Babəkçilər…

2

Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi İsa Nəcəfov Moderator.az saytına məktub göndərib.

Həmin məktubu təqdim edirik:

“Biz ölüb getsək də, yaşasın Vətən”

C.Cabbarlının “Od gəlini” pyesindən 
Dünən Vətənimin bütün kəndlərində, qəsəbələrində, şəhərlərində, şəhərlərin hər bir xiyabanlarında vətənpərvər gənclərimizin böyük, izdihamlı və əzmkar yürüşü, mətanətli və cəsarətli çağırışları ərşə yüksəldi.
Mən də onların sırasında irəliləyirdim.
Gənclərimizin baxışlarında, səslərində vətən sevgisi ən gur çayların suları kimi, ətrafdakıların qəlblərində inanılmaz bir sevgi məşəlini alovlandırırdı.
Keçmiş illərimiz yadıma düşdü. 30 il bundan öncə biz də bu yürüşlərdə, mitinqlərdə iştirak edirdik. “Qarabağ” sözü hər bir vətəndaşın qəlbinə hakim kəsilmişdi.
O dövrün rəhbərlərinin səbatsızlığı , qorxaqlığı, cəsarətsizliyi bizdə ümüdsüzlik yaratmışdı.
Son günlərdə döyüş cəbhələrində düşmənin canlı qüvvələrinə vurduğumuz böyük və dağıdıcı zərbələr gənclərimizin qəlbində düşməni məhv etmək arzusunu daha da artırmışdı.
Yalnız – “ Qarabağ bizimdir” , “Komandir vur, vur” , “Vətən bölünməzdir”, “Var olsun Azərbaycan” və “Nəcməddin Sadıqov istefa” şüarlarının deyilməsi, dövlətin gənclərlə, bütün vətəndaşlarla həmrəy olmasını əyani sübut edirdi.
Əminəm ki, Ali Baş Komandan cəbhələrdəki gərginliklərə, və eləcə də, xarici dövlətlərin ona zənglərinə görə gənclərin sıralarında ola bilmədi.
Mənimlə bir sırada addımlayan bir gənc mənə müraciətlə:
-Ağsaqqal, mən sevinirəm ki, siz də bizimləsiniz. Sizlər bizlərə ağsaqqallıq etsəniz, biz Vətən torpaqlarını tamamilə azad edərik.
Gözlərim yaşardı. Ona ancaq – “Sağ olun” – dedim.
 Indi isə demək istəyirəm ki, hərbi peşəyə də sahib olan mən, hər zaman onlarla birlikdə düşmənə qarşı “ağılla vuruşmağa və ölməyə ” hazıram.
İsa Nəcəfov, Konstitusiya Məhkəməsinin hakimi