“Xəzər Lənkəran” məhkəməyə gəlmədi, MƏKTUB GÖNDƏRDİ

“Xəzər Lənkəran” məhkəməyə gəlmədi, MƏKTUB GÖNDƏRDİ

Tuyqun Nadirov legionerlərin başına açdığı oyunları təkrarlamaq istəyir

Srağagün Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə qəzetimizin “Xəzər Lənkəran” futbol klubuna yönələn 9000 manatlıq iddiası ilə bağlı növbəti proses keçirildi. Klub bu dəfə də Şirvana nümayəndə göndərməyi lazım bilməsə də, “Futbol+” qəzetini Vüqar Məmmədovla Mahir Rüstəmli təmsil edirdi.

Xatırladaq ki, söhbət 2015-ci il iyulun 1-də qəzetlə klub arasında bağlanılan, 2016-cı il mayın 31-nə qədərki dövrü nəzərdə tutan müqavilə üzrə qəzetə ödənilməli olan 9 min manatın taleyindən gedir. Belə ki, “Xəzər Lənkəran” 2015-ci ilin iyul və avqust ayları üçün ödəniş etsə də, qalan 9 ayın (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may) pulu ödənilməyib.

Srağagünkü iclasda hakim əvvəlcə qəzet nümayəndələrinə müxtəlif suallar ünvanladı. Həmin suallar cavablanandan, eləcə də hakimə əməkdaşlıq dövrünü əhatə edən qəzetlərin saxlancı təqdim olunandan sonra Mahir Rüstəmli Tuyqun Nadirovun fevralın 13-də keçirilən əvvəlki iclasda təqdim olunan ərizəsinə (iddia müddətinin tətbiq edilməsi barədə) cavab vermək istədiyini bildirdi. Həmin cavabla tanış olun: “Cavabdeh “Xəzər Lənkəran” qəzetin iddia ərizəsinə etirazında ona əsaslanıb ki, guya tərəfimizdən verilmiş iddia tələbi üzrə iddia müddəti ötürülüb. Klubun etirazına cavab olaraq bildirmək istəyirəm ki, cavabdeh tərəf ilə aramızda müqavilə 2015-ci il iyulun 1-də imzalanıb və 2016-cı il mayın 31-nə qədər olan müddət üçün hüquqi qüvvəyə malikdi. Cavabdeh müqavilə üzrə öhdəliklərini sonuncu dəfə 2015-ci il oktyabrın 15-də yerinə yetirməklə həmin vaxt redaksiyaya avqustun pulunu ödəyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən iddia müddətinin başlaması müqavilə müddəti bitəndən sonra tətbiq olunur. Yəni cavabdehlə aramızdakı müqavilənin müddətinin 2016-cı il mayın 31-də bitdiyini nəzərə alsaq, deməli, iddia müddətinin axını həmin gündən başlamaqla 3 il müddətinə hesablanır. Qəzetimiz Şirvan İqtisadi-İnzibati Məhkəməsinə 2018-ci il noyabrın 14-də müraciət etdiyindən 3 il şərtinə əməl olunub. Bundan başqa, cavabdehlə əvvəllər də aramızda eyni predmet üzrə müqavilələr olub, aramızda formalaşan etibarlı qarşılıqlı əməkdaşlıq prinsiplərinə görə “Xəzər Lənkəran” üzərinə düşən öhdəliyi müqavilə müddəti bitənə qədər yerinə yetirə bilərdi. Yuxarıda göstərilən məqamlara görə cavabdehin etirazını qəbul etmirik və məkhəmədən xahiş edirik ki, etirazın əsassız olduğunu nəzərə alsın və qəzetin iddia ərizəsi üzrə tələbinin təmin olunmasıyla bağlı qərar versin”.

Bundan sonra hakim Tuyqun Nadirovun (maraqlıdı ki, yanvarın 16-da özünü klubun prezidenti kimi təqdim etmişdisə, bu dəfə məktubu vitse-prezident kimi imzalamışdı...) növbəti etiraz ərizəsini oxudu. Və burdaca qəzet nümayəndələri şokla qarşılaşdı. Belə ki, vaxtilə onlarla legionerin başına pul oyunu açan, bu üzdən FİFA-nın sanksiyası ilə üzləşən, məhkəmələrdə sürünən “Xəzər Lənkəran” və bütün bəlaların səbəbkarı olan Tuyqun Nadirov bu dəfə bizə qarşı eyni oyunu oynayır. Guya klub 2015-ci il avqustun 31-də redaksiyamıza məktub göndərməklə reklam müqaviləsinə birtərəfli qaydada xitam verilməsini istəyib.

Təbii ki, belə bir məktub olmayıb və Tuyqun bəyin iddiasını rədd edən elə sarsılmaz dəlillərimiz var ki, onları martın 15-də keçiriləcək növbəti iclasda məhkəməyə təqdim edəcəyik. Hələlik dəlillərdən, sadəcə, birini və ən primitivini səsləndiririk: klub 2015-ci il avqustun 31-də müqaviləyə xitam veribsə, Tuyqun Nadirov hansı əsasla Tural Əsgərovun qəzetin 1 fevral 2016 tarixli sayında dərc olunan müsahibəsinə görə baş redaktora və reklam direktoruna zəng edib, həmin müsahibənin əməkdaşlıq prinsiplərinə zidd olduğunu bildirib? Bir sözlə, məhz belə əməllər üzündən “Xəzər Lənkəran” üç ildi tarixə qovuşsa da, Tuyqun bəy şakərindən və məlum taktikasından əl çəkmir.

Təbii ki, biz “Futbol+” olaraq bu mübarizədən çəkilən deyilik və 9 min manatın alınmasında israrlıyıq. İnşallah, növbəti prosesdə Tuyqun Nadirovu şoka salacaq dəlillər və ifadələr də ortaya qoyulacaq.

HUŞƏNG,

“Futbol+”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA