“Yeni jurnalist nəslini universitetlər yox edirlər” - MÜSAHİBƏ

“Yeni jurnalist nəslini universitetlər yox edirlər” - MÜSAHİBƏ

Vüqar Məmmədov: “Bu gün Azərbaycan mətbuatında ictimai fikri formalaşdıracaq elə bir qəzet, televiziya, sayt, radio yoxdur”


“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun Versus.Az-a müsahibəsi.

- Vüqar bəy, neçə ildir mətbuatdasınız?

- Neçə il..., tam dəqiq desəm, 1997-ci ilin avqust ayından, 22 il...

“Mətbuatın hürriyyətinin də bir çərçivəsi olmalıdır”

- “Hürriyyət”də vəziyyət necədir, öz hürriyyətini qoruya bilirmi?

- Bu bir az çətin, çoxşaxəli, geniş cavab tələb edən bir sualdır. Çünki bu, hürriyyətə hansı prizmadan yanaşmaya bağlıdır. Ümumiyyətlə isə, nəinki bizim ölkədə, bütün dünyada tam şəkildə azad mətbuat yoxdur. 22 illik təcrübəm onu deyir ki, ən inkişaf etmiş ölkələrdə belə mətbuata müxtəlif formalarda basqılar olub. Yəni bütün inzibati resursslar bir ölkənin hakimiyyətin əlində cəmlənirsə, əgər güc təkcə bir qüvvənin əlindədirsə, mətbuatın tam şəkildə azad olması absurd görünür. Çünki elə təzyiqlər edilir ki, qəzet müəyyən bir məqamda öz azadlığından, yaxud da öz əqidəsinin hansısa hissəsindən imtina etmiş olur. Düzdür, mətbuatın hürriyyətinin də bir çərçivəsi olmalıdır, amma fikrimcə azadlığın çərçivəsini müəyyənləşdirmək çox çətindir.

- Hesab edirsiniz ki, AZADLIQ özü çərçivəyə salınmaqdır?


- Hər kəs üçün Azadlıq müxtəlif çərçivələrdə ölçülür. Biri azadlığın “çərçivəsi”ni bir cür, digəri isə tamamilə başqa bir ölçüdə təsəvvür edir. Yəni Azadlığın yerləşəcəyi konkret bir bir çərçivə yoxdur. Eyni zamanda Azadlıq o demək deyil ki, kim nə gəldi etsin, kim nə gəldi danışsın, yazsın. Bu hal anarxiya, çaşqınlıq, nizamsızlıq demək olar. Dediyim kimi, azadlığın çərçivəsi müxtəlif insanların düşüncələrinə və onların prosesləri necə görmələrinə, xarakterlərinə görə dəyişir. Yəni birinin azad ola biləcəyi məkanda, bir başqasının özünü buxovda hiss etməsi ola bilər. Ona görə də hər kəs müəyyən etməlidir ki, o özünü nə zaman və harda azad hiss edir. Bu mənada bu, bir qədər müzakirə və mübahisə yaradacaq bir məsələdir. Amma bütün bunlara rəğmən biz qəzet olaraq çalışırıq ki, özümüzə görə müəyyənləşdirdiyimiz çərçivədə öz hürriyyətimizi qoruya bilək.

“Televiziyalarımız xalqa deyil, şeytani qüvvələrə xidmət edirlər”


- Sizin yanaşmanızdan belə aydın olur ki, “Azad olma və onu qoruma” anlayışı hər bir kəsin öz təfəkkürü və onun baxış bucaqları ilə ölçülür.


- Ancaq...

- Amma medianın, mətbuat adamının da bəlli bir missiyası var. O, cəmiyyətin idarəedici strukturları və ictimai-siyasi sferası arasında bir əlaqələndirici, ictimai fikri formalaşdırmalı, doğrunun ortaya çıxarılması kimi bir missiyaya malikdir. Mətbuatın çərçivəli hürriyyəti ilə, ictimai fikrin formalaşdırılması missiyası nə dərəcədə uzlaşır?


- Bir gün peyğəmbərimiz Məsciddə olan zaman bir nəfər ona yaxınlaşıb çoxlu təriflər deyir və peyğəmbər ona təşəkkür edir. Bu gedəndən sonra başqası gəlib onu tənqid edir, peyğəmbər ona da təşəkkür edir. Ondan soruşurlar ki, ona niyə təşşəkkür etdin, o ki, səni tənqid etdi. Peyğəmbər deyir ki, mən bir güzgüyəm, hər adam özünü məndə görər.

Deməyim odur ki, çirkabın içində olan adam özünü çirkli, təmiz adam saf görər. Mətbuat da bir güzgüdür. Çirkabda olan adam özünü orda çirkli, təmiz də təmiz görəcək. Bu baxımdan bəli, mətbuatın üzərinə düşən müəyyən məsələlər var ki, qadağaların olmasına baxmayaraq öz işini düzgün icra etməlidir. Amma təəssüf ki, bu gün Azərbaycan mətbuatında ictimai fikri formalaşdıracaq elə bir qəzet, televiziya, sayt, radio yoxdur. Televiziyaların auditoriyaları böyük olsa da, yaxşı mənada ictimai fikri formalaşdırmaq üçün çaba göstərmirlər. Tam tərsinə, televiziyalarımız ictimai fikri çirkin məcrada formalaşdırmaqla xalqa deyil, şeytani qüvvələrə xidmət edirlər. Verilişlərə baxanda bunu açıq-aydın görmək olur. Bu da bizim nəzərdə tutduğumuz missiya, ictimai rəy deyil. İstər çap, istərsə də onlayın mediada da elə bir qüvvə yoxdur ki, ictimai rəyə təsir eləsin. Azərbaycan mediasında elə bir qəzet, sayt yoxdur ki, ölkənin bütün ərazisini əhatə edə bilsin. Bu gün sosial şəbəkələr - twitter, facebook, instaqram və sair modullar - ictimai fikrə daha çox təsir edə bilir. Çünki burda kütləvilik daha çoxdur.

- Son illər sosial media - “vətəndaş jurnalistikası” öz operativliyinə və aktivliyinə görə ənənəvi medianı üstələyib. Sizcə bu nə ilə bağlıdır, dediyiniz kimi ənənəvi mediada ictimai fikri ələ ala biləcək medianın olmaması belə bir zərurəti yarada bilərmi?


- Sosial media təbii olaraq üstünlük təşkil etməlidir. Mövcud zamanımız əbəs yerə informasiya əsri adlandırılmır. Hər hansı bir məlumat sosial media vasitəsilə bir dəqiqənin içərisində bütün dünyaya yayıla bilir. Amma biz bunu çap mətbuatında edə bilmirik. Biz məlumatları çap mediası vasitəsilə yalnız ölkə daxilində yaya bilirik, o da düzgün yayım olarsa. Amma sosial şəbəkələr bütün dünya ilə əlaqələrin asan şəkildə qurulması, informasiyanın paylaşılması üçün çox münbit vasitədir və bunu ənənəvi media ilə eyniləşdirmək yanlışdır. Bunlar ayrı-ayrı sistemlərdir. Bu gün çap mediasının özü belə sosial medianın gücündən istifadə edir. Yəni istehsal elədiyi məhsulunu sosial modullar vasitəsi ilə bütün dünyaya yayır. Amma sosial mediada araşdırma aparmaq, analizlər, şərhlər etmək bir qədər problemlidir. Çünki sosial şəbəkələrin oxucuları daha çox balaca, operativ lokanik informasiyalar tələb edirlər. Daha çox və daha çevik yenilikləri istəyirlər.

Məsələn, bu gün “Hürriyyət” qəzeti həm çap olunur, həm də onlayn fəaliyyət göstərir. Bizim çap variantının oxucuları ilə sayt oxucularımız tamam fərqlidirlər. Bir hissəsi qəzet oxuyanlar, bir hissəsi isə internet resursslarından istifadə edənlərdir. Ona görə də hesab edirəm ki, bu iki medianı gətirib bir-biri ilə eyniləşdirmək düzgün deyil. Digər tərəfdən, bilirsiz ki, bir çox gündəlik qəzetlər dövlətdən maliyyələşir. Bu gün KİVDF-nin qoyduğu şərtlərdən biri də çap mediasının onlayn media ilə əvəzlənməsidir. Onlayn qəzet sayt deyil və burda kiminləsə informasiya rəqabəti aparılmır. Sadəcə olaraq qəzetin onlayn variantını internetdə yerləşdirirsən və istədiyin vaxt materialları dəyişdirə bilmirsən. Materiallar orda PDF şəkil formasında qalır. Operativliyi önə çəksək, sosial media yenə də bunaları üstələyəcək.

“Çap variantının sıradan çıxarılması insanları tamamilə informasiyadan təcrid etmək məqsədi daşıyır”



- İstənilən vaxt köşkdən qəzet alan, abunə olan oxucu, eyni zamanda istənilən vaxt onlayn ola bilmirsə, deməli, çap medianın onlayn mediaya keçməsi oxucu sayına da təsirsiz ötüşməyəcək. Necə hesb edirsiniz?


- KİVDF ilk dəfə onlayn variantını irəli sürəndə, mən mətbuata bildirmişdim ki, bu, ölkə əhalisinin əksəriyyətini əhatə edən deyil. Çünki təkcə Bakı, Gəncə, Naxçıvan və yaxud Şəki Azərbaycan demək deyil. Böyük şəhərləri təşkil edən kəndlər də var. Tutaq ki, rayon mərkəzi internetlə təmin olunsa da, orada yalnız müəyyən bir qrup insan onlayn mediadan istifadə edə bilir. Axı kəndlər internetdən məhrumdurlar. Bir çox kəndlərə hələ də qaz verlmədiyi halda, internet hardan olacaq? Yəni buna başqa ad verə bilmirəm. Çap variantının sıradan çıxarılması insanları tamamilə informasiyadan təcrid etmək məqsədi daşıyır.

- Son vaxtlar bir çox media mənsubları ayrı-ayrı qəzetlərə dəstək baxımından “abunə ol” aksiyasına qoşuldular. Sizcə belə aksiyalarla internet medianın üstələdiyi çap mediasını canlandırmaq olacaqmı?

- Çap mediasını canlandırmağın yolları var. Mən uzun illər bu qəzetdə işləmişəm və paralel olaraq həm də 15 il özümün olan yayım firmalarımda fəaliyyət göstərmişəm. Əgər biz bu qəzeti çap etdiririksə, mütləq qəzet yayılmalıdır, əsas iş budur. Turtaq ki, qəzeti Astaranın, Naxçıvanın hansısa kəndlərinə çatdırmaq lazımdır, bunun üçün isə birinci növbədə özəl yayım firmalarının və hakimiyyətin mətbuatın yayılmasına marağı olmalıdır.

- Bəlkə bu işdə məhz aidiyyatı olan orqanlar daha çox maraq göstərsələr daha çox uğur qazanmaq olar?

- Məncə hakimiyyət özü bütövlükdə bu işlə məşğul olmalıdır, əgər əməlləri və niyyətləri safdırsa.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Tutaq ki, Nəqliyyat Nazirliyi, Rabitə Nazirliyi, Vergilər Nazirliyi və sair qurumlar mətbuatın fəaliyyətinin davamlı olmasında maraqlı olmalıdır. Bu işdə bütövlükdə hakimiyyətin bir “mətbuat strategiyası” olmalıdır və işi könüllü və səmimi etməlidirlər. Mətbuatla səmimi şəkildə iş birliyi qurmaqla rəhbrlik etdikləri təşkilatların daha da inkişaf edib irəli getməsi məqsədi güdülməlidir. Onlar məhz çirkaba batanların üzə çıxarılması üçün bu addımı atmalıdırlar. Medianın inkişafına yardım etməlidirlər. Amma çox təəsüf ki, bu bizdə mümkün deyil.

- Niyə mümkün deyil?

- Bu sualın cavabını belə bir missalla verəcəm:
Əvvəllər bizim kənddə barmaqla göstərib deyirdilər ki, “filankəs agentdir”. İndi tərsinədir, deyirlər ki, filankəs agent deyil. Yəni sanki çoxluq pisliyin içindədir.

- Vüqar bəy, dediniz ki, hər bir nazirlik, idarə, müəssisə mətbuatın inkişafında özü maraqlı olmalıdır ki, o mətbuat vasitəsi ilə də görünən problemləri həll edib, inkişaf edə bilsin. Eyni zamanda dediniz ki, mətbuatın inkişafı üçün özəl yayım şirkətləri olmalıdır.

- Bayaq dediyim kimi, “güzgü” təmiz olmalıdır. Təmiz olsa, özünü orda rahat, qəşəng görə bilərsən. Amma bizimkilər əllərindəki çirkabı güzgünün üzərinə atırlar ki, güzgü göstərməsin, ləkəli olsun...

- Axı proseslərə nəzər salsaq, deyəsən dediyiniz həmin o güc strukturları mətbuat vasitələrinə dəstək verib onları himayə edərək əlaqəli şəkildə iş qura biliblər.

- Yox, bizdə himayə yox, inhisar var. Əslində mətbuatı nə himayəyə, nə də ki, inhisara götürmək lazım deyil. Mən bayaq da qeyd etdim ki, nazirliklərin heç birində mətbuatı öz qalpağı altına keçirmək məqsədi olmamalıdır.

- Kimi öz qalpağı altına keçiriblər?

“Ola bilər ki, hansısa baş redaktor hansısa korrupsioner nazirdən daha təhlükəlidir”

Yox, keçirməyiblər, daha açıq desək, onlar öz mətbautlarını yaradıblar. Hərəsinin 15-20 saytı var. Öz əllərində olan qəzet və saytlarda müəyyən kampramat materialları yaymaqla qarşı tərəfi susdurmaq üçün istifadə edirlər.

- Bəlli məqsədlər var, yoxsa?..

- Məqsəd bəllidir, nazirliklər yaxşı işləmədikləri üçün güzgünü ləkələmək istəyirlər. Tutaq ki, rabitə nazirliyi yaxşı işləyirsə, öz işləri ilə bağlı qəzetlərdə saytlarda reklamlarını yerləşdirməlidir. Təbii ki, verdiyi reklama görə ödənən həmin vəsait mətbuatın inkişafına təkan verəcək. Eyni zamanda çalışmamalıdırlar ki, mətbuat kimlərdənsə asılı vəziyyətə düşsün. Ola bilər ki, hansısa baş redaktor hansısa korrupsioner nazirdən daha təhlükəlidir. Elə baş redaktorlar var ki, əlində milyonluq villaları var. Onun başının üzərində hansısa qurum dayanırsa, bu o demək deyil ki, müstəqilliyini itirdi. Yəni nəzarət olmalıdır. Asılılığın olmaması üçün Mətbuat Şurası nəzarət etməlidir.

- Təxminən medianı əlinə almaq istəyən qurumların məqsədlərinə toxundunuz.

- Burda məqsəd birdir, ikinci bir məqsəd yoxdur. Söhbət hakimiyyətdəki qurumların öz rəqiblərini vurmaq üçün yaradılan medianın istifadəsindən gedir.

- Bu cür media neçə faiz təşkil edir?

100/90.

- Bir az açıqlayardınız.

- Azərbaycan mətbuatı bu dəqiqə kimlərinsə maraqlarına xidmət edir. Bu gün bir qəzeti, saytı saxlamaq üçün kifayət qədər vəsait lazımdır. Bir saytda 5-10 nəfər əməkdaş olmalıdır ki, hər sahəni əhatə edə biləsən. Yəni 3-5 nəfərlə işləyirsənsə, bu, böyük media orqanı deyil. Bu sadəcə kiçik bir işdir başlayırsan, əgər arxanda biri varsa, maliyyə tapa biləcəksənsə işini genişləndirəcəksən, tapa bilməyəcəksənsə, bununla da məsələ bitəcək.

“Bütün bunların fonunda Azərbaycan mətbuatının inkişafından danışmaq gülüncdür”

- Sözlərinizdən belə çıxır ki, “mətbuat alınıb”, buna görə də, doğrular deyil, maraqlar yazılır. Mətbuatın azadlığını alan məqamlar nə ilə bağlıdır. Siz dediniz ki, bu, kimlərinsə öz maraqlarını təmin etməsi üçün baş verir. Mətbuat özü niyə buna gedir?

Yox, mətbuat ona getmir. Mən bu yanaşma ilə qətiyyən razı deyiləm. Əvvəlla müstəqil dediyimiz mətbuat orqanları tədricən və planlı şəkildə məhvə məhkum oldular. Yəni bu o deməkdir ki, həmin mətbuatda işləyən güclü qələmi olan jurnalistlər müxtəlif vasitələrlə mətbuatdan uzaqlaşdırıldı, susduruldu. Yəni kimlərəsə yüksək vəzifələr verildi, bəziləri içkiyə aludə oldu, bəziləri başqa işlərlə məşğul oldular və sair. Çox az jurnalist oldu ki, kənara çəkildilər.

- Uzaqlaşmanın,yaxud uzaqlaşdırılmanın bir başqa səbəbləri də olmalıdır məncə.

- Məsələyə başqa tərəfdən yanaşsaq, bəli. Məsələn, müstəqil yayım şirkəti olan “Qaya” firmasının Bakıda 13 köşkü var idi və kifayət qədər ciddi qəzet satışı ilə məşğul olurdu. Bu gün “Qaya” firmasının üst-üstə 4-5 köşkü qalıb. “Qasid” firmasının Bakı və ətrafında 570 köşkü var idi. Hanı onlar? “Qasid”i tamamilə məhv elədilər. Çox gözəl “əl yayım şəbəkəsi” yaradılmışdı. Kifayət qədər ciddi şəbəkə idi və qəzetlərin yayılmasında müstəsna xidmətləri var idi. Zaman-zaman orda çalışanları da müxtəlif təzyiqlərlə sıradan çıxardılar. Azərbaycan Dövlət Yayım Şirkətini özəlləşdirdilər, hansı ki, rayonlarda fəaliyət göstərir. Onlar da qəzetlərə pul verə bilmədilər, çünki hökumət strukturları abunə olduqları qəzetlərə görə onlara pul vermirdi. Məsələn, “Qasid” firmasının bizə 30 min borcu var idi. Biz onları məhkəməyə verdik. Sonradan məlum oldu ki, firmanın Bakı Dövlət Universitetindən 100 min alacağı var. Parlamentdən 100 minlərlə alacağı var. Mətbuat Yayımında pulumuz var idi, ala bilmirdik. Sonradan öyrəndik ki, bunların Naxçıvan Ali Məclisindən 800 min alacağı var, vermirlər. Yəni sistem işləmədi. “Qasid” firmasının direktoru Mirkazım Seyidovu gətirib parlamentə deputat saldılar, bununla da məsələ bitdi.

Bu gün Sumqayıt yarım milyonluq şəhərdir. Amma “Mətbuat yayımı”nın orda cəmi 6 köşkü var. Biz burda hansı qəzet satışından danışa bilərik? Bu yolla mətbuatı necə inkişaf etdirəcəyik. Yaxud Məştağanın 40 minlik əhalisi var, Bilgəh, Mərdəkanı, Pişağanı götürək. Bu kəndlərin heç birində bir dənə də olsa köşk yoxdur. Əgər onlar qəzet almaq istəsələr 60 qəpik verib gəlməlidilər “Koroğlu” metrosuna, 50 qəpiyə qəzeti alıb, bir də 60 qəpik verib qayıtmalıdırlar. Yəni bir adam qəzet almaq üçün hər gün 1 manat 70 qəpik xərcləməlidir. İndiki zamanda əmək haqqının, pensiyanın aşağı olan vaxtında kim edəcək bunu?..

Sonra, ən böyük yayım şəbəkələrindən biri metrolardır. Amma bu gün metroda bir dənə də olsa qəzet satılmır. Yeni yaradılan köşklər var, guya qəzet köşkləridir, amma orda ticarətlə məşğul olurlar. Onlar mini marketdirlər, həm də, qəzet satırlar. Təsəvvür edin ki, köşklərdə elə adamlar var qəzetlərin adını tanımırlar, maraqlanmırlar. El arasında “ştuçnu siqaret” deyirlər, onu satmaq həmin satıcıya daha sərfəlidir. Bütün bunların fonunda Azərbaycan mətbuatının inkişafından danışmaq gülüncdür.

Gəlirəm sizin suala, beləcə həmin ortada olan müstəqil qəzetlər tədricən sıradan çıxarıldı. Bildiyim qədər 500 müstəqil qəzet var idi və onların yüksək tirajları vardı. “Hürriyyət” 30 min tirajla çıxırdı, “Bu gün”, “Günaydın”ın bütün iqtisadi imkanları əlindən alınandan sonra dağıldı. Orda işləyən müstəqil jurnalistlər, həmin o məmurların çirkli pulların hesabına yaratdığı saytlara və yaxud da qəzetlərə getdilər.

- Vüqar bəy, mətbuat adamı bu sahədə özünün biznesini qura bilərmi?

- Mən mətbuata gəlməzdən qabaq iş adamı idim və kifayət qədər imkanlarım da var idi. Mən hər şeyimi burda itirdim. Burda hansı biznesin qurulmasından söhbət gedə bilər. Tutaq ki, mən də hansısa nazirin əlinin altında olsam, hansısa çirkli bir qüvvəyə xidmət eləsəm, ondan aldığım pulla villalar salıb, maqazinlər alaram. Azərbaycanda başqa ölkələrlə müqayisədə özünün biznesini qurmaq mümkün deyil. Ümumiyyətlə, bizdə başqa biznesi qurmaq mümkündürmü ki, hələ mətbuatın da biznesini qura bilək. Yəni bura pulla gəlib, pulsuz çıxırsan.

- Mən “Mətbuatın biznesi” dedikdə, media orqanlarının öz məhsulunu satması və bunu necə həyata keçirməsini nəzrdə tuturdum.

“22 illik fəaliyyətimi dondurub mətbuatdan gedəcəm”

- Biz bir neçə il əvvəl “Azərcell”ə müqavilə bağladıq. Bizə 150 manat reklam pulu verdilər... Azərbaycanda reallıq budur. Bir nömrədən sonar bizə zəng etdilər ki, 150 manatı köçürmüşük, geri istəmirik, amma reklamı verməyin.

- Amma saytlar var ki, yaxşı oxucuları var və jurnalistlər də yaxşı qonarar alırlar.

- Kimindir həmin saytlar? Siz mənə Azərbaycanda özünün pulu ilə və yaxud da öz reklamı ilə əməkdaşlarını saxlayan bir nümunə göstərin, mən 22 illik fəaliyyətimi dondurub mətbuatdan gedəcəm. Siz bəzi saytları nəzərdə tutursunuzsa, o qədər kələklər var ki, F5-i vururlar oxunma sayı 100 minə qalxır. Yəni bunların hamısı kələklə məşğuldur. Bizdə təpədən dırnağa qədər ictimai fikrə təsir edə biləcək mətbuat orqanı yoxdur.

“Biz senzura olan vaxtı bugünkündən daha azad idik”

- Vaxtilə “Hürriyyət” ən oxunan, tirajlı qəzetlərdən biri idi və siz də təxminən dediniz ki, əvvəlki “Hürriyyət” indiki “Hürriyyət”lə eyni ola bilməz. Müqayisələr aparanda hansı qürur və təəssüf hissi yaşayırsınız?



- Əvvəllər senzura da var idi. Biz qəzetin materiallarını hazırlayandan sonra saat 6-8 arasında “Baksovet”də bir idarə var idi, aparırdıq ora baxırdılar, hansı yazılara icazə vermirdilərsə, onun üstünə “kres” qoyurdular, gətirib qəzeti təzdən çap edirdik. Biz senzura olan vaxtı bugünkündən daha azad idik. Çünki onda qazandığımız pul özümüzün idi, kimsədən asılı deyildik, kiməsə minnətçi deyildik. Kiminsə qapısına gedib pul axtarmırdıq. Qəzet satılırdı, qiymətlər baha olsa da, ortada kifayət qədər gəlir var idi. “Hürriyyət” qəzeti 20-dən çox tələbə oxudurdu. Qurban bəy həbs olundu deyə dayandırıldı. Bu da qəzetin gətirdiyi gəlirin hesabına idi. Hələ həmin vaxt məmurlar mətbuata o dərəcədə müdaxilə etməmişdilər. Onda reklamlar verilirdi. İndi kimin qapısına getsəm ki, “Hürriyyət” qəzetinə reklam ver, verməz. Hələ bunu kənara qoyaq, Əlikram Hümbətova deyirik ki, bizə müsahibə verərsən, əvvəl deyir verərəm. Eşidəndə ki, “Hürriyyət”dir, deyir hamıya verərəm, “Hürriyyət”ə əsla. Eyni vəziyyət dükanlara, böyük şirkətlərə də aiddir. Çünki “Hürriyyət” qəzetində gedən birinci reklamdan sonra ya vergilər, ya prokurorluq çökəcək adamın sinəsinə və o adama tövbə elətdirəcəklər. Biz saytımızda bir bina tikən şirkətin reklamını verdik, 2 nömrədən sonra qaçıb üstümüzə gəldi ki, çıxarın reklamı verməyin, istəmirəm. Bu cür yanaşmayla mətbuat olaraq necə inkişaf edək, bir nəfər bu yolu bizə göstərsin, biz də gedək. İnsana o zaman qabiliyyətsiz deyirsən ki, işləmir, başını orda-burda girləyir və yaxud da işi yarıtmr. Sən bütün hər tərəfi tikanlı simlə çəpərə alırsan, mənə də deyirsən ki, bunun üstündən aş o tərəfə. Mən də əlimi atdıqca, əlim tikana batır, keçə bilmirəm...

Bəzən görürsən ki, həmkarlarımız KVDF-nin qəzetləri maliyyələşdirməsi ilə bağlı irad bildirirlər ki, bu yanlışdır. Mən onlara cavab vermişəm ki, qardaş, Danimarka mətbuatı dövlət tərəfindən maliyyələşir, bizdən qat-qat çox pul ayrılır. Çünki mətbuatın Almaniyadan aslı vəziyyətə düşməsini istəmirlər. Çünki Almaniya gəlib bunların mətbuatını satın alar, necə ki, Azərbaycan mətbuatının böyük bir hissəsi Rusiyaya işləyir, bir çoxu İrana, bir çoxu da ona-buna...

- Dediyiniz kimi, oxucu ilə qəzet arasında böyük “sərhədlər” var. Bu “sərhədlərin açılması”, daha çox nədən asılı ola bilər?

- Burda siyasi bir qərar olmalıdır. Ölkə başçısı bu məsələyə əl qoymalı, Azərbaycan mətbuatının nümayəndələrini böyük bir zala yığıb onların təkliflərini dinləməlidir. O təkliflərin arasından ağlabatanları seçib dəyərləndirməlidr. Amma görürsən ki, toplantı keçirirlər, amma ora yığışan redaktorlar ancaq tərifləməklə məğul olurlar. Deyirlər ki, hər şey əladır, Azərbaycan mətbuatı sürətlə irəli gedir. Prezident də baxır görür ki, hər şey qəşəngdir də, daha nə etsin…

- Bir çox qəzet rəhbərləri təltiflər aldılar. Bunlar uğurlardan xəbər vermir?

- Onlar bilmirsiz nəyin uğurudur?

- Nəyin uğuru olduğunu siz deyin.

- Əgər kimlərsə toplantılarda medallar, adlar alırlarsa, onlar hansı uğurun nəticəsidir, mən deyə bilmərəm. Onu Rauf bəy bilər ki, məsələn hansı uğurlara görə medal aldı?

- Təkcə Rauf bəy deyil, belə təltif olunanlar çoxdur.

- Mən də sizə deyirəm ki, bu gün Azərbaycan mətbuatında özü-özünü idarə edən, öz əməkdaşlarını açıq ürəklə maliyyələşdirən bir dənə “toxumluq media” göstərin, mən “əllərimi qaldıracam”. Və istənilən adamla da istənilən yerdə bu məsələləri müzakirə etməyə hazıram.

Azərbaycan mətbuatında yeganə adamlardan biriyəm ki, həm qəzet satışı, həm yaradıcılıq işi, həm də çapı ilə məşğul olmuşam. Yəni mətbuatda bütün proseslərin hamısından keçmiş adamlardan biriyəm.

- Mətbuat Şurasının bu kimi problemlərə münasibəti necədir?

- Mətbuat Şurası qeyri-hökumt təşkilatıdır, elə bir səlahiyyətə malik deyil. Mətbuat Şurasınn funksiyası aradüzəltməkdir.

- Kimin arasını düzəldir?

- Məsələn, “Hürriyyət” qəzetində hansısa məmurla bağlı yazı gedibsə, məmur onlara şikayət edəndə onlar da bizim üstümüzə xahiş, yaxud hədə ilə gəlirlər. Mübahisəli vəziyyət yarananda Mətbuat Şurası xəbərdarlıq, yaxud tövsiyə edir. KVDF-də də belə bir maddə var ki, əgər qəzet xəbərdarlıq alırsa, ona maliyyə dəstəyini dayandırırlar. Yəni hara fırlayırsansa, gəlir pulunun kəsilməsinin üzərinə düşür. Burda elə bil ki, boynunun ardında bir qılınc var. Maddəni ora salmaqla yalnız öz maraqlarını güdürlər, mətbuatın marağını güdmürlər. Bayaq dediyimiz həmin məsələyə gəlib çıxırıq. O idarənin niyyəti, əməli saf olsa istəyər ki, baş verən neqativlərin görünməsi üçün mətbuat inkişaf eləsin, müstəqil olsun, heç kəsdən çəkinmsin.

- Mətbuatımız həm də “4-cü hakimiyyət” statusundadır?

- Burda hansı hakimiyyətədn söz gedə bilər. Bu yəqin ki, bir təsəllidr… Hər hansı bir ciddi fakt qəzetdə çıxırsa prokurorluq məsələ ilə bağlı cinayət işi qaldıra bilər. Bu, qanunda da var. Amma biz dəfələrlə cinayət, korrupsiya ilə bağlı prokurorluğa məktub göndərsək də, elə bir dərin quyuya düşüb. Hətta bizə cavab da yazmayıblar. “Hakimiyyət”sənsə sözünün kəsəri olmalıdır. Azərbaycan mətbuatında söz kəsəri yoxdur.

- Mətbuat tənqid olunur və bu gün siz də neqativlətrdən danışdınız. Hansı xarici təsirlər var?

- Xarici təsirlər hamısı nağıldır. Burda yalnız hakimiyyətin təsirindən söz gedə bilər. Onun da bir səbəbi var.

- Vüqar bəy, bu gün jurnalistlər özləri də problemli mövzulara bir qədər laqeyd, biganə yanaşırlar. Mətbuat adamını öz məqsədindən azdıran nədir?

- Biz laqeyd deyilik. “Hürriyyət” olaraq istənilən məsələ ilə bağlı öz mövqeyimizi ortaya qoyuruq. Biriləri onu eləmirsə, ya özlərinin şəxsi gücsüzlüyündəndir, ya da cəsarətsizliyindəndir. Bir çoxu da müəyyən qrupların əlində olduğuna görə heç nə deyə bilmir.

“Çünki mətbuatın da, cəmiyyətin də “güzgüləri sındırılıb”

- Jurnalist nədən çəkinir, niyə qorxur?

-Köhnə nəsildə belə şeylər azdır. Amma yeni jurnalist nəslin hamısını universitetdə yox ediblər. “Hürriyyət” qəzeti elan verir, bəzən görürsən ki, 15 uşaq gəlir, hamısı da universitet bitirb. Gələn bilirsiz mənə nə deyir, deyir Vüqar müəllim olar mən mədəniyyətdən yazım? Deyirəm, bala niyə mədəniyyətdən yazmaq istəyirsən, universitetdə təkcə mədəniyyəti oxumusuz. Deyir yox, bizə deyiblər ki, mədəniyyətdən yazın, siayasətə girsəniz sizi tutacaqlar. Mən uşaqlara izah edə bilmirəm ki, siyasətdən yazanlar heç də tutulmurlar. Həbs yalnız sifariş olanda ola bilər, bir də ayağını tərəziyə düz qoymayanda. Yəni əməllər niyyətə bağlıdır. Sənin niyyətin safdırsa, o yazını oxuyan adam hiss edəcək ki, sən bu yazını ürək yanğısı ilə yazmısan, səmimi yazmısan. Daha o adamın şəxsiyyətinin əleyhinə yazmamısan. Orda qərəzçilik yoxdur.

- Bu gün çox problemlərdən danışdınız. Maraqlıdır, cəmiyyət mətbuata güzgü tutub, yoxsa mətbuat cəmiyyətə?

- Bu gün heç biri güzgü tuta bilmir. Çünki mətbuatın da, cəmiyyətin də “güzgüləri” sındırılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA