Salam, xoş gəlmisiniz.

ABŞ AVROPANI UÇURUMA YUVARLAYIR

2018-11-21 12:13:44

ABŞ AVROPANI UÇURUMA YUVARLAYIR

Vaşinqtonun Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxmasıyla Rusiya raketlərinin istiqamətini Avropaya yönəldəcək

Məhz bu səbəbdən də Makron ümumavropa ordusunu yaratmağı təklif edib

Rusiya ilə ABŞ arasındakı münasibətlər, daha dəqiq desək, dünya ağalığı urğunda gedən mübarizə hər ötən gün bir qədər də kəskinləşərək daha sərt forma almaqdadır. Məhz elə buna görə də artıq tərəflər bir-birini açıq şəkildə hərbi əməliyyatlar, raket hücumları ilə təhdid edir, müxtəlif üsullarla əzələ nümayiş etdirirlər. Hazırda rəsmi Moskva ilə Vaşinqtonu üz-üzə gətirən əsas məsələ bir müddət öncə ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxacağını bəyan etməsidir.

Qeyd edək ki, sözügedən müqavilə 1987-ci il dekabrın 8-də ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan və SSRİ-nin keçmiş rəhbəri Mixail Qarbaçov arasında imzalanıb. Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu günə kimi hər iki tərəf dəfələrlə bir-birini bu müqavilənin şərtlərini pozmaqda ittiham edib. Belə ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın adıçəkilən müqavilənin şərtlərinə əməl etməməsini əsas gətirərək ölkəsinin Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxacağını bəyan edib. Təbii ki, bu, qarşı tərəfin ciddi etirazına səbəb olub. Odur ki, Rusiya prezidenti Vladimir Putin mözvu ilə bağlı bugünlərdə verdiyi açıqlamasında bildirib ki, Vaşinqtonun Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxmaq qərarı cavabsız qalmamalıdır və qalmayacaq: "Bir daha vurğulayıram ki, bu məsələdə amerikalı tərəfdaşlarla dialoqa hazırıq və onların bu məsələyə məsuliyyətlə yanaşmasına ümid edirik".

Nəzərinizə çatdıraq ki, 1982-1989-cu illərdə ABŞ-ın dövlət katibi olmuş Corc Şults da bu qənaətdədir ki, ABŞ Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxmamalıdır. Sabiq dövlət katibinin sözlərinə görə, bu razılaşmanı genişləndirib, buraya yeni ölkələri daxil etmək lazımdır: "Biz yeni ölkələri bu razılaşmaya qoşulmağa səsləməliyik. Razılaşmanın saxlanılması üçün ilkin addım Rusiya-Amerika ekspertlərinin görüşü olmalıdır. Hazırda yeni böyük nüvə silahı arsenalının yaradılması zamanı deyil. Hazırda dünyanı bu təhdiddən xilas vaxtıdır. Razılaşmadan çıxmaq geriyə doğru böyük addım olacaq". Qeyd edək ki, Çin hökuməti də hesab edir ki, ABŞ-ın birtərəfli qaydada bu müqavilədən çıxması çoxtərəfli mənfi effekt verəcək. Belə ki, bu barədə açıqlama verən Çinin XİN nümayəndəsi xanım Hua Çunyin bildirib ki, orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə əvvəlki kimi öz əhəmiyyətini qoruyub saxlayır. Onun fikrincə, soyuq müharibə dövründə ABŞ və SSRİ arasında imzalanmış orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə silahlanmaya nəzarət üzrə olduqca vacib sazişdir: "Bu müqavilə beynəlxalq münasibətlərin stabilləşməsi, qlobal strateji balans və sabitliyin dəstəklənməsində mühüm rol oynayıb və bu gün də əvvəlkitək vacib əhəmiyyətə malikdir. ABŞ-ın birtərəfli qaydada bu müqavilədən çıxmasının çoxtərəfli mənfi effekti olacaq".

Bu arada, onu da vurğulamaq lazımdır ki, Almaniya, Fransa və İtaliya başda olmaqla, bütün Avropa ölkələri ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxacağını bəyan etməsindən ciddi narahatlıq keçirirlər. Çünki bu, sonda onların Rusiyanın cavab tədbirləri ilə üz-üzə qalması ilə nəticələnə bilər. Məhz buna görə də Avropa dövlətləri ABŞ-ın adıçəkilən razılaşmadan imtina etməsini doğru hesab etmir və bunun 3-cü dünya müharibəsinə gətirib çıxaracağını bəyan edirlər. Məsələn, Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bu yaxınlarda verdiyi açıqlamasında ABŞ-ın qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilənin mövcudluğunu sual altına qoymasından təəssüfləndiyini qeyd edib. O bu qənaətdədir ki, sözügedən müqavilə Avropada silahlara nəzarət və təhlükəsizliyin təmin olunması üçün çox mühümdür. Bu səbəbdən də Almaniyanın müdafiə naziri müqavilənin qorunması və ya modifikasiya edilməsi üçün bütün imkanlardan istifadə olunmasının zəruri olduğunu bildirib. Fransa prezidenti Emmanuel Makron isə Avropanı Rusiya ilə yanaşı, ABŞ və Çindən gələ biləcək təhdidlərdən qorumaq məqsədiylə ümumavropa ordusunu yaratmağı təklif edib. Belə ki, "Əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilməyəcəyik. Özünü təkbaşına, ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq" deyən Makronun sözlərinə görə, Amerikanın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında müqavilədən geri çəkilməsi Avropanın təhlükəsizliyini sual altında qoyur. Əslində, o, mövqeyində tamamilə haqlıdır. Çünki Rusiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Çijov bir neçə gün öncəki çıxışında qəti şəkildə bildirib ki, əgər yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsiylə bağlı qətiyyətli mövqe sərgilənməsə, Avropa onu 30 il bundan öncə izləyən kabuslarla toqquşmağa başlayacaq. Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov isə BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bəyan edib. Şübhəsiz ki, Rusiya ABŞ-la müharibəyə başlamazdan öncə ilk addım olaraq raketlərinin istiqamətini Avropaya yönəldəcək. Çünki Avropa hər zaman Kremlin hədəfində olub və bu plan uzun illərdən bəridir ki, dəyişməz qalır. Odur ki, Amerikanın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında müqavilədən geri çəkilməsi Avropanı uçuruma yuvarlaya bilər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru