Yuliya Timoşenko Petro Poroşenkoya MƏĞLUB OLA BİLƏR - "Rusiya Ukraynanın qalan hissəsini də ələ keçirmək istəyir"

Yuliya Timoşenko Petro Poroşenkoya MƏĞLUB OLA BİLƏR - "Rusiya Ukraynanın qalan hissəsini də ələ keçirmək istəyir"

Elxan Şahinoğlu: "Kreml Ukraynadakı seçkilərə müdaxilə etmək üçün xüsusi xidmət orqanlarına əlavə olaraq 350 milyon dollar pul ayırıb"

"Ukrayna dövlətinin başçısı yerinə öz namizədini oturtmaq cəhdi Rusiya siyasi maşınının bütün bəndlərinin ilk sırada duran məqsədidir"

Ukraynada keçiriləcək növbəti prezident seçkilərinə sayılı günlər qalıb. Belə ki, ən şanslı namizədlər kimi xarakterizə olunan "Batkivşina" Partiyasının lideri, deputat Yuliya Timoşenko, şoumen Vladimir Zelenski, hazırkı ölkə başçısı Petro Poroşenko və "Qrajdanskaya pozitsiya" Partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko da daxil olmaqla, ümumilikdə 28 nəfər martın 31-də prezident postu uğrunda marafona qatılacaq. Məsələnin maraqlı tərəfi ondadır ki, seçkilərə qısa bir müddət qalmasına baxmayaraq, Yuliya Timoşenko anidən tərəfdarları ilə birlikdə prezident Pyotr Poroşenkonun impiçment prosesini başlatdıqlarını bəyan edib. Görünən odur ki, "Bizi dəstəkləyən digər fraksiyalarla birlikdə prezidentin impeçment prosesinin başladıldığını elan edirik" deyən Timoşenko seçkilərin birinci elə turunda Poroşenkoya məğlub olacağından ehtiyat etdiyi üçün bu cür kampaniyaya əl atıb.

Nəzərinizə çatdıraq ki, Belarus prezidenti Aleksandr Lukaşenko bugünlərdə verdiyi açqlamasında prezident seçkilərinin qalibinin məhz Petro Poroşenko olacağının bildirib. Lakin bununla belə, o, Ukraynanın hazırkı dövlət başçısının Vladimir Zelenski ilə bərabər ikinci tura da çıxaçağını istisna etməyib: "Bunları mən təxmini deyirəm. Amma bütün variantları götür-qoy edərək Petro Poroşenkonun vəzifədə qalacağını güman edirəm. Əsas odur ki, orada sakitlik olsun, Ukraynada hansısa böyük haqq-hesablara çəkilməyək. Buna heç cür yol vermək olmaz".

"Rusiya siyasi texnoloqları, təbliğatçıları və xüsusi xidmətləri Ukrayna seçkilərinin qanunsuzlaşdırılması üçün müxtəlif ssenariləri işə salırlar"

Mövzu ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Ukrayna seçicilərinin real əhval-ruhiyyəsi Moskvanı çaşdırır. Xalqın Rusiyapərəst namizədlərin vədlərinə inanmadığını vurğulayan politoloqun sözlərinə görə, məhz bu, Kremlin qlobal ambisiyalarının həyata keçirilməsi məsələsini sual altına qoyur: "Bunu dərk edərək Rusiya siyasi texnoloqları, təbliğatçıları və xüsusi xidmətləri Ukrayna seçkilərinin qanunsuzlaşdırılması üçün müxtəlif ssenariləri işə salırlar. Ukrayna Rusiyadakı mərkəzlərin psixotron ekspansionist strategiyası çərçivəsində ən öndə, yəni sıfır xəttində durur, bununla belə, Rusiya siyasətinə qarşı yüksək dərəcəli müqavimətini nümayiş etdirir. Ukraynanı xaricdən ala bilməyəcəyini dərk edərək, Ukraynanın vuruşan qalasına daxildən qalib gəlmək istəyirlər. Həmin mərkəzlər aydın şəkildə anlayırlar ki, bunu ya indi etmək lazımdır, ya da bu heç vaxt alınmayacaq. Bunun üçün Rusiya strateqləri Ukraynadakı 2019-cu ilin seçki dövrünü unikal fürsət kimi dəyərləndirirlər. İlk yerdə, əlbəttə ki, 31 mart tarixinə təyin edilmiş prezident seçkiləri durur".

"Poroşenko prezident seçilməsə belə, prezidentliyə digər real namizədlər də işğalın üzərindən Rusiya ilə barışmağa hazır deyillər"

Картинки по запросу Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, məhz Ukrayna dövlətinin başçısı yerinə öz namizədini oturtmaq cəhdi Rusiya siyasi maşınının bütün bəndlərinin ilk sırada duran məqsədidir: "Ukrayna bir daha Rusiya imperiyasının tərkib hissəsi olmaq istəmir. Ukraynalıların ağır tarixi təcrübəsi də bundan xəbər verir. Qolodormorlar (kütləvi aclıq nəticəsində ölümə məhkum edilən milyonlarla ukraynalı), ölüm düşərgələri, işğallar, hibrid müharibələri ukraynalıların yaxın tarixinin ən acı səhifələridir. Bir vaxtlar Donbasda həyat və inkişaf var idi, Ukraynanın sənaye mərkəzi sayılırdı, bu gün dağıdılmış bölgədir: tərk edilmiş kömür şaxtaları, sökülmüş dəmir yolları və məhv edilmiş milyonlarla insan həyatı bu bölgəni ümidsizlik zonasına çevirib. Ancaq görünür, bu, Rusiyadakı mərkəzlər üçün yetərli deyil, Ukraynanın qalan hissəsini də ələ keçirmək istəyir və bunun üçün prezident seçkisinə "hazırlaşırlar". ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker 16 fevral 2019-cu il tarixində Münhendəki təhlükəsizlik konfransında deyib: "Rusiya qarşıdakı seçkilərdə Ukrayna prezidenti Petro Poroşenkonu "aradan qaldırmaq" istəyir ki, yeni ölkə başçısı ilə özünə sərfəli olan əməkdaşlığı qursun. Onlar Poroşenkonu hakimiyyətdən kənarlaşdırmağı çox istəyirlər və mən düşünürəm ki, onlar yeni hakimiyyətlə Rusiya üçün əlverişli olan hər hansı müqavilənin bağlanmasına ümid edirlər, çünki bunu Poroşenkodan ala bilmirlər". Poroşenko prezident seçilməsə belə, prezidentliyə digər real namizədlər də işğalın üzərindən Rusiya ilə barışmağa hazır deyillər. Güclü demokratik institutlar – ukraynalılar bu dəyər üçün savaşır və bu institutlardan biri də demokratik seçkilərdir. Ukrayna özü üçün ən ağır dövrdə - 2014-cü ildə öz iradəsini demokratik yolla nümayiş etdirməyi bacardı, bu ənənəni bu il də davam etdirmək istəyir".

"Demokratik, azad və şəffaf seçkilərin keçirilməsi Ukrayna tərəfi və beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir"

"Ukraynalıların bu əhval-ruhiyyəsi Kremli narahat edir və onun üçün başağrısı yaradır" deyən Elxan Şahinoğlu bildirib ki, ukraynalılar Rusiyanın təbliğat maşınının apardığı fasiləsiz işə baxmayaraq, öz sağlam düşüncəsini qoruyub saxlayırlar: "Bu fonda Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Geraşenko amerikalı diplomatın Rusiyadakı mərkəzlərin seçkiyə müdaxiləsi fikrini bu şəkildə dəstəkləyib: "Rusiya beşinci kolon vasitəsilə Ukraynada prezident postunda öz namizədini görmək istəyir. Bütün müdaxilələrə baxmayaraq, onlar görürlər ki, hər şey onların ssenarisi üzrə getmir, bu səbəbdən burada ictimai düşüncədə təhrif və təxribat yaratmağa çalışırlar". Geraşenko vurğulayıb ki, Ukrayna beynəlxalq müşahidəçi missiyalarını gözləyir, müvafiq dəvətlər artıq göndərilib. Həm ATƏT-in Parlament Assambleyasından, həm NATO Parlament Assambleyasından, həm də Avropa Şurası Parlament Assambleyasından beynəlxalq müşahidəçi nümayəndə heyətləri bugünlərdə Ukraynada fəaliyyətə başlayacaqlar. Xəbərlərə görə, Kreml bu il Ukraynadakı seçkilərə müdaxilə etmək üçün xüsusi xidmət orqanlarına əlavə olaraq 350 milyon dollar pul ayırıb. Tanış ssenaridir. Bu pullar əsassən feyk xəbərlərə, öz tərəfinə çəkmə, təxribatların, etirazların, Ukrayna rəhbərliyinə qarşı daxili siyasi təzyiqlərin təşkili və kiber hücumların hazırlanması üçün xərclənəcək. Ona görə də demokratik seçkilərin keçirilməsi üzrə beynəlxalq səviyyədə tanınmış standartlara uyğun azad və şəffaf seçkilərin keçirilməsi Ukrayna tərəfi və beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir".

"Rusiyadakı bəlli mərkəzlər Azərbaycanda da 2013-cü ildə prezident seçkisinə müdaxilə etmək istəmişdilər"

Rusiya televiziya kanallarının Azərbaycanda geniş yayınlandığını vurğulayan politoloq qeyd edib ki, bu kanallar gecə-gündüz Ukrayna əleyhinə təbliğat aparırlar, separatçılığı reklam edirlər: "Ona görə də bu kanallara və xəbərlərə aldanmaq lazım deyil. Azərbaycan müşahidəçilərinin Ukraynadakı prezident seçkilərində iştirakı mühüm amildir. Bu Azərbaycan və Ukrayna arasındakı dostluq və tərəfdaşlıq ruhuna uyğundur. Unutmayaq ki, Rusiyadakı bəlli mərkəzlər Azərbaycanda da 2013-cü ildə prezident seçkisinə müdaxilə etmək istəmişdilər, ancaq onların bu səyləri nəticə vermədi. Ukraynada da nəticə verməyəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org