Yaxın tarixi hadisələr...

  • 2019-03-15 13:09:07
  • |
  • Tarix /

Yaxın tarixi hadisələr...

Adıgözəl Məmmədovun N. Nərimanov araşdırmaları

İndiki gənclərin bir çoxu yaxın keçmişdə baş verən hadisələri dəqiq bilmirlər. Tarix yazanlar da tarixi təhrif edirlər. Buna görə bir az əvvəlki dövrlərdən danışanda axtarmalı olursan ki, hansı kitabdakı məlumatlar daha dəqiq olar. Götürək 20 yanvar hadisələrini. İndiki gənclər soruşa bilərlər ki, haradadır 20 yanvar qırğınının baş verməməsi üçün çalışanlar, döyüşənlər, özlərini qurban verməyə hazır olanlar. Onlardan kim gəlib özü haqqında və gördüyü işlər haqqında məlumat verər? Heç kim. Ona görə ki, onlar xalqın içindədir və adi adamlardır. Özlərini qəhrəman adlandırmağa ehtiyat edirlər. Çünki, hadisələrdən sonra ölənlərə şəhid dedilər, sağ qalanlara isə avara, narkoman, sahibsiz küçə uşaqları adı verdilər. Həmin hadisələr barədə danışmağa adam lazım olanda vəzifədə olan kimlərinsə yaxın adamlarını çıxarırlar efirə, onlar da özlərindən şahidi olmadıqları tankla əli yalın adamların döyüş səhnəsini uydururlar. Əslində 20 yanvar hadisələrinin iştirakçılarının çoxu bir parça çörək dalınca Azərbaycanı tərk ediblər. Sirr deyil ki, çoxları üstümüzə tank göndərən Rusiyaya gediblər. Onların arasında elələri də var ki, heç vaxt doğma Vətənə qayıtmaq istəmirlər.

Götürək Sumqayıt hadisələrini: hadisəni planlaşdıranlar məlum, törədənlər məlum, bütün baş verən hadisələrin xırda nüanslarını yazıya alan da məlum - Aslan İsmayılov. Bu barədə də məlumat verərkən yenə kiminsə tanış adamını çıxarırlar ekrana. Əsl hadisə iştirakçıları verilişə baxıb əsəblərini cilovlaya bilmirlər.

Sovet vaxtı Mir Cəfər Bağırovun adını kitablardan çıxarmışdılar. Hətta 1934-cü ildən 1952-ci ilə qədər keçirilmiş qurultayların materiallarında da onun adına rast gəlmək olmur, halbuki, bu 8 qurulatayda (1934, 1937, 1938, 1939, 1940, 1949, 1951, 1952) hesabat məruzəsi ilə çıxış etmişdir. Nəriman Nərimanova da xalqımız tərəfindən çox ögey münasibət bəslənilmişdir.

Nə Sumqayıt hadisələrinə, nə 20 yanvar hadisələrinə, nə də Xocalı soyqırımına nüfuzlu dünya təşkilatlarının qiymət verməsini tələb edən yoxdur. Nüfuzlu sammitlərə, iclaslara göndərilənlərin kənar işlərlə məğul olduqlarını danışanlara da təxribatçı deyirlər. Ermənilər isə xəritələrdə dəyişikliklər edir, Azərbaycan torpaqlarını öz dədə - baba torpaqları kimi dünyaya sübut etməyə çalışırlar. Hətta dünyadakı məşhur kilsələrlə bərabər Misir ehramlarını da ermənilərin tikdikləri barədə məlumat yayırlar.

Mir Cəfər Bağırovun keçən il dünyasını dəyişmiş bacısı nəvəsi Məmmədtağı Bağırov bir yazısında: - “Jurnalistlərin səhv yazısını bağışlamaq olar, ancaq tarixçinin səhvini bağışlamaq olmaz”, - demişdi.

Tanınmış arxiv tədqiqatçısı Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabının birinci cild, səhifə 111-dən oxuyaq:

Mir Cəfər Bağırovun doğruçu şahidlərinin ağsaqqalı, xalq yazıçımız Manaf Süleymanov 1996-cı ildə Xəzər Universiteti nəşriyyatı tərəfindən buraxılmış “Son bahara çatdıq...” kitabında yazır:

“Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Mir Cəfər Bağırov Qarabağa Vilayət İnqilab Komitəsi sədrinin müavini və Hərbi İnqilab Şurasının müvəkkili göndərilir, qısa bir zamanda bütün əksinqilabi qüvvələr onun bilavasitə iştirakı ilə darmadağın edilir. 1920-ci ilin payızında Bağırov Bakıya qayıdır və Azərbaycan diviziyasının komissarı təyin olunur. Sonra daha bir sıra yüksək hərbi – siyasi vəzifələrə irəli çəkilir. Ən böyük xidməti Azərbaycanda milli qoşun hissələri yaratmaq kimi mühüm iş üzərində çalışması olur. Nəhayət, 1921-ci ilin fevralında o, Xalq Daxili İşlər Komissarlığının Baş Siyasi İdarəsinə təyin olunur və on ilə qədər bu sahədə fəaliyyət göstərir. Mir Cəfər Bağırov ÇK-nın sədri təyin olunanda onun cəmi 25 yaşı vardı və həmin vəzifə ilə yanaşı, xalq daxili işlər komissarı, Xalq Yollar Komissarlığının müvəkkili, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrini də tutmuşdu.

1922-ci ildə Cəfər Cabbarlını pantürkist, müsavatçı kimi həbs edirlər. Mir Cəfər Bağırov xəbər tutanda şəxsən kameraya gedib onu azad edir, eynilə Əziz Şərifi də”.

Yalançı şahidlərin “çoxları axşamlar teatrlara gedirdi, Mir Cəfər Bağırov isə həbsxanaya adam döyməyə” ifadələrini rədd edən dünya görmüş yazıçı kitabının başqa bir yerində vaxtilə MK-nın ikinci katibi vəzifəsində işləmiş akademik Əliəşrəf Əlizadənin bu sözlərini oxuculara çatdırır: “Mir Cəfər Bağırov yorulmaq bilmirdi. Bilmək olmurdu ki, nə vaxt yatır, nə vaxt dincəlir; ən gözlənilməz zamanda görürdün ki, hadisə yerindədir. Çox oxuyardı. Geniş kabineti əsl kitabxana idi. Səhər tezdən zəng çalır, adamlara səsini çatdırır, oturub oxuyurdu. Adamı yeddi köynək tər tökənə qədər işlədirdi. Bacarıqlıları, işbilənləri müdafiə edirdi, imkan daxilində təltif etdirirdi.”

Bundan əvvəlki məqaləmdə Nəriman Nərimanov haqqında tanınmış tədqiqatçı Teyyub Qurbanın arxivdə apardığı araşdırmalar nəticəsində əldə etdiyi məlumatlar əsasında qeydlər etmişdim. Sovet vaxtının kitablarından N. Nərimanov haqqında oxuduqlarımız müxtəlif insanların görkəmli həkim haqqında olan tərcümeyi halı və iş yerlərinin sadalanmalarıdır. Yəni hərə bu məşhur insana öz prizmasından baxışlarını həqiqət kimi qələmə vermişdir. Əslində onun gördüyü işləri bu vaxta qədər aşağılayıblar. İndi isə kitabları dünyada oxunan və həm də bir çox kitabları ABŞ-ın dövlət rəhbərlərinin istifadə etdiyi konqres kitabxanasının kataloqlarına daxil edilmiş, Slavyan – Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı – yazıçı, həkim – psixoanalitik Adıgözəl Məmmədovun “Siyasi liderlərin psixoloji portretləri” kitabından dövrünün məşhur həkimi, yazıçı – dramaturqu, müəllimi, siyasətçisi və rəhbər işçisi olmuş Nəriman Nərimanov haqqında Adıgözəl həkimin neyropsixoloji təhlillərinin tam mətnini vermək yerinə düşər:

Azərbaycanın o dövrə qədər Nəriman Nərimanov kimi Kremldə məsul bir vəzifə səviyyəsinə qalxan ikinci oğlu olmamışdır. Artıq 1923-cü ildə Kremldə Leninin xəstəliyindən istifadə edib gələcəkdə siyasi sükanın tam sahibi olmaq mübarizəsi gedirdi. N. Nərimanovun V.İ. Leninə yazdığı məktubların birində deyilirdi: “İ.V. Stalin tərəfindən edilən haqsızlığa və ədalətsizliyə qarşı mən öz etirazımı bildirirəm. İş o yerə gəlib çatıb ki, Stalin azərbaycanlı kadrlara inanmır. Sizə yox, kimə müraciət edim, yoldaş Lenin? Necə olur ki, öz əsərlərində xalqlar dostluğunu, beynəlmiləlçiliyi iyrmi beş il təbliğ edən bir adam millətçi olur, sabiq mauzeristlər isə beynəlmiləlçi? Çox qəribədir.”

