“Zərif gedib, xoş getdi, gələn səfa gətirər” - ZƏRDÜŞT ƏLİZADƏ

“Zərif gedib, xoş getdi, gələn səfa gətirər” - ZƏRDÜŞT ƏLİZADƏ

“Pompeoya fikir verməyin, o, kəşfiyyatçı adamdır”

“Mən düşünmürəm ki, Bəşər Əsədin İrana gəlişi Zərif üçün gözlənilməz, sürpriz olsun”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən vəzifəsindən istefa verdiyini bildirib. Zərif rəsmi sosial media hesabı “İnstagram”dan paylaşdığı mesajda vəzifəsini davam etdirmək iqtidarında olmadığını bildirib və xidməti zamanı buraxdığı səhvlərə görə üzr istəyib.

İranda fəaliyyət göstərən “Entekhab” saytının xəbərinə görə, Cavad Zərif sayt müxbirinin sualına qısa mesajla verdiyi cavabda “Bu gün aparılan danışıqlardakı fotolardan sonra Cavad Zərifin xarici işlər naziri kimi artıq dünyada nüfuzu yoxdur” deyə qeyd edib. Bu baxımdan, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası suallar doğurub. Maraqlıdır ki, Cavad Zərifin istefa verməsinin səbəbləri nədir? Bu və digər sullarını politoloq Zərdüşt Əlizadə cavablandırıb:

- Harada yazılıb ki, hanısa bir nazir ölənəcən vəzifəsində qalmalıdır? Heç yerdə yazılmayıb. İran 80 milyonluq bir ölkədir, 2500 yaşı var, çox zəngin bir diplomatiya tarixi var, inkişaf etmiş diplomatik institutları, çox səmərəli işləyən Xarci İşlər Nazirliyi var və onun hakim zümrəsi bacarıqlı, işgüzar kadrlarla doludur. Cənab Zərif çox möhtərəm, bacarıqlı, hamının bildiyi və hörmət etdiyi bir diplomat idi. İnsan qarğa deyil ki, 300 il yaşasın. Ola bilsin yaşı və yaxud hansısa bir səbəblərlə bağlı vəzifəsindən gedib, onun yerini mən əminəm ki, ondan heç əskik olmayan başqa birisi tutacaq.

Bizim ölkəmizin müstəqillik tarixi 30 il deyil, yadınıza salın, neçə xarici işlər naziri gedib, Tofiq Qasımov, Həsən Həsənov, sonra Tofiq Zülfüqarov, Vilayət Quliyev olub, ondan sonra da indiki nazir Məmmədyarov gəlib. İndiyə kimi 6 nəfər dəyişib. Yəqin İranda da vaxtıdır ki, naziri dəyişiblər, heç bir problem yoxdur.

- Maraqlıdır ki, Cavad Zərif istefa verdiyi gün Suriya prezidenti Bəşər Əsəd İran prezidenti Həsən Ruhani ilə paytaxt Tehranda bir araya gəlib, sonra İranin ali dini lideri Xamneyini ziyarət edib. Bəşər Əsədin İrana gəlişi ilə Cavad Zərifin istefası təsadüfdür, yoxsa..?

- Mən əmin deyiləm, Bəşər Əsəd gəlib ki, Cavad Zərifi çıxarın və yaxud Cavad Zərif ona görə gedib ki, Bəşər Əsəd İrana gəlib. Bu, sıradan olan bir səfərdir. İranla Suriyanın çox yaxın münasibətləri var, çox sıx əməkdaşlıq edirlər. Həmişə mütamadi görüşürlər, danışırlar. Müxtəlif səviyyələrdə, hərbi, siyasi, o cümlədən ən ali səviyyədə danışırlar. Əlbəttə, Ayətullah Xamneyi yaşlı adamdır, səhhəti möhkəm deyil, durub Suriyaya gedəsi deyil. Bəşər Əsəd nisbətən cavan prezidentdir və dünyada gedəsi yerləri də çox deyil, getdiyi yerlər Mokskvadır, Soçidir, Tehrandır, o da durub, gəlib. Burada problem yoxdur, mən heç bir qəribə şey görmürəm. Heç bir əlavə də görmürəm. Adətən xarici işlər nazirlərinin vəzifəsindən istefası ani qərar olmur. Azərbaycanda bir dəfə belə şey olub, Tofiq Zülfüqarov ani hadisədən sonra istefa verib. O da tək istefa verməyib, Eldar Namazov da, Vəfa Quluzadə də istefa verib. O da Heydər Əliyevin növbəti “möhtəşəm” qərarından sonra olmuşdu, başa düşmüşdülər ki, əgər bu qərar həyata keçsə, Azərbaycanda nəsillərinin, özlərinin və adlarının tarixdə qalması böyük sual altında olacaqdı. Ona görə, istefa verdilər. Amma adətən nazirlərin çıxarılması və yerinə başqalarının təyin ediməsi çox sanballı bir prosesdir, hazırlanır, düşünülür, müzakirə edilir və vaxtı gələndə qərar verilir.

Картинки по запросу Məhəmməd Cavad Zərif

- Amma İran saytlarınin birində xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bəşər Əsədin Tehrana etdiyi səfərin ondan xəbərsiz həyata keçirilməsi səbəbilə istefa etdiyi irəli sürülüb.

- O saytın mötəbərliliyi nə dərəcədə doğrudur? Dövlət apartıdır, Zərif indiyə kimi işləyib, sona çatıb. O, çox uğurlu bir nazir olub, onun vaxtında çox çətin, mürəkkəb nüvə danışqları gedib, sonra Zərif çox böyük zəfər qazanıb, nüvə müqaviləsi bağılanıb. Əlbəttə, uğursuzluq da olub ki, Trampın başına hava gəlib, Varşavada o, İsrailin tələbi ilə nüvə sazişindən çıxıb. Lakin digər iştirakçılar, Rusiya, Avropa ölkələri, Yaponiya etiraz ediblər, amma Tramp vecinə almayıb, “burada mənəm, Bağdada kor xəlifə” siyasəti ilə deyib ki, mən çıxıram. Zərif çox çalışıb ki, Trampın bu ziyanlı qərarının nəticələrini neytrallaşdırsın, Avropaya, Rusiyaya səfərlər edib, danışıqlar aparıb. Sözsüz ki, o, parlaq, böyük diplomatdır. Amma indi görünür, İranda onun dəyişilməsi zərurəti yaranıb.

Zərif İran-Suriya münasibətlərinin yaxınlığından çox xəbərdar idi. Ali siyasi rəhbərliyin nəinki yaxın adamıdır, həm də o, Ali siyasi rəhbərliyin üzvüdür və İranın bütün xarici siyasətinin incəliklərini gözəl bilən adamdır. Mən düşünmürəm ki, Bəşər Əsədin İrana gəlişi onun üçün gözlənilməz, sürpriz olsun. Yəni bu hansısa bir gizli səfər deyil, onu kəşfiyyat idarəsi təşkil etmir, Bəşər Əsədi də sandıqda gizli şəkildə gətirmirlər. Bütün bunlardan yəqin ki, onun xəbəri olub və olmasa da, bu, elə bir hadisə deyil ki, onun şəninə toxunsun, ona görə istefa versin. O, çox gözəl anlayır ki, İran-Suriya münasibətlərinin həm açıq, həm də gizli cəhətləri var. Çünki həm Suriyanın, həm də İranın dünya miqyasında nəhəng və qüdrətli düşmənləri var, hər şey açıq ola bilməz.

-İran Məclisinin Rəyasət Heyətinin üzvü Əli Rza Rəhimi Zərifin istefası ilə bağlı deyib ki, sabah Məclisdə Zərifin istefasının pərdəarxasını müzakirə edəcəyik. Siz dediyiniz kimi, Zərifin istefasının səbəbləri sadə idisə, bəs, İran Məclisi üçün hansısa qaranlıq məqamlar nə ola bilər ki, bu istefa müzakirəyə çıxarılır?

-Mən düşünürəm ki, İran Məclisinin üzvlərinin hansısa bir məsələni bilmək səlahiyyəti azərbaycanlı jurnalistin bilmək hüququndan az deyil. Sən də mənə zəng edib, sual verəndə nəyisə bilmək istəyirsən. Bu, sənin jurnalist kimi hüququndur. Məclisin üzvlərinin də hüququ var ki, nəyisə öyrənsin. Bizdə Heydər Əliyevin 3 yaxın adamı, siyasi müşaviri istefa vermişdi- Vəfa Qulzadə, Eldar Namazov və Tofiq Zülfüqarov. Bizim Məclisdə bu məsələ müzakirə olundu? Yox. Niyə? Çünki bizdə Məclis deyil, müqəvvadır, oyuncaqdır, pərdədir, qiyafədir, amma orada Məclisdir, o Məclisi xalq seçib. Orada müxtəlif partiyalar var, sollar, sağlar, İslami sağlar, İslami sollar var. Yəni onlarda siyasi mübarizə gedir. Onlar da sənin kimi istəyirlər, öyrənsinlər ki, Cavad Zərif niyə istefa verib, orada da ya Cavad Zərif özü, ya hansısa bir başqa böyük adam, ya da prezident Həsən Ruhani çıxar, deyər ki, ay hörmətli Məclis üzvləri, filan səbəblərdən Cavad Zərif gedib və bu İran dövlətinin xarici siyasətinə, vücuduna təhlükə deyil. Onlar da sakitləşəcəklər, deyəcəklər ki, biz öz rolumuzu oynadıq, xalqın təmsilçiləri kimi sözümüzü dedik. Bizdəki kimi deyil ki, Oktay müəllim icazə verməmiş bir deputat danışa bilməz.

-İndiki vəziyyətdə Bəşər Əsədin İrana səfərinin pərdəaraxsı məqamları nədən ibarətdir?

- Bəşər Əsədin hakimiyyətdə qalmasının bir neçə köklü səbəbi var. Birincisi, onun Suriya hakim zümrəsində dayaqları. İkincisi, Suriya dövlətinin mövcudluğunun təminatçısı olması. Üçüncüsü, İran kimi güclü müttəfiqi. Dördüncüsü, Rusiya kimi müttəfiqi. Beşincisi, Türkiyənin İrana və Rusiyaya qoşulması və anti-Bəşər sıralarından çıxması. Bütün bunlar Bəşər Əsədin siyasətçi kimi hakimiyyətdə qalmasının mühüm amilləridir. Ona görə onun İrana gəlməsi təəccüb doğurmamalıdır. Vaxtaşırı bir də görürsən Soçiyə, ya Moskvaya gedir, Putinlə görüşür. Niyə gedir? Çünki hakimiyyətdə qalmaq, ölkəsini qorumaq istəyir. Ona görə ki, Qərb onun ölkəsini dağıtmaq istəyir. Amerikanın, Avropanın məqsədi Suriyanı məhv etməkdir, Liviyanın kökünə salmaqdır.

- Cavad Zərifin istefası ilə bağlı ABŞ Dövlət katibi Mayk Pompeo öz “tivitter” səhifəsində yazıb ki, “Zərif dini mafiyanın öncülü idi. Biz Məhəmməd Cavad Zərifin istefasını diqqətdə saxlayırıq. Hər bir halda Zərif və Həsən Ruhani korrupsiyalaşmış dini mafiyanın sadəcə solistidir. Biz bilirik ki, bütün yekun qərarları Xamneyi qəbul edir. Bizim siyasətimiz dəyişmir. Rejim gərək özünü normal ölkə kimi aparıb xalqına hörmət etsin”. Sizcə, Zərifin istefası İran-Amerika münasibətlərində hər hansı dəyişikliyə səbəb olacaqmı?

- Amerikanın fikrincə, normal ölkə nə deməkdir? Məsələn, Liviya Muammar Qəddafinin vaxtında sərt, avtoritar bir ölkə idi. Amerika hesab etdi ki, bu ölkə normal deyil, “cərahiyyə əməliyyatı” apardılar, Qəddafini öldürdülər, ölkəni bombaladıdlar. Nə məqsədlə? Liviyada demokratiya olsun və normal bir ölkə olsun. İndi Liviya nədir? Dəlixana. Ölkə kimi dağılıb, parçalanıb, əmin-amanlıq, heç bir demokratiyadan əsər-əlamət yoxdur, orta əsrlərə qayıdıb. 850 qəbilə vardı, indi hər bir qəbilə özünə 1-2 tank, pulyemot, 1000-1500 “Kalaşnikov” avtomat tapıb, dəliqanlıları yığır və Liviya neftindən pay uğrunda mübarizə aparırlar, hansı ki, Qəddafinin vaxtında bu pay kifayət qədər ədalətli şəkildə paylanırdı, hamı da xoşbəxt idi. Sonra Amerika hesab etdi ki, Suriyanı normal dövlət etmək lazımdır. İndi Suriya nədir? Vaxtilə müsəlman şərqinin ən abad, ən gözəl ölkəsi Suriya idi, indi xarabazardır, şəhərləri, kəndləri dağılıb. İndi Amerika İranı da “normal” ölkə görmək istəyir. Yəni İranı da Suriyanın, Liviyanın gününə salmaq istəyir. Yəni onların riyakar, xam, balqabaq adamlar üçün nəzərdə tutulan siyasi ritorikasının arxasında onların əsl məqsədləri gizlənir, ölkəni dağıtmaq, diz çökdürmək, öz transmilli şirkətləri üçün bu ölkədən böyük qazanmaq imkanı yaratmağı düşünürlər. Amma əslində, deyirlər normal ölkə, demokratiya, insan haqları və. s. Onların ərəb şərqində ən yaxın müttəfiqləri Səudiyyə Ərəbistanıdır. Hansı normal ölkədən söhbət gedə bilər? Və yaxud Qətərdə. Odur ki, Zərif gedib, xoş getdi, gələn səfa gətirər. Yəni bir başqası gələcək. Odur ki, Pompeoya fikir verməyin, o, kəşfiyyatçı adamdır. O da bilir ki, Amerikanın xarici siyasətinin əsl məqsədi nədir. Dünyaya ağalıqdır. Kim ki, ona itaət etmir, ona qarşı Amerika bütün vasitələrdən istifadə edir. Venesuelada Maduro qanuni prezident idi, Quaydonu prezident elan etdilər. hələ deyirlər, yayda Maduronu devirəcək. Çilidə xalq Salvador Alyendeni seçmişdi, Amerika onu devirdi Pinoçeti gətirdi, qırdı, öldürdü. Müsəddiqi xalq sevidi, 1953-cü ildə Amerika onu devirdi. İstənilən hərbi çevrilişin, müharibənin arxasında Amerikanın milli, iqtisadi maraqlarının ödənilməsi məqsədi durur. Odur ki, İran azsaylı ölkələrdəndir ki, Amerikaya baş əymir, müqavimət göstərir. İndi yaxşı, yaxud pis ölkədir, o İran xalqının öz işidir, istəyərlər, hakimiyyəti saxlayarlar, istəyərlər dəyişərlər. 1979-cu ilə qədər İran şahına hamı “qurban” gedirdi, 1979-cu ildə devirdilər. Səddamı devirməzdən əvvəl Bağdadda milyonluq nümayişlər gedirdi, bağırırdılar ki, “ruhumuzla, qanımızla sənə qurban olaq, Səddam”, amerikanlar gələndən sonra Səddamın heykəlinin başına ip salıb dartan iraqlılar oldu. Odur ki, belə şeylərə baş qoşmaq lazım deyil, əsasən siyasi hadisələrin mahiyyətində duran iqtisadi mənafelərin gerçəkləşməsi mexanizmərinə baxmaq lazımdır. Zərif bir insandır, diplomatdır, xarici işlər naziri olub, özü ilə o vəzifəni qəbirə qədər aparmayacaqdı ki. Uzun müddət uğurulu nazir olub, indi də gedib.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA