Günün sualı: Zeynəb Xanlarova niyə hər prezidentə “peyğəmbər” demir?

  • |

Günün sualı: Zeynəb Xanlarova niyə hər prezidentə “peyğəmbər” demir?

“Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar”.

“Hürriyyət” qəzeti xəbər verir ki, bu sözləri Azərbaycanın xalq artısti Zeynəb Xanlarova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləriylə görüşündə səsləndirib.

Zeynəb xanımın bu sözlərlə hansı prezidentin bostanına daş atdığı bəlli olmayıb. Nədən ki, o, doğrudan da Azərbaycanın bütün prezidentlərini yaxından tanıyıb, amma onların hər biri haqqında ən xoş sözlər deyib.

Sovet hakimiyyətinin son illərini xatırlayanlar, yəqin ki, Zeynəb Xanlarovanın Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov barədə söylədiyi məşhur fikrini unutmayıblar. Zira 5 sentyabr 1991-ci il tarixdə "Azadlıq" meydanında ovaxtkı hökumətin keçirdiyi seçkiqabağı mitinqdə çıxış edən xalq artısti deyirdi: "Mən 20 yanvardan sonra oxumuram. Amma sizə söz verirəm, siz seçkilərdə iştirak edib peyğəmbər kimi təmiz olan Ayaz müəllimə səs verin, mən də bu meydanda sizlərə pulsuz konsert verəcəm".

Maraqlıdır ki, Zeynəb Xanlarovanın “peyğəmbəri” təkcə Ayaz Mütəllibov da olmayıb. O, eyni zamanda ikinci prezident Əbülfəz Elçibəy barədə də eyni “kəlamlarını” təkrarlayıb. Hər halda bunu mərhum Elçibəyin özü etiraf edirdi:

"Zeynəb xanıma xüsusi hörmətim vardı, çünki o, Azərbaycanın səsini dünyaya yayırdı. Bir xahişə gəlmişdi. Elə insanın sözünü yerə salmaq olmaz. Çantasından kiçik bir qutu çıxardı. Saat idi, hədiyyə gətirmişdi. Bir də haqqında yazılan kitabı bağışladı. Kitabın üstündə yazmışdı: “MƏNİM PEYĞƏMBƏR PREZİDENTİMƏ”.

Saatı məcbur çantasına qoydurdum. Dedim, kitabı götürəcəm, amma "peyğəmbər" sözünü sil. Dedi, siz mənim peyğəmbərimsiz. Dedim, olmaz, o sözü sil. Razılaşmırdı. Axır ki, peyğəmbər sözünün üstündən öz əli ilə xətt çəkdirdim. O kitab məndə indi də durur..."

Görünür, Elçibəyin bu dərsindən sonra Zeynəb Xanlarova dinə-imana gəlmiş, ondan sonrakı prezidentlər barədə daha orjinal epitetlər tapmağa çalışmışdır. Xalq artistinin Heydər Əliyevi müqəddəs varlığa deyil, fiziki nəhəngliyi ifadə edən bir məfhuma bənzətməsi bəlkə də bundan qaynaqlanır. Bunu isə xalq artistinin özü 2014-cü ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bir növ etiraf edərək deyirdi:

“Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər” deyə cavab verərdi. Mənsə həmişə deyirdim:

“Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm””.

İndi isə həmin xalq artisti Azərbaycanın hazırkı prezidenti barədə xoş sözlər deyir. Amma nədənsə onu nə peyğəmbərə, nə dağa, nə də günəşə bənzədir. Görəsən, bu, xalq artistinin getdikcə realistləşməsinin, yoxsa prezidentlərə duyduğu sayqı fərqinin göstəricisidir? Ümidvarıq ki, xalq artisti azarkeşlərinin beynində yaranan bu suala aydınlıq gətirəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA