Azərbaycanda “Silikon vadisi” yaradılması gündəmə gəldi…

1

Natiq Cəfərli: “Bunun üçün isə Azərbaycanda böyük şirkətlər olmalıdır, onların innovativ layihələri olmalıdır”

İyunun 16-da Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti arasında videokonfrans keçirilib. Konfransda bir çox maraqlı məsələlər müzakirə edilib. Dövlət başçısı hazırda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində iş aparıldığını və bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyini vurğulayıb. Prezident həmçinin qeyd edib ki, eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər, o cümlədən kibertəhlükəsizlik məsələsi bizim gündəliyimizdədir”.

Ən önəmli məqam isə Azərbaycanda “Silikon vadisi”nin yaradılması ilə bağlı olub. “Microsoft”un vitse-prezidenti Filip Roq bildirib ki, Azərbaycanda  istedadlı gənclər “Silikon vadisi”nə cəlb edilməlidir: “Səmərəli olaraq Azərbaycandan ən yaxşı istedadlı insanlar qlobal bazarda rəqabət apara bilərlər, onların həqiqi “bulud hesablamaları” üzrə iqtisadi gücə malik olması üçün San Fransiskodan, Silikon Vadisindən fəaliyyət göstərməsinə lüzum yoxdur. Hesab edirəm ki, əsaslı dəyişikliyin arxasında iqtisadi imkanlar durur. Mənim təklifim bu məsələləri düşünmək, bizim birlikdə insanların rəqəmsal bacarıqları üzrə proqramları, startapları, istər geniş mənada, istərsə də startap mənasında necə irəli aparmağımızı   keçirməkdən ibarətdir. Hesab edirəm ki, çoxlu imkanlar mövcuddur”.

Prezidentin köməkçisi Şahmar Mövsümov da bildirib ki,  Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olması üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var: “Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk”.

https://cdn.musavat.com/news/thumbnails/bbdadc1264fa2af6a453a9925c7677a5.jpg

Natiq Cəfərli

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, ən uğurlu “Silikon vadisi” Amerikadadır: “Bu yolla gedən bir neçə örnəklər var. Bunlardan ən uğurlusu Amerikanın Kaliforniya ştatındakı “Silikon vadisi”dir. Bundan başqa, Hindistanda, Çində, hətta Rusiyada belə mərkəzlər var. Bu örnəkləri öyrənərkən məlum olur ki, “Silikon vadisi”nin yaradılması texniki olaraq, o qədər də çətin deyil. Problem ilkin olaraq onun alt yapısını yaratmaq üçün mütəxəssislərin toplanmasıdır. Koliforniyada “Silikon vadisi” ona görə uğurlu alındı ki, universitetlər təxminən ötən əsrin 80-ci illərindən başlayaraq, İT sahəsinə, yüksək texnologiyalar sahəsinə aid mütəxəssislər yetişdirməyə başladılar. Təqribən  ildən sonra, 2000-ci illərin əvvəlində bu ciddi effekt verməyə başladı. Çünki böyük mütəxəssislər ordusu var idi, bizneslə “Silikon vadisi”nin çox gözəl münasibətləri formalaşdı, bu sahənin maliyyələşməsinin çox böyük bir hissəsini biznes öz üzərinə götürürdü. Bunun nəticəsində “Silikon vadisi”nin həm dəyəri artdı, oradakı texnologiyaların dünyaya yayılması prosesi baş verdi”.

Ekspert onu da vurğuladı ki, Hindistanda isə başqa bir yol izləndi, onların investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq, Amerikanın “Silikon vadisi”nin kiçik bir filialı kimi fəaliyyət göstərməyə başladı: “Amerikadan sifarişlər alaraq , onları daha tez və ucuz yerinə yetirdilər. Bəzi proqram təminatlarını da həyata keçirirdilər. Rusiyada isə o qədər də uğurlu olmadı, bu ölkədə “Skolkovo” adlanan bir layihə var. İndiyədək 22 milyard dollara yaxın vəsait xərclənib, lakin bugünə qədər bir ciddi innovativ layihələrin ortaya çıxmasının şahidi olmamışıq. Hətta “Skolkovo”da atılan addımlar Rusiya mediasının çox zaman gülüş obyektinə çevrilib. Ona görə də, bir neçə komponent birgə olmalıdır ki, ciddi effekt yaransın”.

Ekspertin sözlərinə görə, “Silikon vadisi” üçün ilk alt yapı təshildir: “Məktəbdən tutmuş universitetlərə qədər ciddi bir təhsil alt yapısı olmalıdır. Doğrudur, çox sayda azərbaycanlılar son zamanlar böyük və nüfuzlu universitetlərdə mütəxəssis kimi yetişiblər. Onların içində hazırda xaricdə yaşayanlar da var. Bir Azərbaycanlı İT mütəxəssisi elə “Microsoft”un işçisi olan bir mütəxəssis bir proqram yaradıb 5 milyon dollardan baha satmışdı. Mütəxəssislər var, sadəcə onları ölkəyə cəlb etmək çətin görünür. Azərbaycanda həm əhali sayı, həm bazarın həcmi, həm də yeni başlayacaq bir sahə olduğundan güclü mütəxəssisləri Azərbaycana cəlb etmək o qədər də asan olmayacaq. Onlar Amerikanı qoyub, Avropanı qoyub Azərbaycana gəlməyəcəklər. Ona görə də, hədəf olaraq Azərbaycanda “Silikon vadisi”nin olması çox yaxşıdır, ölkədə innovativ texnologiyalarla bağlı, rəqəmsal iqtisadiyyata keçidlə bağlı , süni intellektin tətbiqi ilə bağlı ciddi addımlar atılmalıdır. Dünya bu yolla gedir. Ancaq biz bunu dövlət büdcəsindən böyük vəsaitlər ayıraraq həyata keçirsək və ciddi effekt verməsə, pul itkiləri ilə müşahidə olunsa doğru olmaz. Bu tam təbii şəkildə baş verməlidir, biznes buna can atmalıdır. Tez zamanda həyata keçiriləcək bir layihə deyil. Azərbaycan bu gün başlasa və hətta işini doğru qursa 10 ildən sonra effektini görə bilər. Yəni uzun zaman lazımdır. Amerika nümunəsində “Silikon vadisi”nin yaranmasında biznes maraqlı idi, burada dövlət yatırımı yoxdur. Bizdə isə bu layihənin xərclərini dövlət öz üzərinə götürmək istəyir. Bu doğru model deyil. İlkin startap olaraq dövlət maliyyələşdirmə həyata keçirə bilər, layihələr təqdim edə bilər. Ancaq biznesin də buna marağı olmalıdır. Bunun üçün isə Azərbaycanda böyük şirkətlər olmalıdır, onların innovativ layihələri olmalıdır. Azərbaycanda belə şirkətlər yoxdur. Ən böyük şirkətimiz dövlət şirkəti olan SOCAR-dır. Ondan başqa hansı şirkətin bu sahəyə iri yatırımlar edə biləcəyi inandırıcı görünmür”.

Kadr məsələsinə gəlincə, N. Cəfərli vurğuladı ki, hətta Azərbaycan xaricdə kadr hazırlığı həyata keçirsə belə, onları ölkədə saxlamaq çətindir: “Amerikada adi bir İT mütəxəssisinin illik maaşı 220 min dollardır. Azərbaycanda ildə 220 min dollar qazanan İT mütəxəssisinin olması üçün gərək elə layihələr həyata keçirilsin ki, o layihələrin xaricə satılması mümkün olsun. Bu bir qədər real görünmür. Bu çox uğurlu bir istiqamət olsa da, Azərbaycan çox gecikib. Estoniya 90-cı illərdən bunu etməyə başlayıb və indi bu sahədə ciddi effekt əldə edib. Biz indi başlayaq, doğru yolda gedək və 5-10 il sonra bunun nəticəsi olsun. Ancaq elə olmamalıdır ki, Microsoft və digər dünya nəhəngi şirkətlər Azərbaycanda dövlət sifarişi hesabına hansısa işlər görsünlər və nəticə etibarilə effektiv bir nailiyyət əldə edilməsin. Bu məsələlərdən qaçmaq lazımdır”. \\Yeni Müsavat