ZİYA MƏMMƏDOVUN İMANA GƏLMƏSİ

  • 2019-07-20 12:25:07
  • |
  • Ölkə /

ZİYA MƏMMƏDOVUN İMANA GƏLMƏSİ

Allah günahımdan keçsin, gör mən kimlərin kəramətinə şəkk gətirmişəm!

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

M.Ə. Sabir

 

Eşidəndə ki, səxavətdə əfsanəvi Hatəmi Taini arxada qoyan, cehiz dərdi çəkən onlarla kasıb qızına kömək edən, neçə-neçə fəqirə mənzil, torpaq verən, onlarla adamsız qalmış gənci öz hesabına oxutduran, dərman, müalicə dərdi çəkən onlarla zavallıya əl tutan, yığdıqlarını son qəpiyinə qədər dövlətin xəzinəsinə qaytaran Ziya Məmmədov dinə, imana qayıdıb ibadətlə məşğuldur, halım təğyir tapmadı. Məgər bizim həşəmətli oliqarxlar insafdan, mürüvvətdən uzaq məxluqdurlar? Çoxu həccə də gedib. Hamısının da alnında möhürün yeri var.

Illər boyu “savab” fəaliyyəti ilə müsavat ideyalarının sərnigun edilməsində müstəsna xidmətləri olan “Yeni Müsavat” qəzetində Ziya ağanın əsil-nəcabəti barədə məlumatla da tanış oldum. Ağanın dost-doğma bəradəri Elton Məmmədovun gül dəhanından cari olan sözləri oxuyanda özümü möhkəm qınadım. Allah günahımdan keçsin, gör mən kimlərin kəramətinə şəkk gətirmişəm!

Sovet hakimiyyəti dövründə hörmət qazanmaq xatirinə elə məmur yox idi ki, özü üçün təzə şəcərə icad etməsin. Biri deyirdi ki, lap böyük babam filan bəyin qapısında nökər olub, o biri babam qolçomaqların danalarını otarırdı, bir nənəm filan axundun evində qaravaş, bir nənəm də tacir filankəsin arvadının kənizi idi.

İllər ötdü, aləmlər mayallaq aşdı, bizlərə də hüriyyət halvasını yemək nəsib oldu. Bu dəfə vəziyyət tərsinə dəyişildi, yerindən duran özünə “bəy” titulu götürdü, kimi dindirsəydin hamı özünün şəcərəsini aparıb ya Çingiz xana, ya da Atabəy Cahan Pəhləvana bağlayırdı.

Qondarma “azadlıq hərəkatı” başlayanda dil boğaza qoymayan, harada aş orada baş olan iki zənən xeylağı tanıyırdım. Biri yəhudiyə ərə gedə-gedə hamını inandırmağa çalışırdı ki, onun əcdadının bir tərəfi bektaşilərə, digər tərəfi isə səfəvilərə bağlıdır. Avam yerinə qoyduğu danabaş jurnalistlərdən biri cürət edib soruşmurdu ki, ay filan, filan şüdənin qızı, səfəviyyə hara, yəhudiyə ərə getmək hara? Bu simibiozu nə vaxtdan icad etmisən? O biri xanım isə harada gəldi car çəkirdi, bilin və agah olun, Azərbaycanda bütün gizli millətçi təşkilatları Əbülfəz Əliyev ilə birlikdə o yaradıb.

İlin, günün bu vaxtında sərvəti heç bir əndazəyə gəlməyən Ziya Məmmədovun guya dinə, imana gəlməsi barədə xəbəri yaymaq kimə lazım idi? “Yeni Musavat” qəzetini idarə edənlər elə bir yerdə yatmazlar ki, altlarına su çıxsın. Xalqı avam yerinə qoyan bu qələm zinakarları eləmə tənbəllik iki ilahiyyatçını da – Hacı Əbdülü və Kənan Rövşənoğlunu – veriblər qabağa ki, üstüörtülü də olsa Ziya ağanı məsum imam övladı kimi təqdim etsinlər. Bu iki alimnümanın fikirləri ilə tanış olandan sonra ancaq onu deyə bildim, kül olsun o qövmün başına ki, onun belə ilahiyyatçıları var. Əhkamı da, islam dininin tarixini də belə “müctəhidlərdən” min qat yaxşı bilirəm. Ziya ağa nəyin tövbəsini edib? Bəlkə cah-cəlallı binalarını, yığdığı sərvəti fəqir-füqəraya paylamağa başlayıb? Bəlkə törəmələri, səhabələri keflərindən qalıblar?

Ağalar, əgər bütün əməlləri hələ də geniş, hərərəfli təhqiq edilməmiş Ziya ağaya xilasetmə kəmərini atırsınızsa atın, bu öz işinizdir. Amma Allaha da vəkillik eləməyin, sizin ixtiyarınız yoxdur! Allah –taala nə vaxt sizə vəhylə xəbər verib ki, o Ziya ağanın tövbəsini qəbul edib və bağışlayıb? Daha prokuror filan lazım deyil...

Şəxsən mən adi bir insan kimi onu qanıram ki, on minlərlə insanı qırılmış, yüzlərlə kəndi, şəhəri yerlə yeksan olmuş, irz-namusu təhqir edilmiş məmləkətdə biznes bəhanəsi ilə, min fırıldaqla milyonlar qazanan, əcnəbi ölkələrdə otellər, mülklər alan, yeddi arxasını da təmin edə bilmiş adamın nə vətənsevərliyinə, nə səmimiyyətinə, nə də tövbəsinə inanmaq olmaz. O riyakar və məlundur!

Azərbaycanda baş verənlər müxtəlif zamanlarda başqa ölkələrdə müharibələr gedəndə bilmərrə olmayıb. İdeoloji iş sıfır, biz monolit qüvvəyə dönmüş milli birlik yox, xaos görürük. Axı bu nonsesdir, cəbhə xəttində atəş kəsilmir, əbləhlər isə milyonları xaricə daşıyırlar.

...Görün bunlar camaatı necə barmaqlarına dolayırlar. Din, ibadət indi bunların yadına düşüb!

Ziya Məmmədovun qardaşı Elton Məmmədova da “Yeni Musavat” qəzeti danışmaq imkanı verib. Elton ağanın bu sözləri min ləli-Bədəxşana dəyər: “Bəli, biz əfəndi nəsliyik. Böyük dini ziyalılarımız olub. O insanlar islamın yayılmasının qadağan olunduğu sovet dövründə dini çatdırmaqla məşğul olublar.” Hələ yaxşı ki, Elton ağa ulu babalarının Bədr, Nihavənd, Kərbəla döyüşlərində i.tirak etmələrindən söz açmayıb.

Elton ağa deyə bilərmi ki, onun “dini ziyalıları dini çatdırmaqla” məşğul olanda əvvəl DTK-da, sonra da Mərkəzi Komitədə kim qeyrətli din xadimlərinin, pak əqidəli dindarların günlərini qara əskiyə bükmüşdü? “Bəli, biz əfəndi nəsliyik” deyən Elton ağa cürət edib deyə bilərmi ki, o cavan olanda Məhərrəm ayında daha dəqiq desək Aşura günündə kimin göstərişi ilə məscidlərin qarşısında fəallardan, komsomolçulardan canlı divar yaradırdılar?

Elton ağa, əfəndi nəslindən (??) olmayan qeyrətli erməni zənginləri pul gücünə Moskvanın neçə-neçə radio kanalını inhisara alıblar. Hansı kanalı açırsan mütləq bir erməni “morda”sı görürsən.

Bizim dəyyuslar bir adlı-sanlı mavinin, ya da elit fahişənin məclisdə göbək əsdirməsinə on-on iki min manat verirlər. Amma ermənilər üç-dörd ay bundan əvvəl pul yığıb iki müasir hərbi təyyarə aldılar.

Sərvəti başından aşıb-daşan hansı vəzifəli yırtıcını dindirsən ya Qurandan danışır, ya da ibadətdən qalmadığını deyir. İyirmi-iyirmi beş il bundan əvvəl hansı dələduzun kabinetinə girsəydin gözün H.Z. Tağıyevin şəklinə sataşardı. Yəni biz səxavətdə onun davamçısıyıq! İndi o da yada düşmür.... Sonda Elton ağaya bir sual vermək istərdim “əfəndi” sözü osmanlıda çox geniş yayılmışdı, onun neçə-neçə mənası var, etimologiyası da məlumdur, siz özünüzü hansı əfəndilərin varisi sayırsınız? Vəssəlam!

İç üzü artıq hamıya məlum olan “Yeni müsavat” qəzetindən məkrli dəstək alan Ziya ağaya cəfakeş Sabirin beytləri ilə müraciət edirəm:

Birbəbir yadına sal cümlı unutduqlarını,

Millətin qanın alıb şişəyə dutduqlarını,

Qış üçün axtalayıb yayda qurutduqlarını,

Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!

Boş danışma, bura say öldürüb aldıqlarını!

Bölüb aldıqlarını, böldürüb aldıqlarını!

Ziya ağa, heç ürəyini sıxma, əgər iqtidarın rəsmi rupor una dönmüş “Yeni müsavat” qəzetinin “şücaətini” mədhetməyə başlayıbsa, deməli sənə ölüm yoxdur, işində ol, Abbas Abbasov kimi bir azdan “istiqlal” ordeninə də layiq görüləcəksən, Rauf Arifoğluna verilən medaldan birini də cənabınıza əta qılacaqlar.

Bu balaca məqaləmlə özünüzü təhqir olunmuş saysanız, buna da əlac var. Ya pulsuz-parasız qalmış Elmira Axundova kimi məni məhkəməyə verib qocalıq təqaüdümü əlimdən alın, ya da vaxtilə günorta çağı camaatın gözü qarşıısnda sürücülərə divan tutan “tonton-makut” muzdlularını üstümə göndərin.

İndi ərdəbillilər kimi soruşacaqsınız, dadaş, bu nəmənədir? Bu sualı elm dəryası, gül-camalı telekanallardan düşməyən Elman Nəsirova versəniz yaxşı olar. Görəsən bu süxənvər ağa televizorda basıb kəsəndə ibadətlə nə vaxt məşğul olur, əvvəl, yoxsa sonra?

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA