18 ildən sonra yenidən hakimiyyətə qayıdan və daş-qaş yığan prezident – Peronun hökmran xanımları

12

1943-cü ilin iyun ayında Argentinada birləşmiş zabitlər qrupu dövlət çevrilişi edəndə, Xuan Peron bu qrupun liderlərindən biri olub. O, ölkədə yaradılan hərbi diktaturada əvvəlcə əmək naziri, sonra hərbi nazir, daha sonra isə vitse-prezident vəzifələrini tutub. Məhz bu ərəfədə sosial islahatlar proqramını hazırlayan və həyata keçirən Xuan Peron əhali arasında kifayət qədər populyar simalardan birinə çevrilib. Amma onun bu fəallığı mövcud hakimiyyət üçün narahatlıq yaradıb… 

Təbii ki, sosial bazası günü-gündən genişlənən bir dövlət məmurunun hakim dairədə mövcudluğu siyasi qısqanclığa səbəb olub. Elə bu səbəbdən də o, 1945-ci ildə tutduğu bütün vəzifələrdən azad edilərək həbs olunub. Xuan Peronun həbsi ölkədə böyük etiraza səbəb olub, on minlərlə insan küçələrə çıxaraq onun müdafiəsinə qalxıblar, azadlığını tələb ediblər. Hakimiyyət son çıxış yolu olaraq onu həbsdən azad edib.

Əslində Xuan Peronun həbs olunması onu daha da populyarlaşdırıb, siyasi imicini daha da parlaq edib və o, bir az da elə bunların sayəsində 1946-ci ildə Argentinada keçirilən prezident seçkilərində qalib gələrək prezident seçilib, birinci kürsüyə sahiblik edib.

Xuan Peron 1895-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresin Roke-Peres rayonunda anadan olub. Orta təhsilni başa vurduqdan sonra, 16 yaşında hərbi məktəbə daxil olub. Bir müddət hərbi tarix fənnini tədris edərək pedaqoji fəaliyyətlə məşğul olsa da, sonrakı həyatını sırf hərbi xidmətə bağlayıb. O, artıq 1940-cı illərdə polkovnik rütbəsi ilə ölkədə tanınmış peşəkar hərbçilərdən biri sayılıb və yuxarıda qeyd etdiyimiz kimi, 1943-cü il çevrilişinin əsas təşkilatçılarından biri olub.
1946-cı ildə prezident seçilən Xuan Peron birinci prezidentlik dövründə ölkənin sosial həyatında bir çox müsbət göstəricilərə nail olub. O, aşağı təbəqədən olan ölkə vətəndaşlarının sosial rifahına xüsusi diqqət ayıraraq sabitliyə nail olub, tərəfdarlarının sayını artırıb və bununla da müxalif qüvvələri zərərsizləşdirməyi bacarıb.

Xuan Peronun prezidentlik fəaliyyətində həyat yoldaşı Evita Peron böyük rol oynayıb. Onun xeyriyyəçilik tədbirləri, fəhlə və kəndlilərlə görüşləri, onların problemlərinin həllinə əməli köməyi həyat yoldaşının nüfuzunu daha da artırıb. Məhz həmin illərdə Evita Peron ölkədə keçirilən sorğu nəticəsində Argentinanın ən nüfuzlu şəxsi sayılıb. Araşdırmaçıların qənaətinə görə, Xuan Peronun preidentlik fəaliyyətindəki uğurlarının əsas səbəbkarı, məhz E.Peron olub. Sonrakı hadisələrə nəzər salsaq bu faktın həqiqətə uyğun olduğunun şahidi olarıq.

Evita Peron 1952-ci ildə, 33 yaşında xəstəlikdən vəfat edib. Məhz onun vəfatından sonra Argetinanın ictimai-siyasi həyatında sabitlik pozulub, o cümlədən Xuan Peron xalq tərəfindən narazılıqla qarşılanan və etirazlara səbəb olan fəaliyyəti ilə ölkədə yeni çevriliş dalğalarına şərait yaradıb. Düzdür, o, ikinci dəfə də seçkilərdə qalib gəlib. Amma prezidentlik müddətini başa çatdıra bilməyib. Ölkə iqtisadiyyatında kəskin geriləmələr Xuan Peronun Argentinanın sənayeləşdirilməsi proqramının iflasa uğraması preidentin devrilməsinə gətirib çıxarıb. 1955-ci ildə Xuan Peron hakimiyyətdən devrilərək ölkədən qovulub.

Xuan Peron 1955-ci ildən 1973-cü ilə qədər Evita Perondan sonra ailə qurduğu Mariya Estela ilə İspaniyada məskunlaşıb. Bu illər ərzində Xuan Peron yenidən hakimiyyətə qayıtmaq üçün bütün vasitələrə əl atıb. Argentina ilə gizli əlaqələr yaradıb və nəhayət, 1973-cü ildə öz ölkəsinə qayıdaraq seçkilərə qatılıb. 18 ildən sonra o, yenidən prezident kürsüsünə əyləşib.
Prezidentlik fəaliyyətinə başladıqdan sonra, onun həyat yoldaşı Mariya Estela vitse-prezident seçilib.

Növbəti prezidentlik dövründə Xuan Peron daha çox şəxsi büdcəsini zəngilləşdirməklə məşğul olub. Cütlük hədsiz dərəcədə qiymətli daşların, zinət əşyalarının həvəskarı olub. Sonralar ailəyə məxsus brilyant daşlarla bəzədilmiş boyunbağı 1 milyon 200 min dollara, brilyant üzük 700 min dollara, iriliyinə görə dünyada nadir sayılan brilyant daşlar 2-3 milyon dollara hərraca çıxarılıb. Peronlar ailəsinin qiymətli daşlar arsenalanda bu cür əşyalar saysız-hesabsız olub.

Xuan Peronun üçüncü padşahlıq dövrü uzun sürməyib. Çəmisi bir ildən sonra, 1974-cü ildə o, ürək çatışmazlığından vəfat edib.

Mövcud qanunvericiliyə görə, Argentinada prezidentin vəfatından sonra bu vəzifəni vitse-prezident icra edib. Beləliklə də, Xuan Perondan sonra hakimiyyət xanım Perona keçib və növbədənkənar seçkilərdə o, həyat yoldaşının yerini tutub.
Mariya Estela dünyada ilk qadın prezident kimi tarixə düşüb.

Xuan Peronun əvvəlki həyat yoldaşı Eva Perondan fərqli olaraq, Mariya Estela ölkənin ictimai-siyasi həyatına təsir etmək gücündə olmayıb. Argentinada bütün sahələrdə iqtisadi tənəzzüllə müşayiət olunan gərginlik yaşanıb ki, bu da əhalinin kütləvi etirazlarına səbəb olub. Mitinqlər, nümayişlər, tətillər günü-gündən daha geniş vüsət alıb. Üsyançıların qarşısını almaq mümkün olmayıb.

1976-cı ilin mart ayında Argentinada general Rafael Videlin başçılığı ilə növbəti hərbi çevriliş baş verib. Mariya Estela korrupsiyada, siyasi fəaliyyətsizlikdə, ölkə iqtisadiyyatının tamamilə dağıdılmasında ittiham olunaraq 5 il ev dustaqlığında saxlanılıb. O, 1981-ci ildə İspaniyaya mühacirət edib.

2007-ci ildə Argentina İspaniyadan Mariya Estelanın 2500 argentinalının ölümü ilə bağlı ekstradisiyasını tələb edib. İspaniya bu tələbə müsbət cavab verməyib.

Qeyd edək ki, 89 yaşlı Mariya Estela hazırda İspaniyada yaşayır və vəfat etmiş həyat yoldaşı Xuan Peron haqqında xatirələr kitabını yazmaqla məşğuldur.

Daha bir fakt: 1987-ci ildə naməlum şəxslər Xuan Peronun qəbrini açaraq onun əllərini kəsib aparıblar. Niyəsi bilinmir./musavat.com/