“ZEYTUN BUDAĞI”NIN GÖRÜNƏN İLK NƏTİCƏLƏRİ: Türkiyə ilə Rusiya daha da yaxınlaşır - TƏHLİL

“ZEYTUN BUDAĞI”NIN GÖRÜNƏN İLK NƏTİCƏLƏRİ: Türkiyə ilə Rusiya daha da yaxınlaşır - TƏHLİL

Sedat Ergin

“Hürriyet”, Türkiyə, 23 yanvar 2018-ci il

Keçən şənbə günü başladılan “Zeytun budağı” – Afrin hərəkatının Türkiyə baxımından yaratdığı ilk nəticələri, dəhliz məsələsindən başqa, aşağıdakı kimi dəyərləndirə bilərik:

1. Ən kritik nəticələrdən biri Suriyanın gələcəyinin yenidən şəkillənməkdə olduğu bir dövrdə Türkiyənin bu əməliyyatla birlikdə özünü balansın içinə güclü formada yerləşdirməsidir. Bu ölkədəki müharibəyə bu və ya başqa formada müdaxilə edən bütün oyunçular gələcək Suriyanı indidən istədikləri yönə çəkməyə çalışarkən, Türkiyə keçən il “Fərat qalxanı” əməliyyatı ilə nüfuz sahəsi əldə etdikdən sonra masada qazandığı mövqeyini daha da gücləndirmiş oldu.

İranın İslam İnqilab Keşikçiləri ilə meydanda vuruşduğu, ABŞ-ın 2 min hərbçi və siyasi müşavirlə kürd bölgəsində PYD ilə tale birliyinə girdiyi, Rusiyanın Əsəd rejiminin müharibəni uduzmaması üçün cəbhədə bütün ağırlığını qoyduğu bir vaxtda Türkiyə, hadisələrin gedişini sərhəddin arxasından tamaşaçı olaraq izləməyəcəyini, meydana çıxaraq birbaşa bu oyunçular arasında yer aldığını göstərməkdədir.

2. “Zeytun budağı” hərəkatının digər önəmli nəticəsi onun Türkiyə ilə Rusiya arasındakı yaxınlaşma prosesini daha da irəliyə aparmaqda olmasıdır.Türkiyənin bu əməliyyatı Rusiya ilə sıx məsləhət mexanizmi işlətdikdən və müəyyən əməkdaşlıq infrastrukturu yaratdıqdan sonra başlatması bu meylin əlamətidir. Şübhəsiz, Suriyadakı kürdlərin dominant siyasi təşkilatı olan PYD-nin ABŞ-ın buradakı yeganə strateji ortağı olaraq hərəkət etməyə başlamasının Rusiyanı Türkiyə ilə əməkdaşlığa yönəldən amillərdən biri olduğu düşünülə bilər. Ayrıca, Rusiya bu hərəkəti ilə, hər halda, Türkiyədəki qərarvericilərin və ictimaiyyətin etibarını qazandığını da düşünməkdədir.

Bundan əlavə, Afrində PKK-nın uzantısı olan PYD-nin mövcud gücünün qırılmasının rusların Əsəd rejimini qoruma, gücləndirmə strategiası ilə ziddiyyət təşkil edən heç bir tərəfi yoxdur. Moskva, ehtimal ki, yekun həll variantında Afrin bölgəsinin tez və ya gec Dəməşqdəki mərkəzi hakimiyyətə buraxılacağını qəbul edərək, hərəkət etməkdədir.

3. Hadisələrin inkişafının sürpriz nticələrindən biri Türkiyə ilə 2011-ci ildən bəri qarşıdurma içində olan Bəşər Əsəd rejimi arasında adı qoyulmamış bir maraq örtüşməsini aydınlaşdırmasıdır. Baş nazir Binəli Yıldırımın öncəki gün qəzet rəhbərlərilə olan görüşündə Suriya rejimilə bəzi təmasların olduğunu gizlətməməsi və “Bu anda gəldiyimiz nöqtədə rejim də işin bir parçasıdır, bunu da görməyimiz lazımdır. Yox hesab edə bilmərik” deyərək, danışması bu örtüşmənin son dərəcə heyrətləndirici ifadəsidir.

Böhranın gedişinin Rusiya ilə yaxınlaşmanın əksinə olaraq, Türkiyə ilə ABŞ-ı bir-birindən bir az da uzaqlaşdırdığı söylənə bilər. ABŞ-ın PYD-yə “əlavə bir lojistik dəstək verib-verməyəcəyi” haqqında verilən suala Baş nazir Binəli Yıldırımın“Bu bölgəyə yönəlik hər növ lojistik dəstək bu əməliyyatın hədəfidir. Bu qədər açıq və aydın deyirəm” şəklində cavab verməsinin altı xüsusilə cızılmalıdır. Baş nazir, şərtlər tələb edərsə, Türkiyənin meydanda ABŞ-ı da hədəf ala biləcəyini söyləməkdədir.

4. “Zeytun budağı” hərəkatının təhlükəsizlik qayğıları baxımından Türkiyəni rahatladıcı bir xüsusiyyəti vardır. Afrin bölgəsi Azezdən başlayıb, Türkiyə-Suriya sərhəddi boyunca öncə şimali-qərbə doğru gedən, oradan aşağı cənubi-qərbə yönələn, 130 km uzunluğunda, 20-30 km dərinliyində olan təhlükəsizlik qurşağı ilə əhatə olunacaqdır. Bu, faktiki olaraq Türkiyənin Xatay və Kilisdə Suriyaya bitişik olan sərhəddinin 20-30 km-ə qədər bu ölkənin içinə doğru genişlənməsi nəticəsini doğuracaqdır. Bu genişlənmə Türkiyəyə sərhəd boyunca bu bölgədə PKK-dan gələ biləcək təhdidi özündən uzaqda tuta bilmək imkanı verəcəkdir.

5. Buradakı əsas sual birinci mərhələ olaraq müəyyən edilən təhlükəsizlik qurşağının yaradılmasının tamamlanmasından sonra Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ikinci mərhələdə bölgənin tam ortasında yerləşən Afrin şəhərinin mərkəzinə girib-girməyəcəyidir. Baş nazir B. Yıldırım bu mövzuda“İlk hədəfdən sonra həm Afrinin mərkəzində, həm də digər bölgələrdə yerləşən bu terror təşkilatlarının yox edilməsi üçün iş görüləcək” deyərək, şəhər mərkəzini də açıq bir hədəf olaraq göstərir.

PYD-nin də şəhərdə dirənmə qərarı alması halında hərəkatın ikinci mərhələsi TSQ-Azad Suriya Ordusu ittifaqı ilə PYD arasında bir şəhər müharibəsinə çevrilmə potensialı daşıya bilər. Şəhər mərkəzində müxtəlif etnik qruplardan ibarət mülki əhalinin sıx yaşaması, şübhəsiz, şəhər müharibəsi seçimi dəyərləndirilərkən diqqətə alınması lazım olan bir durumdur.

Tərcümə Strateq.az-ındır

Loading...

QALEREYA