogörüntülərin izlənilməsi və müdafiə etdiyi şəxslə müzakirə aparması üçün ona vaxt verilsin. Məhkəmə bu vəsatəti təmin etməyib.

Vəkilin növbəti vəsatəti isə məhkəmə katibi ilə bağlı olub. Müdafiəçinin sözlərinə görə, katib məhkəmə protokoluna bilərəkdən yalan məlumat yazıb: "Daha əvvəlki məhkəmə iclasına 2 dəqiqə gecikmişdim. Səbəb isə başqa bir rayon məhkəməsində olmağım idi. Sonra məhkəməyə gəldim və zalda heç kimin olmadığını gördüm. Katiblə əlaqə saxlayanda Ramiz Taxvelinin səhhətinə görə məhkəməyə gətirilmədiyini və buna görə də prosesin təxirə düşdüyünü dedi. Amma protokolda prosesin mənim gəlmədiyinə görə təxirə salındığı qeyd edilib".

Məhkəmə bu vəsatətin də əsassız olması qənaətinə gəlib və təmin etməyib.

Vəkil digər vəsatətində məhkəmə sədrinə etirazla bağlı olub. Müdafiəçi vəsatətində qeyd edib ki, hakim onun müdafiə hüququnu tam şəkildə qurmasına şərait yaratmır.

Müdafiəçi hakimin vəsatətləri təmin etməməsini, prosesləri sürətlə davam etdirməsini, hakimin bu işdə maraqlı olmasını əsas gətirərək ona etirazını bildirib.

Zərərçəkmiş tərəfin nümayəndəsi vəsatəti əsassız hesab edib.

Dövlət ittihamçısı da vəsatətin əsassız olduğunu bildirib. Prokuror qeyd edib ki, məhkəmə hər iki tərəfə müdafiə hüququnu tam şəkildə qurmaq üçün şərait yaradıb.

Tərkibdə olan digər iki hakim- Ramella Allahverdiyeva və Novruz Kərimov vəsatəti müşavirə otağında müzakirə edib.

İki hakim Rasim Sadıqova qarşı verilən etirazla bağlı qərarı elan edib. Qərara əsasən etiraz təmin edilməyib.

Bundan sonra vəkil məhkəmə tərkibinə etiraz edib. Etirazını Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə çatdırılmasını istəyib.

Vəkil bildirib ki, məhkəmə işi tezləşdirərək qısa müddət ərzində yekunlaşdırmağa çalışır: "Müdafiə etdiyim şəxs hazırda özünü idarə edə bilmir və bunu hər kəs görür. Məhkəmə isə işi tezləşdirməyə çalışır. Ortada böyük bir cinayət var və müdafiə etdiyim şəxsə ağır ittiham verilib. Bu işin bir ay və ya beş ay ərzində araşdırlması nəyi dəyişir? Niyə bizə imkan yaradılmır ki, müdafiə etdiyimiz şəxsin hüquqlarını tam olaraq qoruyaq? Məhkəmə bildirir ki, şahid çağırmışıq, növbəti prosesə qalmasın. Burada ədalət mühakiməsindən söhbət gedir. Əgər ədalət mühakiməsidirsə, şahid məhkəməyə 5 dəfə də olsa gəlməlidir, vəkil 10 dəfə də olsa gəlməlidir, prokuror 15 dəfə də olsa gəlməlidir, məhkəmə 20 dəfə də olsa gəlməlidir. Amma indi vəziyyət bunun əksini deyir. Mən məhkəməyə vəsatət verirəm ki, videogörüntülərlə tanış olmaq, araşdırmaq istəyirik. Məhkəmə buna şərait yaratmır. İşdə 3-4 video görüntü var ki, onların hər birinin həcmi 1 saatdan çoxdur. Ümumilikdə 4-5 saatlıq görüntünü bir neçə dəqiqəlik məhkəmə iclasında- burada necə araşdıraq, necə izləyək? Mən bizə yaradılan bütün bu problemləri nəzərə alaraq məhkəmənin bu işdə maraqlı olduğunu düşünürəm və məhkəmə tərkibinə etiraz edirəm".

Məhkəmə kollegiyası vəsatəti müşavirə otağında müzakirə edib.

Hakim qərarı elan edərkən bildirib ki, vəsatət baxılmamış saxlanılır.

Vəkil buna etiraz edib. Bildirib ki, onun vəsatətinə məhkəmə sədri baxmalıdır.

Məhkəmə isə bununla razılaşmayıb və məhkəmənin iyulun 19-na qədər təxirə salındığını bildirib.

Hakim Rasim Sadıqov vəkilə həmin müddətə qədər videogörüntülərlə tanış olmağı məsləhət görüb.

İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

İttihamda göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb.

Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib.

Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.

Araşdərmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz