Yeni açılan “Neftçilər parkı”nda karusellər niyə bağlı qalıb: Uşaqları məyus edən durumun səbəbi... - REPORTAJ, FOTOLAR

Yeni açılan “Neftçilər parkı”nda karusellər niyə bağlı qalıb: Uşaqları məyus edən durumun səbəbi... - REPORTAJ, FOTOLAR

Bir zamanlar “Cavanşir parkı” kimi tanınan və hektarlarla ərazini əhatə edən təmirsiz, dağınıq vəziyyətdəki parkdan dəfələrlə reportajlar hazırlamışdıq. Artıq həmin park yeni ada və yeni görkəminə qovuşub. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi Neftçilər parkı artıq Qaraçuxur qəsəbə sakinlərinin , eləcə də ətraf qəsəbələrin əhalisinin əsas istirahət məkanlarından birinə çevrilib.

Musavat.com-un müxbiri sözügedən parka baş çəkərək görülən işlərlə tanış olub. Qeyd edək ki, geniş ərazisi, bol yaşıllığı olan bu parkda yeni attraksion və karusellərin quraşdırılması bu istirahət məkanını hər yaş kateqoriyasından olan insan üçün cəlbedici hala gətirib. Yüzə yaxın ailə, xüsusən də azyaşlı uşaqları olanlar burada həm dincəlmək, həm də uşaqları əyləndirmək üçün mövcud imkanlardan yararlanırlar. Oturacaqlardan tutmuş trenajor alətlərinə, karusellərə qədər hər bir detal nəzərə alınıb. Yaxınlıqdakı çayxana da yenilənib. Qaraçuxur qəsəbəsinə gedən və parkın önündən keçən yollar asfaltlanıb. Parkın açılışından sonra ətrafdakı ictimai-iaşə obyektlərinə, xüsusən də kafe və restoranlara tələbat artıb.

Məlumat üçün qeyd edək ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib. Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

Lakin parkda diqqətimiz çəkən əsas problemlərdən biri də uşaqlar üçün nəzərdə tutulan karusellərin işləməməsi oldu. Ətrafdakı onlarla uşaq karuselə minmək üçün valideynlərinə şikayət edib ağlasalar da, bu atraksionlara nəzarət edən şəxslər hələ ki, onlara elektrik verilmədiyini bildirdirlər.

Qeyd etdilər ki, karusellərin işləməsi üçün öncə müvafiq dövlət qurumu olan “ASAN Xidmət”dən razılıq alınmalı, daha sonra hər birinə sayğac qoyulmalıdır. Yalnız bundan sonra karusellər azyaşlılara xidmət göstərə bilər. Karusellərə nəzarət edənlər müvafiq sənədlərə görə ödənilməli olan dövlət rüsumunu verməkdə çətinlik çəkdiklərini bildirdilər. Gündüz saatları olduğundan parkın işıqlandırılması ilə bağlı vəziyyətin nə yerdə olduğunu müşahidə edə bilməsək də, ətrafda yaşayan sakinlər axşam saatlarında parkın da işıqlandırılmasında problem yaşandığını bildirdilər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a açıqlamasında bildirdi ki, istehlakçı olmaq üçün vətəndaşlar “ASAN Xidmət”ə müraciət edirlər, o xidmətdən yararlanırlar: “Bu attraksionlarla bağlı da onu işlədənlər “ASAN Xidmət”ə müraciət etsinlər. “Azərişıq” olaraq bizdən asılı olan nə varsa, hamısını operativ şəkildə həll etməyə hazırıq. Orada elektrik verilib-verilməməsi ilə bağlı məndə məlumat yoxdur. Parkların və küçələrin işıqlandırılması Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki İşıqlandırma İdarəsində və rayon icra hakimiyyətlərinin nəzdindəki işıqlandırma idarələri tərəfindən həyata keçirilir Biz hər yerə eyni qaydada elektrik təminatı veririk. Əgər problem varsa, “ASAN Xidmət”ə müraciət etsinlər. biz də problemlərin aradan qaldırılmasına köməklik göstərərik”.

Məsələ ilə bağlı “ASAN xidmət”dən də rəsmi mövqe öyrənməyə çalışırıq.