Yeni media siyasətinin strateji hədəfləri: Hibrid savaşına qarşı informativ qalxan

  • 2019-02-15 19:24:43
  • |

Yeni media siyasətinin strateji hədəfləri: Hibrid savaşına qarşı informativ qalxan

Mürvət Həsənli,

ADAM-ın sədri

APA-nın əsasında yaradılmış ONA adlı yeni xəbər agentliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirir, bunu Azərbaycan mətbuatına verilən ən ciddi strateji dəstək kimi qiymətləndirirəm.

Sirr deyil ki, ONA-nın sələfi olan APA ölkəmizin media arenasında özünəməxsus yer tutur, qərəzsiz, heç bir tərəf saxlamadan obyektiv informasiyalarla ictimaiyyətimizin xəbəralma ehtiyaclarını ödəyirdi. Belə bir tərəfsiz media qurumları vətəndaş cəmiyyətinin yaranması üçün ciddi önəm daşıyır, çünki obyektiv informasiya agentliklərinin olmadığı cəmiyyətlərdə insanlar istər-istəməz qərəzli KİV-lərin ümidinə qalır və yanlış ictimai rəylər formalaşır.

Xüsusilə son zamanlar xaricdən ölkəmizə qarşı yönələn “söyüş müharibələrində” tərəfsiz media qurumlarına ciddi ehtiyac duyulurdu. Vətəndaşların ölkədə baş verən hadisələr barədə məlumatları ən obyektiv kanallardan əldə etmək imkanları yaxşılaşdırılmadıqca, onlar xarici güc mərkəzləri tərəfindən idarə olunan informasiya savaşında hədəfə çevrilər və ölkəmiz ciddi təxribat ehtimalı ilə üz-üzə qalardı. Bu mənada Sosial Tədqiqatlar Mərkəzinin təsis edilməsi ilə yanaşı, təxminən eyni vaxtda tərəfsiz bir media qurumunun fəaliyyətə başlamasını xarici qüvvələrin ölkəmizə qarşı yürütdükləri hibrid savaşına qarşı müdafiə qalxanı kimi qiymətləndirmək olar.

Bu addım bəzi müxalif qüvvələrin ölkədə media qurumlarına qarşı hansısa sərt siyasət yürüdüldüyü barədə iddialarına verilmiş ən yaxşı cavab kimi də önəmlidir. Bir daha sübut edildi ki, müəyyən anlaşılmazlıqlar səbəbindən fəaliyyətini dayandırdığını elan edən APA kimi nəhəng media qurumlarının bağlanmasının siyasi çevrələrə qətiyyən dəxli yoxdur və bu kimi qurumların yaşamasında ölkə rəhbərliyi daha çox maraqlıdır. Zira yalnız tərəfsiz media qurumları “düzü düz, əyrini əyri, pisi həmvar” göstərə bilər və ölkə hakimiyyətinin son 15 illik təcrübəsiylə xalqdan gizlədəcək heç nəyi yoxdur.

Sözügedən informasiya agentliyinin Mətbuat Şurasının son zamanlar başlatdığı islahatlar ərəfəfəsində yaradılması da təsadüfi deyil. Məlumdur ki, MŞ-nın son qərarı ilə ölkədə dünənə qədər dövlət tərəfindən maliyyələşdirilən aztirajlı kağız medaisına maddi dəstək dayandırıldı və bundan sonra yalnız tirajını 5000-ə çatdıra bilən qəzetlərin maliyyəşdirilməsi nəzərdə tutulur. MŞ bu qərarını dövrün tələbi ilə əsaslandırmış, bir növ, virtual mediaya daha çox önəm veriləcəyini bəyanlamışdır. Getdikcə sosial medianın ön plana çıxdığı indiki zamanımızda Mətbuat Şurasının və KİVDF-nin bu mövqeyi anlaşılandır. APA-nın bazasında yeni tipli informasiya agentliyinin fəaliyyətə başlaması da Azərbaycan hökumətinin dəyişilən dünya gerçəklərinə ayaq uydurmaq niyyətindən irəli gəlir və yəqin ki, bu mövqe əlahəzrət Zaman tərəfindən layiqincə mükafatlandırılacaq.

Onu da nəzərə alaq ki, bir neçə ay öncə bağlanmış APA böyük jurnalist ordusunu öz ətrafında birləşdirən qurum idi. Bu informasiya şəbəkəsində 100-dən artıq jurnalist fəaliyyət göstərirdı və onların böyük əksəriyyəti peşəkar qələm sahibləri idi. “Suların bulanıq olduğu” indiki zamanda həmin peşəkarların qərəzsiz bir media qurumundan kənarda qalması istər-istəməz öz vətənsevər qələm sahiblərimizin xarici güc mərkəzləri tərəfindən idarə olunan məkrli informasiya kanallarının qucağına atılmasıyla nəticələnə bilərdi ki, bu da bütövlüklə ölkəmiz üçün ciddi təhlükəsizlik təhdidi demək idi. APA-nın əsasında yeni informasiya agentliyinin yaradılması ilə ölkə hakimiyyəti həm də nə qədər uzaqgörən, düşmənin planlarını vaxtında müəyyənləşdirib alt-üst etməyi bacaran siyasi güc olduğunu təsdiqlədi.

Mən bu şad xəbər münasibətilə başda Vüsalə Mahirqızı olmaqla, bütün media nümayəndələrimizi təbrik edirəm.

Qələminiz kortalmasın, əziz dostlar!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA