» » Azərbaycan 5 rayonun əvəzində KTMT-yə daxil olur?

Azərbaycan 5 rayonun əvəzində KTMT-yə daxil olur?

Loading...

Dağlıq Qarabağda rus ordusunun yerləşdirilməsi nə dərəcədə mümkündür?

Qabil Hüseynli: “Rusiya əsgərinin bu bölgəyə gəlməsi Azərbaycan üçün yox, bütün bölgə üçün təhlükədir”

Natiq Miri: “Kimin qoşunu Dağlıq Qarabağda yerləşəcəksə, Dağlıq Qarabağ da o dövlətin olacaq”

Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt olduğu bildirilir. İddialara görə, Kremlin birinci və ikinci şərtlərinə görə, Azərbaycan Avrasiya İqtisadi Birliyinin, daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərtdə isə başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi nəzərdə tutulur.

“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması mümkün deyil”

 “Ərdoğanla Putinin görüşündə 5 rayon məsələsi yox, bütövlükdə Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsi müzakirə ediləcək” deyə Qabil Hüseynli “Hürriyyət”ə bildirdi. Onun sözlərinə görə, Ərdoğan burada olarkən Azərbaycan prezidenti ilə bu cür razılaşdırılıb: “Problemin həllində irəliləyişlər hiss olunarsa, şərtlərdən biri yalnız Azərbaycan tərəfindən qəbul edilə bilər. O da söhbət Avrasiya İttifaqına daxil olmaqdan gedir. Geridə qalan iki şərt Azərbaycan üçün qeyri-məqbuldur və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması mümkün deyil. Azərbaycanın siyasi rəhbərliyi bunu dəfələrlə bəyan edib”.

“Azərbaycan heç cürə bu bölgəyə rus qoşunlarının hansı ad altında olur-olsun gəlməsinə razı ola bilməz”

“Azərbaycan dəfələrlə bəyan edib ki, bu bölgədə maraqları olan dövlətlərin - İranın, Türkiyənin və Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvələri yerləşdirilə bilməz. Azərbaycan indi də həmin mövqedə qalır. Gözümüzün önündə Gürcüstan təcrübəsi var. Cənubi Osetiyada yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin orada nə rol oynadığı hamıya məlumdur. Ona görə də Azərbaycan heç cürə bu bölgəyə rus qoşunlarının hansı ad altında olur-olsun gəlməsinə razı ola bilməz”, - dedi politoloq.

“Türkiyə prezidenti ilə görüşdə bütün problemin həllindən söhbət gedir”

Q.Hüseynli nəzərə çatdırdı ki, söhbət 5 rayona yox, Dağlıq Qarabağa sülməramlı qüvvələrin yerləşdirilməsindən gedir: “Eşidiblər ki, 5 rayon qaytarılır... İndi Türkiyə prezidenti ilə görüşdə bütün problemin həllindən söhbət gedir. Sülhməramlı qüvvələrin qaytarılması nəzərdə tutulan 5 rayonda yerləşdirilməsi haqqında indiyə qədər heç vaxt danışılmayıb. Niyə yerləşdirilir? Azərbaycanın suveren torpaqlarıdır, geriyə qaytarılır. Sülhməramlı qüvvələr yerləşdirilsə, yuxarı Qarabağda yerləşdirilməsini arzu edirlər ki, onunla bir növ Dağlıq Qarabağ probleminin həll edilmə görüntüsünü yaratsınlar. Əslində isə, niyyət odur ki, ora Rusiyanın təsiri altında qalsın”.

“5 rayon məsələsi Rusiyanın arzusudur”

“Siz deyirsiniz ki, 5 rayonun qaytarılmasından söhbət getmir, bütövlükdə Dağlıq Qarabağ probleminin həll edilməsindən söhbət gedir. Bəs, niyə 5 rayonun qaytarılması müzakirə olunur” sualına Q. Hüseynli belə cavab verd: “5 rayondan ona görə söhbət gedir ki, Kazan görüşündə əldə edilmiş razılaşmadır. Amma indi Ərdoğan problemin küll halında razılaşdırılmasını istəyir. Həm də Ərdoğan istəyir ki, Ermənistanla münasibətlər yaxşılaşsın. O mənada ki, Ermənistan təcavüzkarlığından əl çəksin və bölgədəki inteqrasiya proseslərinə qoşulsun. İndi Ərdoğan xeyirxah niyyətlə Putinlə görüşəcək. Alınacaq-alınmayacaq o hələ sual işarəsi altındadır. Bizim politoloqlar bu məsələni gah 5 rayon, gah da bütövlükdə problemin həlli kimi şərh edirlər. Amma söhbət Ərdoğanın təşəbbüsündən gedirsə, o, bütövlükdə Dağlıq Qarabağ probleminin həllinə çalışacağını bildirib. 5 rayon məsələsi Rusiyanın arzusudur”.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri dedikdə Rusiyanın qüvvələri başa düşülür”

“Dağlıq Qarabağda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirlməsi məsələsinə mənim də münasibətim mənfidir. Politoloq olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının suverenliyini düşünən normal insan bu məsələyə mənfi münasibət bəsləməlidir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri dedikdə Rusiyanın qüvvələri başa düşülür. Rusiya əsgərinin də bu bölgəyə gəlməsi təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün təhlükədir”, - deyə politoloq vurğuladı.

“Bu, bir növ ictimai fikri yanıltmağa meylli bir fikirdir”

 Politoloq Natiq Miri isə bildirdi ki, Rusiyanın üç şərti ilə bağlı fikrin ortalığa atılmasının özü doğru bir şey deyil: “Bu, bir növ ictimai fikri yanıltmağa meylli bir fikirdir. Çünki bu cür məsələlər birmənalı olaraq dövlət başçıları arasında müzakirə olunmur. Düşünmürəm ki, Rusiya prezidenti Vladimir Putin ya Azərbaycan prezidentinə, ya da Türkiyə prezidentinə birbaşa bu üç şərt daxilində Dağlıq Qarabağ probleminin həll edilməsini təklif edib. Bu, qətiyyən inandırıcı deyil. Həm də bu şərtlərin qoyulması yeni bir şey deyil. Bunu artıq Rusiya məmurları, siyasətşünasları hər cəhddə dilə gətirirlər və Azərbaycanın Rusiyanın orbitində olmaqla Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmasını, eyni zamanda Dağlıq Qarabağ probleminin müzakirəsi çərçivəsində rus qoşunlarının bölgədə yerləşməsini istəyirlər. Bunların şərt olaraq ortalığa atılması o qədər də ciddi məsələ deyil. Ancaq hər bir halda, bunları ciddi qəbul etsək, bu üç şərtin özü bir-birini şərtləndirən amillərdir. Çünki Rusiya Azərbaycanı öz orbitinə çəkmək istəyirsə, mütləq olaraq Azərbaycan Avrasiya İttifaqına daxil olmalıdır. Azərbaycan Rusiya orbitindədirsə və Avrasiya İttifaqına üzv olacaqsa, nüvəsi Rusiya olan bir təhlükəsizlik sisteminin daxilində olmalıdır ki, bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır”.

“Rus qoşunları Dağlıq Qarabağda yerləşəcəksə, Dağlıq Qarabağ Azərbaycanın olmaqdan çıxıb, Rusiyanın olacaq”

Miri də vurğuladı ki, Rusiya Dağlıq Qarabağ problemini həll etmək üçün şərt kimi rus qoşunlarının Dağlıq Qarabağda yerləşməsini iddia edir: “Bu da o anlama gəlir ki, rus qoşunları Dağlıq Qarabağda yerləşəcəksə, artıq Dağlıq Qarabağ Azərbaycanın olmaqdan çıxıb, Rusiyanın olacaq. Biz bunu Gürcüstan təcrübəsində gördük. Gürcüstanın ərazisi olan Abxaziya və Osetiya ərazilərində rus qoşunları beynəlxalq statusla sülhməramlı ordu kimi yerləşmişdi. Nəticədə də Rusiya hərbi müdaxilə etdi və Gürcüstanın Abxaziya və Osetiya bölgələrini tamamilə işğal etdi. Bu gün Rusiya nəinki işğal, artıq ilhaq prosesi, yəni bu əraziləri özünə birləşdirmək siyasəti yürüdür. Eyni təcrübə də Azərbaycanla bağlı olacaq. Rus qoşunları Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda yeləşəcəksə, bu, o deməkdir ki, Azərbaycan suverenliyini itirmiş olacaq. İstənilən zaman Azərbaycan müstəqil bir siyasi qərar, yəni Rusiyanı nəzərə almayan bir qərar verəcəksə, Rusiya “Qarabağ yarası”nı yenidən qanadacaq və bunun üçün çox böyük imkanlar olacaq. Yəni ki, rus qoşunları Azərbaycan ərazisində, xüsusilə də Dağlıq Qarabağ ərazisində yerləşəcəksə, Dağlıq Qarabağda hər an savaş çıxarmaq Rusiya üçün asan olacaq. Ona görə də kimin qoşunu Dağlıq Qarabağda yerləşəcəksə, Dağlıq Qarabağ da o dövlətin olacaq. Bu, birdəfəlik Dağlıq Qarabağın bitirilməsi deməkdir”.

“5 rayonun qaytarılması Azərbaycan üçün ən böyük tələdir”

“Nəzərə alsaq ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində ilkin olaraq 5 rayonun qaytarılmasından söhbət gedir, bu, Azərbaycan üçün ən böyük tələdir. Nəyə görə, Dağlıq Qarabağ ətrafında işğal olunan və Dağlıq Qarabağ muxtar vilayətinə aid olmayan 7 rayonun hamısı dərhal qaytarılmır, yalnız 5 rayon qaytarılır? Tələ də buradadır. Ona görə ki, 5 rayondan fərqli olaraq digər 2 rayon - Kəlbəcər və Laçın rayonlarıdır ki, bunlar da ən böyük strateji yüksəkliyə malik olan dağlıq ərazilərdir. Bu dağlıq ərazilər Ermənistan ordusunun nəzarətində qalacaqsa, bu, o demkdir ki, digər 5 rayona Azərbaycanın köçkün əhalisinin geri qaytarılması təhlükəsiz olmayacaq. Çünki yüksəklik kimdədirsə, o bölgələrin hamısına nəzarət də həmin ordunun əlində olacaq. Bu iki rayonun Ermənistan ordusunun nəzarətində saxlanılması da Azərbaycan üçün gələcəkdə oyun qaydalarını pozacaq. Ermənistanın məhz bu ərazilərdən digər əraziləri yenidən işğal etmək imkanı olacaq”,- deyə politoloq vurğuladı.

“5 rayonun qaytarılması təklifinin müqabilində müvəqqəti statusu belə vermək olmaz”

Politoloq hesab edir ki, heç bir şərtlə bu 5 rayon tələsini Azərbaycan qəbul edə bilməz: “Bu 5 rayonun müqabilində Dağlıq Qarabağ üçün müvəqqəti status tələb edirlər. Biz bu müvəqqəti statusu Dağlıq Qarabağa versək, Ermənistan dövləti bu müvəqqəti statusun beynəlxalq hüquqi bir status qazanması üçün dərhal hərəkətə keçəcək. Beynəlxalq statusdan sonra isə son status mərhələsində artıq bizim Dağlıq Qarabağa müstəqillik verməkdən başqa çıxış yolumuz qalmayacaq. Çünki son status referendum vasitəsilə olunacaq ki, bu referendum da yalnız Dağlıq Qarabağ ərazisində keçiriləcək və bu da artıq cavabı bəlli olan sualdır. Çünki Ermənistan əhalisi müstəqillikdən yana səs verəcək. Ona görə də bu, Azərbaycan üçün bir tələdir. Heç bir vəchlə bu üç şərti qəbul etmək olmaz. Nəinki bu üç şərti, hətta 5 rayonun qaytarılması təklifinin müqabilində müvəqqəti statusu belə vermək olmaz”.

“Hürriyyət”

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA