XARABALIQLAR ÜZƏRİNDƏ VƏTƏN OLMUR Azərbaycanda Suriya variantını arzulayan xainlər var

XARABALIQLAR ÜZƏRİNDƏ VƏTƏN OLMUR – Azərbaycanda Suriya variantını arzulayan xainlər var

Cəmiyyət o qədər dolub ki, bir kibrit kifayətdir ki, ölkə başdan-başa alova bürünüb yansın. Allah bu müsibəti xalqa göstərməsin. Xarabalıqlar üzərində vətən olmur. Bu sözlərim kimsəni qorxutmaq, yaxud da onu siyasi seçimində korrektələr aparmağa məcbur etmək məqsədi güdmür. Qətiyyən nə bu cür düşünür, nə də millətin öz haqqı uğrunda mübarizəsi üzərinə kölgə salmaq niyyətim yoxdur.

Soruşa bilərsiniz ki, mitinqlərə münasibətiniz necədir?! Bəzəksiz-düzəksiz cavabım, həm də mövqeyim belədir: mitinqlər nəinki lazımdır, eyni zamanda ölkədə dərin islahatlara getməyə güclü təkan verən sosial iradə qarşısında hakimiyyətin hesablaşması deməkdir. Bu mənada mitinqlərin tərəfdarıyam və ona hökumətə siyasi təzyiqin ən tutarlı vasitəsi kimi baxıram.

Ancaq başqa bir mənzərəni təsəvvür edirəm, daha konkret desəm, sosial mediada səslənən çağırışlara baxıram, istər-istəməz sürəti bəlli mənada azaltmalı oluram. Mitinqləri zorakı vasitə kimi canlandıran sosial şəbəkə istifadəçiləri bəri başdan hakimiyyətin ayın sonundakı "yox" cavabına dəstək veriblər. Hətta tanıdığım imzaları görəndə gərginliyi bu həddə sürükləyən səbəblərin müəlliflərinə yalnız təəssüflənə bilirəm.

Hər iki cinahda ölkədə Suriya variantını arzulayan xainlər var. Dağılır -dağılsın, onlar üçün fərq etməz. Maraqlar belədir: ya içəridən çıxaraq dövlətin ali kürsüsündə oturmaq xəyalında olan biriləri ölkəni qarışdırmaq niyyətini güdürlər, ya da dışardakı siyasi qüvvə ilə birlikdə demokratiya silahına sarılıb hakimiyyəti devirərək dövləti görəvləri bölüşdürmək sevdasıdır ki, onu da hələ bacara bilmirlər.

Axırda da pis günə qalan millətin özü olur. Əslində hökumətin qoyduğu qanunsuz qadağaların bərabəri yoxdur. Müxalifəti küncə sıxmaqla iş düzələcəksə, elə bu saatdan başlayın. Mitinqləri qoyuram kənara. Açıq havanının qorxusunu başa düşdük. Heç müxaliflərin qapalı yerlərdə toplantılarına da bir çox hallarda icazə verilmir. O zaman əlac qalır təkcə sosial mediada od püskürən çıxışlara ki, onu da kəskin və sərt səsləndirirlər. Kütlə onsuz da coşqulu haldadır, üzərinə benzin töküb alovlandırmağa gərək yox.

Müxalifətin içərisindəki radikal hissə öz növbəsində asıb- kəsməyi buraxıb, sivil düşüncədə olan yoldaşlarına qoşularaq müxalifətə yeni nəfəs gətirməlidirlər. Yoxsa qişqır-bağırla iş düzəlməz. Söyüşlə, təhqirlə siyasət yeriməz Qarşıdakının əllərini pişik yeməyib. Asanlıqla hakimiyyəti təhvil verən deyil. O da bunun xəstəsidir. Sadə bir toqquşma nələr yaradar, onu bir Allah bilir.

Mən də mələk deyiləm, səhvlərim olub və hərdən yenə də olur. Hakimiyyətdən aldığım zərbələrin ağrı-acısını hələ uzun müddət yaşayası olsam belə, özümü intiqam hissi üzərində kökləmirəm. Məni həmişə olduğu kimi qorxaqlıqda, yarınmaqda günahlandıra bilərsiniz. Buna baxmayaraq, daxildə qarışılıqlığa rəvac verən hər hansı ekstremal vəziyyətlə heç vaxt uzlaşa bilmərəm. İqtidarın da, müxalifətin də icərisində yaxşılar var. Nəticə verə biləcək yeni debatların, yeni simalarla birlikdə keçirilməsinə boyük ehtiyac duyulur.

Eldar SABIROĞLU