XOCALI SOYQIRIMINI HANSI ÖLKƏLƏR TANIYIR?

XOCALI SOYQIRIMINI HANSI ÖLKƏLƏR TANIYIR?

Qardaş Türkiyədə hər il Xocalı faciəsi ilə bağlı müəyyən tədbirlər keçirilsə də, faciəni rəsmən tanımaması üzücüdür

Dünən ildönümünü qeyd etdiymiz Xocalı soyqırımı xalqımızın qan yaddaşına köçmüş ağrılı yaralarımızdan biridir. 27 il öncə baş vermiş faciə ilə bağlı hər dəfə eşitdikcə insanın qanı donur. Xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faicəsi Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Rəsmi rəqəmlərə görə, bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olub. Bunların içərisində 8 ailə tamamilə məhv edilib, 56 insan işgəncə ilə öldürülüb, 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır), 1275 insan əsir götürülüb, bunlardan 1165 insan girovluqdan azad edilib, 150 nəfərin taleyi ilə bağlı indiyə kimi heç bir məlumat yoxdur.

Acınacaqlıdır ki, ermənilərlə birlikdə keçmiş SSRİ-yə məxsus olan 366-cı olayın hərbçiləri bu faciədə iştirak etsələr də, bu gün özünü SSRİ-nin varisi elan edən Rusiya ilə qonşu ölkə olaraq münasibətləri saxlamağa məcburuq. Lakin bu məcburiyyət bizə Rusiyanın bu faciədə əli olduğunu unutdurmur, heç zaman da unutdurmayacaq.

Похожее изображение

Rusiyanın bu faciədə əlinin olduğunu unutmadığımız kimi, Xocalı faciəsinini tanıyan ölkələr də diqqətimizi çəkir. Nə qardaş Türkiyə, nə strateji müttəfiqimiz olan Gürcüstan, nə də dost ölkə saydığımız İsrail rəsmən Xocalı faciəsini tanıyıb.

Yeri gəlmişkən, Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri Levan Çxeidze bir neçə gün öncə, “Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır” deyib. Onun sözlərinə görə, Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: “Bu cinayətin müddəti köhnəlmir. Xocalıda günahsız qadın, qoca və uşaqları qətlə yetirənlər layiqli cəzalarına çatmalıdırlar. Növbəti parlament seçkilərində partiyamız qanunverici orqanda yer qazansa, biz Xocalıda törədilənlərin soyqırımı kimi tanınması məsələsini mütləq dəstəkləyəcəyik”.

L.Çxeidze onu da vurğulayıb ki, Gürcüstan beynəlxalq arenada Azərbaycanın dəstəyinə böyük dəyər verir: “Hər iki dövlət strateji tərəfdaşdır və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Regionda sülh tezliklə bərqərar olmalı və bölgə gələcək nəsillərə münaqişələrsiz ötürülməlidir”.

Çxeidzenin dediyi kimi, rəsmi Tiflis beynəlxalq arenada Azərbaycanın dəstəyinə böyük dəyər verirsə, o zaman Gürcüstan niyə Xocalı soyqırımını tanımır? Təəssüf ki, hər mənada Gürcüstanın Ermənistanı və erməniləri dəstəklədiyi göz önündədir. Axalkalakidə Xocalıda azərbaycanlıların qanına əli batmış Mixali Avakyana qoyulmuş abidə bu gün də sökülməyib ki, bu da Gürcüstan hökumətinin Azərbaycana və azərbaycanlılara sayğısılığıdır. Ermənilərə hörmət əlaməti olaraq azərbaycanlıların qanına qəltan olduğu 20 Yanvar günü bu abidə qoyulmuşdusa, azərbaycanlılara ehtiram olaraq heç olmasa bu abidə Xocalı faciəsinin ildönümündə- 26 fevralda sökülməliydi. Lakin göründüyü kimi, abidə hələ də sökülmür. Görünür, heç bundan sonra da sökülməyəcək. O baxımdan, strateji müttəqfiqimiz olan Gürcüstanın Xocalı faciəsini tanıması da heç vaxt mümkün olmayacaq. 27 ildə Gürcüstan bu addımı atmayıbsa, hansısa partiya sədrinin bu açıqlaması da ciddi əhəmiyyət daşımır.

Похожее изображение

Açığı, qardaş Türkiyənin, dost ölkə saydığımız İsrailin də Xocalı faciəsini tanımaması ürəkaçan deyil. Türkiyədə Xocalı faciəsi ilə bağlı müəyyən tədbirlər keçirilsə də, faciəni rəsmən tanımaması üzücüdür. Görünür, Türkiyənin bu faciəni tanımamasında Rusiya faktoru və buradan doğan Türkiyənin maraqları var, o baxımdan da faciəni tanımır, yoxsa Ankara bu məsələdə Ermənistanı nəzərə almazdı. Keçmiş SSRİ-nin 366-ı cı alayının faciədə rolu danılmazdır ki, bu da faciəni çox ölkələrin tanımasının qarşısını alır.

Dost ölkə saydığımız İsrailin isə Xocalı faciəsini tanımaması da müsbət hal deyil. Hər zaman dostluqdan danışdığımız bir ölkə bizim faciəmizi tanımırsa, bunun nəyi dostluq oldu ki? Çox güman ki, burada erməni lobbisinin izi özünü göstərir. Əslində, İsrail üzdə Azərbaycanla özünü dost saysa da, heç Ermənistanla da düşmən deyil. Buradan aydın olur ki, İsrail orta bir mövqe tutmaqla, həm Azərbaycan, həm də Ermənsitanla əlaqələrini davam etdirməyi düzgün hesab edir və bu baxımdan da Xocalı soyqırımını rəsmən tanımır.

Qeyd edək ki, Xocalı faciəsini tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilat Azərbaycan özü, Pakistan, Sudan və İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).

Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə isə Meksika, Kolumbiya, Çexiya, Bosnioya və Hersoqovina, Peru, Honduras, İordaniya, Cibutidir.

ABŞ-ın 21 ştatı da faciəni qətliam kimi tanıyb, bununla bağlı sənəd qəbul ediblər.

İƏT-in Xocalı faciəsini rəsmən tanıması müsbət bir hal olsa da, əslində, təşkilata daxil olan 60 yaxın hər bir müsəlman ölkəsinin faciəni tanıması lazımdır. İƏT öz möveyini bu məsələ ilə bağlı bildirsə də, bura daxil olan ölkələrin Xocalı faciəsini tanımaması da müsəlman-İslam birliyinin olmamasının göstəricisidir. Təəssüf ki, Xocalı faciəsinin tanınması ilə erməni “soyqırmı”nı müqayisə etsək, görərik ki, nə qədər çox ölkə saxta erməni “soyqırımı”nı tanıyıb. Ermənilərin bütün dünyada apardıqları təbliğat burada da öz təsirini göstərib.

1915-ci hadisələrini “soyqırım” olaraq dünyaya sırımağa çalışan erməniləri İsveç, Uruquay, Yunan Kipri, Argentina, Rusiya, Kanada, Yunanıstan, Livan, Belçika, İtaliya, Vatikan, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya və Almaniya dəstəkləyib və bu saxta iddianı “soyqırım” olaraq tanıyıb.

ABŞ-ın isə 40-dan çox ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsassız “soyqırımı” tanıyan ştatlar aşağıdakılardır: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin...

İƏT üzvü olan müsəlman ölkələrinin 2-3-ü istisna olmaqla, əksəriyyətinin Xocalı faciəsini tanımamasına rəğmən, erməni “soyqırımını” tanıyan ölkələrin sıyahısının çox olmasında bir xristian təəssübkeşliyi özünü göstərir ki, bu da bir müsəlman olaraq bizə xoş deyil. Bu siyahı bütün dünyada ermənilərə dəstəyin göstəricisidir ki, biz bunu nəzərə alıb, Xocalı faciəsinin tanınmasına hər zaman çalışmalıyıq, adını müsəlman deyib, bu faciəni tanımayan ölkələr isə faciəni rəsmi olaraq tanımalıdırlar. Əslində, nəinki müsəlman ölkələri, hətta haqqı tanıyan hər bir xristian ölkəsi də insanlığa zərbə olan Xocalı faciəsini tanımalıdırlar.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA