“Yaşasın müstəqil Azərbaycan!” – 99 il əvvəl Azərbaycan parlamentinin ilk iclası keçirilib; Ü.Hacıbəyovun “Təəssürat”ı

“Yaşasın müstəqil Azərbaycan!” – 99 il əvvəl Azərbaycan parlamentinin ilk iclası keçirilib; Ü.Hacıbəyovun “Təəssürat”ı

Bu gün Şərqdə ilk demokratiya nümunəsi olan müstəqil Azərbaycan parlamentinin 99 ili tamam olur. Və Şərqdə ilk operanın bəstəkarı olan Üzeyir Hacıbəyov həm də, Şərqdə ilk müstəqil parlament müxbiri olub.

Hurriyyet.org xəbər verir ki, bu gün Azərbaycan xalqının tarixində əlamətdar gündür.

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) AzərbaycanParlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.

"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M. Ə. Rəsulzadə deyirdi: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxtariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir... Bir dəfə yüksələn bayraq bir daha enməz!(“Azərbaycan” (rusca) qəzeti, № 59, 13 dekabr 1918-ci il). (Məmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu”, Bakı, “Gənclik” – 1991, səh.10).

Bu gün Şərqdə ilk demokratiya nümunəsi olan müstəqil Azərbaycan parlamentinin 99 ili tamam olur. Və Şərqdə ilk operanın bəstəkarı olan Üzeyir Hacıbəyov həm də, Şərqdə ilk müstəqil parlament müxbiri olub. Üzeyir bəy parlament reportajlarını “Azərbaycan qəzetində, ”“Təəssürat” başlığı altında dərc etdirirdi. Hərtərəfli istedada və vətənpərvər qəlbə sahib olan ziyalımız not dünyasında, musiqi aləmində olduğu qədər, siyasət və milli maraqlarımız sahəsində də geniş dünyagörüşünə və uzaqgörənliliyə malik idi. O, Milli Şuranın iclaslarını canlı təsvir, kəskin ağıl və duyar ürəyi ilə işıqlandırırdı. “Təəssürat” yazılarında deputatların çıxışları və siyasi mövqelərini təsvir edir, bir hesabat şəklində xalqa çatdırılırdı. Azərbaycanın müstəqilliyini qazanıb saxlamaq uğrunda mübarizə apardığı qanlı-qadalı dövrdə qələm çalan publisist Üzeyir Hacıbəyov erməni-daşnak qüvvələrinin Qarabağ və Naxçıvanda apardığı terror siyasətini ifşa edirdi. Onun yazılarında milli birlik, xalqın sosial-iqtisadi hüquqlarının təminatı, müstəqil dövlət quruculuğu, dövlət dilinə ehtiram, xaricdən, xüsusən də şimaldan gələn siyasi cərəyanların fitnəsindən müdafiə olunmaq ideyaları təbliğ edilirdi. Üzeyir Hacıbəyovun kəskin zəkası mövcud siyasi baxışları məntiq süzgəcindən keçirib xalqa yaxın bir dillə kütlələrə anlatmaq imkanı verirdi. Yazılarını oxuduqda, onun dünyagörüşü və mövcud vəziyyəti qiymətləndirmək baxımından müxtəlif partiyalara mənsub bir çox siyasətçilərdən üstün olduğu aydınca bəlli olur. Rəsulzadənin yuxarıda söylədiyi kimi, Hacıbəyovu da müstəqillik məsələlərində parlament üzvlərinin birliyi məsələsi narahat edir və onun müsbət həlli sevindirir.

Üzeyir dühası bir dəryadır ki, ondan bu gün həm oxucu, həm də jurnalist kimi öyrənəcəyimiz çox şey var. Dövrün həqiqətlərini dahiyanə sadəliklə təqdim edib xalqının problemlərini düşünən, mövcud vəziyyəti və dünyagöşlərindəki ziddiyyətləri, müsbət və mənfiləri sağlam ağılla qiymətləndirməyi bacaran, siyasi xadimləri dövlət daxilində əhalinin rifahı uğrunda milli birliyə dəvət edən ziyalı insanlara nəinki bizim, bütün bəşəriyyətin hər zaman ehtiyacı vardır və olacaq da. Azərbaycan tarixinin ilk parlament reortajını diqqətinizə çatdırırıq:

Üzeyir Hacıbəyov

TƏƏSSÜRAT

Parlamanımız ikinci iniqadında fraksiyaların bəyannamələrini eşitdik. Əvvəl sözünü deyən “Müsavat” oldu. “...Mülkədarlarla xüsusi maliklərə məxsus olan torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir” dedikdə məclis əhlindən bir parası qurcalandılar. Lakin sol tərəfin gurultulu alqışı “işin üstünü örtüb” əhvalı dəyişməklə bərabər, mürgüləyən əzaları da yuxudan oyadı. “Müsavat”dan sonra “Sosialistlər bloku”nun adamları çıxdı. Aslanbəy Səfikürdski bəy də olsa kəndçi tərəfdarıdır. Kənd əhlinin ağır halı Aslan bəyə o qədər təsir edibdir ki, o təsiri parlaman əhlinə yetirmək üçün, bəlkə sözünə inanmazlar deyə kərratilə Allah-taalaya and içirdi: “Vallah, mən doğru deyirəm. Camaat əldən getdi, Allaha and olsun!” Mən onu gözləyirdim ki, camaatdan birisi durub deyəcək: - Mən ölüm, doğru deyirsən? Bu da cavab verəcəkdir ki: - Sən öl: Həzrət Abbas haqqı! Görünür bizim sosialistlər özgə millət sosialistləri kimi deyildirlər: Allaha, peyğəmbərə inanırlar. Amma mənim qəlbimi şad edən burasıdır ki, bizim sosialistlər Azərbaycanın istiqlaliyyətinə də inanırlar! Burası, sosialistlərimiz tərəfindən göstərilən siyasi bir hünərdir ki, bu hünər düşmənlərimizi məqhur və məyus, dostlarımızı isə məsrur və məmnun edib ümidsizlərə ümid, ümidlilərə də qüvvət və səbat verməklə yavaş-yavaş da olsa mənzili-məqsədə tərəf qədəməndaz oluruq. Biz bir şeydən qorxuruq: İstiqlal yolunda iki qədəm atmışıq, birisi istiqlali-elana və müstəqil hökumət təşkili, ikincisi isə parlaman açılması. Biz qorxurduq ki, üçüncü qədəmi atmağa bizə imkan verməyib, yoldan qaytaralar...

Amma şükür olsun, Aslan bəy and içdi Allaha ki, sosialistlərimiz imdada yetişib, üçüncü qədəmimizi daha da gen qoymaq üçün qolumuzdan yapışdılar. Qədəmlərimiz bir-birindən mübarəkdir. Bunlara ad qoyaq. Birinci qədəm - müstəqil hökumət. İkinci qədəm - şürayi-milli, yaxud parlaman. Üçüncü qədəm isə - əlbirlik! Bütün parlaman fraksiyalarımızın İstiqlal üstündə əlbir olub, söz-sözə verdiklərini xoşbəxt qulaqlarımız ilə eşitdik. İnşallah bu yoldakı, işlərini görməklə gözlərimizin də aydın olduğunu hiss edərik. İndi doğrudan da demək olar ki: - Millət irəli gedir! Artıq, bu sözə gülməyəcəyik, çünki irəliyə doğru üç böyük addım atmışıq və geri dönmək fikrimiz də yoxdur. Aslan bəy demişkən: - O getdi: Aslan bəy bu iki sözü bütün məclis tərəfindən gurultulu alqış almaq üçün demədi, həqiqət elə belədir ki var: - O, yəni o mənhus geri - getdi! Arvadlar sözü olmasın: - Elə getsin ki, dalınca da bir qara daş! Haman o “mənhus geri”nin mənhus əsərlərindən idi ki, Aslan bəydən sonra kürsü xitabətə çıxan Şeyxülislamov “Hümmət” firqəsinin adından danışmaq istərkən başındakı fikrini söyləmək üçün ağzından söz tapmayırdı! Aşkar idi ki, natiqin başındakı, fikir rus dilində hazırdır. İndi bunu türkcəyə tərcümə etmək lazım. Ona görə gərək məclis əhli səbr edib, gözləsin, lakin tərcümə üçün də türkcə yaxşı bilmək lazımdır, halbuki natiq türkcə bisəvaddır. Pəs nə olsun? Hər nə oldu - desin! Odur ki, “paydar” deyəcək yerdə “paymal” deyirdi. “Cümhuriyyətə inam” əvəzinə “cümhuriyyətə ənam” çıxırdı. Bir çox sözlər vardır ki, heç deyə bilmirdi, gərək məclis əhli özü başa düşə idi. Qərəz, binəva çox əziyyət çəkirdi. Yaxşı ki, kömək edənlər az deyil idi. Bir tərəfdən sədri məclis, bir tərəfdən də yaxındakı yoldaşları “sufliyorlıq” zəhmətini müzayiqə etməyirdilər. Bir də natiqin canını qurtaran bir əhvalat idi: yalan yanlış da olsa, dediyi sözlərin mənası o qədər şayani-əhəmiyyət idi ki, haman hər mətləbindən sonra uzun alqışlar guruldayırdı, natiq bu fasilədən istifadə edib o biri fikrini tərcüməyə çalışırdı. Həqiqət, Şeyxülislamov cənablarının bir para mətləblərini qızıl xətt ilə yazıb saxlasan səzadır.

Deyirdi ki: - Azərbaycan istiqlalı yolunda mübarizə etmək lazım gələrsə, birinci mübarizə cərgəsində biz sosialistləri görərsiniz! - İndi “Znamya truda” qəzetəsi müsəlman sosialistlərinin bu cürə sözlərini eşidib də söyməsin, bəs nə eləsin? Ümidləri puç oldu getdi... “Znamya truda”nın başına yığılmış olan yalançı sosialistlər bu ümiddə idilər ki, Azərbaycan istiqlalının təzə qoyulmuş binasını uçurub dağıtmaqda müsəlman sosialistləri onlar ilə əlbir olacaqdırlar və Azərbaycan evi Azərbaycan övladının öz əlilə yıxılacaqdır. Görünür, onlar belə güman edirmişlər ki, bizim sosialistlər, sosializm kimi ali bir elmi ağıl və bilik sayəsində dərk etməyib, yalnız bir “moda” olmaq üzrə özlərinə sosialist adını qoyubdurlarmış, binaənileyhə “bizdən ayrı olmağa utanarlar” ya ki, onları uşaq kimi tovlamaq olarmış ki, belə iş yaxşı deyil, rus demokratiyasından ayrılıb istiqlal qurmaq sosializm işinə xəyanətdir və sairə və sairə və sairə. Lakin bizim sosialistlərimizin ağıl və dərrakəsi “Znamya truda” başına yığılmışların şeytanət və xəbasətinə qələbə çalıb, sosialistlərimizin “moda” üçün deyil, bəlkə ciddi surətdə miskinlər tərəfdarı olduqlarını hər kəsə bildirdilər. Miskinlərin də kim olduğu məlumdur: Bizim kəndçilərimizdən, bizim əmələ və rəncbərlərimizdən başqa miskin kim ola bilər? Deməli, “Znamya truda”çıların bu ümidi də çürük qoz kimi puça çıxdı, sosialistlərimizi uşaq kimi tovlaya bilmədilər! Odur ki, indi də qorxuzmaq istəyirlər, xox gəldi edirlər! Belə ki “Znamya truda”nın son nömrələrinin birində bizim sosialistlərə itab və xitabən acıqlı bir məqalə yazılıbdır: - Siz nə ixtiyarla özünüzə “Azərbaycan sosialistləri” adını qoydunuz? Deməli, bunların sözündən belə çıxır ki, rus sosialisti, alman sosialisti, firəng sosialisti olar, amma Azərbaycan sosialisti olmaz, necə ki, Azərbaycan istiqlalı da ola bilməz! - Andranikləri müdafiə edən bu cürə “sosialist”lərdən hələ çox sözlər eşidəcəyik... Belə güman edilməsin ki, bu sətirləri yazan özü sosialistdir, ona görə sosialistlərimizin hünərləri haqqında bu qədər danışır. Xeyr, mən sosialist, filan deyiləm, ola bilər ki, hələ ağlım o dərəcəyə çatmayıbdır, ancaq məni bu qədər fərəhləndirən Azərbaycan istiqlalı məsələsində sosialistlərimizin bu dərəcə sağlam, düzgün və həqiqi bir vəziyyətdə bulunmalarıdır. Məni fərəhləndirən, sosialistlərimizin parlaman kürsüsündə ağızlarından çıxan gözəl və pürməzmun sözlərdir.

Məsələn, Şeyxülislamovun bu sözlərini eşidib də hansı Azərbaycan övladı fərəhlənməz ki, deyirdi: - İstiqlalımıza inanmayan, gələcəyimizə ümidvar olmayan adamlar, hökumətimiz içində olmamalıdır! Qərəz! Mətləbi uzatmayaq. Növbəti dördüncü addımmdır. Bu addımın da adı: - Ləyaqətdir! Yəni müstəqil yaşamağa layiq olduğumuzu bildirsək, axırıncı olan beşinci addımımızı da atıb mənzili-məqsədə yetişərik. Beşinci addım isə: - İstehqaqdır. İstiqlalə müstəhəqq olduğumuzu dünyaya aşkar edək. Bu axırıncı addım da atılarsa, özümüzü məqsədimizin mənzilində görərik. O məqsəd isə: - Yaşasın müstəqil Azərbaycan! Kəlami-insaniyyət pərvəranəsinin sülh konfransında vilsonların ağzı ilə bütün cahana elan və elam edilməsindən ibarətdir!

“Azərbaycan” qəzeti 16 dekabr 1918-ci il № 66 (Akif Aşırlı, “Azərbaycan mətbuatı tarixi”, Bakı – 2009, səh. 152).

Hurriyyet.org

  • Hamısı
  • Loading...