Əliağa Vahid haqqında düşüncələr

21 May, 2020, 14:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

II məqalə

Vahidin qəzəlləri

Hər bir elmdə yazılmamış yerlər, deyilməmiş sözlər, işıqlandırılmamış sahələr və unudulmuş istiqamətlər vardır.     

Ustadı Məhəmməd Füzulidə olduğu kimi Əliağa Vahidin də iki cür qəzəli var: “sadədil zəriflər” və “kamil müdəqqiqlər” üçün. Hər kəs öz payını aparır Vahiddən. Birinci tip qəzəllər sadə və anlaşıqlıdır, asan başa düşülür, onlarda ərəb-fars tərkibləri yoxdu, teyxa azərbaycan türkcəsində yazılıb. Bu qəzəllərin şərhə ehtiyacı olsa da izaha ehtiyacı yoxdur. Bir-iki misal göstərək:

Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır.

Təbiətin işidir, gündə min gözəl yaradır,

Bu canı istə verim, özgə bir şeyim yoxdur.

Mən aşiqəm, nəyim olsa mənimki aşkaradır.

Səni görən kimi aləm mənə behiştə dönür

O gün ki, gül üzünü görməsəm, günüm qaradır

Rəqibə vermə nişan, yaxşı saxla qoynunda

Mənimdə eşqim o bir cüt dərilməmiş naradır

Desəm qılınc qaşına, qorxuram dilim kəsilə

Sözün düzü, nə bilim, bəlkə əyri ayparadır.

O yerdə ki, dəli könlüm səni gəzib soruşur,

Özümdə bilmirəm çox zaman, o yer haradır,

Rəqib tənəsi, Vahid, mənə toxundu o gün,

Sızıldayır ürəyim, sanki ox dəyib yaradır.

Vahidin külliyyatında yeddi beytlik bu qəzəli biz olduğu kimi təqdim etdik. İndi də başqa bir qəzəlin bir parçasına nəzər yetirək:

Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,

Dərdindən ölən aşiqini bir düşünərsən.

Etməz mələk olsa bu qədər naz ilə qəmzə

İnsaf elə barı, gözəlim, sən ki, bəşərsən.

Naz ilə gələrkən qədəmin qoy gözüm üstə

Qoyma quru yer üstünə, birdən sürüşərsən.

Bu qəzəl də təmiz azərbaycan dilində yazılıb.

Sözümüzü qəribçiliyə salmasınlar deyə onu da qeyd edək ki, ərəb-fars tərkibləri olan bəzi qəzəlləri də 1-ci tipdən hesab eləmək olar.

Məsələn: Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir – mətləli qəzəli.

İkinci tip qəzəlləri isə başa düşmək üçün bir az savadlı olmalısan.

Klassik ədəbiyyatda işlənən frazaları bilmək daha çox fayda verər. Sufi terminləri lüğətini də bilsən lap yaxşı olar.

Vahidin dili sadələşdirilmiş klassik qəzəl dilidir.

Fikrimizi aydınlaşdırmaq üçün Vahidin kəlmələr aləminə ötəri bir nəzər yetirək: gül, bülbül, bülbülü şeyda, güli-xəndan, güli-tər, güli-rəna, yar, əğyar, dost, düşman, mey, kaşanə, meyxanə, saqi, rind, zahid, piri muğan, xərabat, rindi-xərabati, gözəl, gözəllər, gülər üzlü, qaragözlülər, qara gözlü gözəllər, pəriçöhrə, nigar, ceyran, sənəm, nazənin, dilbər, pəri, xosrovu-xuban, xubru, qönçədəhan, ləbbəstə, ov, ovçu, şəmi-rüx, lalərüx, əks rüx, əks camal, qələm qaşlı, ahubaxışlı, şam, pərvanə, zülf, şanə, silsileyi zülf, həlqeyi zülf, əfiyi zülf, ləşkəri-zülf, aqil, aqili fərzanə, ləb, ləbü-ləl, mah, xurşid, mahitaban mahivəş, leylivəş, hicran, giryan, vəsl, xanə, həmxanə, mərdanə, dəhan, dərd, dərman, əbru, navək, müjgan, naz, qəmzə, zülfi siyəh, pərişan, məst, sərməst, dəm, lül, badə, qədəh, əyaq, sağər, şakər, bica, cami-şərab, eşq, aşiq, can, canan, eşq əhli, aşiqi-sadiq, zəncir, dəli, divanə, xəzan, gülüstan, gülzar, çəmənzar, binəva, bimehr, bivəfa, biganə, həngamə, ahəstə, peyvəstə, gənc, gəncinə, viranə, tuti, şəkəristan, bağ, bağban, lalə üzlü, gülşən və s.

Hələlik yaddaşımıza əsasən yazdığımız bu ifadələr olmadan Əliağa Vahid qəzəlini təsəvvür etmək mümkün deyil. Göründüyü kimi burada adi oxucu üçün anlaşılmayan məfhumlar da vardır. Ancaq buna baxmayaraq Əliağa Vahidin şerləri asanlıqla oxunur. Buna səbəb nədir? Səbəbin biri odur ki, Əliağa Vahid yüz illərlə qəzəl ədəbiyyatında işlənmiş, dəbdən düşsə də öz əhəmiyyətini itirməmiş bu ifadələri azərbaycan təfəkkürü alovunda bişirərək ona bir az da milli şirə qatır və bu sözlərə tamamilə yeni lətafət və dad verir.

El düşdü bütün heyrətə divanəlimdəmdən,

Sirrin demədim bir kəsə mərdanəliyimdən.

Xakəstəri eşqəm mənə təhqir ilə baxma,

Min gənc çıxar zahirə viranəliyimdən.

Məcnun kimi mən barigəhi-eşqi bəyəndim,

Keçdim bu təmənna ilə şahənəliyimdən.

Hələlik burada dayanaq.

Adi oxucu bir qəzəlin 2-ci beytinin dadını, duzunu hiss edə bilirmi? Əlbəttə yox.

Füzuli bölgüsünə əsasən şərti olaraq qəbul elədiyimiz bu bölgüyə əsasən fikirimizi yekunlaşdırırıq. Çünki, biz Ə. Vahid qəzəllərinin tam təsnifatını vermək fikrində deyilik.

Vahidin qəzəllərinin xüsusiyyətlərindən biri də odur ki, beytlərin birinci və 2-ci misraları arasında eyni zamanda qəzəlin beytləri arasında dərin bir bağlılıq var. Məsələn, “əlinə” rədifli qəzəldə söhbət əvvəldən axıra qədər meydən gedir. Vahid süjet ətrafında gedən söhbətin heç bir yerində süniliyə yol verilmir. Hər şey təbiidir. Yarın badə götürməsinə səbəb olan saqi alqışlanır. Badənin xam adamlar üçün olmadığı qeyd olunur. Mey “ləli-girənmayə” kimi qiymətləndirilir və “cənnət açarı” hesab olunur. Onu “cahilü bədnam”lara verməmək tövsiyyə edilir. Ömər Xəyyam xeyirlə və rəhmətlə yad edilir. Badə tarixinin Cəmşidi-Cəm tərəfindən icad olunduğu və ona görə də “kafəri islam” əlinə düşməsi  və s. ətrafında söhbət gedir.

Xüsusiyyətlərdən danışarkən mərhum muğam ustası Sabir Mirzəyevin Bəstənigar təsnifində oxuduğu qəzəli xatırlayaq:

Çox gözəllər gördüm, axtardım bütün dünyanı mən,

Tapmadım aləmdə öz könlüm sevən cananı mən.

Binəva pərvanələrtək yetmədim məqsudimə,

Eşq sevdasiylə yandırdım bu şirin canı mən.

Nazənin ahu baxışlı çox pərilər görmüşəm

Sevmədim öz sevgilimdən başqa bir ceyranı mən

Bülbülü nalaniyəm mən bir gül üzlü dilbərin

Neylərəm hər lalə üzlü qönçeyi-xəndanı mən.

Hər gülün bir ətri var, hər qönçənin bir nəşəsi

Olmuşam çox gözəllər bağının bağbanı mən.

Kursivdə verilən sözlərə baxaq:

Axtarmaq varsa, tapıb-tapmamaq da var. Pərvanə olan yerdə yanmaqdan söhbət getməsi bir adətdir.

Gülə-çiçəyə, qönçəyə qulluq etməyə bağban da lazımdır. Dərdi olan yerdə dərmandan söhbət gedir və s.

Vaxtilə Məhəmməd Füzuli türkcə şerlər yazmağın çətinliklərindən gileylənirdi. Vahidin xidmətlərindən biri də odur ki, XX əsrdə azərbaycan dilinin əruzi imkanlarını olduqca məharətlə nümayiş etdirə bilmişdi.

Etiraf etmək lazımdır ki, bu cəhətdən nə Vahiddən əvvəl nə də sonra ona bənzər bir qəzəlxan olmayıb. Qəzəlin bütün klassik xüsusiyyətlərini saxlamaqla, olduqca sadə, başa düşülən, yadda qalan, azərbaycan sözlərinin çoxluq təşkil etdiyi, ən müxtəlif təbəqələrdən olan adamları öz dairəsində saxlayan bir qəzəlxan yoxdur.

Vahid azərbaycan danışıq dilinin şeriyyətini də çox ustalıqla qəzəllərində və digər şerlərində nümayiş etdirə bilmişdir.

Şairin divanında “necə oldu”, “çıxsın getsin”, “eşitdiyimə görə”, “evdə qalıb”, “yadımdan çıxdı”, “ağlatdı məni”, “heç kim bilməsin”, “bəs nə deyim”, “özü bilsin”, “kim olar”, “əcəb oldu”, “inşallah”, “hərdənbir”, “bildinmi”, “nə xəbər var” rədifli qəzəllər şifahi nitqdə işlənən sözlər əsasında yazılıb.

Klassik ifadə vasitələri işlətdikdə isə olduqca dəqiqliyi görünür Vahidin.

Vahid haqqında yazan mütəxəssislərin heyrət etməsinin səbəbi qəzəl və digər məhəbbət şerlərindəki keyfiyyət göstəricilərinin çoxluğudur. Bu çoxluqları axtarıb tapmaq lazımdır.

Vahidin qəzəllərindən bir misranı yad eləyək:

Demədim dərdimi canana, yadımdan çıxdı.

Ədəbiyyat aləmində insan duyğularının, hiss və həyəcanlarının belə təbii və səmimi şəkildə təsvirinə çox nadir hallarda təsadüf edilir. Başqa misra və beytlərə diqqət edək:

Misralar.

  1. Ey dost, sizin ol sevgili-canan necə oldu?
  2. Fikrindəmi bir gün gözəlim biz sizə gəldik.

Beytlər.

  1. Vahid, yenə Məcnunusan ol şuxun eşitdim

Biçarə, sənin də heç yox imiş əqlü-kamalın.

  1. Vahid, sənə çoxdan bu can ağırlıq edirdi

Ey kaş onu da yarə verib yüngül olaydım.

  1. “Vahid mey içir” gizli deyirlərdi eşitdim

O rindi-xərabatidi meyxanəsiz olmaz.

  1. Dedi ol yar mənə dəftərimiz evdə qalıb,

Eşqə dair yazılan sözlərimiz evdə qalıb.

  1. Bir ov itirən ovcu kimi Vahidi gördüm

Heyran dolanır çölləri ceyran  necə oldu?

  1. Ey deyən eşqdə pərvanə məhəbbət nə bilir.

Bəs nə məcbur eləyir yanmağa odlarə onu?

  1. Mübtəlası olasan bir gülər üzlü gözəlin

Hər səhər küsdürəsən könlünü axşam alasan.

Belə misra və beytlər çoxdu. Hələlik bunlarla kifayətlənirik.

 (Ardı var)

 Arif Orucov,

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93