1942-ci ildə yaradılan “İldırım” təşkilatı – 8 gənc niyə Stalinin qəzəbinə tuş gəldi?/Müsahibə

25 İyun, 2020, 19:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org bildirir ki, Teleqraf.com-un suallarını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi fond işləri üzrə direktor müavini-baş mühafiz, tarix elmləri üzrə fəlsəfə doktoru, anti-sovet “İldırım” təşkilatının qurucularından olmuş mərhum Hacı Zeynalovun qızı Məhfuzə Zeynalova cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– Məhfuzə xanım, sizinlə məşhur anti-sovet təşkilatı – “İldırım” haqqında həmsöhbət olmaq istərdik. Həm tarixçi, həm də təşkilatın qurucularından olmuş mərhum Hacı Zeynalovun qızı kimi zəhmət olmasa, bu təşkilatın yaranması, onun gördüyü işlər və üzvlərinin sonrakı taleyi barədə oxucularımıza məlumat verərdiniz…

– Mən özüm repressiya dövrünün tədqiqi ilə məşğulam. Doktorluq dissertasiyam “XX əsrin 20-50-ci illərində Azərbaycanda elm və təhsildə repressiyalar” mövzusundadır. Yəni mən elə bu mövzu ilə məşğulam və araşdırmalar aparıram. Atamla olan söhbətlərimdən, “İldırım” haqqında danışdıqlarından, onların fəaliyyətlərindən başlamaq istərdim. “İldırım” təşkilatı 1942-ci ilin sonunda yaranıb. Təşkilatın qurucu üzvləri Gülhüseyn Abdullayev, İsmixan Rəhimov və Hacı Zeynalov olub. Bundan sonra hər biri kimlərisə cəlb edib və “İldırım” cəmi 8 nəfərdən ibarət gənclər təşkilatı olub. Onların amalı Azərbaycanın müstəqilliyi, Azərbaycan dilinin qorunması kimi məsələlər olub. Həmişə deyiblər ki, niyə gürcülər, ermənilər əlifbalarını dəyişmədikləri halda azərbaycanlılar 3 dəfə əlifba dəyişiblər. Nəyə görə belə olmalıdır? Niyə Azərbaycan dili dövlət orqanlarında işlənmir? Niyə məhz rusları və digər xalqları yüksək vəzifələrə işə götürürlər, azərbaycanlılara imkan yaratmırlar?

Atam həmişə deyərdi ki, məktəbdə oxuyarkən – 8-9-cu siniflərdə ədəbiyyat müəlliminin sinfə daxil olub “uşaqlar, açın kitabları, Hüseyn Cavidin adını, fotosunu kitabdan pozun” deməsi məni çox qıcıqlandırardı. Deyirdi,bu, məni çox əsəbiləşdirər və bir məktəbli kimi çox pis təsir edərdi. Yəni orta məktəb dövründən bu insanda azadlıq hissləri oyanıb. Artıq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin tələbəsi olarkən burada həm Gülhüseyn müəllimlə, həm də İsmixan müəllimlə dost olub. Üçü bu təşkilatı yaradıblar və hər biri azərbaycançılıq ruhunda olan hansısa tələbəni, gənci təşkilata cəlb etmək istəyib. Nəticədə təşkilatın üzvlərinin sayı 8 nəfərə çatıb. Bu 8 nəfər təşkilatın həm də proqramını yaratmışdılar, andları var idi. Təşkilatın adını da “İldırım” qoymuşdular. Təşkilat üzvləri 10-11 dəfə yığıncaq keçirib. Bir neçə yığıncaq elə atamın evində – “İçərişəhər”də keçirilib. Nəticədə bu təşkilatın fəaliyyəti barədə Xalq Daxili İşlər Komissarlığı (NKVD) hansısa yolla məlumat əldə edib. “NKVD” ümumiyyətlə, azadfikirli gəncləri axtarırdı. Onların tutulması, ləğv edilməsi üçün fəaliyyət göstərirdi. Bu təşkilatın da izinə düşmüşdülər. İlk olaraq İsmixan Rəhimov, sonra atam, daha sonra digər 6 üzv tutulub. Gülhüseyn Abdullayevə, İsmixan Rəhimova, Hacı Zeynalova 25 il, digər 5 nəfərə isə 10 il həbs cəzası verilib. Onlar yalnız Stalinin ölümündən 2 il sonra – 1955-ci ildə azadlığa buraxılıblar. Qayıtdıqdan sonra – 1956-cı ildə isə bəraət alıblar.

– Bildiyiniz kimi, keçmiş “ANS”çi Vahid Mustafayevin ideya müəllifliyi və prodüserliyi ilə film çəkilir. Filmdə “İldırım” təşkilatının üzvləri kimi tamam başqa adamlar təqdim olunur…

– Bəli, biz də Vahid Mustafayevin 8 gəncin cəmləşdiyi hansısa anti-sovet təşkilat haqqında film çəkmək istədiyinə dair “Haqqin.az” saytında yerləşdirilən yazını oxuduq. Orada bildirilir ki, Vahid Mustafayev həmin təşkilatı “İldırım” kimi təqdim edir. Bu, düzgün yanaşma deyil. Çünki elə bir təşkilat mövcud olsa da onun adı bilinmir, tanınmır. “İldırım” adlı təşkilatda mənim adlarını qeyd etdiyim 8 nəfər cəmləşib. Bunlar Hacı Zeynalov, Aydın Vahidov, Gülhüseyn Abdullayev, İsmixan Rəhimov, Azər Ələsgərov, Musa Abdullayev, Kamil Rzayev və Kamal Əliyevdir. Vahid Mustafayevin qeyd etdiyi şəxslərin cəmləşdiyi təşkilat tamam başqa təşkilat olub. O, həqiqətən də mövcud olub. Onları 1942-ci ildə tutub və repressiyaya uğradıblar. Bu məsələ ilə bağlı olaraq mən özüm də məqalə hazırlayıram.

“İldırım” təşkilatı artıq tanınmış, tarixə düşmüş bir təşkilatdır. İlk dəfə “Azərbaycan gəncləri” qəzetinin 17-18 mart 1990-cı il tarixli sayında akademik Ziya Bünyadovun “İldırım” adlı geniş məqaləsi dərc olunub. Məqalənin yanında “Dostum Hacı Zeynalovun əziz xatirəsinə” yazılıb. Məqalədə yazır ki, “bu yazı “İldırım” adlı anti-sovet əks-inqilabi millətçi tələbə gənclər təşkilatının 1948-ci ildə “ifşa” olunmasına həsr edilmişdir”. Məqalə qəzetin ardıcıl iki sayında dərc olunub. Yəni onlar haqqında ilk dəfə Ziya Bünyadov bu qəzetdə yazıb. 1993-cü ildə isə Ziya Bünyadovun “Qırmızı terror” kitabında onların haqqında geniş bir məqalə var. Bu məqalədə təşkilat haqqında bütün məlumatlar öz əksini tapıb. Onların gördüyü işlər, sonra isə “NKVD”də dindirilmələri, protokollar və sair məlumatlar açıq-aşkar yazılıb.

“İldırım” təşkilatı artıq orta məktəb dərsliklərinə də salınıb. XI sinif dərsliyində məhz “İldırım” təşkilatı haqqında danışılır, bununla bağlı məktəbdə dərs keçirilir. Onlar haqqında məlumatlar var. Yəni bu təşkilat artıq tanınmış təşkilatdır və Vahid Mustafayev film çəkmək istəyirsə buyursun, çəksin. Amma “İldırım” adından istifadə etməsin.

Bakı, 1940-cı il. 132 saylı orta məktəbin şagirdləri. Ortada, yuxarıda Hacı Zeynalov. Fotonu Gülhüseyn Abdullayev çəkib.

– Maraqlıdır, bu qədər faktlar ortalıqda ikən Vahid Mustafayev nə üçün “İldırım” adına iddia edir?

– Bilmirəm, başa da düşə bilmirəm. Yəqin ona görə ki, “İldırım” təşkilatı tanınır. Bəlkə doğrudan da səhvən olub. Onun adından heç nə deyə bilmərəm. Amma bizim bircə xahişimiz var ki, “İldırım” adından istifadə etməsin. Başqa hansı ad qoyurlar, qoysunlar. Adını arxivlərdə axtarıb tapsınlar. Mən də bir tarixçi kimi bunun üzərində işləyirəm və işləyəcəm. Bəlkə də axtarıb tapdım. Amma hələ ki, “İldırım” təşkilatı tanınır. Qeyd etdiyim kimi “İldırım” təşkilatı artıq dərsliklərə də düşüb. Tarix dəqiqliyi sevir. Dəqiqlik də ondan ibarətdir ki, “İldırım” təşkilatının üzvləri az öncə adlarını çəkdiyim 8 nəfərdir. Biz onlar haqqında danışırıq. Digər təşkilatın adı nə olubs,a onu axtarıb tapsınlar və o adla da film çəksinlər. Çox xahiş edirik ki, bizim təşkilatın adından istifadə etməsinlər. Onların ruhlarını incitməsinlər. Bizim istəyimiz yalnız bundan ibarətdir.

26 aprel 1973-cü il. Hacı Zeynalov iş yerində.

– Siz bu məsələ ilə bağlı Vahid Mustafayevlə əlaqə saxlamısınızmı?

– Bəli, mən onunla danışmışam. O dedi ki, mən bilmirəm, bunu hansısa jurnalist yazıb. Dedi mən heç bilmirəm ki, “İldırım” adını məqalədə kim yazıb. Jurnalist yazıb, ondan da soruşun. Amma məqalədə onun özünün də adı çəkilir, film çəkdiyi bildirilir. Mənə elə gəlir Vahid Mustafayev bilməmiş olmaz ki, bu məqalədə elə yazılıb. Mənə isə dedi, bilmirəm kim, hansı jurnalist yazıb ki, adı “İldırım”dır. Qeyd etdi ki, mən özüm araşdırmalar aparıram və bilirəm ki, o təşkilatın adı olmayıb. Yəni hələ tapmamışıq, adının nə olduğunu bilmirik və “İldırım” təşkilatının bizə aidiyyatı yoxdur. Dedim ki, lap yaxşı, çox sağ olun. Ancaq sonra isə dedi ki, nə fərqi var adı nədir, “İldırım”dır, şimşəkdir. Dedim ki, yox, fərqi var. Çünki tarixdə hər şey dəqiq olmalıdır. Mən tarixçiyəm və tarix dəqiqliyi sevir, dəqiq olmalıdır. Hər təşkilatın özünün dəqiq adı olar. Deyirəm sənin adın Vahiddir, mən səni başqa adla çağırsam, sənin xoşuna gəlməz. Bu da eyni məsələdir. Hansısa təşkilatın öz adı var və o təşkilatın üzvləri də tanınır. “İldırım” təşkilatının üzvlərinin adını hamı bilir. Qeyd etdiyim kimi dərsliklərdə də var və onlar artıq Azərbaycan tarixinə düşüblər. Siz deyən təşkilatın üzvləri də 8 nəfər gənc olub. 1942-ci ildə onlar təşkilatı qurublar, repressiyaya uğrayıblar. O təşkilatın adının nə olduğunu bilmirik. Mən bilmirəm, siz də hələ öyrənirsiz, axtarırsız, tapmamısız. Nə vaxt taparsınız, o zaman da onu həmin adla təqdim edərsiniz. Amma o ad nə olubsa, onu tapın, “İldırım”dan əl çəkin. Vəssəlam. Dedi ki, guya mən “İldırım” adına iddia etmirəm.

Hacı Zeynalov və qızı Məhfuzə. Moskva, 1988-ci il.

– Necə hesab edirsiniz, bu etirazınız nəzərə alınacaqmı?

– Mənə elə gəlir ki, nəzərə alınacaq. Vahid Mustafayev uşaq deyil ki… O başa düşür ki, “İldırım” tarixə, dərsliklərə düşmüş bir təşkilatıdır. Ona görə o özü də maraqlı olmamalıdır ki, iki təşkilatla bağlı hansısa qarışıqlıq yaransın. Onun üçün də maraqlı olmalıdır ki, əmisinin təmsil olunduğu təşkilatın adı üzə çıxarılsın və o addan da istifadə edilsin. Mənə elə gəlir ki, bu məsələ çözülməlidir. O görəndə ki, biz artıq etiraz edirik, düşünürəm bu iddiasından əl çəkəcək və filmə də başqa ad qoyacaq. Filmə müxtəlif adlar qoymaq olar, fikirləşsinlər, tapsınlar. Ən yaxşısı isə budur ki, o təşkilat haqqında məlumatlar toplasınlar. Onun adı nə olubsa, filmə də o adı verə bilərlər.

Hacı Zeynalov və Kamil Rzayev. Bakı, 1947-ci il.

– Bir neçə gün öncə Gülhüseyn Hüseynoğlunun oğlu Toğrul Abdullayevlə müsahibəmiz zamanı o, Ziya Bünyadovun “Qırmızı terror” kitabında Süleyman İsgəndərlinin başçılıq etdiyi həmin təşkilatının adının “Kamalistlər” yazıldığını bildirdi…

– Ziya Bünyadovun kitabı hazırda mənim qarşımdadır. Orada elə bir cümlə var. Yazılıb ki, onlar kamalistlər olub. Yəni təşkilatın adı “Kamalistlər” olmayıb, ideya olaraq kamalist olublar. Yəni Mustafa Kamal Atatürkün davamçıları, Türkiyəyə meylli olublar.

1 may 1963-cü il. Bakı, Sabir bağı. Həmkarları ilə. Sağdan birinci Hacı Zeynalov

– Bir qədər də atanız – mərhum Hacı Zeynalov barəsində məlumat verməyinizi xahiş edirik…

– Atam 1925-ci ildə anadan olub. Bakıdakı 132 nömrəli məktəbdə oxuyub. Sonra az öncə qeyd etdiyim kimi indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İran-fars bölməsinə daxil olub. Orada oxuyarkən, artıq 1942-ci ildə “İldırım” təşkilatı yarananda bu təşkilatın üzv olub. Bu insan o qədər mübariz olub ki, repressiyaya uğrayıb həbs olunsa və 8 il Sibirdə həbs cəzası çəksə də qayıtdıqdan sonrakı ömrü boyu amallarından əl çəkməyib. Sovet dövründə yenə də mübariz olub, yenə də haqsızlığa qarşı səsini ucaldırdı. Atamla Ziya Bünyadov gerçəkdən möhkəm dost olub. Ziya müəllim həmişə ona deyərdi ki, “Hacı sən danışma, mən geroyam (qəhrəman), mən danışım. Mən ulduzlu geroyam (Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı idi və bu adın fərqləndirmə nişanı olan “Qızıl Ulduz”a sahib idi – S.Həmid), sən ulduzsuz geroysan. Mən danışıram, sən dinmə. Yəni həmişə atamı qorumaq istəyirdi. Atam hansı dövrdə nə danışdığını bilirdi, amma yenə danışırdı. Yenə də mübarizə aparırdı, haqsızlığa qarşı çıxırdı. Atam belə bir insan idi.

1980-ci illərin sonlarında milli-azadlıq mübarizəsinin başlaması ona çox təsir etmişdi. Deyirdi ki, ay Allah, Azərbaycan müstəqil olacaqmı, bu mümkündürmü? Deyirdi ki, Azərbaycan o vaxt müstəqil ola, ümumiyyətlə SSRİ o zaman dağıla bilər ki, Berlin divarı dağılsın, ondan sonra mən deyəcəm ki, SSRİ dağılacaq. Berlin divarı 1989-cu ilin noyabrın 9-dan 10-a keçən gecə söküldü. Atam isə 24 oktyabr 1989-cu ildə vəfat etdi. Ürəyi partladı. O, Berlin divarının dağılmasını görmədi. Amma onu görməyi istəyirdi, çox arzulayırdı. Çünki o, Azərbaycanı müstəqil, azad görmək istəyirdi. Bu gün Azərbaycan onların görmək istədiyi kimi müstəqil ölkədir. Azərbaycan hər şeyə nail olacaq. Qarabağı və digər işğal olunmuş əraziləri də qaytaracaq, daha müstəqil, zəngin, güclü dövlət olacağıq. Biz buna inanırıq və atamızın yolu ilə gedərək qüdrətli Azərbaycan uğrunda var gücümüzlə çalışırıq.

Hacı Zeynalov və həyat yoldaşı Zərifə xanım. Bakı, 1956-cı il.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93