Zamanı idarə et – Eyzenhauer Matrisi və Pomodoro metodu

Zamanı idarə et – Eyzenhauer Matrisi və Pomodoro metodu

"Həyatınızı sevirsinizsə, zamanınızı boş yerə xərcləməyin, çünki zaman həyatın özüdür."

Benjamin Franklin

 

Zaman ən dəyərli xəzinəmizdir. Amma təəssüf ki, ən dəyərli xəzinəmizi hədər edib düzgün istifadə etmirik. Nəticəsində isə tamamlanmamış işlər, səmərəsizlik və uğursuzluq ortaya çıxır. Əslində isə edə biləcəklərimizi edə bilməmək içimizdə ağır günahkarlıq hissi yaradır. Bu yazıda sizə zamanı düzgün idarə etmək üçüm 2 mühüm metoddan bəhs edəcəyik: Eyzenhauer Matrisi və Pomodoro metodu.

 

Eyzenhauer Matrisi

Duayt Devid Eyzenhauer 1953-1961-ci illər arasında 2 dövr ABŞ prezidenti olmuşdur. Eyzenhauer Matrisi də onun inkişaf etdirdiyi metoddur. Bu metodun çox asan məntiqi var. Koordinat sistemini 4 hissəyə bölüb, edilməli olan işləri təcili-təcili deyil və vacib-vacib deyil şəklində kateqoriyalara ayırırsınız.

"Vacib olan nadirən təcilidir, təcili olan isə nadirən vacibdir".

D.D.Eisenhower

Zamanı idarəetmədə ediləcək işlər sırası ən vacib mövzulardan biridir. Əgər sıralamanız yoxdursa, işi edərkən yayınmaq, bir neçə işlə eyni anda məşğul olmaq kimi səmərəsiz texnikalardan istifadə etməyiniz və lazımsız işlərə daha çox vaxt itirməyiniz kimi problemlər ortaya çıxa bilər. Eyzenhauer Matrisi ilə etməyi düşündüyümüz işləri 4 kateqoriyaya ayırırıq:

1. Təcili-Vacib: Sıramızın ən başına gəlməsi lazım olan işlərdir. Bu işlər dərhal edilməlidir.

2. Təcili deyil-Vacib: Gələcəyiniz üçün fərq yaradacaq uzun müddətli planlarınızın olduğu, həqiqətən öz istəklərinizlə təyin etdiyiniz işlərin siyahısıdır.

3. Vacib deyil-Təcili: Əksərən gələn e-maillər, mesajlar, bəzi telefon görüşmələri və s. Əgər mümkündürsə, bu işlərini başqasına təhvil verin.

4. Vacib deyil-təcili deyil: Etsəniz əlbəttə ki, yaxşı olar, amma etməsənizdə həyatınızda çox şey dəyişdirməyəcək işlərdir. Daha vacib işlərə vaxt ayırmaq istəyirsinizsə, bu cür işləri birbaşa aradan qaldıra bilərsiniz.

İşlərinizi bu 4 kateqoriya altında siyahıya almağınız vaxtınıza daha çox qənaət etməyə və yeni fəaliyyətlər üçün zaman qazanmağınıza yardım edəcək.

Pomodoro metodu

Pomodoro metodu italyanca, “pomidor” mənasındadır. İtalyan Françesko Çirillo (Francesco Cirillo) mətbəxlərdə istifadə olunan pomidor şəklindəki taymerlərdən ilhamlanaraq bu metodu Pomodoro adlandırmışdır. Pomodoro zaman idarəsində və səmərəli çalımaqda çətinlik çəkənlərin istifadə etdiyi asan, amma təsirli metoddur.

 

Pomodoro taymeri

Pomodoro taymerinin çox asan funksiyası var: Qısamüddətli çalışma seansları və ardınca gələn qısa fasilə. Qısamüddətli çalışma seansları 25 dəqiqə, kiçik fasilələr isə 5 dəqiqə davam edir. Çalışma və fasilədən ibarət 30 dəqiqəlik vaxt 1 Pomodoraya bərabərdir. Toplam 4 Pomodoranı tamamladığınızda ümumilikdə 20-30 dəqiqəlik fasilə etmiş olursuz. Əksərən 1 gündə 8-16 pomodoro ideal hesab olunur. Bu gündəlik 4-8 saat arası işləməyə bərabər sayılır. Ehtiyacınız olan işlərə, çalışmalara uyğun olaraq özünüz pomodoro sayısını seçə bilərsiniz. Həmçinin, hər 4 pomodoradan sonra 15-20 dəqiqəlik ümumi fasilə verin.

Pomodoro metodunun faydalı olması üçün 25 dəqiqəlik çalışma seanslarınızda yalnızca məşğul olduğunuz işlə maraqlanmağınız vacibdir. Diqqətinizi dağıdacaq hər cür vasitədən uzaqlaşmağınız maksimum fayda əldə etməyinizi təmin edəcək. Həmçinin, 5 dəqiqəlik fasilələrdə ağlınızda yarımçıq qalacaq işlərlə (film izləmək ya da hər hansı bir kitabı oxumaq) məşğul olmağınızı məsləhət görmürük. Kiçik fasilələri musiqi dinləmək, qısa müddətli məşqlər etmək ya da çay, qəhvə və s. içməklə dəyərləndirə bilərsiniz.

Onu da qeyd edək ki, bu iki metodu hər kəs istifadə edə bilər.

Zaman – uzadılması, qısaldılması mümkün olmayan, satılmayan, əvəzi ödənilməyən və dayandırıla bilməyən ən dəyərli mənbədir. Bu qədər dəyərli mənbə olmasına baxmayaraq, ən çox israf ediləndir.

Unutmayın, zamanınızı idarə etmək sizin əlinizdədir. Daha yaxşı gələcək üçün vaxtınızı itirməyin, elə indi onu xilas etməyə başlayın.

Aytac ASƏFQIZI, Hurriyyet.org

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA