Salam, xoş gəlmisiniz.

70 min dollarlıq oğurluq işində ilginc məqamlar: "Hədələnirəm, atam da deyir ki, sus" - TƏFƏRRÜAT

2019-08-27 14:44:57

70 min dollarlıq oğurluq işində ilginc məqamlar: "Hədələnirəm, atam da deyir ki, sus" - TƏFƏRRÜAT

Mənzildən 70 min dollar oğurlamaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində gərginlik yaşanıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Valeh Babayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında bir neçə dəfə gərginlik yaşanıb.

İlk olaraq zərərçəkmiş Şamil Şirinovla dəmir barmaqlıqlar arxasında olan Röyal Sabirli arasında mübahisə başlayıb. Tərəflər bir-birlərini təhqir ediblər. Mübahisəyə Şamil Şirinovun məhkəmə zalında olan yaxınları da qoşulub. Məhkəmə icraçıları Şamil Şirinovun məhkəmə iclasının gedişatını pozan yaxınlarını zaldan çıxarıb.

Hakim tərəflərə xəbərdarlıq edib.

Daha sonra məhkəmə iclasında şahid qismində Fərid Hacıyev ifadə verib.

Fərid Hacıyev həbs edilənlərdən Röyal Sabirlinin icarəyə götürdüyü çay evində qəlyançı işlədiyini deyib.

Şahidin danışdıqları məhkəmədə növbəti dəfə gərginliyə səbəb olub.

Fərid Hacıyev oğurluq hadisəsindən sonradan xəbər tutduğunu, amma Röyal Sabirlidə pul olmasını əvvəlcədən bildiyini deyib.

"Bir neçə dəfə Röyal dayısı ilə danışanda eşitmişdim ki, hardasa çox pul var idi. Bir dəfə də Röyal mənə dedi ki, bir yer var, ordan gedib əmanəti götürmək lazımdır. Gedəndən sonra bildim ki, həmin əmanət pul imiş"- deyə şahid bildirib.

Hakim şahidə xatırladıb ki, istintaqda tamamilə fərqli ifadə verib. Şahid isə bunu belə izah edib:

"Mən bu günə qədər də hədələnirəm. Atam da mənə deyir ki, sus. Atam özü də doğru ifadə verməyib. Məni Röyal da, qohumları da hədələyir".

Fərid Hacıyevə verilən suallardan məlum olub ki, o, həbs edilən Röyalın keçmiş sevgilisi ilə ailə həyatı qurub.

Təqsirləndirilən Röyal Sabirli özünü günahkar bildiyini deyib. Söyləyib ki, digərləri günahsız olduğu halda həbs edilib: "11 aydır gözləyirəm. Amma iş ədalətli aparılmır. Mən etdiyim işə görə cəza çəkməyə hazıram. Digərləri niyə həbs edilməlidir? Pulu da özüm xərcləmişəm. Bu iş ədalətli araşdırılmasa, mən nə edəcəyimi bilirəm".

Prokuror Röyala xəbərdarlıq edib ki, məhkəməyə hədə-qorxu gəlməsin. Prokurorun sullarından məlum olub ki, əldə edilən pulla maşın, mal-qara alınıb. Röyal Sabirli isə kreditini ödəyib. Amma təqsirləndirilən şəxslər buna etiraz edib. Deyiblər ki, oğurlanan pullar heç nəyə xərclənməyib.

Məhkəmədə gərginliyə səbəb olan növbəti ifadəni isə Fərid işlədib.

Belə ki, o, Röyal Sabirlinin yaxın qohumlarından biri ilə münasibətinin olduğunu deyib. Bu isə Röyal özündən çıxarıb. Röyal Fəridi təhqir edərək qışqırmağa başlayıb. Konvoy əməkdaşları Röyalı məhkəmə zalından çıxarıb.

Hakim isə şahidə bu mövzunu açdığı üçün ciddi xəbərdarlıq edib.

Məhkəmə iclasında şahid qismində həbs edilən Elgün Yusifovun həyat yoldaşı Gülnarə Yusifova ifadə verib.

Məlum olub ki, Gülnarə həmçinin digər həbs edilən Elşad Namazovun bacısıdır. Şahid deyib ki, pulu evə kimin gətirdiyini görməyib: "Mən səhər oyananda gördüm ki, pul yastığın altındadır. Elgündən soruşanda dedilər ki, müdirin pulludur. Sonra Röyal da dedi ki, xaricə göndərdiyi tələbələrdən aldığı pullardır. Sonra onları polis saxlayanda bildik ki, oğurluq olub. Məni də bir neçə dəfə polisə çağırdılar. Müstəntiq dedi ki, pul qaytarılmasa, məni də tutacaqlar. Atamdan 15 min istədilər. Atam pulu verəndən sonra məni buraxdılar".

Zərərçəkmiş Şamil Şirinov sual verib ki, Gülnarə pulu evdə görüb, amma atası ilə qardaşına bunu deməyib: "Mənim atam və qardaşım onların evinə gedib. Belə bir hadisə olduğunu deyiblər. Amma Gülnarə bunu onlara deməyib".

Gülnarə həmin pulun kimə məxsus olduğunu bilmədiyi üçün heç kimə də məlumat vermədiyini söyləyib.

Qeyd edək ki, hadisə Binəqədidə baş verib.

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Nazmzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.

Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər./musavat.com/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93