Stalin və həmçinin Serqo Orconikidze ölkənin sükanını ələ almağa çalışanlardan idilər və onlar bu yolda istəklərinə çatmaqda özlərinə mane saydıqları N. Nərimanovu aradan götürmək qərarına gəldilər.1924-cü ilin yanvar ayında Lenin vəfat etdikdən sonra bu qruplaşma Kremldə tənha qalmış N. Nərimanovun fiziki məhvi planını cızdı. 1918 – 1920-ci illərdə cəmi 23 ay mövcud olmuş müstəqil dövlətimizin taleyinin faciəvi şəkildə başa çatmasının bir əsas səbəbi də o dövrdə Azərbaycandakı müxtəlif təşkilatlar, partiyalar daxilində fəaliyyət göstərən soydaşlarımızın arasında mövcud olan ciddi fikir ayrılıqları idi.

Təsadüfi deyil ki, Azərbaycanda Demokratik Cümhuriyyətin bolşeviklərə hakimiyyəti təslim edib – etməməsi ilə bağlı parlamentdə aparılan gərgin mübahisələr zamanı Səmədağa Ağamalıoğlu heç nə olmayıbmış kimi: “O olmasın, bu olsun,” – demişdi. Moskva həmişə olduğu kimi, o dövrdə də əlindən gələni etdi ki, məqsədinə daxili qüvvələri bir – birinə qarşı qoymaqla çatsın. Təsadüfi deyil ki, bu gün də Nəriman Nərimanova təzadlı münasibət qalmaqdadır. Tez – tez Nəriman Nərimanovun millətçiliyindən də danışırlar, lakin kommunistin, sözün əsl mənasında, millətçi olması mümkün deyildi. Təbiidir ki, yazıçılıq, həkimlik və siyasətçilik kimi bir neçə gərgin peşənin daşıyıcısı olan Nərimanovun o dövrdə baş verən hadisələrdən qalibiyyətlə çıxa bilməməsini, əksinə, onun gerçək faciəli durumunu şərtləşdirən amillər var idi. Hər şeydən əvvəl, Nərimanovun faciəsinin kökünü onun sosializm ideyalarına yarı tərəddüd, yarı inam vəziyyətində qalmasında axtarmaq lazımdır. Digər tərəfdən də, Nərimanovun, nə qədər acı səslənsə də, fitri siyasətçi ola bilməməsi onun faciəvi aqibətinin sonluğunu hazırladı.

Nəriman Nərimanov haqqında danışmaq məsuliyyət tələb edir. Digər tərəfdən də, həyatı gərgin mübarizələr içərisində keçən bu şəxs haqqında çox zaman birmənalı olaraq fikir söyləmək mümkün deyil.

Onun xarakterinin, ömrünün, yaradıcılığının ayrı – ayrı cəhətlərinin aşkarlanıb ictimaiyyətə çatdırılmasında bir sıra tədqiqatçılarımızın xidmətləri var, lakin təəssüflə deməliyəm ki, hələ də Nərimanov dövrünün şərtlərindən irəli gələn fəaliyyətini, “qabıq altındakı” kimliyini tam dəqiq araşdıra bilməmişik. Onun bədii, siyasi yaradıcılığı fonunda daxili aləminin təbəddülatları, tərəddüdləri, məhz bolşevik kimi formalaşmasının istiqamətverici amilləri, 11-ci Qırmızı ordunu müşayiət edərək Azərbaycana işğalçılarla birgə gəlməsi, İnqilabi Şuranın sədri kimi Azərbaycanda fəaliyyəti zamanı düşdüyü mühit, sonralar isə Kremldəki fəaliyyəti, ömrünün acı, faciəli sonluğu bizi bu şəxsiyyətin xarakteri haqqında dərindən düşünməyə, onun bu vaxtacan məlum olmayan cəhətlərini, əsl qiymətini verməyə vadar edir.

(Ardı var)

Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA