» » BAKI SAKİNİNİN 17 İLLİK TORPAĞINA SAHİB OLMAQ İSTƏYƏN MƏMUR... - “Hürriyyət”in araşdırması sensasion faktları ortaya çıxarıb

BAKI SAKİNİNİN 17 İLLİK TORPAĞINA SAHİB OLMAQ İSTƏYƏN MƏMUR... - “Hürriyyət”in araşdırması sensasion faktları ortaya çıxarıb

Loading...

Bu qanunsuz əməldə yüksək səlahiyyətli məmurun adı hallanır

Oktyabrın 26-da Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 84, mənzil 4-də yaşayan Tağıyeva Natiqə Rüstəm qızı “Hürriyyət”in redaksiyasına müraciət etmişdi. Həmin müraciət əsasında qəzetimizdə dərc olunan “Ağbirçək vaxtımda məni təhqir ediblər” sərlövhəli yazıda ailə üzvlərinə edilən zülmdən cana gəlmiş ana prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət etmişdi.

N.Tağıyeva ölkə rəhbərliyinə müraciətində Suraxanı rayon Polis İdarəsi və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz əməllərindən bəhs edirdi. “Sizə müraciət etməyimin səbəbi diqqətinizi Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin və “Riyad” Mühafizə İdarəsinin bəzi vəzifəli şəxslərinin mənə, ailə üzvlərimə və bizə məxsus əmlakımıza qarşı törətdikləri qanunsuz, özbaşına əməllərinə yönəltmək və müdafiə olunmaq üçün Sizdən kömək istəməkdir”, – deyə şikayətçi yazırdı.

Məktubda daha sonra vurğulanırdı: “Asayişi, vətəndaşların əmlakını, təhlükəsizliyini cinayətkar qəsdlərdən, qanunsuz hərəkətlərdən qorumaq bilavasitə vəzifələri olan polis işçiləri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Anar Məmmədovun şəxsən iştirakı və başçılığı ilə min bir əziyyətlə tikdiyimiz evin, həyətin hasarlarını söküb dağıtmış, viran etmişlər”.

Başqasının ərazisinin zəbt olunmasında “Riyad”ın nə kimi marağı var?

“Riyad” Mühafizə Xidməti əməkdaşlarının 2000-ci ildən Natiqə Tağıyevanın ailə üzvlərinin istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq mühafizə etməsi haqda məlumat vermişdik. Qeyd etmişdik ki, sözügedən ərazini ələ keçirməyə cəhd edən Kərimov Natiq Kərimxan oğlu adlı vətəndaş saxta sənədlər əsasında həmin torpağa iddia edir və hətta bu ərazinin mühafizəsi üçün “Riyad”la müqavilə də bağlayıb. Üstəlik, görünən odur ki, bu məsələdə mühafizə xidmətinin rəhbərliyində təmsil olunan bəzi şəxslərin, konkret olaraq Əliyev Məmmədağa Ağahüseyn oğlu (“Riyad” Mühafizə Xidmətinin Suraxanı rayon idarəsinin rəisi) və onun Elgiz adlı müavininin xüsusi maraqları var. Ən azı ona görə ki, bu şəxslər vətəndaşın torpağının zəbt olunmasında əraziyə sahiblənmək istəyən şəxsdən daha çox canfəşanlıq göstəriblər...

Onu da vurğulayaq ki, bu ərazi Nizami rayonunun balansında olsa da, torpağa sahib çıxmağa çalışan Natiq Kərimov sözügedən sahəyə Suraxanı rayonundan “sənəd” düzəltdirib. Sonra isə 2002-ci ildən hasara alınan və dəmir darvazası olan ərazini qorumaq üçün “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarını bu işə cəlb edib. Hansı ki, artıq bir neçə aydır Məmmədağa Əliyevin göstərişi ilə mühafiz xidmətinin əmədaşları üçün darvazanın önünə butka qoyulub və Natiqə Tağıyevanın ailəsinə məxsus torpaq sahəsi özünün razılığı olmadan gecə-gündüz mühafizə edilir.

Yeri gəlmişkən, Suraxanı rayonunun müvafiq idarələri tərəfindən verilən saxta sənədlərdə bu ərazinin guya Kərimova Rəna Müştəba qızının adına olduğu qeyd olunur. Ən maraqlısı isə odur ki, vətəndaş Kərimova Rəna Müştəba qızı ilə “Riyad” arasında bağlanmış saxta müqavilə sənədində mühafizə xidməti Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini qorumağı öz üzərinə götürüb. Yəni torpaq sahəsinin ünvanı göstərilmir...

“Riyad”ın rəis müavini vətəndaşın evinə basqın etdi

Qeyd edək ki, Natiqə Tağıyevanın “Hürriyyət” vasitəsilə ölkə rəhbərliyinə müraciətindən bir neçə gün sonra “Riyad” Mühafizə Xidmətinin Suraxanı rayon şöbəsinin rəis müavini olan Elgiz (soyadını dəqiqləşdirə bilmədik – red.) başçının dəstəsi ilə N.Tağıyevanın ailə üzvlərinə hücuma keçib.

Bu haqda redaksiyamıza daxil olan məlumata görə, “Riyad” əməkdaşları torpaq sahəsinin sahibinə və onun ailə üzvləri olan qadınlara qarşı zor tətbiq ediblər. Bu zaman ərazidə olan Natiqə Tağıyevanın gəlini onları qanunsuz əməllərdən çəkinməyə çağırıb. Onun bu sözü Elgizin xoşuna gəlmədiyindən, ayağı ilə hamilə gəlinin qarnına bir təpik vurub.

Məlumata əsasən, qonşudakı sakinlərin torpaq sahiblərinə köməkliyi nəticəsində mühafizə xidmətinin əməkdaşları ərazidən uzaqlaşmağa məcbur olub. Bununla belə, onlar ərazini tərk etdikdə, torpaq sahiblərini ölümlə hədələyiblər.

Şikayətçilərin sözlərinə görə, “Riyad” Mühafizə Xidməti əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı polisə müraciət olunsa da, onların şikayətinə baxılmır. İdarədə açıq-aşkar bildirirlər ki, “Riyad” rəhbərliyinin əli “yuxarılara” çatdığından, onlarla bağlı hansısa tədbir görməkdən ehtiyat edirlər…

17 ilik torpaq sahəsini kimlər ələ keçirmək istəyir?

Apardığımız araşdırmaya əsasən, sözügedən torpaq sahəsi 2000-ci ildə Natiqə Tağıyevaya qanuna müvafiq qaydada Nizami Bələdiyyəsi tərəfindən verilib. Torpaq sahibləri 2002-ci ildə həmin ərazini hasara alıblar. 2003-cü ildə içərisində 1 otaqlı ev tikiblər və bu zaman aidiyyatı qurumlardan tikintiyə razılıq da alınıb. 2015-ci ildə N.Tağıyeva həmin torpaq sahəsini gəlini Əliyeva Nuranə Fəzail qızının adına keçirib. Bu müddət ərzində, yəni 2000-ci ildən etibarən hər il torpaqdan istifadəyə görə Bələdiyyənin “Kapital Bank”dakı hesabına dövlət rüsumunu ödəyiblər. Məlumata əsasən, 2017-ci ilin fevral ayınadək həmin əraziyə kimsə iddia etməyib. Odur ki, həmin vaxt özünü Nizami kimi təqdim edən, sonradan Abbasov Şirin olduğu müəyyən edilən vətəndaşın əraziyə gələrək həmin torpaq sahəsinin ona məxsus olduğunu idda etməsi N.Tağıyeva və ailə üzvləri tərəfindən gözlənilməz olub. Axı 17 ildir istifadə etdikləri, hər il vaxtında dövlət rüsumunu ödədikləri torpaq sahəsinə başqa bir şəxs necə və hansı əsasla iddia edə bilərdi? Üstəlik, bu şəxs Suraxanı rayon Polis İdarəsinə də müraciət edərək, həmin ərazinin ona məxsus olduğunu iddia edib. Halbuki, bu ərazi Suraxanı rayonu ərazisinə belə, aid deyil və qeyd etdiyimiz kimi Nizami Bələdiyyəsinin balansındadır. Buna rəğmən, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları ailə üzvlərinə təzyiq göstərərək, onların qanuni torpaq sahəlsinin kənar şəxslər tərəfindən ələ keçirilməsinə yardımçı olmağa çalışıb. Lakin ərazinin sahibləri israrla öz haqlarını müdafiə etdiklərindən, qarşı tərəfin bu planı baş tutmayıb.

Bundan sonra isə Kərimova Rəna Müştəba qızı adlı vətəndaş ortaya çıxaraq torpağa iddia edib. Hansı ki, bu vətəndaşın özü ortada olmasa da, Suraxanı rayonunun müvafiq qurumları tərəfindən verilən saxta sənədlərdə onu adı keçir. Ortada olan isə, ilk vaxtlar özünü “torpa sahibinin” qardaşı kimi təqdim edən Kərimov Natiq Kərimxan oğludur. Sonradan isə bəlli oldub ki, əslində Natiq Kərimov Rəna Kərimova ilə bacı-qardaş deyil, onlar ər-arvaddır...

Bəs, necə oldu ki, özünü “Nizami” kimi təqdim edən Şirin Abbasov iddiasından əl çəkdi? Və yaxud Natiq Kərimov nə üçün özünü Rəna Kərimovanın “qardaşı” kimi təqdim edib? Bu şəxslərin arxasında kim dayanır və onların nə kimi maraqları var? Bu və digər suallara növbəti sayımızda geniş aydınlıq gətirəcəyik.

Hələlik isə onu qeyd edək ki, “Hürriyyət”in araşdırması sensasion faktları ortaya çıxarıb. Belə ki, bu qanunsuz əməldə yüksək səlahiyyətli məmurun adı hallanır...

RƏŞAD

P.S. Yazı hazırlanarkən məlum oldu ki, "Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycanda bir çox obyektlərin mühafizəsi ilə məşğul olan məşhur şirkətin fəaliyyət göstərmək hüququ əlindən alınıb.

Daxili İşlər Nazirliyi tərəfindən son dövrdə adı qalmaqalda hallanan qoruma şirkəti lisenziyadan məhrum edilib.

Şirkət sonuncu dəfə bu ilin iyun ayında gündəmə gəlmişdi. İyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən "Safastore” mağazasına gələrək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilib. Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digər 11 mühafizəçi isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar. Hazırda onların işinə Binəqədi rayon Məhkəməsində baxılır.

Bu hadisədən dərhal sonra şirkətin fəaliyyəti rəsmi qurumlar tərəfindən dayandırılıb.

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA