Yaxın tarixi hadisələr... - III HİSSƏ

  • 2019-03-19 15:54:51
  • |
  • Tarix /

Yaxın tarixi hadisələr... - III HİSSƏ

Adıgözəl Məmmədovun N. Nərimanov araşdırmaları

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/yaxin_tarixi_hadiseler_-_ii_hiss)

Yeri gəlmişkən, bir faktı da nəzərdən qaçırmaq lazım deyildir ki, repressiya prosesi Kremldən planlı surətdə idarə olunurdu. O dövrdə Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A. Jdanov Azərbaycan KP MK-ya, şəxsən Mir Cəfər Bağırova göndərdiyi məktubda (Bu məktub onun məhkəməsində oxunmuşdur – A.M.) o, M.C. Bağırovu əksinqilabçı düşmənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edilməsində qətiyyətsizlik göstərdiyinə görə günahlandırırdı. Sözsüz ki, bu xəbərdarlıq məktubu əsassız deyildi. Artıq Kremlə M.C. Bağırovun Azərbaycanın milli ruhlu bu və ya digər görkəmli ictimai – siyasi xadimlərini xilas etmək üçün birbaşa Sovet rəhbərlərinə göndərdiyi müraciətlər və Kremlin Azərbaycan üzrə olan agentlərinin M.C. Bağırovdan xəbərsiz mərkəzə göndərdikləri məxfi siqnallar Bağırova qarşı yuxarıdakı xəbərdarlıq məktubunun əsasını formalaşdırırdı.

Təəccüblü deyildi ki, 5 mart 1937-ci ildə ÜİK(b)P MK plenumunda Stalinin son sözündə də bütün diqqət artıq, çağırış xarakteri daşıyan bu məsələyə yönəldilmişdi: “Zənnimcə, indi hamıya aydındır ki, hazırkı ziyankarlar və diversantlar, istər trotskist, istərsə də Buxarinin tərəfdarları hansı bayraqla maskalanırsa maskalansınlar, artıq çoxdan bəri fəhlə hərəkatında siyasi cərəyan deyildirlər, onlar prinsipsiz və ideyasız professional ziyankarlar, diversantlar, casuslar və qatillər bandasına çevrilmişlər. Aydındır ki, bu cənabları, fəhlə sinfinin düşmənləri kimi, vətənimizin xainləri kimi amansızcasına darmadağın etmək və kökünü kəsmək lazım gələcəkdir. Bu aydındır və başqa izahat tələb etmir.”

Zaman – zaman 1937-ci il məsələsi çox adamı düşündürüb. İstər – istəməz yaradıcı şəxslə zaman arasında tarixin əksər çağlarında konfliktlər olub. Çünki zamanın əhvali – ruhiyyəsi çox hallarda çərçivəsindən kənara çıxmaq istəyən, onun qayda – qanunları ilə, durumu ilə uyğunlaşmaq istəməyən yaradıcı şəxsiyyətin ölçüsünə uyğun gəlmir. Şübhəsiz ki, hər yaradıcı insan belə vəziyyətlərdə özünəməxsus hərəkət edir.

Əgər şəxsin əhvalı, iradi vəziyyəti güclüdürsə, o, əsərlərində arzuladığı, yaratdığı müsbət qəhrəmanlar kimi olur. Yox, əgər yaradıcı şəxs zamanın axarına düşüb gedirsə, o zaman şübhəsiz onun mənəvi iflası başlanır.

Hər bir yaradıcının əhatə və təsir dairəsi onun səviyyəsinə görə müəyyənləşir. Əsasən bədii təfəkkürə meyilli insanlar başqalarından fərqlənirlər. Ümumiyyətlə, Qərb alimləri, psixoanalitikləri yazıçıların digər təfəkkür sahiblərindən fərqli keyfiyyəti kimi əsasən onların bədiiliyə meyilliliyi ilə xarakterizə edirlər. Cəmiyyət, ictimaiyyət arasında müəyyən yazıçılar daha çox rəğbər qazanır, müəyyən yazıçılar isə cəmiyyətdə üstün mövqeyə malik ola bilmirlər. Elə yazıçılar da var ki, onların əhatəsi, təsir dairəsi məhz yaradıcılıq səviyyəsinə görə dar olur. Ümumiyyətlə, yazıçının ən əsas keyfiyyəti onun nə dərəcədə azad olmasına bağlıdır. Fikir müstəqilliyinə yetən yazıçı, şübhəsiz, bu cəhətini həm də fitri keyfiyyətinin təsdiqi kimi cəmiyyətə təqdim edir.

Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulmasının, onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə, psixikalarına olduqca mənfi təsir edirdi. Yaradıcı insanın düşüncəsini buxovlamaq olmaz. Ümumiyyətlə, ədəbiyyata olan hər mənada basqılar yaradıcı insanların idrakının buxovlanması məqsədini güdür. Yazıçının nəzarət altında saxlanması, şübhəsiz, onun idrakı bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədir. Bu hər şeydən əvvəl, yaradıcı insanların fikir müstəqilliyinin əllərindən alınması deməkdir.

30-cu illərdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli simaları məhv edildi. İmperiya yaradıcı insanların hamısını sıradan çıxarırdı, amma Üzeyir Hacıbəyovu, Səməd Vurğunu saxlayırdı. Bu, əslində, həmin fərdlərin yaradıcılığının imperiya yönündə köklənməsi üçün onların qarşısında amansız şərtlər qoyurdu. Bu tipli yüksək bədii – yaradıcı keyfiyyətləri özündə daşıyan insanların müəyyən dövrdən sonra stres, psixoloji gərginliklər səbəbindən rastlaşdıqları xəstəliklər ictimaiyyətə artıq məlumdur. Hər kəs kimi, yazıçı da insandır. Bir insanın hər hansı formada sarsıntılara cavab vermək reaksiyası necə mövcuddursa, bədii yaradıcılığa meyilli insanlarda da bu var. Fiziologiya elmində siqnallar sistemi var. Məsələn, mənfi emosiya bir siqnaldır. Bu siqnal mərkəzi sinir sisteminə ekstrapiramid yollar istiqamətində ötürülür. Mərkəzi sinir sistemində insanın artıq xarakterik temperamentinə uyğun olan psixoinersional gərginlikdən asılı olaraq müəyyən qarşılıqlı münasibət – siqnal reaksiyası formalaşır. Bir də görürsən insan xaricdən ona ardıcıl şəkildə təsir edən siqnallara vaxtında cavab verə bilmir, nəticədə nevrozluq yaranır. Yaradıcı şəxsiyyət o həddə çata bilər ki, onda suisid – intihar istəyi baş versin. Sovet marksist filosofu Heydər Hüseynovun ölümü buna bariz nümunədir. Heydər Hüseynov öz dövrünün konyukturasının girovuna çevrilmişdi. Ancaq o həmin girovluqdan çıxmaq üçün cəhd edirdi. Genoloji olaraq ötürülmüş informasiyalar onu bu girovluqdan çıxmağa məhkum etmişdi. Dünənə qədər o, bu sistemə qulluq edirdi. H. Hüseynov imperiyanın yaratdığı fikir zindanının hücrəsində müqavimət göstərmək imkanında deyildi. O, bu zindandan çıxmağa cəhd etdi. Çünki bu cür yaşamağı qəbul etmirdi. Sonda yeganə çıxış yolunu isə özünəqəsddə gördü.

Ona görə də intihara meyillilər arasında bədii təfəkkürə malik insanlara daha çox rast gəlinir. Nəyə görə Heydər Hüseynovla xoş münasibətlərdə olan Mir Cəfər Bağırov ona qarşı münasibətini dəyişdirərək barışmaz mövqe tutdu. Belə ki, M.C. Bağırov 1950-ci ildə “Müridizm və Şamil hərəkatını azadlıq və proqressiv addım kimi qiymətləndirir. Bu qiymət antimarksist nəzəri və siyasi baxışından səhv, tarixi həqiqət və tarixi materializmə ziddir. Müridizm İslamda daha savaşqan və reaksion istiqamət olmuş, xalq kütlələrinə qarşı zülm aləti kimi istifadə edilmişdir və işğalçı türk ordusu, ingilis mütəmləkəçilikyinin maraqlarına qulluq göstərmişdir. Rusiyadan ayrılmağa çalışmış və Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf reaksion xüsusiyyətləri daşımış, inqilabi hərəkatın maraqları ilə ziddiyyət təşkil etmişdir. Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləng edici təsir göstərmişdir.” Sözsüz ki, oxucuda yuxarıdakı fikirlər Bağırov tərəfindən irəli sürülən arqumentin imperiya konyukturasına köklənməsi təsəvvürünü yaradır. Çox güman ki, Bağırov da bu sözləri yazarkən əsassız olduğunu bilirdi. Lakin o, məcbur idi, belə ki, II Dünya müharibəsindən sonra, 1945-ci ilin sentyabrında Cənubi Koreyaya ABŞ qoşunları girdi. SSRİ, ABŞ və Böyük Britaniya dövlətləri xarici işlər nazirlərinin Moskva müşavirəsinin (1945, dekabr) qərarına əsasən, Koreya müvəqqəti olaraq 38-ci paraleldən şimala Sovet, cənuba ABŞ zonalarına bölündü. Sovet zonasında Şimali Koreya Xalq Demokratik Respublikası yaradıldı. Cənubda isə Cənubi Koreya Respublikası elan edildi. 12 oktyabr 1949-cu ildə birinci olaraq SSRİ KXDR-lə diplomatik münasibətlər yaratdı, iqtisadi – mədəni əməkdaşlıq haqqında müqavilə imzaladı, lakin özünün atom silahını əldə etmiş Stalin əvvəlcədən 1945-ci ildəki Moskva müşavirəsində razılaşdırılmış bəndləri pozaraq Şimali Koreyada yeni bir dövlət quruluşunun ərsəyə gəlməsinə şərait yaratdı, bu, xüsusən də ABŞ tərəfindən kəskin narazılıqlarla qarşılandı.

ABŞ Birləşmiş Millətlər Təşkilatında SSRİ-nin bu addımına qarşı xüsusi bir qətnamə qəbul etdirdi. Belə ki, 25 iyun 1950-ci ildə 16 dövlətin silahlı qüvvələri BMT qoşunları adı altında Cənubi Koreyadan Şimali Koreyaya doğru hücuma başladı. BMT bayrağı altında olan qoşunların say tərkibinə görə isə ABŞ-dan sonra Türkiyə hərbi qüvvələri ikinci sırada idi. Artıq Koreya cəbhəsində Sovet qoşunları ilə BMT ordusu adı altında türk əsgəri üz – üzə gəlmişdi.

Belə bir məqamda Heydər Hüseynovun türk və islam milliyyətçiliyi mövqeyindən kitab yazması və onun Stalin mükafatına layiq görülməsi çox qəribə görünürdü. Hadisələrin əsas mahiyyəti heç də göründüyü kimi deyildi. Artıq Cənubi Azərbaycanda siyasi hərəkatlar zamanı M.C. Bağırovun mövqeyi Kremldə əyləşənlərə yaxşı bəlli idi. Onun Stalinə göndərdiyi milli ruhlu məktublarını artıq kitabda göstərmişik. Ona görə də M.C. Bağırov hər dəfə Moskvaya səfəri zamanı Siyasi Büronun üzvəri ilə ünsiyyətində və o cümlədən də yazdığı “Azərbaycan ziyalılarının növbəti vəzifələri” haqqında kitabında da İran Azərbaycanı məsələsini qaldırırdı. 1945-ci ildə başa çatdıra bilmədiyi Cənubi Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Sözsüz ki, buna erməni – daşnak siyasi klanı laqeyd qala bilməzdi. Hər vasitə ilə onu Stalinin gözündən salmaq üçün müxtəlif kartlardan istifadə etməyə çalışırdılar. Bu baxımdan Heydər Hüseynovun birdən – birə “Müridizmi təbliğ edən” əsərinin ölkənin ali dövlət mükafatına layiq görülməsi, əslində, M.C. Bağırovun əleyhinə hazırlanmış planın gizli tərəfi idi. Ona görə də tükü – tükdən seçən M.C. Bağırov küləyin haradan əsdiyini gözəl duymuşdu. O, əslində, bütün Azərbaycana qarşı yönəldilmiş bu maneəni özünəməxsus məharətlə dəf etdi. Ancaq çox təəssüf ki, bu oyunun qurbanı Azərbaycanın böyük filosofu, ictimai – siyasi xadimi Heydər Hüseynov oldu. Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmədi. Yüzsifət ziyalıların, məddahların, yaltaqların təhqirinə dözə bilmədi. Nəticədə bir dəfə şah damarını kəsdi, akademik Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə Heydər Hüseynovu özünü asmış vəziyyətdə tapdılar.

Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA