YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib – Dövlət Yol Polisi susur (VİDEO)

YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib – Dövlət Yol Polisi susur (VİDEO)

Dövlət Yol Polisinin (DYP) Yol Patrul Xidməti (YPX) avtomobilninin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.

“Report”un məlumatına görə, videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.

Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Report”a açıqlamasında deyib ki, YPX əməkdaşı bu hərəkəti ilə həm yol hərəkəti qaydalarını, həm də “Yol-patrul xidməti” haqqında Təlimatın tələblərini pozur: “Təlimatın tələbinə görə, yol patrul xidməti bütün hərəkət iştirakçıları üçün təhlükəsiz şəraitdə aparılmalıdır. Yəni YPX təhlükəsizliyi təmin etməlidir, nəinki təhlükə yaratmalıdır. Təlimatda qeyd edilir ki, YPX əməkdaşı gecə və gündüz olmasından asılı olmayaraq, nəqliyyat vasitələri axınında hərəkət edərkən yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməlidir”.

Ə.Hüseynov əlavə edir ki, YPX avtomobili “Yol Hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin tələblərini də pozub: “Bu maddəyə görə, sağ zolaq boş olduğu halda, avtomobil sol zolaqla hərəkət etməsi qadağandır. Əgər bu hal, hansısa zərurətdən irəli gəlirsə, o halda, YPX avtomobili işıq və səs siqnallarından istifadə etməlidir”.

Ekspert bildirib ki, qanunazidd əməlinə görə, YPX əməkdaşına həm adi sürücü inzibati qaydada cərimə yazıla, həm də “Yol-patrul xidməti” haqqında Təlimatın tələblərini pozduğuna görə intizam məsuliyyətinə cəlb oluna bilər.

“Report” məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənmək istəsə də, R.Quliyevin telefonu sönülü olub, K.Əliyev isə zənglərə cavab verməyib.

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA