Zelenski küncə sıxışdırılır - yeni Ukrayna-Rusiya gərginlikləri...

Zelenski küncə sıxışdırılır - yeni Ukrayna-Rusiya gərginlikləri...

Elçin Mirzəbəyli: “Bu savaş Zelenskinin dönəmində...”

Ukrayna gündəmi qaynayır. Yeni prezident Vladimir Zelenski ətrafında gedən proseslər müzakirələrin əsasını təşkil edir. Martın 31-dəki seçkilərdə özünə səs verdiyini təsdiqləyən bülletenini nümayiş etdirməsi səbəbindən o, Kiyev Məhkəməsinə çağırılıb.

V.Zelenski məhkəmə iclasına qatılmayıb, onu məhkəmədə vəkili təmsil edib. Kiyevin Obolon rayon məhkəməsi Zelenskini inzibati qayda pozuntusu barədə işdə təqsirkar sayıb. Məhkəmənin qərarı ilə Ukrayna prezidenti vergiyə cəlb edilməyən minimum gəlirin 50 misli həcmində, daha dəqiq desək, 850 qriven (32,4 ABŞ dolları) cərimələnib.

Bundan əlavə, Ukrayna birləşmiş qüvvələrinin keçmiş komandanı general Sergey Nayevin Donbasa nəzarətin bir sutkadan daha az vaxtda qaytarıla biləcəyini açıqlamasından sonra rəsmi Kiyevə Rusiya tərəfindən cavab gəlib.

Ukrayna Silahlı Qüvvələrinin hərbi vəziyyəti Kiyevə Donbas üzərində sutka ərzində nəzarəti ələ almağa imkan verməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Viktor Vodolatski deyib.

O, həmçinin əlavə edib ki, Rusiya Donbas sakinlərinə öz pasportunu verməyə başlayandan sonra bu ölkəyə qarşı sanksiyaları aradan qaldırmaq olmaz: “O zaman bu günə qədər etdiyimiz bütün hər şey məntiqi olaraq məhv edilmiş olacaq”.

Viktor Vodolatski ile ilgili görsel sonucu

“O, başa düşür ki, həyatı boyu heç vaxt Ukrayna Silahlı Qüvvələri Luqansk və Donetskin cənub-şərq hissəsini sutka ərzində tuta bilməz. Ön xətdə Ukrayna ordusunun deqradasiyası, sərxoşluğu və narkomaniyası baş alıb gedir”, - Vodolatski bildirib.

Rusiya ilə Ukrayna arasında daha bir gərginlik yaşanır. Bu da Kremlin Donbas sakinlərinə vətəndaşlıq pasportu verəcəyi barədə qərarından sonra yaranıb. Bununla bağlı Çexiyanın XİN rəhbəri Tomaş Petrşiçek açıqlamasında qeyd edib ki, Avropa İttifaqı pasport məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır. Analoji çıxışı Rumın xarici işlər naziri Teodor Meleşkanu da edib.

“Almaniya, Fransa və Avropa Şurasının digər ölkələrinin nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvinə nail olsa, o zaman Ukrayna Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək”.

“Qafqazinfo”nun “Yevropeyskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib.

“Əgər siz bir neçə dövlətin istədiyi kimi sanksiya təzyiqinin ləğvinə getsəniz, mən elə həmin gün çıxıb deyəcəm ki, biz artıq “Minsk”də yoxuq və onu nəinki Rusiya, həm də siz öldürdünüz”, - deyə Klimkin Avropa ölkələrindən olan həmkarlarına müraciətində bildirib.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Zelenski ətrafında gedən proseslərlə və Ukrayna-Rusiya arasındakı son gərginliklərlə bağlı politoloq Elçin Mirzəbəylinin mövqeyini aldıq. Ekspert əvvəlcə yeni prezidentdən danışdı:“Zelenski siyasətdə təsadüfi fiqurdur və şübhəsiz ki, onun prezident seçilməsində təkcə ictimai rəy rol oynamayıb. Zelenski Ukraynada iqtisadi maraqları toqquşan iki nəhəng biznes qrupundan birini təmsil edir. Bu baxımdan da ona qarşı həyata keçirilən kampaniya qarşı tərəfin öz maraqlarını qorumaq, yaxud hansısa məsələlərdə ortaq məxrəcə gəlinməsi üçün “bazarlıq predmeti” kimi də istifadə oluna bilər. Proseslər onu göstərir ki, Ukraynadakı “Maydan siyasətçiləri” və onların iqtisadi dayaqlarını təşkil edən qruplar asanlıqla təslim olmaq fikrində deyillər. Digər tərəfdən bizim şərhlərinə emosiya qatmağı xoşlayan bəzi ekspertlərdən fərqli olaraq Zelenskinin Petro Poroşenkodan daha uğurlu dövlət başçısı olacağını düşünmürəm. Zelenski də Poroşenko kimi siyasətçi deyil. Amma sabiq prezident ən azından siyasi proseslərdə mühüm rol oynayan qlobal iqtisadi və maliyyə mexanizmlərindən məlumatlı idi... Zelenskinin isə belə bir təcrübəsi yoxdur. O sadəcə hələlik mövcud olmayan və yaxın gələcəkdə ona “təqdim olunacaq” komandasının üzvlərinin tövsiyəsi ilə hərəkət etməli olacaq. Bunu necə edəcək? Yaşayarıq, görərik... Zelenskinin prezidentliyi dönəmində Ukrayna xalqı siyasi şoulardan çox güman ki, birdəfəlik doyacaq. Əgər o müddətin sonunadək öz postunda qalacaqsa, Zelenskidən sonrakı dönəmin postşou dönəmi olacağını düşünürəm. Ukrayna xalqı Zelenskinin xeyrinə seçim etməklə ənənəvi siyasətçilərlə yanaşı özünü də cəzalandırıb. Çünki siyasi təcrübə çox mühüm faktordur. Həddən artıq mühüm”.

E.Mirzəbəyli Ukrayna-Rusiya gərginliyinə də toxundu: “Qərbə Ukrayna ilə Rusiyanı barışmaz nöqtəyə gətirmək, iki qardaş xalq arasında on illərlə bərpa oluna bilməyəcək çat yaratmaq lazım idi, buna da nail oldu. Həm Ukrayna siyasətçiləri bu provakasiyaya getdilər, həm də Rusiya öz aqressiv davranışları ilə buna əsas verdi. Bildiyiniz kimi 1994-cü ildə Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya arasında Budapeşt anlaşması imzalanıb. Bu anlaşmaya əsasən Ukrayna nüvə silahından imtina edib, digər 3 dövlət isə Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə təminat verib. Amma ortalıqdakı nəticə nədən ibarətdir? Bu anlaşmanı imzalayan dövlətlərdən biri Ukraynanın ərazisini ilhaq edib, separatizmi stimullaşdırıb və dəstəkləyib, digər iki dövlət isə bunun qarşılığında üzərilərinə götürdükləri öhdəliklərə əməl etməyiblər. İndiki halda Almaniya, Fransa və Avropa İttifaqına üzv olan digər dövlətlər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi üçün konkret addımlar atsalar, bu heç kimə təəccüblü görünməyəcək. Minsk prosesi isə ölü doğulmuş uşaqdır. “Minsk” şəhərinin adının yer aldığı bütün proseslər bir-birinə bənzəyirlər, “nə ət olurlar, nə də balıq”. Luqansk və Donetskdə hərbi əməliyyatların bərpa olunacağı isə hələlik inandırıcı görünmür. Hələlik tərəflər arasında informasiya savaşı gedir və bu savaş Zelenskinin dönəmində özünün də vəd etdiyi kimi daha da güclənəcək. Yox əgər hərbi əməliyyatlar bərpa olunarsa, çox güman ki, qısa müddətdə başa çatmayacaq. Çünki Rusiya üçün Qara dəniz bölgəsi, Balkanlar, bütövlükdə Şərqi Avropa həyati əhəmiyyət kəsb edir”.\\Musavat.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA