Yeni Zelandiyada iki məscidə hücum: 49 ölü, 20 yaralı

Yeni Zelandiyada iki məscidə hücum: 49 ölü, 20 yaralı

Yeni Zelandiyada iki məscidə hücum olub, nəticədə 49 nəfər ölüb, azı 20 nəfər ağır yaralanıb.

Ölkənin Baş naziri Jacinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib və bunu ölkənin "ən qara günlərindən biri" adlandırıb.

Polis təsdiqləyib ki, qətl törətməkdə ittiham olunan 30-a yaxın yaşı olan gənc şənbə günü məhkəmə qarşısına çıxacaq.

Digər iki kişi və bir qadın yaxınlıqda saxlanılıb, eləcə də odlu silah və partlayıcı qurğu aşkar olunub, polis komissarı Mike Bush deyib.

Onun sözlərinə görə, saxlanılanlardan biri daha sonra buraxılıb, polis indi digər iki nəfərin hadisə ilə əlaqəsini araşdırır.

Cümə günü insanların məscidə ən çox getdiyi saatlarda baş vermiş hücum bu ölkənin tarixində ən "ölümcül" hücumlardan biri kimi qiymətləndirilir.

İnternetdə yayılan görüntülərdə özünü 28 yaşlı avstraliyalı Brenton Tarrant kimi təqdim edən silahlının Al-Noor məscidində kişi, qadın və uşaqlara fərq qoymadan yaxın məsafədən atəş açdığı görünür.

Polis insanları bu görüntüləri yaymamağa çağırıb.

Təqsirləndirilən şübhəli məscidə hücumdan əvvəl niyyətini ortaya qoyan və aşırı sağ və anti-immiqrant ideologiyasını müdafiə edən bir sənəd yayımlayıb.

Polis komissarı Bush deyib ki, bu adam daha əvvəl nə Yeni Zelandiya, nə də Avstraliya təhlükəsizlik xidmətinə məlum olmayıb.

Avstraliyanın Baş naziri Scott Morrison deyib ki, saxlanılanlardan biri Avstraliya vətəndaşıdır.

O, saxlanılan şübhəlini "ekstremist sağçı zorakı terrorist" kimi təsvir edib.

məscidAtışmanın baş tutduğu məscid

Əsas şübhəli kimdir?

Brenton Tarrant Facebook-da yayımlanmış videoda özünü təqdim edib.

Onun adına olan sosial media hesablarında uzun, irqçi sənəd yerləşdirilib. Həmin sənədlərdə, sonradan hücum edilmiş məscidlərin adı çəkilir və hücum üçün anti-immiqrant motivasiyalar göstərilir.

Hadisə haqqında nə bilinir?

Şahidlər yerli mediaya bildirib ki, onlar həyatlarını xilas etmək üçün hadisə yerindən qaçanda Al Noor məscidinin yanında qanlar içində yerdə yatan insanlar görüblər.

Hadisədən sonra Linwood ətrafındakı ikinci məscid boşaldılıb, polis komissarı Mike Bush deyib.

Polisin sözlərinə görə, ikinci məsciddə də müəyyən hadisələr baş verib. Polis avtomobillərə partlayıcı maddə qoyulduğunu müəyyən edib və onu zərərsizləşdirib.

Hökumət şəhərdəki bütün məcsidlərə növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanmağı məsləhət görüb.

Hadisəni törədənlərin dəqiq neçə nəfər olduğu bilinmir, amma onlardan birinin - Avstraliya vətəndaşının məscidə hücumu zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

məscid

Qadınlar atışma baş verən məscidin ərazisində yaxınlarını gözləyir

Məsciddə nə baş verib?

Baş vermiş hadisənin detalları hələlik aydın deyil və məlumatlar daha çox şahidlərin yerli mediaya verdiyi şərhlərdən ortaya çıxır.

İlk hücum xəbəri Christchurch-də yerləşən Al Noor məscidindən gəldi.

Adı çəkilməyən hadisə şahidi TV New Zealand-a müsahibəsində deyib ki, o, silahlı şəxsin bir adamın sinəsinə atəş açdığını görüb.

Silahlı şəxsin ilk olaraq məsciddəki kişilərin ibadət otağına, daha sonra isə qadınların ibadət otağına hücum etdiyi deyilir.

"Etdiyim sadəcə gözləmək və Allaha dua etmək oldu ki, o oğlanın güllənin altından qaçmasına icazə versin", - şahid deyir.

atışmada yaralılar

Hökumət nə deyir?

Christchurch xəstəxanasına bir neçə yaralı aparılıb. Xəstəxana hazırda polis nəzarətindədir.

Polis Cathedral meydanında minlərlə uşağın iqlim dəyişikliyi ilə bağlı keçirdiyi yürüşünü dayandırıb və meydanı boşaldıb.

Polis komissarı Mike Bush deyib ki, polis bütün imkanları ilə hadisəni ələ almağa çalışır, amma yüksək risk hələ də qalmaqdadır.

Kimlərin bəxti gətirib?

Hadisə zamanı Banqladeşin kriket üzrə milli komandası atışmadan son anda qurtulub.

Komandanın Yeni Zelandiyadakı yarışını izləmək üçün gələn müxbir tvitində yazıb ki, komanda aktiv atışmanın olduğu məscidin yanından qaçıb gedə bilib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan, İngiltərənin Baş naziri Theresa May, Avstraliyanın Baş naziri Scott Morrison və digərləri terror aktını pisləyiblər.\\BBC

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA