Yoxluğunda belə var olan insan - Sabir Hacıyevin əziz xatirəsinə

Yoxluğunda belə var olan insan - Sabir Hacıyevin əziz xatirəsinə

Son zamanlar arxiv sənədlərim arasında dövrü mətbuatda çap olunan yazılarımın toplusu olan qəzetlərə tez-tez baxmalı oluram. Hər dəfə də bir qəzet diqqətimi daha çox cəlb edir. Çünki bu qəzet mənim dövrü mətbuata gəlişimin ilk uğurudur. Məhz ilk dəfə olaraq 7 fevral 1989-cu il tarixli “Kirovabad kommunisti” (indiki “Gəncənin səsi”) qəzetinin 27 (10.814) sayında Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor, əməkdar incəsənət xadimi Oruc Qurbanovun traktofkasında böyük Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinin tamaşası haqqında ressenziyam dərc olunub. Bu yazınında və elə söhbət açmaq istədiyim şəxslə ilk tanışlığımında maraqlı bir tarixçəsi var. Demək bu tamaşaya baxdıqdan sonra bir yazı yazmaq qərarına gəldim. Belə də etdim. Yazını yazıb axşam evdə gecədən xeyli keçmiş mərhum atam, respublikanın xalq artisti Məhəmməd Bürcəliyevə oxudum. O, çox diqqətlə qulaq asdı. Bir söz demədi. Gecəni yatdıq.

Səhərin ala qaranlığı Gəncənin köksünü yenicə yarırdı. Məni yuxudan oyadaraq, “Qalx, gedirik”-dedi. Səhər-səhər hara gedirik? Niyə gedirik? Bilmirəm. Gözlərimi ovxalaya-ovxalaya onunla birgə addımlayır, ancaq hələ də məqsədinin nə olduğunu bilmirdim. Bu minvalla Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının üçüncü mərtəbəsinə çatdıq. Yaxınlaşdığımız qapının önündə böyük hərflərlə yazılmışdı. “Kirovabad kommunisti” qəzetinin redaksiyası.

Atam Məhəmməd Bürcəliyev hər zaman olduğu kimi içəri daxil olan tək katibə xanımdan soruşdu:

Sabahın xeyir, qızım. Kişi yerindədir?

Bəli Məhəmməd müəllim, yenicə gəlib.

O, katibənin təqdimatını gözləmədən qapını açıb, içəri daxil oldu. Mən də

dalınca. Otağın başında kresloda əyləşən qarabuğdayı, enli qaş saçları ağlı-qaralı nurani sima ayağa qalxaraq qalın səslə dedi:

Bay, bay sabah-sabah Məhəmməd müəllimi görmək necə xoşdur. Xoş gəlmisən sənətkar.

Xoş gününə gələk qardaş. Sənə cavan bir kadr gətirmişəm. Tanış ol, gənc jurnalist olacaq Anar oğlumu.

Mənsə çaşıb qalmışam. Ətrafa baxıram. Qarşımda dayanan ağsaqqal, nurani kişi mənə əl uzadır. Əllərim əsə-əsə ona titrək səslə salam verirəm. Mən, nə jurnalist? Sanki qəfil bir səs məni yenidən yuxudan ayıltdı.

Nə gözəl Məhəmməd əmi. Mütləq baxaram və xəbər edərəm. Narahat olmayın.

Otaqdan çıxdıq. Gəncənin təmiz havasını uda-uda Şah Abbas Cümə məscidinin qarşısına çatarkən xəbər tutdum ki, dünən yazıb ona oxuduğum yazını bu gün redaksiyaya verdi. Yenə də inanmıram. Mənim yazım, qəzetdə?

Hə, bu görüşdən cəmi bir həftə sonra evimizə zəng edib məni yenidən redaksiyaya çağırdılar. Qorxa-qorxa bu dəfə özüm getməli oldum. Yol boyu fikrlərim qarışır, düşünürəm. Görəsən nə deyəcəklər. Məni yenə niyə çağırırlar. Qapını döydüm. Katibə xanım dilləndi:

Gəlin

İcazə olar, məni Siz çağırmısınız. Dediniz ki, baş redaktorun otağına yaxınlaşım.

Hə, hə, gəl, xoş gəlmisən.

Katibə xanım dəstəyi götürüb gəldiyim barədə baş redaktora xəbər verdi.

Cəmi beş dəqiqədən sonra içəri daxil oldum.

Gəl oğlum, gəl, yaxınlaş.

Salam Sabir müəllim, məni çağırmısız?

Hə, səni təbrik edirəm. İlk yazın qəzetimizdə dərc olunub. Xeyirli-uğurlu olsun. Bax, belə yazsan hər dəfə çap edə bilərik. Çox maraqlı qələmin var. Mütləq, yaz.

Təşəkkür edirəm – dedim. Qəzeti götürüb baxdım, gözlərimə inanmadım.

Mənim yazım. İlk yazım.

Sabir müəllimin səslənməsi yenə də fikirlərimdən ayırdı məni.

Hələ bu son deyil. Bax ilk yazın üçün qonorar da alacaqsan. Sənə ilk uğurun üçün 7 rubl yazmışıq. Yaxınlaş mühasibatlığa.

Mən mühasibatlığa yaxınlaşdım və Sabir müəllimin dediyi kimi 7 rublu alıb evə döndüm. O günün sevincli, xoş anları hələ də xatirələrimdən silinmir. Beləcə ilk yazım dövrü mətbuatda məhz baş redaktor Sabir Hacıyevin xeyir-duası və onun redaktəsi ilə çap olundu.

Sonradan artıq redaksiyaya tez-tez getməli olurdum. Daha qorxum yox idi. Hər dəfə də mütləq baş redaktor Sabir Hacıyevlə görüşür, maraqlı söhbətlərinin şahidi olur və bir az da ağsaqqal məsləhətlərini, yazılarım haqqında fikirlərini öyrənirdim. Bu gün də bütün yazılarım üçün həm mərhum atam Məhəmməd Burcəliyevə həm də Sabir Hacıyevə minnətdaram. Nə yaxşı ki, onu tanıya bildim. Nə yaxşı ki, məhz ilk yazımın ağsaqqal xeyir-duasını Sabir Hacıyevdən ala bildim.Bu gün də dövrü mətbuatda imzamı görərkən ilk qonorarım yadıma düşür. Cəmi 7 rubl.

Sabir Hacıyev sözün əsl mənasında böyük insan olmaqla yanaşı, dövrünün və zamanın daha çox sayılıb-seçilən ağsaqqallarından biri idi. Sözünü lazım gəldikdə mərdi-mərdanə deməyi bacaran şəxsiyyət idi. Zaman bu kimi şəxsiyyətləri çox nadir hallarda dövrünə bəxş edə bilir. Mərd kişinin sözü də mərd olar deyiblər.

Sabir İsmayıl oğlu Hacıyev 4 may 1931-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. 1938-ci ildə kənd orta məktəbinə daxil olsa da, ağır müharibə illərinin çətinlikləri təhsilini burada beşinci sinfə kimi davam etdirməyə imkan verib. Bu minvalla o, erkən yaşlarından əmək fəaliyyətinə başlayaraq, əvvəlcə kolxozda işləyib. Daha sonra 1949-cu ildə Bakıya gedərək neft mədənlərində fəhləlik etməklə yanaşı axşamlar fəhlə-gənclər məktəbində səkkizinci sinfə kimi təhsil alıb. 1951-1954-cü illərdə hərbi xidmətdə qulluq edən Sabir Hacıyev ordudan tərxis olduqdan sonra Gəncəyə gələrək burada həm işləyib, həm də oxuyaraq orta və ali təhsilini davam etdirib.1969-1971-ci illərdə Bakı Ali Partiya məktəbini bitirərək ikinci təhsil alıb. O, 1954-cü ildən bədii yaradıcılıqla məşğul olmağa başlayıb. 1962-ci ildən mətbuatda çalışıb. Əvvəlcə Gəncə rayonlararası “Mübariz” qəzetində buraxıcı, müxbir, şöbə müdiri vəzifələrində çalışıb. Sonradan Daşkəsən rayonundaçapdan çıxan “Daşkəsən” qəzetinə redaktor vəzifəsinə göndərilərək 1966-1973-cü illər ərzində burada fəaliyyət göstərib.

“Daşkəsən” qəzetinə redaktor vəzifəsinə göndərilən illəri öz xatirələrində qələmə alan Sabir Hacıyev yazır: “5 dekabr 1965-ci il! Gənc redaktor kimi Daşkəsən rayonunda hazırlıq dövrünü başa çatdırdıqdan sonra fəaliyyətə başlayacağım günlərdən biri! Bu tarixi vaxtdan neçə onilliklər keçsə də, o günlər heç vaxt yadımdan çıxmayacaq. Həmin gün rayon rəhbərləri ilə görüşüb söhbət etmək, redaksiya və mətbəənin yerləşəcəyi binanı müəyyənləşdirmək, ən nəhayət kadr hazırlığı ilə bağlı məsləhətləşmək üçün Daşkəsənə gedirdim. Əvvəllər bu dağ şəhərində bir neçə dəfə olmuşdum. Gah adi müsafir kimi, gah dost-tanışların toy-düyünündə iştirak etmək üçün, gah da “Mübariz” qəzetinin şöbə müdiri kimi rəsmi ezamiyyətə getmişdim. Lakin indiki gedişim əvvəlkilərə bənzəmirdi. Bu dəfə Daşkəsənə olduqca ağır bir yükün, ağır olduğu qədər də şərəfli və məsuliyyətli bir yükün altına girmək üçün gedirdim. Mənə elə gəlirdi ki, burada xeyli vaxtdan bəri heç bir mətbuat orqanı fəaliyyət göstərmədiyi üçün hamı yardımçım olacaq və işimiz asanlıqla öz axarına düşüb, öz məcrasını asanlıqla tapacaqdır.

Zarafat deyil, qarlı dağların zirvəsində qəzet çıxarmaq, mətbu sözün işığına böyük bir rayonun adamlarını toplamaq, onları öz arxasınca aparmağı bacarmaq çətin və çətin olduğu qədər də məsuliyyətli idi. Burada mətbəə və poliqrofiya sahəsində səriştəsi olan işçilər, eləcə də qəzetdə işləmək təcrübəsi olan jurnalist kadrlar yox idi. Bir tərəfdən Bakıya qaçır, poliqrafiya avadanlıqları əldə edib Daşkəsənə gətirir, mətbəəni təchiz edirdim. Digər tərəfdən jurnalistik qabiliyyəti olan kadrlar axtarır, rayon əhalisi arasında ictimai əsaslarla işləyə biləcək müxbirlər şəbəkəsi yaradırdım. Bakı səfərlərimdən birində xeyirxah dostlarım məni Mirağa Mirheydər oğlu Mirbabayev familyalı bir nəfərlə tanış edib dedi: -“Belə adamlara Daşkəsəndə çox böyük ehtiyac olacaq, soruş gör gedirsə, onu özünlə apar. Mətbəə kadrları hazırlanana kimi, işini yola verər. Ailəlikcə aparsan daha yaxşıdır, həmişəlik orada qalıb lap daşkəsənli də olarlar...”

Əslən Maştağalı olan bu adam təqaüdə çıxmış qocaman mürəttiblərdən biri idi. Hələ əsrin əvvəllərində bir sıra nüfuzlu mətbəələrdə ailəlikcə işləmiş, qabiliyyətli poliqrafçılar kimi tanınmışdılar. Mirbabayevlər ailəsi Daşkəsəndə də etimadı doğrultdular.

Rayonda qəzetçiliyi bacaran kadrların işə cəlb edilməsi də müşkül məsələydi. Jurnalistikadan başı çıxan yerli kadrlar yox idi. Az-çox işləməyə münasib adamların da böyük iddiası vardı. Necə deyərlər, yerliçilik xəstəliyinə tutulmuş bir sıra adamların ciddi etirazlarına baxmayaraq Gəncədən təcrübəli jurnalist Çingiz Axundovu, Zakir Musayevi, hələ orta məktəbin axırıncı sinfində oxuyan, maraqlı yazıları ilə diqqəti çəkən Füzuli Qasımovu, foto sənətinin mahir ustası olan Zahir Tağıyevi işə cəlb etməli oldum”.

Sabir Hacıyev daha sonra Şəmkir rayonunda çapdan çıxan “Ulduz” qəzetinə redaktor vəzifəsinə dəyişdirilib və 1973-1977-ci illərdə bu dövrü mətbuatda çalışıb.1977-ci ilin yanvar ayından isə “Gəncənin səsi” (Kirovabad kommunisti) qəzetinə rəhbərlik etməyə başlayıb.1989-cu ildən Azərbaycanın “Əməkdar jurnalisti” fəxri adını daşıyan Sabir Hacıyev 1970-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin və 2001-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, baş redaktor kimi 42 illik fəaliyyəti dövründə müxtəlif rəhbər təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırılaraq, 1970-ci ildə “Rəşadətli əməyə görə” medalı ilə təltif edilib.1982-ci ildə “Qızıl qələm”,1995-ci ildə isə “Həsən bəy Zərdabi” mükafatlarına layiq görülüb. Sabir Hacıyev həm də Respublika Jurnalistlər Birliyinin katibi, Gəncə şəhər təşkilatının sədri kimi də fəaliyyət göstərib.

Yaradıcılığının geniş bir formada təqdimatında oxucuları ilə başdı-başına qoyan Sabir Hacıyev özünün qələmə aldığı “Ömrün – Sabir yolu” xatirə romanının yaranma tarixçəsindən söz açarkən yazırdı: “Son illər qələm dostum Qərib Mehdi ilə görüşüb dərdləşdikdən sonra o, deyilişinə o qədər də əhəmiyyət vermədiyim “kaş sənin tərcümeyi-halına bənzər bir həyat yolunu da mən yaşamış olaydım” sözləri ilə bitirirdi. Xasiyyətinə yaxşı bələd idim. O, boşuna söz deyən deyildi. Ötəri də olsa fikirləşirdim: görəsən, həsəd aparılası hansı ömrü yaşamışam ki, yazıçı dostum bu keçərə müştəri gözü ilə baxırdı?!

Xiffət dolu arzu dönə-dönə təkrarlandı. Bir gün dözməyib dilə gəldim:

Dostum, uşaqlığımı yetimçilik yaralayıb, gözəl gənclik illərimi müharibə dövrü və ondan sonrakı çətin quruculuq illəri sınağa çəkib. Sonra da qələm götürüb sovet ideologiyasının ürəyi səksəkəli əsgəri olmuşam. Asudəliyə indi çıxmışam. Ağrı-acılarla dolu həyat yolumda nə görmüsən ki...

Qərib sözümü kəsdi:

Elə demə, şərbət şirindən, söz acıdan alınır – dedi.

Yazıçı qələminin qida mənbələrindən biri də onun keçdiyi həyat yoludur.

Sənin zəngin, şaxəli və keşməkeşli bir tərcümeyi-halın var. Obrazlı desək, bu yatağa, bu mədənə hələ əl vurmamısan. Maraqlı bir xatirə-roman səni gözləyir. Adını da indidən mən verirəm: “Ömrün – Sabir yolu”. Bəyənsən, saxlayarsan.

Qüsurlu sovet jurnalistikası bizi birtərəfli yetişdirmişdi. Hamıdan yazan bir qələm sahibinin özündən yazması qəbahət sayılırdı. Bir də bu mövzuda yazmaq üçün müəllifə yaş da səlahiyyət verməliydi. Zaman bütün çatışmazlıqları düzəldəndir. Çox keçməli Cənabi Vaxt bütün sahələr üzrə sözünü dedi. Bir tərəfdən sovet imperiya ideologiyası dağıldı, o biri tərəfdən yaş tərcümeyi-hal sözü demək üçün səlahiyyət qazandı.

Bilirəm ki, xatirə janrı bədii ədəbiyyatın maraqlı, oxunaqlı qollarından biridir. Bu janrda klassik əsərlər yaranıb. Elə Bratislav Nuşiçin “Mənim bioqrafiyam” əsərinin adını çəkmək kifayətdir. Bununla belə, mən də bu sahədə qələmimi sınamağı qərara aldım. Necə deyərlər, əl vurulmamış yatağın istismarına başladım”.

Dövrü mətbuatda Sabir Hacıyevin xidmətlərindən biri də 1990-cı ilin məlum 20 yanvar hadisələri zamanı baş verən olaylarla bağlıdır. Belə ki, məlum 1990-cı ilin qanlı 20 yanvar hadisələrindən sonra respublikada nəşr olunan qəzetlər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldıqları halda “Gəncənin səsi” qəzeti məhz Sabir Hacıyevin ciddi səyləri nəticəsində öz nəşrini dayandırmadı. Əksinə, o qanlı hadisələrdə əli xalqımızın qanına bulaşan Qorbaçov siyasəti bütün olanları ilə bahəm pislənildi və bu hadisələrin tam şəkildə işıqlandırmasına nail olundu.

Cəmaləddin Rumi deyirdi: “Biz öldükdən sonra, bizim məzarımızı yerdə arama. Bizim məzarımız, arif insanların ürəyindədir”. Bu minvalla xalqına, millətinə sədaqətlə xidmət edən vətəndaş və ziyalı bir şəxs olan Sabir Hacıyev öz xeyirxah əmməlləri ilə yoxluğunda belə var olan insanlar camiəsindədir.

Ruhun şad olsun, ustad!

Anar Burcəliyev,

Teatrşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA