Salam, xoş gəlmisiniz.

“2011-ci ildən indiyə kimi aliment ala bilmirəm” - “Çox pis vəziyyətdəyəm, 3 uşağım var...”

2020-01-14 13:34:00

“2011-ci ildən indiyə kimi aliment ala bilmirəm” - “Çox pis vəziyyətdəyəm, 3 uşağım var...”

Vəfa Alıyeva: “Deyirlər ki, guya, onu beynəlxalq axtarışa veriblər, amma Gürcüstana, gedib-gəlir”

Oğuz rayon icra nümayəndəsi: “Alimenti gedib nənədən, babadan ala bilməzsən ki...”

Son illər ölkədə boşanmaların sayı artdığı üçün məhkəmələrə bununla bağlı müraciətlərin sayı da artıb. Əksər cütlüklər ayrılan zaman isə uşaqlar ana ilə qalır. Ancaq boşanan qadınların çoxu uşağın atasından aliment ala bilmir. Bu halda isə qadınlar ikiqat əziyyət çəkməli olur.

“Hürriyyət” qəzetinin redaksiyasına gələn Alıyeva Vəfa Məzahir qızı da bu cür əziyyət çəkən qadınlardan biridir.

“Çox pis vəziyyətdəyəm, 3 uşağım var...”

Nərimanov rayonunda qeydiyyatda olan, Yeni Ramanıda yaşayan V. Alıyeva 1999-cu ildə ailə qurduğunu, 2011-ci ildə isə boşandığını bildirdi: “Mən həmin vaxtdan indiyə kimi aliment ala bilmirəm. İşə Oğuz Rayon Məhkəməsində baxılır. Çünki yoldaşım Rüstəmov Razi Hiday oğlu o rayonun Padar kəndində qeydiyyatdadır. O, hələ indiyə  kimi 1 manat da olsun, mənə aliment ödəməyib. Alimenti ala bilmədiyim üçün məhkəmə yolu ilə onların torpaq sahəsindən mənə 40 sot torpaq ayırıb verdilər, onu da 1900 manata hərraca çıxartdılar, 3 nəfər hərracda iştirak etdi,  son qiymət 500 manata düşdü. Yəni o da hərracda satılmadı. Nə gedib, onu adıma keçirə, nə də sata bilirəm. O torpaq da onun atasının torpağıdır.

Mən  həqiqətən çox pis vəziyyətdəyəm, 3 uşağım var, uşaqlar böyüyür, çatdıra bimirəm. Yoldaşım həm Türkiyə, həm də Rusiyada olur,  Rusiya-Türkiyə arası gəzir. Sonra da deyirlər ki, guya, bunu dünya üzrə axtarışa veriblər. O, Gürcüstandan belə, gəlib-gedib”.

“Heç bir yerdən kömək yoxdur”

Vəziyyətinin ağır olduğundan gileylənən V. Alıyeva sosial yardım ala bilmədiyini də qeyd etdi: “Heç bir yerdən kömək yoxdur. Sosial yardım almaq üçün dəfələrlə müraciət etmişəm, ancaq sənəd istəyirlər, onu gətir, bunu gətir, deyirlər. Torpaq Komitəsindən, QAİ-dən belə, sənəd almışam ki, adıma heç bir şey yoxdur. Sənədlər hamısı durur, amma sənədləri yığıb aparıram, deyir, sənə düşmür. Sosial  yardım almaq üçün qeydiyyatda olduğum Nərimanov rayonu üzrə müraciət edirəm, amma müraciətimə baxmırlar. Hətta prezident İlham Əliyevə,  Mehriban xanıma, Daxili İşlər Nazirliyinə, hər bir yerə yazıb bildirmişəm, heç bir nəticəsi yoxdur”.

“Atası-anası öldü, o adam heç Azərbaycana gəlmədi”

Oğuz rayon icra nümayəndəsi Məftun Şirəliyevin məsələyə münasibəti isə bu cür oldu: “O adam (red-Rüstəmov Razi Hiday oğlunu nəzərdə tutur) axtarışdadır, ölkə ərazisində deyil, Rusiyadadır.  Bundan əlavə, onun torpağına həbs qoymuşuq. Torpağı qadına təhvil vermişik, o da götürməyib. Biz torpağı ada keçirdən deyilik. Biz ona deyirik torpağı götürürsünüzsə, bura yaxınlaşın, sənədləri götürün, gedin adınıza keçirin. Torpağı onun adına biz keçirmirik ki, özü yaxınlaşmalıdır. “İnterpol”a xüsusi qatı cinayətkarı verirlər. O beynəlxalq axtarışdadır, alimenti gedib nənədən, babadan ala bilməzsən ki. Atası-anası öldü, o adam (red-Rüstəmov Razi Hiday oğlunu nəzərdə tutur) heç Azərbaycana gəlmədi”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru