» » Ərdoğan Putindən istədiyini əldə edə bildi? - ŞƏRH

Ərdoğan Putindən istədiyini əldə edə bildi? - ŞƏRH

Loading...

"Türkiyə cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü əhəmiyyətli adlandırmaq çətindir. Çünki Ərdoğan beynində tutduğu məsələlərin həllində Putindən razılıq almadı. İki prezident mətbuat konfransında iqtisadi və ticarət əməkdaşlığının uğurla inkişafından, regional layihələrdən danışdı. Ancaq iki ölkə arasındakı bu məsələlər əvvəldən də yoluna qoyulub və bunun üçün ayda iki dəfə görüşməyə ehtiyac yoxdur, işlər öz axarıyla davam edir, "Türk axını" Qara dənizinin dibinə döşənir və qrafiki qabaqlayır, Rusiya Türkiyədə atom elektrik stansiyasının tikintinə hazırlaşır, Rusiya bazarı Türkiyə pomidorları üçün açılıb və s. Məsələ burasındadır ki, Ərdoğan Putinlə bu dəfə tamam fərqli mövzuları müzakirə etmək istəyirdi".

Hurriyyet.org xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.


Politoloqun fikrincə, əvvəla görüşdə Dağlıq Qarabağ mövzusuna ya səthi toxunulub, ya da bu məsələdə razılıq əldə edilməyib: "Türkiyə Cumhurbaşqanı hələ bir həftə əvvəl demişdi ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək istəyir. Ərdoğan önəmli cümləsini əlavə etməyi də unutmamışdı:

"Putin istəsə, münaqişə qısa müddətdə həll oluna bilər". Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq keçirdikləri mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək, razılıq yoxdur".

Ekspertin qənaətincə, türkmən qazının Xəzər üzərindən nəqli məsələsində də irəliləyiş olmayıb: "Ərdoğan türkmən qazının Xəzərin dibi ilə Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə daşınmasını istəyir. Bu məsələdə də əsas söz sahibi Putindir. Çünki məhz Kreml ekologiya bəhanəsiylə Xəzərin dibi ilə qaz boru xəttinin çəkilişinin əleyhinədir və Aşqabadla Bakı buna etiraz edə bilmirlər. Ərdoğan bu problemin həllində də Putindən dəstək ala bilmədi".

Mərkəzin rəhbəri qeyd edib ki, Ərdoğan Türkiyə-Rusiya iqtisadi əlaqələrinin tam bərpasına nail olmasına baxmayaraq, Moskvanın Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə nail ola bilmədi: "Bu da Rusiyada çalışan türkiyəli iş adamları üçün bəlli çətinliklər yaradır. Putin bu məsələnin həllini də sonraya saxladı. Görünür, bu yolla Putin Ərdoğana başa salmaq istəyir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını qısa müddətdə unudub bütün məsələləri yoluna qoymayacaq. Nə olsun ki, Ərdoğan vurulan təyyarəyə görə üzr istədi? Putin məşhur rus yazıçısı Fyodr Dostoyevskinin əsərində olduğu kimi "cinayətin cəzasız qalmadığı" fikrini Ərdoğana aşılamaq istəyir".

Nəhayət, Türkiyənin Suriya məsələsi ilə bağlı gözləntiləri də özünü doğrultmayıb: "Ərdoğan Soçiyə yollanmazdan əvvəl yumşaq şəkildə belə bir ifadə işlətmişdi ki, Rusiya və ABŞ silahlı birləşmələri Suriyanı tərk etməli və bazalarını ləğv etməlidirlər. Görünür, Ərdoğan bu açıqlama ilə Putinlə görüş ərəfəsində Kreml sahibinin nəbzini yoxlamaq istəyib. Nəbzini yoxladı, nəbzdə heç bir dəyişiklik yoxdur. Putin Rusiya qoşunlarını Suriyadan çıxarmayacaq, bazalar da yerində qalacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Suriya ilə bağlı da tam təminat almadan bu ölkəni tərk etməyəcək".
E.Şahinoğlu hesab edir ki, beləliklə, Ərdoğanla Putinin görüşləri getdikcə bir-birini təkrarlayır: "Həll olunası məsələlər görüşdən əvvəl də həllini tapıb, Ərdoğanın Putinlə həll etmək istədiyi məsələlər isə yerində sayır".

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA