» » Məğlub oyun: İraq kürdləri başlamadan uduzdular - Tragikomediyaya sözardı

Məğlub oyun: İraq kürdləri başlamadan uduzdular - Tragikomediyaya sözardı

Loading...
İraq Kürdüstanında dünən müstəqillik referendumu keçirilib.
Referendumun nəticələrini İsrail istisna olmaqla, heç bir dövlət tanımayıb.
Türkiyə, Suriya, İraq və İran isə İraqın şimalındakı kürdlərin "müstəqillik" istəklərini separatçılıq, bölgə üçün əlavə təhlükə adlandırıblar.
İraq parlamenti referenduma qatılmış bütün kürd dövlət qulluqçuları və məmurların işdən azad olunmasını, habelə kürdlərin nəzarətində olan ərazilərə qoşun yeridilməsi barədə qərar qəbul edib.
Türkiyə İraq Kürdüstanı ilə bütün sərhədləri bağlayır, neft nəqlini dayandırmağa hazırlaşır.
Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu isə deyib: "Əgər İraq Kürdüstanındakı türkmən qardaşlarımız təhlükədə olarsa, həmin ərazilərə dərhal hərbçilərimizi yeridəcəyik".
Üstəlik, Türkiyə və İraq son onilliklərdə ilk dəfə olaraq birgə hərbi təlimlərə başlayıblar.

Türkmənlərin taleyi nə olacaq?
İraq Kürdüstanında yaşayan türkmənlərin taleyi ilə bağlı ciddi suallar var.
İraqın şimalında kürdlərin kompakt yaşadıqları ərazilərin paytaxtı Ərbildir və muxtariyyətin lideri Məsud Bərzaninin administrasiyası da həmin şəhərdədir.
Amma Bərzani daha çoxunu istəyir.
Elə referendumda bülletenlərə yazılmış sual da buna dəlalət edir: "Kürd bölgəsi və regional kürd administrasiyasının nəzarətində olmayan, amma kürdlərin yaşadıqları ərazilərin müstəqil olmasını istəyirsinizmi?"
Kürdlər indi İraqın şimalında böyük ərazilərə, o cümlədən neftlə zəngin Kərkük, Sincar və Mosula nəzarət edirlər.
İraq hakimiyyətinin mümkün addımdarının qarşısını almaq üçün Kərkükdə dünən komendant saatı elan olunub.
İraq Kürdüstanı 2005-ci ildə İraqın yeni Konstitusiyası qəbul ediləndən sonra muxtariyyət əldə edib. Muxtariyyətə Dohuk, Süleymaniyyə və Ərbil əyalətləri daxildir. Kürdlər Kərkük, Naynava və Diyala bölgələrini də ələ keçirmək niyyətindədir.
Bəhs etdiyimiz bölgədəki neft yataqlarının ümumi həcmi 45 milyard barreldir.
Ötən il Kürdüstandan neft ixracı İraqın ümumi neft satışlarının 12 faizini təşkil etmişdi.

Türkiyə nə edəcək?
İraq Kürdüstanında keçirilən referenduma Türkiyənin münasibəti  və reaksiyası gözlənildiyi kimi, çox sərt oldu. İraqdakı kürdlərlə ticari əlaqələrin dayandırılacağı, İraq Kürdüstanından neft nəqlinə son qoyulacağı, Kürdüstana uçuşların sonunun çatacağı deyilir.
İraqın şimalındakı türkmənlərin yaşamına təhdid yaranarsa, həmin ərazilərə Türkiyə Silahlı Qüvvələrinin birləşmələrinin yeridiləcəyi də vurğulanır.
Halbuki 2014-cü ildə rəsmi Ankara İraqın şimalındakı Kürdüstan muxtariyyətinin səlahiyyətlərinin genişləndirilməsinə tərəfdar idi. Üstəlik, rəsmi Ankara bəyan edirdi ki, İraqın şimalındakı istənilən tərəfdaşlıq və əməkdaşlıq məsələlərini İraqın mərkəzi hakimiyyəti ilə yox, İraq Kürdüstanının administrasiyası ilə müzakirə edəcək.
İraq Kürdüstanının lideri Məsud Bərzani isə dünyanın gözünün içinə baxa-baxa, inadla referendum keçirdi.
Türkiyə daha üsullu, fəndli, uzaqgörən siyasət yürütməliydi. Məsələn, referendumun keçiriləcəyi günə bir həftə qalmış İraqla sərhəddəki Habur nəzarət-buraxılış məntəqəsi bağlanmalı, neft nəqli dayandırılmalı, aviauçuşlar ləğv edilməliydi. Bərzani geri addım atsaydı, bu sanksiyalar aradan qaldırılmalıydı.
İndisə Bərzani geri çəkilən deyil, çünki ABŞ və İsraildən tam dəstək alır. O, dünya birliyinə meydan oxumur - situasiyanı dəyərləndirir, nəbz ölçür. Üstəlik, Kərkük də daxil olmaqla iraqlı kürdlərin iddialı olduğu əraziləri referendum vasitəsilə "legitimləşdirdi", həmin məkanları "kürdlərin məskunlaşdığı bölgələr" qismində bəyan etdi.

Referendum naminə referendum
İraq kürdlərinin tarixində belə birlik olmamışdı. Dünən Ərbildən tutmuş, Dohuka qədər hər tərəfdə Məsud Bərzaninin portretləri, "25/9" rəqəmləri, "Müstəqilliyə səs ver!" şüarları idi.
Üstəlik də Kürdüstanın bayraqları...
Kürdlər, gerçəkdən də, müstəqil olmaq, dövlət qurmaq istəyirlər.  Amma onların arasında referendumun heç nəyi dəyişməyəcəyinə inananlar da az deyil.
Məsud Bərzaninin belə referenduma çox böyük ehtiyacı vardı, çünki o, kürd xalqının tarixində bu etnosun ən böyük arzusu olan müstəqilliyi reallaşdırmış insan ikimi qalmaq istəyir.
Bununla belə o, "Böyük Kürdüstan" idefiksini gerçəkləşdirməyə tələsmir: o, Türkiyə, İraq, Suriya və İranın hədəfə aldığı, məhv etməyə çalışdığı fərdə çevrilmək istəmir.
İraq Kürdüstanın paytaxtı Ərbil üçün indi həyati məsələ de-fakto kürd dövlətini qurmaqdır. M.Bərzanini kürdlərin silahlı birləşmələri olan "peşmərgə" dəstələrinin yaradılmasında və silahlandırılmasında müstəsna rol oynamış ABŞ tam dəstəkləyir. İsrail də İraq Kürdüstanının müttəfiqidir.
Amma nə Vaşinqton, nə də Təl-Əviv İraq Kürdüstanı kimi qondarma "dövlət"in BMT tərəfindən tanınmasına çalışmayacaqlar.

Referendum yeni savaşa səbəb olacaq?
Sualın cavabı sadədir: yox. Çünki Məsud Bərzani siyasətçidir, avantürist idiot deyil. O, təsir dairəsini İraqın şimalı ilə məhdudlaşdırıb və sinirləri genişləndirərək sinir gərmək istəmir.
Hələlik İraq Kürdüstanı, daha doğrusu kürdlərin kompakt yaşadıqları ərazilərdəki administrasiyası İran, Suriya və Türkiyə ilə bağlı ərazi iddiaları irəli sürmür. Fəqət, bu, sadəcə, hələlikdir.
İraq Kürdüstanının de-fakto tanınması, dövlət statusunda qalması bütün region üçün hər an partlamağa hazır barıt çəlləyi effekti verib.
Məsud Bərzani də bu səbəbdən İraq Kürdüstanın BMT-nin və digər beynəlxalq təşkilatların üzv olmasına, həmin strukturlarda təmsil edilməsinə yaxın vaxtlarda can atan deyil.
İraq kürdlərinə "dövlətçilik" presedenti gərəkdi, ona da qismən nail oldular.

Terrorçu PKK referendumu pislədi
Kürdlərin terrorçu PKK təşkilatı, habelə PKK/KONGRA-GEL-in Suriya və İrandakı birləşmələri İraq Kürdüstanındakı referendumu qətiyyətlə pisləyiblər, nəticələri tanımayacaqlarını bəyan ediblər.
"Bu səsvermə, əslində, Məsud Bərzaninin hakimiyyətdə qalmasına yönəlmiş oyundur. İraq kürdlərini "müstəqillik" kimi mənasız ideyaları yox, demokratik muxtariyyəti dəstəkləməyə çağırırıq. Biz İraq Kürdüstanının müstəqilliyinə qarşıyıq", - PKK/KONGRA-GEL-in bəyanatında deyilir.
İkinci Dağlıq Qarabağ
İraq Kürdüstanının rəhbərliyi referendum keçirməklə dibi görünməyən siyasi uçurumun kənarına gəlib. Bundan sonra İraqın şimalındakı kürdlər arasında qarşıdurmalar başlanacaq.
Səbəb kürdlərin yezidlər, şiələr və sünnilərdən ibarət 3 etnik-dini qrupa bölünməsidir. Və bu qrupların hər biri suveren ərazi, "müstəqil dövlət" tələb edirlər.
Kürdlərin "dövlət" idefiksi bölgə ölkələrindən kimsəyə gərək deyil - İsraildən savayı.
Təl-Əviv Yaxın Şərqdəki ərəb ölkələrinin zəiflənməsini, İraqın parçalanaraq fraqmentlərə bölünməsini istəyir: belədə İsrail kürdlərin qismində yeni müttəfiq əldə edir.
Kürdlər istədikləri qədər referendum keçirə bilərlər, amma onların müstəqilliyi beynəlxalq səviyyədə tanınmayacaq.
Əvvəla, bunun üçün İraqın özünün razılığı gərəkdir. Bağdad isə ölkənin şimalında separat, "müstəqil" bölgənin yaranmasının qəti əleyhinədir.
Digər məqamsa İraq Kürdüstanın BMT-də təmsil olunmasıdır: yalnız belə olarsa, İraqın şimalındakı separat bölgə dünya birliyinin tamhüquqlu, suveren subyekti qismində tanına bilər.
Bütün bunlardan dolayı İraq Kürdüstanını bütün separat ərazilərin, marionet "hakimiyyət"lərin idarə etdiyi bölgələrin taleyi gözləyir.

Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ təki İraq Kürdüstanı da investisiyalardan, beynəlxalq əməkdaşlıqdan, inkişafdan məhrum əraziyə dönəcək.
... Referendum İraq Kürdüstanını müstəqil olacağı anlamına gəlmir. Əsla. Məsud Bərzani referendumun nəticələrindən Bağdadla siyasi alver üçün güclü kart-blanş qismində yararlanmaq niyyətinldədir.
Dava neft və hakimiyyət davasıdır.
Elçin Alıoğlu















скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA