Ziyafətdən sonra ölən baş nazir, Çörçillin kürü tələb edən oğlu, Kosıginin üzrü – Kremlin baş qarsonunun xatirələri

Ziyafətdən sonra ölən baş nazir, Çörçillin kürü tələb edən oğlu, Kosıginin üzrü – Kremlin baş qarsonunun xatirələri

“Səhər saatlarında qaldığımız mehmanxanda otağın qapısı icazəsiz açıldı, heç bir sənəd təqdim olunmadan, heç bir izahat verilmədən qollarımı qandallayıb məni apardılar. Maşınla 10-15 dəqiqə getdikdən sonra böyük bir həyətə daxil olduq. Məni üçmərtəbəli binanın zirzəmisinə saldılar. Nə baş verdiyini anlamırdım. Təxminən 7 saata yaxın zirzəmidə qaldım. Nəhayət, mənə illər qədər uzun görünən bu müddətdən sonra qapı açıldı. Başda SSRİ Nazirlər Sovetinin sədri Kosıgin olmaqla bir neçə nəfər içəri daxil oldu. Şəxsən Kosıgin özü üzrxahlıq edərək anlaşılmazlıq olduğunu söylədi...”

Bu sətirlər 1959-1972-ci illərdə xüsusi ştat vahidi ilə Mərkəzi Komitənin ziyafətlərində baş xidmətçi vəzifəsində çalışmış Əhməd Səttarovun xatirələrindəndir. Hadisə Daşkənd şəhərində baş verib. 1966-cı ildə SSRİ-nin vasitəçiliyi ilə Daşkənd şəhərində Hindistan və Pakistan rəhbərlərinin görüşü keçirilib. Görüş sülh danışıqları ilə sona çatıb. Tədbirin SSRİ tərəfindən nümayəndə heyətinə SSRİ Nazirlər Sovetinin sədri Kosıgin rəhbərlik edib. Görüşə bir ay əvvəldən hazırlıq işləri başlanıb.

Ziyafət zamanı xidmətçilərə rəhbərlik SSRİ tərəfindən Əhməd Səttarova həvalə olunub. Ziyafət yüksək səviyyədə keçib. Əhməd Səttarova Moskvaya dönən kimi dövlət təltifi ilə mükafatlandırılacağı vəd edilib. Bu sevinclə ağır iş günündən sonra Əhməd Daşkənddə onun üçün ayrılmış mehmanxanadakı otağına gedib. Səhər tezdən onu həbs ediblər. Həbsin səbəbi isə ziyafətdən sonra Hindistanın baş naziri Lal Bahadur Şastrinin qəfil ölümü olub. Kifayət qədər böyük səs-küy yaradan bu ölümün baş nazirin qəsdən zəhərlənməsi ilə bağlı olduğu ehtimal edilib. Lakin çox qısa bir aradan sonra ölümün əsl səbəbi aşkarlanıb: 4-cü infarkt.

Əhməd Səttarov milliyətcə tatar olub. Hərbi xidmətdən qayıtdıqdan sonra hərbi komissarlıqda ona partiya və hökumət rəhbərlərinin tədbirlərində xidmətçi kimi işləmək üçün xüsusi kursa getmək təklif olunub. Əhməd bu təklifdən imtina etməyib. 3 illik kurslardan sonra o, Kremlə təyinat alıb, xüsusi qrupun üzvü olub. İşə qəbul olunmazdan əvvəl xidməti ilə bağlı 25 il müddətində onun tərəfindən heç bir məlumatın verilməməsi ilə bağlı sənədə imza atıb. Və rəhbərliyin göstərişi ilə o, fəaliyyətə Aleksey adı ilə başlayıb.

13 illik xidməti illərində Səttarov çox maraqlı hadisələrlə üzləşib və o, 25 illik “qadağa” müddəti bitdikdən sonra həmin hadisələr haqqında kitab da çap etdirib.


Həmin maraqlı hadisələrdən biri də ərəblərdən ibarət nümayəndə heyətinin SSRİ-yə səfəri ilə bağlıdır. Xarici İşlər Nazirliyində ərəb qonaqlara ziyafət veriləndə masaya 4 xanım xidmətçi qulluq edib. Xanımlardan biri əyilərək süfrədəki boşqabları dəyişəndə sinəsi ərəb diplomatın gözündən yayınmayıb. Gözəl sinəyə malik xidmətçinin görünən yeri o qədər “gözqamaşdırıcı” olub ki, ərəb diplomat bu “səhnə”yə tab gətirməyərək ziyafəti yarımçıq tərk edib.
Bu hadisədən sonra bütün ziyafətlərdə masalara yalnız kişi xidmətçilər qulluq edib. Xanımlar isə yalnız furşetlərdə xidmət göstəriblər.

Daha maraqlı hadisələrdən biri Çörçillin oğlunun SSRİ-yə səfəri ilə bağlıdır. Qonağa xidmət etmək Əhməd Səttarova həvalə olunub. Amma elə birinci gündən münasibətlərdə problem yaranıb. Nahar fasiləsində Çörçillin oğlu Ermənistan konyakı və qara kürü sifariş edib. Səttarov sifariş olunanları zövqlə qonağın masasına düzüb. Qonaq bir qədəh konyak içib və heç nə yeməyib, yəni kürüyə əl vurmayıb. İkinci qədəhi içdikdən sonra isə çox yüksək tonla Səttarovu üstünə qışqırıb:

- Bəs yağ hanı? Niyə yağ gətirməmisiniz?

- Cənab, siz yağ sifariş etməmisiniz. Həm də sizin xarici görünüşünüzə baxanda fizioloji durumunuzu nəzərə alıb düşündüm ki, bu vəziyyətdə siz könüllü olaraq yağdan imtina edirsiniz.

Kiçik Çörçill elə həmin gün Əhməd Səttarovdan şikayət edib. Məsələ araşdırıldıqdan sonra xidmətçinin heç bir günahı olmadığı bir daha aşkar olunub.

Əhməd Səttarov öz xatirələrində rəhbərlərin ziyafət zamanı özlərini necə aparmaqlarına da xüsusi yer verib:
“Xruşovla işləmək çətin idi. O, çox tez-tez bizi çıxılmaz vəziyyətdə qoyurdu. Nikita Sergeyeviç masaya düzülmaş bıçaq, çəngəl, qaşıq, müxtəlif ölçülərdə olan boşqabların istifadə təyinatını bilmirdi. Ali məclislərdə xarici qonalar belə məsələlərə xüsusi diəqqət edirdilər. Bu günə kimi xatırlayram, mötəbər məclislərin birində qaban əti yeyilib süfrədən yığışdırılanda Xruşova əllərini təmizləmək üçün kiçik bir qabda limonlu su gətirdilər. Həmin suyun içində bir neçə limon dilimi də var idi. Xruşov bunu görcək əlini tez qaba salıb suda üzən limonu tutdu və ağzına dürtdü. Süfrənin üstündə isə kifayət qədər dilimlənmiş limon var idi. Xruşovun ziyafətlərdə xoşagəlməz xüsusiyyətlərindən biri özünü çox səsli-küylü aparması idi. O, qonaqları nəzərə almırdı və elə düşünürdü ki, nə yeyirsə, nə içirsə, qonalar da onun seçiminə tabe olmalıdır. Bu mənada Brejnev daha mədəni idi. Leonid İliç məclislərdə təşəbbüskarlığı qonaqlara verirdi. Brejnevin isə ən dözülməz xüsusiyyəti ziyafət zamanı masa arxasında siqaret çəkməsi idi. Siqaretlə bağlı ona heç kim söz deyə bilməzdi. Brejnev ziyafətlərdə istifadə olunan qab-qacaqlara da xüsusi diqqət yetirirdi. Onun üçün qabların hansı materialdan hazırlanması və istehsal edən ölkə maraqlı deyildi, əsas məsələ o idi ki, qablarda SSRİ-nin gerbi olsun. Biz həmçinin birincilərə bağ evlərində, istirahətə getdikləri sanatoriyalarda da xidmət göstərirdik...”

Əhməd Səttarov xatirələrində Kremldə işlədiyi illər ərzində maddi vəziyyəti ilə bağlı məsələlərə də yer ayırıb:
“O dövr üçün çox yüksək sayılan bir maaş alırdıq, 500-dən yuxarı. Elə o həcmdə mütəmadi olaraq pul mükafatları da yazılırdı. Moskvanın ən gözəl yerlərindən biri olan Kutuzov prospektində mənzil vermişdilər mənə. İşdən evə, evdən işə getməyim üçün xidməti avtomobil ayrılmışdı. Bu avtomobil bir neçə nəfərə xidmət edirdi. Ziyafətlərdən sonra süfrədə nə qalırdısa, onları götürməyə icazə verirdilər. Bu isə kifayət qədər əl dəyilməmiş yemək və içkilər demək idi. Elə vaxt olub ki, hansısa səbəbdən su kəsilib, mən əllərimi çox bahalı konyakla yumuşam. Bir sözlə, maddi durum yüksək səviyyədə idi...”
Maddi vəziyyətin yaxşı olmasına baxmayaraq, Əhməd Səttarov Kremldən tez uzaqlaşmağa qərar verib. İşin ağırlığı, çətinliyi, hər saniyə yaranan gərginlik Səttarovun sağlamlığında da iz qoyub. Baş xidmətçi Kremldəki işindən sonra kiçik tirajlı qəzetlərdə çalışıb, müntəzəm olaraq kütləvi informasiya vasitələrində yazıları dərc edilib və bir neçə kitabı çap olunub./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA