Zahid Orucdan yeni vəzifəsi ilə bağlı AÇIQLAMA

Zahid Orucdan yeni vəzifəsi ilə bağlı AÇIQLAMA

Deputat Zahid Oruc prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsindən danışıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə sosial şəbəkədə açıqlama yayan deputat şəxsinə göstərdiyi etimada görə ölkə prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib:

“Ötən günlər ərzində müxtəlif kommunikasiya vasitələrilə bizi arayıb öz ürək sözlərini söyləyən hər kəsə ayrılıqda, hamıya birlikdə razılığımı qeyd etmək istəyirəm və deyilən hər kəlməni insanlar üçün işləmək, çalışmaq, fədakarlıq etmək siqnalı kimi qəbul edirəm. Bəlağətsiz və boyasız səmimi mövqeyim bundan ibarətdir.

İşimizlə bağlı onu deyə bilərəm ki, dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var.

Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi qərarlar zamanı onları nəzərə alır. Həmin informasiyaların təminatı məxfi xidmət orqanları, həmçinin icra və siyasi strukturlar tərəfindən həyata keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib.Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir.

İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.

O ki, qaldı əməkdaşlıq edəcəyimiz qurumlara, onlar bəllidir. İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir.

Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.

O bildirib ki, STM-in yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan Strateji Araşdırmlar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcək: “Buna görə də, bir sıra hüquqi prosedurları sürətlə keçmək ərəfəsindəyik. Amma bu işlər bir qədər zaman alacaq.

Xüsusi vurğulamaq istəyirəm ki, Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insalardan ibarət olacaq.Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Lakin bir prinsipə əmin ola bilərsiniz-ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza almağa heç kəsin şübhəsi olmasın!

Sonda informasiya məkanında şəxsimə dair göstərilən inamı, müsbət sözləri, eləcə də tənqidləri, hətta ittiham və mühakimə epitetlərini də çox anlaşıyla qarşıladığımı bildirmək istərdim. Doğrudur, onlarla tam tanış ola bilməmişəm.Lakin belə də olmalıdır. Çünki biz tənqidlərə hər zaman açığıq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA