Xırdalanı niyə dağıdırlar? - “Bu, artıq fəlakətdir”

  • 2019-02-26 12:51:55
  • |
  • Sosial /

Xırdalanı niyə dağıdırlar? - “Bu, artıq fəlakətdir”

Xırdalanda uzun müddətdir yolların qazılması və təmir işlərinin yekunlaşdırılmaması sakinlərin ciddi narazılığına səbəb olub. Xüsusilə yağışlı günlərdə palçığa batmadan hərəkət etmək mümkün deyil.

“Yeni Sabah” xəbər verir ki, uzun müddətdir davam edən bu duruma iqtisadçı Rövşən Ağayev də öz etirazını bildirib. O, qeyd edib ki, dünyanın nüfuzlu universitetlərində şəhər menecmenti ilə bağlı tədris üçün çox pis canlı keyslər lazım olsa, Xırdalanın hazırkı halını videolaşdırıb rahatlıqla və tərəddüdsüz istifadə etmək olar.

R. Ağayev bildirir ki, 250 min nəfərin yaşadığı şəhər yaradıb, amma yol infrastrukturu üçün ərazi saxlamağı unutmağıın canlı nümunəsini görmək istəyən şəxs Xırdalana baş çəkə bilər: “Hər kvadratmetrə düşən əhalinin sıxlığı meqolpolislərlə yarışacaq periferiya şəhəri üçün nümunə axtarırsınızsa, Xırdalana gəlin - hərəkət etməyə yol yoxdur, amma 16 mərtəbəli binaların sayı yağışdan sonra çıxan göbələklərin sayından 10 dəfə çox sürətlə artır. Hər halda əhalinin hər 10 000 nəfəri, ərazinin hər kvadratkilometri üçün yol infrastrukturunun bir minimum yolverilən həcmi olmalıdır - şəhərsalma standartı kimi...

Yol-səki gerçəkdən yoxdur. Mərkəzi küçələrdə quraşdırlmış avtobus dayanacaqları üçün kənarda yer saxlanmadığı, onların yerini binalar zəbt elədiyi üçün avtobuslar elə yolun hərəkət zolağındaca sərnişinləri endirib-mindirməli olurlar. Hələ bu azmış kimi onların dayana biləcəyi mümkün yerlərin hamısını taksilər zəbt edib. Bircə rəsmi qurum, şəxs yoxdur ki, həmin taksiləri avtobusların dayanmalı olduqları yerlərdə deyil, boş məkanlara aparsın, bu biabırçı, hər gün on minlərlə insanın əsəblərini tarıma çəkən mənzərəyə əncam çəksin.

Yaşıllıq sahələri barədə danışası olsaq, yəqin ki, daha faciəvi mənzərə ortaya çıxar. Bəlkə də yaşayış ərazilərinin heç 3-4%-i qədər də yaşıllıq alanları mövcud deyil - ən azından müşahidələr bunu aşkar göstərir.

Məktəblər var ki, uşaqların oynaya biləcəyi kiçik bir idman meydançası belə yoxdur.

2 ildir kanalizasiya-su sistemini yeniləmək adı ilə yolları dağıdıblar, az qala 700 gündür hər gün bu dağılmış yollar avtomobillərimizi də dağıdır - insanlar üçün əlavə xərc yaradır, amma məsuliyyət daşıyacaq bircə nəfər yoxdur...

Yeganə çıxış yolu insanların səs verib seçəcəyi, onların səsinin qorxusu və məsuliyyəti altında işləyəcək yerli özünüidarə sistemidir.

Xırdalanda hər gün üzləşdiyimiz, içərisində yaşadğımız durum artıq problem olmaqdan çıxıb - sosial-demoqrafik fəlakətdir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA