Yanmış “Diqlas”ın həndəvərində maskalılar peyda olub

  • 2019-04-17 16:19:42
  • |
  • Aktual /

Yanmış “Diqlas”ın həndəvərində maskalılar peyda olub

Martın 26-da “Diqlas” ticarət mərkəzində baş verən güclü yanğından sonra el arasında “Vosmoy bazarı” kimi tanınan Bakının sonuncu kasıb bazarında və həmin ərazidə yerləşən digər ticarət mərkəzlərində təhlükəsizlik tədbirlərinin görüləcəyi gözlənilirdi. Bazarın giriş-çıxışındakı piştaxtalar, taxtadan quraşdırılmış köşklər yığışdırılmışdı. Hətta ətrafın küçə ticarətindən təmizlənəcəyi ilə bağlı satıcılara xəbərdarlıq belə edilmişdi.

Virtualaz.org əməkdaşları yanğından 22 gün sonra alış-veriş mərkəzində vəziyyətlə maraqlanıb. Bəlli olub ki, bazarda və ətraf ticarət mərkəzlərində yanğına qarşı əlavə təhlükəsizlik tədbirləri görülmür, satıcıların dediyi kimi “əl-ayaq çəkiləndən”, məmurların gediş-gəlişi dayanandan sonra külləri qalmış ticarət mərkəzinin dörd bir yanında piştaxtaların quraşdırılmasına icazə verilib.

Ticarət mərkəzin qabağında polis əməkdaşı keşik çəkir

Ticarət mərkəzinin qarşısında yanğınsöndürən maşın və polislər keşik çəkir. Söküntü aparılmasa da, təhlükə tam sovuşmayıb, külə dönmüş kimyəvi malların yanıq qoxusu çəkilməyib, nəfəs almaq mümkün deyil. Müharibədən sonrakı xarabalığı xatırladan ərazidə, tullantıların bir addımlığında yerə sərilmiş kağız üstündə, arabalarda, piştaxtalarda alver edənlərin əksəriyyəti maska taxıb, özlərini havadakı zəhərdən qorumağa çalışırlar.

Satıcılardan biri deyir ki, bazarın içərisindən yer götürməyə gücü çatmır, iydən, üfunətdən nəfəs almaqda çətinlik çəksə də, başqa əlacı yoxdur. Yanğında 8 min manatlıq malı yanıb, əvəzində 2 min manat kompensasiya ödənilib: ““8 Mart”, ardınca Novruz bayramına görə 8 min manatlıq mal almışdım. Hamısı yanıb kül oldu, cəmi 2 min manat kompensasiya veriblər...”

“Nə təhlükəsizlik, bazar yanğına öyrəşib...”

Bazarın paltar satılan bölməsində qarışıqlıqdır, addım atmağa yer yoxdur. Satıcılardan biri təhlükəsizliklə bağlı sualımıza gülüşlə cavab verir. Deyir ki, bazar yanğına öyrəşib, ildə bir dəfə yanmasa iş getmir. “Nə danışırsız, nə təhlükəsizlik tədbirləri...Bu bazarda nə sığorta, nə də yanğından qorunmaq üçün təhlükəsizlik tədbirləri görmək mümkün deyil. Kimin vecinədi?!”,-satıcı yolboyu düzülmüş piştaxtaları göstərir.

Elektrik malları satılan bölmədə də eyni vəziyyətdir, hörümçək toru kimi çəkilmiş naqillər, küçəyə qədər uzadılan mallar hər an baş verə biləcək təhlükədən sığortalanmayıb. “İmkan versəniz işimizi görərik, yenidən yada salmayın, bazarı söküb yerində ticarət mərkəzi tikəcək deyillər ki...”,-satıcı sakit uzaqlaşmağımızı söyləyir.

“Diqlas”ın icarəçiləri də burada alverə başlayıblar

Asəf adlı satıcı isə bildirir ki, tikinti malları satan iri mağaza sahibləri yanğından sonra bazar rəhbərliyinə sığorta və müqavilə ilə bağlı müraciət ediblər, amma bir nəticəsi olmayıb. “O boyda ticarət mərkəzi idi, bir neçə saata kül oldu, heç nə edə bilmədilər. Bu cür pərakəndə bazarda nə təhlükəsizlik tədbirləri görüləcək? Bizə ancaq Allah kömək edə bilər, yerdəkilərdən əlimizi çoxdan üzmüşük”,-Asəfin sözlərinə yanındakılar da dəstək verirlər.

Meyvə-tərəvəz bazarı ilə yanmış ticarət mərkəzinin arasındakı keçid demək olar ki, tutulduğundan yolu çətinliklə keçirik. Satıcılardan öyrənirik ki, əvvəllər “Diqlas” ticarət mərkəzində çalışan şəxslərin bir hissəsi də kiçik piştaxtalar götürüb burada alverə başlayıblar. Hətta piştaxtası olmayanlar da yerə kağız sərib və ya karton qutulardan istifadə edərək ucuz geyim və ayaqqabı satır. Ona görə də, bazarda adam əlindən tərpənmək mümkün deyil.

Belə görünür ki, təhlükəsizliklə bağlı narahatlıq artıq unudulub. Əksinə ticarət köşklərinin sayı gündən-günə artır, keçid və yollar yoxa çıxır.

Suallarımıza cavab tapmaq üçün bazar rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, rəhbərliyin yerində olmadığını dedilər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA