XİN-DƏ CİDDİ İSLAHATLAR APARILMALIDIR - Azərbaycan səfirləri xaricdə ölkənin adını batırırlar

XİN-DƏ CİDDİ İSLAHATLAR APARILMALIDIR - Azərbaycan səfirləri xaricdə ölkənin adını batırırlar

Daşqın Şikarovun adının hallandığı olay ölkənin beynəlxalq nüfuzuna birbaşa zərbədir

Xaricdə Azərbaycanı təmsil edən hər bir səfir ölkənin siması olduğundan onların yol verdiyi nöqsanlar sonda bu və digər formada dövlətin adına yazılır. Məhz bu səbəbdən də diplomatlar addımlarına, səsləndirdikləri fikirlərə, hətta şəxsi həyatları ilə bağlı məqamlara belə, xüsusi diqqət yetirməyə borcludurlar. Əks halda, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun taleyi ilə üzləşə bilərlər. Nəzərinizə çatdıraq ki, Daşqın Şikarovun Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəni - 10 banka kürünü mənimsəməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatda həmçinin, qeyd olunur ki, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir və həmin komissiya mənimsənildiyi iddia olunan yarım milyon dolların yox olması faktını araşdırır.

İlham Əliyev hökmdarın 10 banka kürüsünü oğurlayan səfiri geri çağırdı - ŞOK SƏRƏNCAM

Yeri gəlmişkən, o da bildirilir ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri barəsində kampaniya başladanlar haqda geniş açıqlama verməyərək, onları Allaha tapşırıb: "İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır".

Mövzu ilə bağlı virtualaz.org-a hökumət mənbələrindən verilən məlumatlarda isə deyilir ki, ölkə başçısı Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb. Martın 7-də isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. Beləliklə də Leyla Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.

Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - YARIM MİLYON DOLLARIN MƏNİMSƏNİLMƏSİNDƏ İTTİHAM OLUNUR

Beləliklə, Daşqın Şikarovun Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı üçün nəzərdə tutulmuş hədiyyəni mənimsəyib-mənimsəmədiyini dəqiq deyə bilməsək də, onun adının kürü qalmaqalında hallanmasının özü heç də arzuolunan hal deyil. Ümumiyyətlə, son dövrlər Azərbaycanın xaricdəki diplomatları ilə bağlı bir neçə dəfə bunabənzər məlumatlar yayılıb. Misal kimi, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovun hələ bir neçə il öncə "kürü diplomatiyası" ilə bağlı səsləndirdiyi fikirləri və BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olmasını qeyd etmək mümkündür. Təbii ki, bu kimi hallar "Diplomatik xidmət haqqında" Qanunun tələblərinə tamamilə ziddir. Çünki sözügedən qanunun 7-ci maddəsinə görə, diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. 17-ci maddədə qeyd olunur ki, diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibatitexniki xidmətini həyata keçirən şəxslər xaricdə işlədikləri dövrdə olduqları dövlətin qanun və qaydalarına hörmət bəsləməyə, üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməyə, Azərbaycan Respublikasını layiqincə təmsil etməyə borcludurlar. Qanunun 11-ci maddəsində isə deyilir ki, Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.

Gördüyünüz kimi, "Diplomatik xidmət haqqında" Qanuna əsasən hər bir səfir, diplomatik xidmət əməkdaşı Azərbaycanı layiqincə təmsil etməlidir. Lakin əfsuslar olsun ki, təyin olunduqları ölkələrdə Azərbaycanın maraqlarını təbliğ etməli olan səfir və ya konsulların bir qismi bunun öhdəsindən gələ bilmir, yol verdikləri nöqsanlarla birbaşa ölkənin adına ləkə gətirirlər. Elə bu səbəbdən də dərhal diplomatiya sahəsində ciddi islahatlar aparılmalı, bu sahədəki boşluqlar qısa müddətdə aradan qaldırılmalıdır. Nəzərinizə çatdıraq ki, mövzuya məhz bu aspektdən yanaşan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bir müddət əvvəl verdiyi açıqlamasında qeyd edib ki, diplomatiya sahəsində baş verən özbaşınalığa göz yummaq olmaz. Belə ki, "Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar" deyən Elxan Şahinoğlu hesab edir ki, bütün bunlara qarşı tədbir görməyin vaxtı çatıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir, xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizlə xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyub, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı, onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki həmin ölkənin kəşfiyyat xidməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var".

Söz yox ki, bütün bunlara görə xarici işlər naziri Elmar Məmmədyarov da müəyyən mənada məsuliyyət daşıyır. Çünki səfirlər, diplomatik xidmət əməkdaşı birbaşa onun tabeliyindədir və bu səbəbdən də Daşqın Şikarovun adının hallandığı olay Xarici İşlər Nazirliyinin (XİN) nüfuzuna birbaşa zərbədir. Bu arada, Elmar Məmmədyarovdan söz düşmüşkən, qeyd edək ki, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahabzadə təxminən, bir il öncə xarici işlər naziri barəsində qalmaqallı açıqlamalarla çıxış edib. Beləliklə, "Məni heç vaxt Elmar Məmmədyarovun yerinə qoymazlar, çünki mənim damarlarımda milli qan axır" deyən İsfəndiyar Vahabzadə İsveçrədə səfir olduğu zaman şahidi olduğu hadisəni danışarkən, bildirib ki, bir dəfə İsveçrədə Türkiyənin, Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri görüşüb: "Həmin görüşdə Türkiyənin xarici işlər naziri hansı dildə danışacaqlarını soruşub. Ermənistanın xarici işlər naziri türk dilində cavab verib ki, mənim üçün fərqi yoxdur. Elmar Məmmədyarov isə rus dilində bidirib ki, məni baxışlayın mən Azərbaycan dilində pis danışıram. Deməli kimlərəsə sərf edir ki, Azərbaycan dilini bilməyən şəxs xarici işlər naziri olsun". Bundan başqa, o, səfir işlədiyi zaman Xarici İşlər Nazirliyinin 18 nəfər əməkdaşının həyat yoldaşının və anasının erməni olduğu barədə rəsmi qurumlara məktub yazdığını da vurğulayıb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, öz doğma dilində səlist danışa bilməyən, təyin olunduqları ölkələrdə Azərbaycanın maraqlarını təbliğ etməyi bacarmayan səfirlərin əməllərinə görə məsuliyyət daşıyan Elmar Məmmədyarov istefa verməli, XİN-də dərhal ciddi islahatlar aparılmalıdır.

Valeh TÜRKSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA