Yuliya Timoşenko Krımı GERİ QAYTARA BİLƏR?

Yuliya Timoşenko Krımı GERİ QAYTARA BİLƏR?

Natiq Cəfərli: "Krımın geri qaytarılması Ukraynadan asılı məsələ deyil"

"Avropanın, ABŞ-ın sanksiyalarına, məsələ ilə bağlı sərt mövqe sərgiləmələrinə baxmayaraq, Rusiya geri addım atmaq istəmir"

"Əgər ikinci turda Timoşenkonun rəqibi Petro Poroşenko olsa, bu zaman onun udma şansı artacaq"

"Qərbin Ukraynada hansısa favorit namizədinin olduğunu düşünmürəm, çünki..."

Ukraynada prezident seçkiləri yaxınlaşdıqca namizədlərin seçicilərə vədləri də konkretləşir. Lakin onların arasında elələri də var ki, seçkidə qələbəsini təmin etmək məqsədiylə boğazdanyuxarı, reallıqdan uzaq vədlər verir, populist çıxışlarla xalqın rəğbətini qazanmağa çalışırlar. Məsələn, Ukraynanın yeni prezidenti postuna iddialı olan "Batkivşina" Partiyasının lideri, deputat Yuliya Timoşenko bugünlərdə Lvov şəhərində seçicilərlə görüşü zamanı prezident seçiləcəyi təqdirdə Ukraynanı NATO-ya daxil edəcəyini və Krımı Rusiyadan geri alacağını vəd edib: "Sadəcə işğal altındakı Krım və Donbass bölgələrini geri almaqla kifayətlənməyəcəyik. Rusiyanı işğalçı dövlət olaraq beynəlxalq məhkəməyə verərək ölkəmizə dəyən ziyanı kompensasiya etməsini təmin edəcəyik". Bununla yanaşı, "Batkivşina" Partiyasının lideri Budapeşt Memorandumunun qəbul edilməsi ilə Ukraynanın NATO üzvü olmamasının xəta olduğunu bildirərək, NATO üzvü olmasının "Ukraynanın təhlükəsizliyinin yeganə təminatı" olduğunu irəli sürüb.

Nəzərinizə çatdıraq ki, Yuliya Timoşenko ötən ilin oktyabr ayında da bunabənzər açıqlama ilə çıxış etmişdi. Belə ki, həmin vaxt "Əgər Ukraynada keçiriləcək prezident seçkilərində qələbə çalsam, Rusiyadan tələb edəcəyəm ki, Krım və Donbassa vurduğu zərərə görə kompensasiya ödəsin" deyən Timoşenkonun sözlərinə görə, əgər zərər çəkən bütün Ukrayna əhalisi insan hüquqları üzrə Avropa məhkəməsinə şikayət etsə, onda bütün zərər 100 milyard dollardan çox olacaq. "Batkivşina" Partiyasının lideri mövzu ilə bağlı digər çıxışında isə Krımı Rusiyadan almaq üsulunu təklif edib. O, bu qənaətdədir ki, Krımın qaytarılması üçün Ukrayna ordusu möhkəmləndirilməli, həmçinin Budapeşt formatında danışıqlar aparılmalıdır: "Krım və Donbas bizim ərazilərimizdir və heç kim bizimlə onların verilməsi haqqında söhbət apara bilməz. Biz bunu etməyə icazə verməyəcəyik".

Məlumat üçün bildirək ki, Krım Ukraynada baş tutan dövlət çevrilişindən sonra referendum vasitəsilə Rusiyanın tərkibinə daxil edilib. Belə ki, Rusiya əhalisinin 95 faizi bu regionun Rusiya Federasiyasının tərkibinə qayıtmasını dəstəkləyiblər. Ukraynada keçiriləcək prezident seçkilərinə gəlincə, bu ilin mart ayının 31-də baş tutacaq marafonda iştirak edəcək namizədlərin sayı artıq 22-yə çatıb. Ukrayna Mərkəzi Seçki Komissiyası "Batkivşina" Partiyasının lideri, deputat Yuliya Timoşenkonu, hazırkı prezident Petro Poroşenkonu, şoumen Vladimir Zelenskini, "Radikal" Partiyadan Oleq Lyaşkonu, "Sosialist" Partiyasından Aleksandr Morozu, "Sülh və İnkişaf" Partiyasından Aleksandr Vilkulu, "Xalq Nəzarəti" Partiyasından Dmitri Dobrodomovu, müstəqil namizəd, deputat Arkadi Kornatskini, sabiq ekologiya və təbii sərvətlər naziri İqor Şevçenkonu, Lvov şəhərinin meri, "Samopomoş" Partiyasının lideri Andrey Sadovoyu, "Ədalət Hərəkatı" Partiyasının lideri Valentin Nalivayçenkonu, "Sosial Demokrat" Partiyasının lideri Sergey Kaplini, müstəqil namizəd Vitali Skotsiki, sabiq müdafiə naziri, "Qrajdanskaya pozitsiya" Partiyasının rəhbəri, deputat Anatoliy Qriçenkonu, "Bizimkilər" Partiyasının lideri Yevgeni Murayevi, deputatlar Vitali Kupriyi, Olqa Boqomoletsi, Aleksandr Şevçenkonu, biznesmen Gennadi Balaşovu, iqtisadçı Roman Nəsirovu, deputat və "Müxalif Blok" Partiyasının üzvü Yuri Boykonu qeydiyyata alıb.Aparılan rəy sorğularına görə, onların arasında ən şanslı namizədlər Yuliya Timoşenko, Vladimir Zelenski, Petro Poroşenko və Anatoliy Qriçenkodur.

"Seçkiqabağı bu tip populist çıxışlar hər zaman olub və bundan sonra da olacaq"

 

Beləliklə, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli "Hürriyyət"ə açıqlamasında bildirdi ki, seçkiqabağı bu tip populist çıxışlar hər zaman olub və bundan sonra da olacaq. Bütün ölkələrdə keçirilən seçkilərdə siyasətçilərin daha çox vəd verməyə, populist çıxışlar etməyə çalışdıqlarını deyən politoloqun sözlərinə görə, Krımın geri qaytarılması Ukraynadan asılı məsələ deyil: "Yəni bu, müharibə ilə həll olunacaq məsələ deyil. Krımın geri qaytarılması yalnız beynəlxalq təzyiqlərlə mümkün ola bilər. Lakin beynəlxalq təzyiqlər də hələlik effekt vermir. Belə ki, Avropanın, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının olmasına, onların məsələ ilə bağlı sərt mövqe sərgiləmələrinə baxmayaraq, Kreml hələ ki, Krım məsələsində geri addım atmaq istəmir. Əslində, Rusiyanın yaxın gələcəkdə də geri addım atacağını düşünmürəm. Nə qədər ki, indiki hakim elita Rusiyada iqtidardadır, Krımla bağlı hər hansı bir pozitiv addımın olması mümkün deyil". Rusiyanın Krıma böyük investisiyalar qoyduğunu vurğulayan Natiq Cəfərli qeyd etdi ki, təkcə Kerç körpüsünün tikintisinə 1,5 milyard dollara yaxın vəsait xərcləyib: "Yəni Rusiya Krıma kifayət qədər böyük vəsait yatırır, eyni zamanda hərbi bazalarını da yerləşdirib. Buna görə də Krımın asanlıqla geri qaytarılacağını düşünmürəm. Təbii ki, seçkilərdə hamı bu kartdan istifadə edəcək və bu cür populist çıxışlar da olacaq. Lakin Krım problemi çox qəliz və yaxın gələcəkdə həlli mümkünsüz məsələdir".

"Böyük ehtimalla birinci turda namizədlərdən heç biri qələbə qazanmayacaq"

Ukraynada keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyinə dair sualımızı cavablandıran politoloq hesab edir ki, böyük ehtimalla birinci turda namizədlərdən heç biri qələbə qazanmayacaq: "Qeyd edim ki, buyaxınlarda Ukraynada idim. Siyasi və ictimai çevrələrlə bir sıra görüşlərim oldu. Təəssüratlarım ondan ibarətdir ki, əhalinin böyük qismində siyasətçilərin əksəriyyətinə qarşı bir qıcıq var. Yəni siyasətçilərlə bağlı ciddi güvənsizlik var. Nə qədər qəribə səslənsə də şoumen, yumor ustası Vladimir Zelenskinin şansları daha çox görünür. Ona görə də birinci turda qalibin olması ehtimalı çox aşağıdır. Çox güman ki, ikinci tur olacaq. Düşünürəm ki, siyasətçilərin ikinci tura hansı konfiqurasiyadan yaxınlaşacağına baxmaq, bunu analiz etmək lazımdır. Bundan sonra isə müəyyən fikirlər söyləmək mümkün olacaq. Lakin onu da qeyd etmək lazımdır ki, Yuliya Timoşenkonun ikinci tura çıxçaq şansı çox yüksəkdir. Hesab edirəm ki, əgər ikinci turda Timoşenkonun rəqibi indiki prezident Petro Poroşenko olsa, bu zaman onun udma şansı da artacaq. Belə bir ehtimal da var ki, Poroşenko ikinci tura çıxmaya bilər. Bu halda, yəni başqa namizəd ikinci tura çıxarsa, onda bizi daha maraqlı yarış gözləyəcək".

Avropa və ABŞ-ın namizədlərdən hansını dəstəklədiyinə dair məqama gəlincə, Natiq Cəfərli Qərbin Ukraynada hansısa favorit namizədinin olduğunu düşünmədiyini bildirdi: "Çünki hər bir namizədin Qərb çevrələri ilə xüsusi əlaqələri var. Və bu əlaqələrin özünəməxsus yeri var. Belə ki, Yuliya Timoşenkonun kifayət qədər geniş çevrələrlə əlaqəsi var. Eyni zamanda, Petro Poroşenko artıq prezidentlik dönəmində sıx əlaqələr qurmağı bacarıb. Odur ki, Qərbin belə bir favoriti yoxdur. Demək olar ki, bütün namizədlər Qərbyönümlüdür. Qərbin o vaxt marağı olardı ki, Rusiyayönümlü namizəd çıxardı və Moskva ilə əlaqələrin yenidən yaxşılaşmasına, Rusiyameyilli siyasət yürütməyə çağırışlar edərdi. Təbii ki, bu zaman Qərb həmin namizədin əleyhinə olanlara dəstək verərdi. İndiki halda belə bir namizəd olmadığına görə, kimin udmasından asılı olamayaraq Ukraynanın Qərbyönümlü siyasəti davam edəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA