Yenilənmə strategiyası: Ərdoğan böyük şəhərləri niyə verdi? - TƏHLİL

Yenilənmə strategiyası: Ərdoğan böyük şəhərləri niyə verdi? - TƏHLİL

Ərdoğan məğlub oldu... Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanandan sonra irəli sürülən əsas tezis budur. Hərçənd, AKP və MHP-nin təmsil olunduğu “Cümhur ittifaqı” yekun nəticəyə görə seçkinin qalibidir – 51,63 faiz; CHP, İYİ, Səadət və Demokrat partiyalarının təmsil olunduğu “Millət ittifaqı isə məğlubdur – 37,55 faiz.

“Cümhur ittifaqı”nın məğlubiyyət tezisinin mənbəyi Ankara, İstanbul kimi şəhərlərin itirilməsidir və Türkiyənin siyasi təcrübəsi bu tezisi haqlı çıxarır. Lakin seçkiöncəsi vəziyyət, ümumilikdə Türkiyədəki vəziyyət bir sıra sualları ortaya çıxarır:

- AKP-MHP ittifaqı böyük şəhərləri niyə itirdi?
- “Cümhur ittifaqı”nın hədəfi nə idi?
- Seçkinin nəticələri özü ilə nələr gətirəcək?


Böyük şəhərlərin itirilməsinə ilk öncə AKP və CHP (bu iki partiya iqtidar və müxalifətin ana gücləridir) kontekstində baxmaq lazımdır:

AKP: Türkiyə iqtisadiyyatının obyektiv və subyektiv səbəblərdən zəifləməsi, sosial problemlərin yaranması; əsas hədəfin PKK uzantısı olan HDP-nin nəzarətindəki şəhərlərin alınmasına yönəldilməsi;

CHP: əsas gücün böyük şəhərlərdə seçkini udmağa yönəldilməsi; namizədlərin seçimi – Ankara bələdiyyə sədrliyinə namizəd Mansur Yavaş ülkücü keçmişə sahib idi və seçki kampaniyasında CHP-nin loqosu olmayan plakatlardan istifadəsi seçicinin simpatiyasının qazanılmasında müəyyən rol oynadı, analoji vəziyyət müəyyən fərqlərlə Ekrem İmamoğlunun timsalında İstanbulda da öz əksini tapdı – o, bundan əvvəl İstanbulun Bəylikdüzü bələdiyyəsinin sədri idi və gördüyü işlər bu seçkidə işinə yaradı; ümumi mənzərədə böyük şəhərlərin sakinləri iqtisadi problemləri daha çox hiss etməsi seçkinin nəticəsinə təsir etdi.

Hərçənd, bu, ümumi mənzərənin görüntüsüdür, əsas səbəblər isə Türkiyə siyasətinin yeni mərhələyə keçidində axtarılmalıdır: Dövlətə təhlükə olacaq qüvvələrin gücü zəiflədilir, idarəçiliyin bölüşdürülməsi ilə müxalifətin dövlətə qarşı oyunlarda iştirakına səbəb yarada biləcək “qəzəbi” yumşaldılır.

a) AKP-MHP əsas gücü HDP-nin sıradan çıxmasına yönəltdi və buna nail oldular.

b) Böyük şəhərlər siyasi müxalifətə güzəştə gedildi və bununla AKP hakimiyyətinə qarşı formalaşan “qəzəb” müəyyən qədər boşaldıldı.

c) Ölkənin idarə edilməsində müəyyən bölgü aparıldı və burada əsas məqsəd son dövrlər daha da qatılaşan “siyasi düşmənçiliyi” aradan qaldırmaq, eləcə də milli barışı yaratmaqdır. Belə demək mümkünsə, müxalifət özünün də təmsil olunduğu idarəçiliyə qarşı hansısa qüvvələrin oyunlarında iştirakda o qədər də maraqlı olmayacaq.

Bu xətt Türkiyə dövlətinin strategiyası kimi görünür. Lakin AKP-nin bu prosesə qoşulmasının da ayrı səbəbləri var:

Birincisi, böyük şəhərlərə, xüsusilə İstanbula rəhbərlik etməyin gələcək nəticələrə təsir göstərməsi təcrübəsi daha çox parlament üsul-idarəsinin olduğu dövrlərdə güclü effektə malik idi. Konstitusiya dəyişikliyi ilə prezident üsul-idarəsinin yaradıldığı Türkiyədə mərkəzi hakimiyyətin güclənməsi bu təcrübənin effektini azaltdı.

İkincisi, konstitusiya dəyişikliyi Türkiyə prezidentinə böyük şəhər bələdiyyə sədrlərini qeyri-qanuni fəaliyyət göstərəcəkləri təqdirdə vəzifəsindən uzaqlaşdırmaq, yerinə qəyyum təyin etmək hüququ verir. Hakkari, Diyarbəkir kimi şəhərlərdə HDP bələdiyyələrinin PKK-ya dəstəyi bu dəyişikliyi zəruri etdi və qəyyumluq sistemindən həm Türkiyə dövləti, həm də AKP qazandı. Bu səlahiyyət Ərdoğanın əlini gücləndirən faktordur.

Üçüncüsü, müxalifətin idarəçilikdə təmsil olunması “qəzəbin” yumşaldılmasına şərait yaratmaqla yanaşı, həm də onların önünə “necə işləmək” tələbi də qoyur. Qarşıdakı illər ərzində “Millət ittifaqı”nın böyük şəhərlərdə yol verəcəyi hər kiçik səhv belə AKP-nin əlini gücləndirəcək və bu, növbəti seçkilərdə hakimiyyətin xeyrinə olacaq.

Proseslərin inkişafı bundan sonra Türkiyənin daxili siyasətinin dizaynını da müəyyənləşdirəcək və mümkündür ki, 2023-cü il AKP-nin öz missiyasını başa çatdırması tarixi olacaq və Ərdoğanın iştirakı ilə yeni qüvvələr meydana çıxacaq. Bu proses baş verəcəksə, hazırda böyük şəhər bələdiyyələrini qazanan namizədlər Türkiyənin idarəçiliyində təmsil oluna bilərlər. Bu, bir ehtimaldır və bunun nə dərəcədə doğru olub-olmayacağını zaman göstərəcək.\\Publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA