Yaşasın Ermənistan-Azərbaycan dostluğu! - İşıqlı gələcəyə doğru iri addımlarla irəli!

Yaşasın Ermənistan-Azərbaycan dostluğu! - İşıqlı gələcəyə doğru iri addımlarla irəli!

Xəbər verildiyi kimi, hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib. 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.

"Sonuncu dəfə mən anamın məzarını 1984-cü ildə ziyarət etmişdim. Növbəti dəfə ziyarət etmək istəyəndə erməni soyadına görə mənə icazə vermədilər. İki ay əvvəl səfir Polad Bülbüloğluna məktub yazdım. Azərbaycanın Rusiyadakı səfirinin əməkdaşı mənimlə əlaqə saxladı və hansı tarixdə səfər etmək istədiyimi dəqiqləşdirdi. Daha sonra möcüzələr başladı. Mənim üçün Moskvadan Bakıya və əks istiqamətdə təyyarə bileti alındı və məni səfirlik əməkdaşı müşayiət etdi və mənə gözəl pansionatda yerləşdirildim.

23-26 mart tarixlərində mən özümü uzun müddət gözlənilən qonaq kimi hesab etdim. Anamın məzarını mənimlə birgə Bakı polisi və qəbiristanlıq direktoru axtardı. 5 saat məzarı axtardıq. Anamın qəbrinin təmiz saxlanılıdğını və onun üzərində güllərin olduğunu görəndə təəccübləndim. Yemək zamanı mənim qarşımda üç ofisiant dayanmışdı".

Qeyd edək ki, Yuri Sarkisov Azərbaycanda anadan olub. Onun atası erməni, anası isə rusdur. 1969-cu ilə qədər Yuri Bakıda yaşayıb, sonra Moskvaya köçüb.

Əlbəttə, bu, ermənilərin Bakıya ilk səfəri deyil. Bu günədək “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulan bir neçə erməni Azərbaycana səfər edib. Onların arasında 30 il sonra Azərbaycana səfər edən Oksana Altunyan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvləri ilə birgə Füzuli rayonunun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını da ziyarət edib.

Humanist erməni şəhidlərimizin yaxınlarına və həmkəndlilərinə başsağlığı verərək, mülki vətəndaşlara qarşı aqressiyanı pisləməyi də unutmayıb. Oksana Altunyan sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarını öz səylərini birləşdirməyə çağırıb: “Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi mən də azərbaycanlılar və ermənilər arasında sülühün bərqərar olmasını istəyirəm. Bunun üçün hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır”.

Çox təsirlidir deyilmi? Torpaqları Ermənistan adlı ölkə tərəfindən işğal olunan Azərbaycana erməni xalqının mənsubları əl-qolunu sallayıb rahat səyahət edir, utanmadan günahsız şəhid körpəmizin məzarını ziyarət edib, ağıllı məsləhətlər də verir (özü də fikir verin: Oksana Altunyan (adı rus, soyadı türk mənşəli erməni Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması fikrini səsləndirmir, sadəcə iki qonşu dövlət rəhbərlərinin danışıqlar masasına oturmalı olduğunu söyləyir). Biz isə öz tarixi torpağımız olan Qərbi Azərbaycanı ancaq xəyallarımızda görə bilirik.

Qərbi Azərbaycan bir yana qalsın, vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağa da gendən baxıb, köks ötürməkdən savayı çarəmiz yoxdur.

Bəs elə isə sual olunur: “Ermənistan-Azərbaycan Sülh Platforması” təkcə ermənilərin istədiyi vaxt Azərbaycana gəlib-getməsi üçün yaradılıb? Bəs Azərbaycan türkləri nədən öz tarixi torpaqlarına, işğal altında olan dədə-baba yurdlarına gedə bilmir?

Rusiyada yaşayan, bir vaxtlar Azərbaycan vətəndaşı olmuş ermənilərin ölkəmizə gəlməsi üçün xüsusi canfəşanlıq göstərən Polad Bülbüloğlu - Azərbaycanımızın ölməz qarabağlı övladı Bülbülün yadigarı - nədən eyni canfəşanlıqla öz soydaşlarının düşmən tapdağı altında qalan valideyn məzarlarını ziyarət etməsi üçün çalışmır?

Bir də məgər Ermənistanda, yaxud Qarabağda Azərbaycan türklərinin məzarları qalıb? Həmin məzarlar çoxdan şumlanıb yerlə-yeksan edilib, məscidlər dağıdılıb, muzeylər talan edilib. Bir sözlə, dağıtdıqlarını dağıdıblar, dağıtmadıqlarını da bərpa edib, üzərinə bir xaç vurub, öz adlarına çıxıblar.

Amma biz humanist və multikultural bir dövlət kimi erməni kilsəsini də, erməni məzarlarını da göz bəbəyimiz kimi qoruyuruq. Üstəlik, Azərbaycana gəlmək istəyən erməni əsilli keçmiş Azərbaycan vətəndaşlarına böyük səmimiyyətlə qucaq açırıq.

Bir də ki, iki qonşu xalq arasında hansı ədavətdən söhbət gedə bilər axı?! Ana ilə balanın da arasında söz-söhbət ola bilir. İlk dəfə deyil ki, dalaşıb-barışdığımız. Atalar demiş: çəkişməsən, bərkişməzsən.

Bizə dəfələrlə xəyanət etmələrinə baxmayaraq, hər zaman evimizin yuxarı başına keçirdiyimiz, başlarına dolandığımız, oğullarımıza kirvə tutduğumuz, qızlarını özümüzə arvad etdiyimiz haylardı da. O vaxtdan indiyə nə dəyişib ki?! Hər zaman bağışlamışıq, yenidən can-ciyər olmuşuq, indi də bağışlayıb qardaşlaşmalıyıq. Elə millət vəkillərimiz də, yüksək vəzifəli dövlət məmurlarımız da bunu deyir.

Öcünü almadığımız şəhidlərimizin ruhu da şad olar, öz dədə-baba yurdunu, əzizlərinin məzarlarını ziyarət etməyə gedərkən girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin, düşmən əsirliyində min bir işgəncəyə, təhqirə məruz qalan qız-gəlinimizin də ən böyük arzusu, istəyi hər şeyi unudub haylarla yenidən qardaşlaşmağımızdır.

Qarabağa qaldıqda isə, qoy yaşasınlar, biz acgöz deyilik, bir torpağa görə çoxəsrlik dostluğumuzu pozası deyilik ki. Olan oldu, keçən keçdi, bu vaxtadək verilən torpaqlarımız geri alınıb ki, Qarabağ da alınsın? Nəyin davasını döyürük axı?

Qərbi Azərbaycan dönüb Ermənistan oldu, susduq. Borçalı mahalı Gürcüstana verildi, etirazımızı udduq. Azərbaycanın güneyi İrana birləşdirildi, yenə danışmadıq. Bəs indi nəyə üsyan edəsiyik ki?

Bir sözlə: Yaşasın Ermənistan-Azərbaycan dostluğu! Ölənlərə rəhmət, qalanlara can sağlığı! İşıqlı gələcəyə doğru iri addımllarla irəli!

Banu OĞUZ, Hurriyyet.org

Loading...

QALEREYA