15 ildir oxunan nəticəsiz istefa nəğməsi... - Ölkədə qarşıdurma meyllərinin alovlanması vətəndaş müharibəsi üçün əlverişli şərait yaradar

15 ildir oxunan nəticəsiz istefa nəğməsi... - Ölkədə qarşıdurma meyllərinin alovlanması vətəndaş müharibəsi üçün əlverişli şərait yaradar

Və yaxud "yumruğa dönə bilməyən milləti yumağa döndərərlər"

Hakimiyyətlə bağlı söz-söhbətlər nəinki səngiyir, əksinə getdikcə artır. Vəziyyət kritik həddə çata bilərmi? Yaxşı, bəs reallıq özü nəyi diktə edir? Prezident yerində möhkəm dayanıb. Haray-qışqırıqların onu laxlatmağa gücü hələ yetmir və İstənilən hücumu dəf etməyə hazır görünür. Antipropaqanda çağrışları xalqın dayanıqlı dəstəyini cəlb etməyincə köhnəlmiş metod və şüarlarla iqtidarı 15 il oturduğu məkandan ayırmaq çətin olacaq. 15 ildir nəticəsiz istefa nəğməsi yenə oxunur.

İndi məni siyasi düşərgələrdə baş verən hadisələrə sadə insanların yanaşması daha çox ilgiləndirir. Nəhayət, bu məqsədlə beş nəfərin iştirakı ilə xudmani bir dəyirmi masa da biz keçirdik. Təsadüfi alınan tədbirdə fikirlərin toqquşduğu anları yaşasam da, həmin gün yaddaşıma öz izini qoydu. Siyasətlə əlaqəsi olmayan insanlardakı qəzəbi görmək üzücü idi. Nə baş verdiyindən asılı olmayaraq onun getməsini istəyirdilər.

- Mütləq getməlidir, getməzsə göndərərik. Hətta bu cür! Püskürən beyinləri bu qədər amansız görməmişdim. Onlardan ikisini tanıyırdım. Əvvəllər heç belə deyildilər. İndi tamam dəyişiblər. Niyə? Nə üçün? İmkanım olsaydı səbəbini hakimiyyətdən soruşardım...

- Getməzsə, necə göndərəcəksiniz?

- Zaman göstərər.

- Zorlamı?!

- Vəziyyət özü diktə edəcək.

- HANSI GÜCLƏ?

- XALQIN GÜCÜ İLƏ

Bu qısa təsvir, məncə, hər şeyi aydınladır. Bəs axan qanın cəzasını kim ödəyəcək? Zorakı mübarizə artıq cinayətdir. Xüsusi vəziyyətlərdə xüsusi hazırlıqlar hökumət qüvvələrinin həmişə birinci dərəcəli vəzifəsi olub və bu məsələdə böyük təcrübəyə malikdir. Xalqın ixtiyarında olan açar onun iradəsi ilə geri alınmayınca ölkənin birinci şəxsinin qapısını pas atmış köhnə açarlarla açıb içəri daxil olmağa yalnız sadəlövhlər inanar.

Qarşıdurma meyllərinin alovlanması sonucda vətəndaş müharibəsi üçün əlverişli şərait yaradar. Başqasına olur, lakin bir-birimizə güzəştə gedə bilmirik. Qanımızdakı özünü sındırmamaq xəstəliyi çay süfrəsində də adi etiraflara belə imkan vermirdi. Nə onlar öz prinsiplərindən geri durmur, nə də mən qəlbimdəki Heydər Əliyev sevgisini təslim etmək niyyətindəydim. Gözlərim önündə İlham Əliyev faktoru yox, gəncliyimdən məni öz cazibəsində saxlayan Heydər Əliyev gerçəkliyi dayanırdı. Onu necə sata bilərdim... Özümü bağışlamazdım. Halbuki məni çıxdaş edəcək ilk göstərişin məhz onun tərəfindən verildiyini ilk dəfədir dilə gətirirəm. Parlamentdən hökumət telefonu ilə Səfa Mirzəyevin kabinetindən Ramiz Mehdiyevə zəng edib, bu münasibətin səbəbini soruşuram. O isə mənə Heydər Əliyevlə bağlantı yaratmağı məsləhət görür. Aydın olmayan nəsə qalırmı? Təcrübəli siyasi aktyor artıq öz uğurlu rolunu oynayıb qurtarmışdı.

Ətraf və onu idarə edən baş vəzir həmişə Azərbaycanda problem yaratmaqla məşğul olublar. Kəndirin bir ucunu əlində saxlayan baş vəzir və sağı-solu hakimiyyətdaxili şiddətin inkişafında hər zaman maraqlı olublar. Dərinləşən problemlərin çoxu qaynağını elə bu dolaqdan götürür. Lakin hərif də deyillər. Bilirlər ki, təhlükə onların özlərini də bitirə bilər. Bu zaman bütün umu-küsüləri buraxıb prezidentin səfində dayanacaqları şübhəsizdir. Və birləşdirici fiqur olaraq dövlət rəhbərini son nəfəslərinədək qoruyacaqlarını tərəddüdsüz yerinə yetirəcəklər.

Cəmiyyətdə bununla bağlı müəyyən fərqli fikirlər mövcuddur. Ara qarışıb dəftərin itəcəyi pusqusunda duranlar arasında daxili didişmələrin müxalifətə fayda verəcəyi düşüncəsində olanlar da az deyil.

Dəyirmi masada qəbul edilən birgə bəyanatın mürəkkəbi qurumamış ictimai bölümdə vüsət alan qarşılıqlı ittihamlardan göründü ki, qara niyyətlərin daşıyıcıları, elə hakimiyyət sevdalıları üçün də dövlət və qanun bütün şəxsi maraqlardan aşığıda dayanır. Güzgüdə hər şey açıq və şəffaf hiss olunur... Pərdə arxasında gizlənməklə deyil. Hakimiyyətlə müxalifətin üst qatındakı antoqonist ziddiyyət də olanlarla yanaşı indinin özündə, lap elə indiki dəqiqələrdə sıx ünsiyyətdə olanlar var. Onlar özlərini cəmiyyətə daha mükəmməl müxalifət qismində sırımağa çalışırlar. Lakin Allahın damğası alınlarının necə deyərlər, bəzəyidir.

Siyasi münasibətlərdəki mövcud böhranı gündəmə daşıyan başlıca səbəblərdən biri budur. Dəyirmi masada hər kəs ürəyini boşaltdı. Danışdılar, özlərini göstərdilər və dağılışıb getdilər. Güman edirdik ki, toplantıdan sonra yuxarı iddiaları kənara atıb ölkənin taleyüklü problemlərinin həllində nəhayət ki, kürək - kürəyə dayanacaqlar. Lakin əksi oldu! Günün səhərisi iqtidar və azlıqda olan müxalifət mətbuatında qarşılıqlı ittihamların, siyasi partiya mənsublarının sosial şəbəkələrdəki söyüş və təhqirlərin baş alıb getdiyinə şahidlik etdik. Görsənir ki, nə hakimiyyətin siyasi proseslər zəminində ölkənin aparıcı siyasi partiyaları ilə əməkdaşlıq məsələsində öz köhnə taktını dəyişəcək konkret planı var, nə də müxalifət ya hakimiyyətlə münasibətlərində, ya da ki, iqtidara gələcəyi təqdirdə idarəetmədə hansı fərqlilikləri tətbiq edəcəyinə dair mükəmməl proqrama malikdir.

Hakimiyyət oturduğu stoldan "bu tezliklə" ayrılmasını təsəvvürünə belə gətirmir. Müxalifət isə özünü qalib görkəmində görür. Bir anlığa ehtimal edək ki, parçalanmış müxalifət hakimiyyətdədir. Bu siyasi düşərgədə də ağıllı, zəkalı, dövlətini, xalqını sevən soydaşlarımız var və sayları da az deyil. Müxalif potensiala güc qatan amillər sırasında iqtidarın buraxdığı səhvlərin rolu inkarolunmazdır və faydası da müxalifətin hesabına yazılır.

Narahatlıq doğuran digər səbəb də odur ki, üstündən 26 il keçməsinə baxmayaraq "mənəm-mənəmlik" iddialarından hələ də xilas ola bilməyiblər. İddialar elə yüksəkliklərə qalxıb ki, sabah kürsü, geniş səlahiyyətlər üstündə ikinci davanın təkrar olunmayacağı, hikkələrin qurbanı olan ikinci biabırçı hakimiyyət süqutu ilə xalqın üzləşməcəyi, nəhayət, bir-birlərini şil-küt etməyəcəkləri kimi hallar baş verməyəcəkdir!? Təəssüflər ki, vəziyyət belədir.

Çıxış yolu nədədir? Milli dəyərlərimizi uca tutmaqla qanunun və ədalətin aliliyinin, sivil vətəndaş cəmiyyətinin yaranmasında hakimiyyətlə yanaşı müxalifət də öz məsuliyyətini dərk edə bilsin. Dəyişməliyik!!! Bəyənmədiyimiz Orta Asiya ölkələrinə baxın. Köhnə təfəkkürdən artıq uzaqlaşırlar. Biz isə öz "yenidənqurmamızı" təzələməyi bacarmırıq yox, sadəcə istəmirik. Xalq da qalıb iki köhnənin-26 illik iqtidarla 26 illik müxalifətin arasında!!!

Problemləri doğuran əsas amillərdən biri milli təhsilimizdəki çatışmazlıqlarla bağlıdır. Ya birdəfəlik Axundovun, Haqverdiyevin, Sabirin, Mirzə Cəlilin obrazlarını şüurumuzdan silməliyik, ya da millətə bu dahiləri o qədər oxutdurmalıyıq ki, nəhayət, doğru ilə yalanın, həqiqətlə riyanın, halalla haramın, ədalətlə zülmün dayandığı məsafəni dürüst müəyyən etməyi bacara bilsin. Gənc nəsli təəssüflər olsun ki, bu ruhda böyüdüb tərbiyə edə bilməmişik. Sinəmizə döyməklə işlər düzəlməz. Oz tarixindən, ədəbiyyatından, qədim mədəniyyətindən uzaqlaşan və ya bu yüksək dəyərləri mənimsəməyən bu günkü nəsildən hansı milli təfəkkürün və ya hansı kökə, məfkurəyə bağlılığın nümayişini tələb edə bilərik?! Yaxamızı heç birimiz kənara çəkməyək!!! Hər birimiz bu məsələdə günah sahibiyik. Müəllimindən, ziyalısından tutmuş, siyasətçisinə, məmurunadək gəncliyə nə verdik ki, indi ondan xarüqələr umaq!!! Ayrı-ayrı qrup, partiya gənclərinin deyil, bütövlükdə ölkə gəncliyinin timsalında fikirlərimi diqqətə çatdırmağı üstün hesab etdiyimi lazım bildim.

Belə açıq, ütüsüz düşüncəyə görə məni həddimi aşmaqda təqsirli bilənlərə hüquq orqanları ilə birlikdə axşamlar şəhərdəki gecə klublarına, oliqarxlarımızın əfsanəvi otellərinə baş çəkib oralarda gəncliyin əxlaqi faciəsini kor olmuş gözlərimizlə görüb ölməsək də, heç olmazsa bir anlığa utanıb yerə girək ki, axı onlar da bizim övladlarımız, balalarımızdı. O möhtəşəm ...yuvaların arxasında sadə adamlar dayanmır.

Siyasətdən başlayıb haraya gəlib çıxdıq? Əslində düz etdik. Bu günkü gəncliyi sabahın siyasətçisi, yaradıcı insanı, öz milli dəyərlərini yüksəklərə qaldırmağı bacaran dövlət və ictimai xadimi, kamil şəxsiyyəti görmək istəyiriksə, əlimizi daşın altına yarımçıq qoymamalıyıq...

Eldar SABİROĞLU

P. S . Şəxsinə böyük hörmətim olan Eldəniz Quliyevin indi çox müdrik bir kəlamını oxudum: "Yumruğa dönə bilməyən milləti yumağa döndərərlər". Tam doğru bir qənaət!!!