Salam, xoş gəlmisiniz.

ABŞ kəşfiyyatından XƏBƏRDARLIQ, bir neçə günə MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

2018-12-12 21:39:54

ABŞ kəşfiyyatından XƏBƏRDARLIQ, bir neçə günə MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovla görüşüb. Türkiyə ordusu yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacaq. ABŞ Suriyada İŞİD terror təşkilatı üzərində qazanılan qələbələrin davamlılığını təmin etmək üçün daxili təhlükəsizlik gücləri qurulana kimi bu ölkədə qalacağını açıqlayıb. ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın üçüncü hissəsini dərc edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovla görüşüb. Dövlət başçısı V.Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrottinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir”. Bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Türkiyə ordusu yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacaq. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.

ABŞ Suriyada İŞİD terror təşkilatı üzərində qazanılan qələbələrin davamlılığını təmin etmək üçün daxili təhlükəsizlik gücləri qurulana kimi bu ölkədə qalacaq.

Rusiya və Çin bütün ziddiyətlərinə rəğmən, NATO və ABŞ-a müqavimət göstərəcək “Şərqi Antanta”nı formalaşdırırlar. Bu iddia ilə “Hill” qəzetində məqalə dərc edilib.

“Qərb hesab edir ki, Moskva və Pekin münasibətlərində çoxlu maneələr var. Bu, onların dayanıqlı ittifaq qurmasına imkan vermir. Bu maneələr daha çox tarixi düşmənçilik, ərazi mübahisələri, Mərkəzi Asiyaya təsir uğrunda rəqabətlə bağlıdır. Lakin son zamanlar ABŞ siyasətinə inamsızlıq bu fikir ayrılıqlarını ortadan qaldırmağa və qarşılıqlı fayda verən müqavilə imzalamağa imkan verir. Bu əməkdaşlıqda əsas məqam odur ki, onların ikisi də artıq bir-biri üçün təhdid olmaqdan imtina edirlər. Rusiya və Çin keçmiş imperiyalardır. Onlar özlərini Qərb oyunlarının qurbanı sayırlar. Hər iki dövlət çalışır ki, ABŞ-ın dünya hegemonluğuna son qoyub, təhlükəsizliyini və iqtisadi artımını təmin etsin.

Bu alyans hələlik zəifdir. Ona görə də Qərb buna diqqətini artırmalıdır. İndi Moskva və Pekinin ittifaq yarada biləcəyi ilə bağlı sual vermək vaxtı deyil. Artıq məsələ bu ittifaqın nə qədər güclü ola biləcəyi ilə bağlıdır”, – deyə o bildirib.

Mənə qarşı impiçment elan etsələr, xalq ayağa qalxacaq. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Heç bir yanlış etməyən və ölkə tarixinin ən böyük iqtisadiyyatını yaradan şəxsi vəzifədən uzaqlaşdırmaq çətin olacaq. Mən narahat deyiləm. Düşünürəm ki, impiçment olsa, insanlar ayağa qalxacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün CNN Trampın narahatlıq keçirdiyi səbəbindən impiçment məsələsini məsləhətçiləri ilə müzakirə etdiyini bildirmişdi.

Almaniya hökuməti “Şimal axını 2” ilə bağlı təcili münasibətini dəyişməlidir. Bunu jurnalistlərə açıqlamasında Almaniya parlamentinin Xarici Siyasət Komitəsinin sədri Norbert Ryotgen deyib. Onun sözlərinə görə, bu kəmər geosiyasi nəticələr baxımından neqativ risklər yaradır:

“Qaz kəmərinin tikintisi Krıma quru yolunun peyda olmasına səbəb ola bilər. Bu layihənin kommersiya hədəflərinin olması inandırıcı görünmür”.

Kerç hadisəsi müharibə aktıdır. Bunu “Foks Nyus” televiziyasında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Cənab Putin, bu, aqressiya aktıdır, cənab Putin, bu müharibədir; bu, zarafat deyil, insident deyil, böhran deyil. Sizin nizami ordunuz Ukraynanın hərbi gəmilərinə beynəlxalq sularda hücum ediblər. Bunun başqa cür izahı yoxdur”, – deyə o bildirib.

ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın üçüncü hissəsini dərc edib. Bu hissədə Asiya-Sakit okeanı region ilə bağlı proqnozlar yer alıb.

Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynada 1932-33-cü illərdəki aclığı “Ukrayna xalqının soyqırımı” kimi tanıyıb. Bu barədə ABŞ-ın Kiyevdəki səfirliyi informasiya yayıb.

Qəbul edilən sənəddə sovet hakimiyyəti tərəfindən insan hüquqlarının, həmçinin Ukrayna xalqının öz müqəddəratını təyinetmə hüququnun, söz azadlığının pozulması pislənib.

Xatırladaq ki, 1930-cu illərdə SSRİ-ni cənginə alan aclıq nəticəsində müxtəlif mənbələr 2-8 milyon arası insanın həlak olduğunu yazırlar.

Rusiyanın hərbi rəhbərliyi Ukrayna ərazisinin bir hissəsini Dnestryanı vasitəsilə ələ keçirmək istəyib. Bunu “Birbaşa” (Pryamoy) televiziyasında çıxışı zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqori Omelçenko deyib. O, Rusiya ordusunun baş qərargahında hazırlandığı iddia edilən fəaliyyət planını da təqdim edib. Onun sözlərinə görə, rus ordusu ilk növbədə Donbasdan Azov dənizi sahilincə Dnestryanıya dəhliz açmağı, bunun sayəsində Rusiyanın burada bazası ilə əlaqə yaratmağı düşünüb.

Omelçenko rusların ümumilikdə 8 vilayəti ələ keçirmək istədiyini bildirib.\\publika.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru